Avropa Liqası: Bu gün 2 klubumuz meydançaya çıxır

Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Azərbaycanın 2 komandası rəqiblərilə üz-üzə gələcək.


AzNews.az xəbər verir ki, Qəbələnin eyniadlı komandası Serbiyada "Çukariçki"nin qonağı olacaq. Birinci təsnifat mərhələsində Tiflisin "Dinamo"sunu məğlub edərək tarixində ilk dəfə mərhələ adlayan Roman Qriqorçukun komandası bu uğuru davam etdirməyə çalışacaq. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə qayıtmalıdır.

Oyuna saat 23.30-da start veriləcək.

Bakının "İnter" klubu da bu gün növbəti matçını keçirəcək. Baş məşqçi Zaur Svanadzenin komandası səfərdə İslandiya təmsilçisi "Hafnarfyordur" klubu ilə mübarizə aparacaq. İlk mərhələdə "Laçi"ni (Albaniya) mübarizədən kənarlaşdıran "İnter" II təsnifat mərhələsini də uğurla keçmək üçün əlindən gələni edəcək.

Matç gecə saat 00:15-də başlayacaq.

Qeyd edək ki, hər iki komandamızın cavab görüşləri bir həftə sonra, iyulun 23-də Bakı şəhərində keçiriləcək.