Bu gün Müəllimlərin Günüdür. Bu gün Müəllimlərin Günüdür.

"Alim olmaq asandır, müəllim olmaq çətin" - BDU-nun dosenti

Bu gün Müəllimlərin Günüdür.

Bu münasibətlə öz savadı, peşəkarlığı, tələbələrinə həm əsl müəllim, həm də dost olan Bakı Dövlət Universiteti Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Qəmər Mürşüdlü AzNews.az-a müsahibə verib.

- Qəmər xanım, əsl müəllim necə olmalıdır?

- Hüseyn Cavidin sözləri ilə desək, “Hər məsləkdə olduğu kimi, təlim və təbiyə üçün də hər müəllimdə azacıq da olsa istedad olmalıdır”. Əsl müəllimdən söhbət gedirsə, həmin şəxs peşəsini sevməli, gənclərlə, şagirdlərlə işləməyi bacarmalıdır. Yəni, burada təkcə bilik əsas meyar deyil. Əsas meyarlardan biri bu biliyi ötürmək qabiliyyətidir. Bu da xüsusi yanaşma, ayrıca istedad tələb edir. Hüseyn Cavidin başqa bir sözü də var - “Ciddi müəllim, əsl müəllim çox böyük bir adamdır. Əgər o, öz vəzifəsini bilirsə”. Əgər fəlsəfə elmlərin anası sayılırsa, bütün peşələrin başında da müəllimlik gəlir.

- Sizcə, müəllim öz tələbələrini hansı xüsusiyyətlərinə görə çox istəyir?

- Bu, müəllimlərin yanaşmasına baxır. Amma mən tələbəni o zaman sevirəm ki, o, çox sual verir. O, dərs prosesində iştirak edir - İstər mühazirə olsun, istərsə də seminar. Mənim özümün bir devizim var: “Tələbə auditoriyada danışmalıdır, amma boş-boş şeylər yox. Keçilən dərs üzrə, keçilən predmet üzrə öz fikrini deməlidir. Mən öz fikrini sərbəst izah edən tələbələri çox sevirəm. Öz fikrini müdafiə etməyə çalışan tələbələri şox sevirəm.

- Hansı tanınmış adamları yetişdirmisiniz?

- Yetişdirmişəm deyəndə biraz böyük səslənir. Əvvəllər , düzdür, fəlsəfə qrupunda 4 semestr dərs deyirdim. Son illər magistrantlarla işləyirəm. Çoxdur tələbələrim. Xarici ölkələrdən də tələbələrimiz çox olub: Amerikadan tutmuş İngiltərəyə qədər, Avstriyadan tutmuş Türkiyəyə qədər, onlar indi müxtəlif sahələrdə çalışırlar. Mən indi onlardan hər hansı birinin adını çəkməyə çətinlik çəkərəm, ayıra bilmərəm onları. Bu düzgün olmaz, digərlərinə qarşı haqsızlıq olar. Bizim, yəni, Fəlsəfə kafedrasının məzunlarının çoxu müəllim kimi işləyir.

- Fəlsəfə tarixini öyrənmək nə üçün lazımdır?

- İnsanlar ümumiyyətlə mədəniyyət tarixini öyrənməlidirlər. Tarixi bilmədən gələcəyə yol açmaq olmaz. Fəlsəfə tarixini bilməyən insan yerində sayar, inkişafdan qalar. Hər şeydən əlavə, fəlsəfə tarixi başqa sahələrdən onunla fərqlənir ki, fəlsəfə tarixi heç vaxt köhnəlmir. Biz bu gün müasir filosoflardan danışdığımız qədər, onu öz müasirimiz bildiyimiz qədər Aristoteli də bilirik, Platonu da bilirik. Fəlsəfə tarixi fəlsəfənin tərəqqisi, inkişafı üçün lazım olan bir sahədir.

- Uzun illərdir universitetdə işləyirsiniz. Bu illər ərzində yadınızda qalan ən maraqlı hadisə hansı olub?

- Əslində, yadımda çox hadisələr qalıb. 21 yaşımdan auditoriyada dərs demişəm, aspiranturaya qəbul olan gündən. İlk dərs dediyim dönəmlərdən bir hadisəni danışmaq istəyərdim. Bu hadisədən sonra başa düşdüm ki, müəllim şəxsiyyət olmalıdır. Mən filologiya fakültəsində dərs deyirdim. Arıq qızcığaz idim, heç tələbədən seçilmirdim. Universitetin indiki İstiqlaliyyət küçəsindəki binasında dərs deyirdim. Bir qrupa seminar keçməliyəm, dedilər auditoriya yoxdu. Dekan müavini ora-bura baxdı, gəldi dedi ki, Mir Cəlal müəllim indi evə gedir, iş saatı bitib. O icazə verdi, onun otağı böyükdür, orada dərsinizi keçə bilərsiniz, dedi. İçəri keçdik. Mir Cəlal Paşayevlə şəxsən qarşılaşmamışdım, amma onun böyük mütəfəkkir olduğunu bilirdim. Auditoriyaya daxil oldum, yerləşdik. Mən də gözləyirəm ki, Mir Cəlal müəllim çıxsın ki, mən dərsə başlayım. Birdən, Mir Cəlal Paşayev dedi ki, “Hanı bəs müəllim?”. Dekan müavini dedi ki, müəllim budur. “Bu uşaqdır ki, bu özü elə tələbəyə oxşayır” – dedi, Mir Cəlal müəllim. Onun arxası hündür bir kreslosu vardı. Mənə dedi keç otur burda, dərsini keç. Mən onun yerinə keçə bilərdimmi? Karıxıb durmuşam. “Gəl” dedi, “gəl otur”. Məni məcbur elədi, keçdim. Amma onun yerində oturmadım, stolunun arxasında dayandım.

Sonrakı təcrübəmdə gördüm ki, hər adam elə deyil. Elə kafedra müdürləri var ki, onların yerlərində oturmağa belə ürək eləmərsən. Amma o, şəxsiyyət olaraq bir nümunə idi, gənc müəllimlərə.

Sözüm ondadır ki, müəllim olmaq, şəxsiyyət olmaq asan deyil. Alim olmaq bəlkə də asandır, oturarsan yazarsan, nəsə elmi bir iş ortaya qoyarsan, amma müəllim olmaq çətindir.

Səidə
AzNews.az

image description