63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Elçin Quliyev AzNews.az saytına müsahibə verib. 63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Elçin Quliyev AzNews.az saytına müsahibə verib.

“Bu, Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir” - Millət vəkili ilə MÜSAHİBƏ

63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Elçin Quliyev AzNews.az saytına müsahibə verib.

- Elçin müəllim, Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının sosial bərabərlik qiymətləndirməsində zirvədə yer alıb. Siz bu hesabatı və Azərbaycanda bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

- Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın sosial bərabərlik üzrə irəliyə çıxması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsidir. Əslində bu indikator üzrə nəticəni gözlənilən kimi də qeyd etmək olar. Çünki Cənab Prezident tərəfindən sosial yönümlü iqtisadiyyatın qurulması üzrə davamlı tədbirlər həyata keçirilib. Burada ölkədə tətbiq olunan proqressiv vergi sistemini, eləcə də ardıcıl sosial müdafiə tədbirlərini xüsusi vurğulamaq lazımdır.

- Gənc və müstəqil ölkə olmağımıza baxmayaraq, iqtisadi-siyasi sahədə ciddi uğurlar əldə olunur. Bu barədə nə deyə bilərsiniz?

- Doğrudur, Azərbaycan Respublikası gənc dövlətdir, ancaq Ulu Öndərin müəyyən etdiyi strategiya və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu strategiyanın uğurla reallaşdırılması ötən illərdə dünyada baş vermiş siyası, iqtisadi və sosial meyillərin ölkəyə təsirini minimuma endirmişdir. Bu meyillərin qarşısının alınması Azərbaycan Respublikasının bütün sahələrdə uğurlu inkişafına imkan yaratdı. Hazırda ölkəmiz dünya miqyasında nüfuz sahibidir və bir çox ölkələrə nümunə kimi göstərilir.

- Neftin qiymətinin artması ölkə iqtisadiyyatı üçün hansı üstünlükləri gətirəcək?

- Bildiyiniz kimi, neftin qiymətində dünya birjalarında ötən illərə nisbətən artım müşahidə olunur. Təbii ki, bu artım ölkəmizin büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına imkan verəcək ki, bu da əlavə layihələrin icrasına və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldiləcək.

- Sahibkarlara qarşı həyata keçirilən yoxlamaların sayı azaldılandan sonra bu sahədə canlanma müşahidə olunurmu? Ümumilikdə bu sahənin inkişafı üçün hansı addımlar atılmalıdır?

- Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların başlıca istiqamətlərini iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun dayanıqlı inkişafı və onun ixrac qabiliyyətinin artırılması təşkil edib. Bununla əlaqədar biznes mühitinin daha da yaxşılaşdırılması, daxili və xarici investisiyaların iqtisadiyyata cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.
Bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyaların sayı azaldılıb, müddətli lisenziyalar müddətsiz olaraq müəyyən edilib, rüsumların məbləğləri azaldılıb, verilməsi müddəti endirilib, prosedurlar sadələşdirilib.

Butun bu tədbirlər sahibkarlar üçün yaradılmış əlverişli mühitdən səmərəli istifadə olunması və onların öz fəaliyyətlərinin genişləndirilməsini tələb edir. Qeyd edim ki, bu məsələ Cənab Prezidentin nəzarətindədir və bundan sonra da qeyri-neft sektorunun davamlı inkişafı üçün mütərəqqi təcrübələr əsas götürülməklə tədbirlər davam etdiriləcək.

Ədil Ədilzadə
AzNews.az