- Köhnə - Hadisə
- 20 Fevral 2015 10:47
- 2 374
Ermənilər Dağlıq Qarabağda qeyri-legitim sessiya çağırıb – 27 il öncə
Tarixdə bu gün - 20 fevral
Tarixdə bu gün - fevralın 20-də Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur, Xalq artisti Arif Babayev anadan olub, Azərbaycanla Almaniya arasında (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb) diplomatik münasibətlər qurulub.
1832 - Çar ordusunun Qafqaz korpusunda qulluq edən Abbasqulu ağa Bakıxanov müsəlman məktəbləri barədə layihə hazırlayaraq Rusiyasının Qafqaz hakimi baron Rozenə təqdim edib. Layihə müsəlman uşaqları üçün dünyəvi məktəblərin açılmasını nəzərdə tuturdu. Qafqaz hakiminin diqqətə almadığı layihə bir əsr sonra, 1957-ci ildə Tbilisi arxivində aşkarlanıb.
1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.
1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (1928-1980) anadan olub.
1938 - Xalq artisti Arif Babayev anadan olub. Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə o, 2008-ci ildə "İstiqlal" ordeni ilə təltif olunub.
1948 — II Dünya müharibəsindən sonra İosif Stalin tərəfindən sosialist düşərgəsinə təzəcə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışları başlanılıb.
1978 — Leonid Brejnev özünün SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülməsi barədə fərman imzalayıb.
1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.
1992 - Azərbaycanla Almaniya arasında (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb) diplomatik münasibətlər qurulub.
1992 — Azərbaycan Respublikası Avstriya və Sloveniya ilə diplomatik əlaqələr qurub.