- Müsahibə
- 12 Oktyabr 2018 09:13
- 15 385
Elçin Hüseynbəyli: “Sülhdən danışa-danışa ağlımıza gələni yazırıq” - Müsahibə
"Bəzi əsərlər var ki, onları ümumiyyətlə üzə çıxarmaq olmaz"
Yazıçı Elçin Hüseynbəylinin Qarabağ barədə silsilə hekayələrin yer aldığı “Gözünə gün düşür” adlı kitabı yenicə işıq üzü görüb. Onunla söhbətimiz də bu mövzudadır.
AzNews.az Elçin Hüseynbəyli ilə müsahibəni təqdim edir.
- Qarabağ barədə silsilə hekayələrin yer aldığı “Gözünə gün düşür” adlı hekayələr kitabınız çıxdı. Bu hekayələr mənəvi borc hissindən doğuldu, yoxsa ədəbi zərurət yarandı?
- Bunların hər iksi var. Birincisi, mən qarabağlıyam, ona görə də Qarabağ acısı mənə çox doğmadır və həqiqətlərin çoxunu hamıdan yaxşı bilirəm. Çünki vətənimə qayıtmağımı arzuladığımdan hadisələri uzun illərdir ki, izləyirəm. Digər tərəfdən isə qarabağlı olmasaydım da, yenə də ümumi dərdimizdən yazacaqdım. Məşhur kəlam var: Şair olmaya bilərsən, amma vətəndaş hökmən olmalısan.
Mən ümumən fərqli fikirliliyi qəbul edirəm. Sənət sənət üçün deyənləri də, kosmopolit düşüncəni də, milli hisslər üstündə köklənənləri də. Amma doğrudan da bütün bunları müqayisə eləsək, vətənçiliyi qəbul edirəm. Bu vətəndə yaşayıb, onun çörəyini yeyiriksə, onu sevməliyik.
- Qarabağ hekayələrində ən çox nəyi ön plana çıxarmağa çalışırsınız; insanı, yoxsa müharibəni?
- Mən həmişə demişəm ki, indiki dövrdə haqqını tələb edirsənsə, konuflyajla, böyük silahların nümayişi ilə, hədə-qorxuyla iş görmək olmaz. Dövlət bir ayrı, yazıçı bir ayrı. Hər kəs öz işini yerinə yetirir. Dövlət düşmənə gücünü göstərmək üçün öz hərbi imkanlarını nümayiş elətdirməlidir, amma səmaya sülh göyərçini buraxmağı da unutmamalıdır. Yazıçı isə başqa nəsnələr barədə düşünməlidir. Müharibəni ağılsızlar başlayır, ağıllı adamlar isə qurtarır. Məncə, yazıçı ikinci qrupa aiddir. Bir gözəl gülün, bir tənha ağacın, heç kimə mane olmayan bir sevginin fonunda müharibənin əsl üzünü daha yaxşı göstərmək olur. Bu baxımdan, mən daha çox müharibədən əziyyət çəkən, onun ağrı-acısını yaşayan insanlar barədə yazmağın tərəfdarıyam. Hətta müharibənin dəhşətlərini də qabartmaq istəyirsənsə, motivləşmə güclü olmalıdır: hər kəsin öz həqiqəti var. Amma həqiqət ədalətli olanın tərəfindədir.
- Vətənpərvərlikdən bəhs edən əsərlərdə pafos nə dərəcədə önəmlidir?
- İnsan ruhunu dirçəltmək üçün pafos lazımdır. Amma yenə də bayaqkı fikrimdə qalıram. Yerinə düşməyən pafos ətrafı qorxuda bilər, xüsusən də düşmənlərimizə rəğbətlə yanaşan xaçpərəstləri.
- Erməni yazıçıların da Qarabağ müharibəsi haqqında hekayələri var. Tanışsınzımı? Sizi qane edirmi?
- Mən onlarla “Yujniy Kavkaz” layihəsində tərəfdaş olanda lap yaxından tanış olmuşam. Obyektiv görünməyə çalışırlar və əslində, bayaq dediyim soyuqqanlılığı qoruyurlar. Amma bunlar hamısı yaxşı düşünülmüş artistlikdir. Şəxsi söhbətlər zamanı onların hikkə və iddialarının həddi-hüdudu yoxdur. Bizsə, bəzən bunun əksini edirik. Sülhdən danışa-danışa ağlımıza gələni yazırıq və hətta beynəlxalq tribunalardan məntiqə yaraşmayan çıxışlar edirik. Ona görə də daxilə və xaricə hesablanmış informasiyalardan daha ağılla istifadə eləməliyik. Çünki bədiii əsər də informasiyanın bir növüdür və daha çox xalqın iradəsinin əksi kimi qəbul edilir.
- Sizcə, hər hansı Qarabağ münaqişəsinin həllində ədəbiyyatın rolu nə qədərdi?
- İndiki halda ədəbiyyat müharibədən sonra daha önəmlidir. Hələliksə ehtiyatlılıq və düşmənlərin, onların havadarlarının əlinə bəhanə verməmək üçün bir qədər düşüncəli olmaq lazımdır.
- Sizə elə gəlmir ki, bəzi yazıçılar Qarabağ mövzusundan sui-istifadə edirlər?
- Razıyam. Bəzi əsərlər var ki, onları, ümumiyyətlə, üzə çıxarmaq olmaz. Çox bəsitdir. Elə düşünürlər ki, düşmənin mənfi obrazını yaradıb, özünü qəhrəman göstərməklə həqiqəti üzə çıxarmaq olar. Ona görə də mən köhnə-salxaq tankla düşmənin üstünə getmək istəmirəm...
- Qarabağ mövzusunda yazan müəlliflərdən kimləri bəyənirsiniz?
- Elə müəlliflərimiz yetərincədir. Amma bu dar məqamda ad çəkməsəm, yaxşıdır. Mən adamları yox, problemləri və ideyaları müzakirə etməyin tərəfindəyəm.
- Sizin Qarabağ haqqında hekayələriniz təkcə azərbaycanlılar üçündür, yoxsa ermənilər də oxuya bilərlər?
- Mənim hekayələrim ədalət axtaran hər kəs üçündür...
Mirmehdi,
AzNews.az