Legioner ağırlıqqaldıran Azərbaycandan imtina etdi - QALMAQAL

Ağırlıqqaldırma üzrə milli komandamızda növbəti qalmaqal yaşanıb. Bolqarıstan mətbuatının yaydığı məlumata görə, 58 kq-da seçməmizin lideri Boyanka Kostova biz tərəfdən çıxış etməkdən imtina edib. Səbəb kimi xanım idmançının nişanlısı İvan Stoitsovun komandadan kənarlaşdırılması göstərilir.

Məsələ bundadır ki, London olimpiadası iştirakçısının gələcək həyat yoldaşı da rəsmən millimizin üzvü sayılır. Amma İvanın durumu məşqçilər heyətini qane etmədiyindən, bizimkilər onunla üzülüşmək qərarına gəlib. Vəziyyət Boyankanı razı salmadığından, o, bundan sonra Azərbaycanın şərəfini qorumaqdan vaz keçib.

AzNews.az-ın araşdırması nəticəsində məlum olub ki, Kostava nişanlısını bizdə saxlamaq üçün çox çalışıb. Niyyətinin alınmadığını görən bolqar idmançı blef edib. Amma gözləmədiyi cavab alıb: "Qapı açıqdır".

Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev sözügedən idmançıların milli komandaya qayıtmasını müsbət qarşılayıb. O, dekabrda Bakıda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Konqresində bu məsələni yoluna qoymağa çalışacağını deyib.

Qeyd edək ki, Boyanka Kostova ilə nişanlısının Azərbaycanla uzunmüddətli müqaviləsi var. Onlar ölkəmizə qayıtmasalar, cəzalanacaqlar - 1 il yarışlarda iştirakdan məhrum ediləcəklər.

Nəzərinizə çatdıraq ki, Boyanka Kostova (58 kq) ilə Valentin Xristov (56 kq) bizə baha başa gəliblər. Azərbaycan Ağır Atletika Federasiyası London olimpiadası ərəfəsində bu idmançıların millimizdə rəsmən çıxış etməsi üçün Bolqarıstan tərəfinə 800 min avro ödəyib.

Kamran Hacı

AzNews.az