Surqut olayı ilə bağlı - Təfərrüatlar - VİDEO

Şahin İsgəndərov psixonevroloji dispanserdə qeydiyyatdadır



Surqutda atasından rüşvət tələb etdiyinə görə üç məmuru güllələyən azərbaycanlının şəxsiyyəti məlum olub. APA-nın məlumatına görə, bu, 1977-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Şahin İsgəndərovdur.

Onun 1985-ci ildən Surqutda yaşadığı bildirilir. Yerli kütləvi informasiya vasitələri hüquq-mühafizə orqanlarına istinadən şəhər meriyasının iki əməkdaşını qətlə yetirib, birini yaralamış Şahin İsgəndərov psixonevroloji dispanserdə qeydiyyatdadır.

Qeyd edək ki, dünən Rusiya Federasiyasının Surqut şəhərində azərbaycanlı iş adamı Gülhəsən İsgəndərovun oğlu 3 yerli məmuru güllələyib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məmurlar G. İsgəndərovun şəhərdəki biznes obyektinə gələrək obyektin qanunsuz olduğu və dağıdılacağı haqda qərar göstəriblər.

Yaranan mübahisə nəticəsində G. İsgəndərovun oğlu məmurlara atəş açıb. Nəticədə məmurlardan ikisi ölüb, biri isə yaralanıb. G. İsgəndərovun oğlu həbs edilib. Yerli Azərbaycan diasporasından bildiriblər ki, məmurlar iş adamından 400 min rubl rüşvət tələb ediblər və ailə bu məbləği toplaya bilməyib.

Onlar problemin həlli üçün dəfələrlə şəhər rəhbərliyinə müraciət etsələr də, buna məhəl qoyan olmayıb. Şəhər meri Dmitri Popov sakinlərə müraciət edərək olayı milli münaqişə zəmininə keçirməməyə və şəhərdə sabitliyi qorumağa çağırıb.



AzNews.az