- Köhnə - İdman
- 14 Aprel 2015 12:18
- 3 120
Bakı 2015 Avropa Oyunlarına medianın akkreditasiyası sona çatdı
Bakı 2015 Avropa Oyunlarına medianın akkreditasiya prosesi başa çatıb.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən APA-ya verilən məlumata görə, yayım şirkətləri istisna olmaqla, 1300-dən çox mətbuat nümayəndəsi tədbiri işıqlandırmaq üçün müraciət edib. Müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək.
Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalara əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bütün akkreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edib: "Bu gənc və dinamik ölkədə keçiriləcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar".
Məlumatda o da qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq bir tədbiri işıqlandırmaq üçün bu sayda müraciət daxil olub.