- Köhnə - İdman
- 21 Yanvar 2018 21:17
- 5 182
"Azərbaycanda yalnız "Qarabağ"ı tanıyıram" – Andre Klennon

“Keşlə”nin Finlandiyanın VPS klubundan heyətinə qatdığı Andre Klennon Qol.az saytına müsahibə verib.
AzNews.az istinadən xəbər verir ki, dünən komandanın düşərgəsinə qoşulan yamaykalı hücumçu Bakı klubuna keçidindən danışıb.
- “Keşlə”yə keçidin necə alındı?
- Menecerim mənə belə bir klubdan təklif olduğunu söylədi. Oturub məsləhətləşdikdən sonra razılıq verdim. Dünən Bakıya gəlmişəm. Artıq yeni klubumla rəsmi müqavilə də imzalamışam. Müqaviləmin müddəti mövsümün sonuna qədərdir.
- “Keşlə” ilə məşqə çıxmısan?
- Hə, ilk məşqimi etmişəm. Amma sadəcə qaçışla kifayətlənmişəm.
- Futbolçular səni necə qarşıladılar?
- Çox yaxşı. Onlar məni gördüklərinə sevindilər. Hamısı mənimlə salamlaşıb-görüşdü.
- “Keşlə” ilə bağlı ilkin təəssüratlarını bilmək maraqlı olardı...
- “Keşlə”nin mehriban kollektivi var. Hamı bir-birilə dost kimi davranır. Yeri gəlmişkən, ilk dəfədir ki, Bakıda oluram. Çox gözəl şəhərdir.
- Bura gəlməzdən əvvəl Azərbaycan Premyer Liqası barədə məlumatın var idi?
- Hə, çempionatınız haqda müəyyən şeylər eşitmişdim. Bildiyimə görə, rəqabətli liqadır.
- Bəs bizim komandalardan hansını tanıyırsan?
- Yalnız “Qarabağ”ı. Onu da Çempionlar Liqasından.
- Son olaraq Finlandiyada VPS klubunun formasını geyinmisən. Az öncə qeyd etdin ki, Azərbaycan çempionatı haqda məlumatın var. Bu iki ölkənin birinciliklərini necə müqayisə edərdin?
- Düzdür, bura VPS klubundan gəlmişəm. Hər iki ölkə çempionatının özünəməxsus tərəfi, fərqli cəhətləri var. Finlandiyada fiziki, Azərbaycanda isə texnikalı futbola üstünlük verirlər.
- Sənin kimi komandanın baş məşqçisi Yuri Maksimov da ölkəmizdə yenidir. Onunla söhbətiniz olub?
- Yox, Azərbaycana yeni gəlmişəm. Ona görə də baş məşqçi ilə geniş danışmaq imkanım olmayıb.
- “Keşlə” mövsümün birinci hissəsini çox pis keçirib. Bunun nəticəsidir ki, komanda hazırda aşağı sıralarda qərarlaşıb. Ümumiyyətlə, autsayder komandanın təklifini qəbul edərkən tərəddüd yaşadın?
- Seçim edərkən komandanın mövqeyinə fikir vermirəm. Çünki çətinliklərlə üzləşməyi sevirəm. Bu isə o deməkdir ki, “Keşlə”ni hazırkı vəziyyətdən çıxarmaq üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəm.