Bu gün "DokuBaku” beynəlxalq sənədli film festivalı başlayır. Bu gün "DokuBaku” beynəlxalq sənədli film festivalı başlayır.

“Dozanqurdundan da film çəkmək olar” – Müsahibə

Bu gün "DokuBaku” beynəlxalq sənədli film festivalı başlayır.

Festival oktyabrın 9-a qədər davam edəcək. AzNews.az “DokuBaku” festivalının ideya müəllifi və təsisçisi İmam Həsənovun “Kaspi”yə müsahibəsini təqdim edir.

– Festivalın yaranmasında əsas məqsəd nədən ibarət idi?

– Belə bir festivalın yaranmasında əsas məqsəd sənədli filmlərimizin beynəlxalq festivallara ayaq açmasıdır. Çox vaxt məndən soruşurdular ki, nə üçün sizdə belə festivallar keçirilmir? Bu haqda düşündüm və iş görməyə başladım. Festivalı yaratmaq üçün maliyyə vəziyyətimiz çox pis idi. Birinci festivalın pulunu dostlarımızdan, tanışlarımızdan topladıq. O zaman 15 qısa metrajlı və tam filmlər göstərdik. Bizim çox böyük komandamız yoxdur. Altı nəfərdən ibarətik. Çox istəyərdik ki, böyük komanda ilə işləyək.

– Bəs adını nə üçün "Doku Baku” qoydunuz?

– Doku sözü "documentary”dən götürülüb. Bu da sənəd mənasında işlədilir. Sənədli filmlər və Bakı anlamına gəlir. Hətta bunu xaricdə səsləndirəndə, onların da xoşuna gəlir. Başqa adlar da qoya bilərdik. Sözün sonunda Bakını paytaxt olduğu üçün istifadə etdik. Festivalın məhz Bakıda keçirilməsini də nəzərə aldıq.

– Festivala əsasən hansı ölkələrdən maraq və diqqət var?

– Əslində, dünyanın hər yerindən kino ilə maraqlanan gənclər bizim festivala böyük maraq göstərir. Belə ki, Amerikadan, Braziliyadan, Kanadadan, Yaponiyadan, Rusiyadan, Ukraynadan, Avropanın müxtəlif ölkələrindən, Fransadan, Almaniyadan bizim festivala filmlər göndəriblər.

– Dəstəkçiləriniz kimlərdir?

– Ötən il festival ilk dəfə keçirildiyi üçün bizə bir qədər çətin oldu. Bu il isə müəyyən səfirliklərlə işləyirik. Onlar özləri bizə müraciət edirlər. Bir çox təşkilatlar var ki, bizə dəstək olmaq istəyirlər. Ən azı, filmi göstərmək üçün ərazilər təşkil edirlər, əlavə imkan yaradırlar. Bunun özü, elə bir dəstəkdir. Bütün bunlar hamısı çətinliklə başa gəlir. "DokuBaku” qeyri-ənənəvi festival kimidir. Öz müstəqilliyimizi qoruyub saxlamaq istəyirik, heç kimdən asılı olmaq istəmirik.

– Sizi fərqləndirən hansı xüsusiyyətinizdir?

– Fərqliliyimiz qeyri-ənənəvi olmağımızdadır. Bu tip festivallar daha çox tədbirlərin keçirildiyi kütləvi zallarda, kinoteatrlarda baş tutur. Bizdə isə parkda, kitabxanada və digər ağlınıza belə gətirə bilməyəcəyiniz məkanlarda keçirilir. Elə bir qanun yoxdur ki, orda festivalı ancaq kinoteatrlarda keçirmək lazım olduğu qeyd olunsun. Biz filmləri həm Azərbaycan, həm də ingilis dilində göstəririk. Onda sənin tamaşaçın daha çox olur. Hazırda 200-ə yaxın film göndərilib. Onlara baxmaq, seçmək, ayırd etmək xeyli zamanımızı aldı. 10 yerli film vardı, yerdə qalanlar isə xarici filmlər idi. Artıq festival tanınmaqdadır, bu da yaxşı göstəricidir. Bu festival filmsevərlər arasında daha çox tanınır.

– Bəs qalibləri nə ilə mükafatlandıracaqsınız?

– Qısa filmlər üçün müəyyən mükafatlar nəzərdə tutmuşuq. Qaliblərə pul mükafatı verəcəyik. Birini Azərbaycan, birini xarici filmdən verəcəyik ki, növbəti layihələr üçün stimul olsun. Tammetrajlı film müsabiqəsində heç bir mükafatımız yoxdur. Sadəcə, birinci, ikinci və üçüncü yerləri təyin edəcəyik.

– Bu tip festivallar Azərbaycan kinosuna nə qazandırır?

– Festival filmsevərlər üçün böyük imkandır. Onlar məhz belə festivallarda iştirak edərək platformada özünü göstərə bilirlər. Əgər bir rejissor üçün özünü göstərməyə bir meydan yoxdursa, bu, həqiqətən çox pis haldır. Festival sənin üçün şans yaradır ki, orda özünü göstərəsən, peşəkarlarla tanış ola, rejissorlardan məsləhət ala biləsən. Əgər sənin filmin festivalda təqdim edilmirsə və seçilmirsənsə, bu, səndə daha çox mübarizə əzmi yaradır. Festival bir bayramdır. İstəyirsən ki, daha çox insanlar bu bayramda iştirak edib sənədli film janrının nə olduğunu bilsinlər. Görsünlər ki, kiçik bir kadrla da film çəkmək olur. Bu festival film həvəskarlarında sevgi yaradacaq və onlar kino ilə bağlı daha çox məlumat əldə etmiş olacaqlar.

– Gələcək hədəflər nələrdir?

– Öz ampluasında nüfuzu daha da qaldırmağı qarşımıza hədəf qoymuşuq. Dünyada o qədər çox kiçik və məşhur festivallar var ki, rejissorların bir çoxu orada iştirak etmək istəyir. Onların proqramı o qədər gözəldir ki, hər kəs özünü orada görmək istəyir. Biz də o nüfuzu əldə etməyə çalışırıq. Bir neçə ildən sonra beynəlxalq arenada festivalın adını çəkəndə, hər kəs bilsin ki, bu festival Azərbaycanda təşkil olunur. Gənc rejissorların inkişafında vasitəçi olmaq istəyərik. İstərdik ki, bizim festivalda iştirak edən gənc rejissorlarımız beynəlxalq festivallara yol tapsın. İstərdim ki, "DokuBaku” Avropaya açılan qapı olsun. İkinci ildir ki, bu festival keçirilir. Arzu edərdik ki, daha uzunömürlü, stabil olsun. Bu festivalı qoruyub saxlamaq üçün bizə maliyyə dəstəyi lazımdır. Bu, bizim ikinci işimiz kimidir. Boş zamanımızda bunları hazırlayırıq. İstərdik ki, bu bizim əsas işimiz olsun.

– Azərbaycanda beynəlxalq film festivalları çox azdır. Sizcə, bu tip festivalların yaranmamağının səbəbləri nələrdir?

– İl ötdükcə müxtəlif festivallar yaranmağa başlayır. Festival ənənəmiz il keçdikcə daha da inkişaf edir. Festival ənənəsini gətirmək, onu cəmiyyətə çatdırmaq yeni başlayanlar üçün müşkül məsələdir. Əslində, hər şey maliyyənin üzərində dayanır. Bu yaxınlarda teatr festivalı da keçiriləcək. Mən yalnız öz festivalımız üçün cavabdehəm. Festivalların azlığının səbəbini isə tam yetişməməyimizdə görürəm. Bəlkə də biz buna tam hazır deyilik. Bu o demək deyil ki, biz oturub gözləməliyik. Hər kəs daxili festival keçirə bilər. Gənclər yığışıb animasiya festivalı keçirə bilərlər. Londonda təhsil alan bir tələbəmiz deyirdi ki, qısa filmlər festivalı keçirmək istəyir. Festivallar nə qədər çox olsa, filmimiz də bir o qədər çox inkişaf edər.

– Bu gün "DokuBaku” festivalının açılışıdır. Bu festivaldan gözləntiləriniz nələrdir?

– İstərdim ki, daha çox tamaşaçımız olsun. Gələn il üçün böyük zəminlər yaratmağın həvəsindəyik. Bu festivalın gənc rejissorlar üçün daha səmərəli olacağını düşünürük. Çünki adi karandaşdan, dozanqurdundan da film çəkmək olar, buna çox vəsait lazım deyil. Kameranı götürüb sənədli film çəkmək mümkündür. İstərdim ki, film həvəskarlarının sayı çox olsun. Özlərini bayramdakı kimi xoşbəxt hiss etsinlər.

AzNews.az

image description