İki oliqarxın şəxsi təyyarələri toqquşdu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumun ikinci günündə - iyunun 19-da Pulkovo aeroportunda iki şəxsi təyyarə toqquşub.


AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə aeroport nümayəndələri bildiriblər.

"Fontanka" portalına açıqlama verən aeroport nümayəndələrinin bildirdiyinə görə, uçuş zolağına düzlənərkən "Qutseriyev familiyalı vətəndaşa məxsus" "Bombardier Global Express" markalı təyyarə səhv manevr edib, xəttin kənarına çıxıb və "vətəndaş Kovalçuka məxsus" digər "Bombardier"i vurub.

İnsident nəticəsində heç kim xəsarət almayıb, təyyarələr yüngül zədələnib. Texniki baxışdan sonra hər iki təyyarə təyinatı üzrə uçub.

Məlum olub ki, təyyarələrdən biri "Russneft" şirkətinin sahibi, inquş əsilli neft maqnatı, milyarder Mixail Qutseriyevə, digəri isə "Rossiya" bankının sahibi, milyarder Mixail Kovalçuka məxsusdur. Kovalçuk və Qutseriyev forumda iştiraklarını həmin gün başa vurublar.