Güləşçilərimiz Universiadada daha iki medal qazanıblar

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, proqrama əsasən, yarışların beşinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşi üzrə müsabiqələr keçirilib. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.
55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə başlayıb və Braziliya təmsilçisi Rafael Camargos üzərində (8:0) inamlı qələbə qazanıb. 1/4 finalda Eldəniz qırğız Eldiyar Beqaliyevlə qarşılaşıb. Görüşü (4:3) qələbə ilə başa vuran güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Eldəniz Əzizli Rusiya güləşçisi İvan Tatarinovla görüşü məğlub başa vurub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Eldəniz Əzizli Türkiyə güləşçisi Ferhat Tekini (6:2) məğlub edib və bürünc medala sahib olub.

1/16 finaldan yarışa başlayan Rəsul Çunayev (66 kq) alman Toni Stade üzərində (7:0) inamlı qələbə qazanıb. Növbəti mərhələdə polşalı Griqorz Vankeni (8:0) məğlub edən Rəsul 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimiz Türkiyə təmsilçisi Muhammet Kocatinazla qarşılaşıb və (6:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda Rəsul Çunayev iranlı Afşin Byabanqardı (7:1) mübarizədən kənarlaşdırıb. Finalda Rəsul Çunayev Rusiya güləşçisi İslambek Albiyev üzərində inamlı (8:0) qələbə qazanıb və qızıl medala sahib olub.

1/16 finaldan mübarizəyə başlayan Fuad Əliyev (84 kq) gürcü Beka Rokva ilə qarşılaşıb. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. 3 dəfə xəbərdarlıq alan Fuad Əliyev mübarizəni erkən dayandırıb.

Və nəhayət, 120 kq çəki dərəcəsində mübarizə aparan 1/8 finalda Abbas Abdullayev Estoniya güləşçisi Kaarel Maatendən (9:2) üstün olub. 1/4 finalda macar Balint Lamla görüş güləşçimiz üçün uğurlu alınmayıb.

Xatırladaq ki, Universiadada artıq mübarizəni tamamlayan sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.


AzNews.az