Təmsilçilərimiz arasında ən yaxşı nəticələri bolqarlar göstərir Təmsilçilərimiz arasında ən yaxşı nəticələri bolqarlar göstərir

Medal ümidimiz beşinci oldu

Təmsilçilərimiz arasında ən yaxşı nəticələri bolqarlar göstərir


Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub. Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançı avqustun 3-də keçirilmiş əsas final yürüşündə mükafatçılar sırasına düşə bilməyib. Həlledici yürüşdə Aleksandrovun bütün rəqibləri təcrübəli avarçəkənlər olub. Onların hamısı əvvəlki illərdə dünya çempionu, Dünya Kubokunun qalibləri və müxtəlif olimpiadaların iştirakçıları, hətta mükafatçıları olub. Bununla belə, 22 yaşlı Aleksandrov özündən ən azı 7 yaş böyüklərə qarşı layiqli müqavimət göstərməyi bacarıb. O, rəqiblərindən 4-ündən geri qalsa da, ¼ finalda uduzduğu Marsel Hakkeri üstələyə bilib. Aleksandrov 2000 metr məsafəni 7 dəqiqə 9,42 saniyəyə qət etdiyi halda, Hakker ondan 0,79 saniyə geri qalıb. Olimpiya çempionu adını yeni zelandiyalı Meyh Drizdeyl qazanıb. O, finişə 6 dəqiqə 57,82 saniyəyə çatıb. Drizdeyldən 1,55 saniyə geri qalan çexiyalı Andrey Sinek gümüş medala sahib olub. 7 dəqiqə 3,28 saniyə göstəriciyə malik böyük britaniyalı Alan Kempbell bürünc medal qazanıb. İsveçli Lassi Karonen isə 7 dəqiqə 4,04 saniyə nəticə ilə 4-cü yeri tutub.

Qeyd edək ki, Aleksandr Aleksandrov Azərbaycan təmsilçiləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarını 3 ən yüksək nəticələrlə başa vuranlardan biridir. Bolqarıstanlı legioner həmyerlisi Boyanka Kostova (ağırlıqqaldırma, 58 kq) ilə birgə 2-3-cü yerləri bölüşdürür. Azərbaycana yeganə medalı qazandırmış ağırlıqqaldıran Valentin Xristov da bolqarıstanlıdır. O, bürünc medala sahib olub.

AzNews.az