Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısı Elman Məmmədovun AzNews.az-a müsahibəsi: Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısı Elman Məmmədovun AzNews.az-a müsahibəsi:

“Azərbaycan təkbaşına dörd qüvvə ilə mübarizə aparır” - Elman Məmmədovla MÜSAHİBƏ

Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısı Elman Məmmədovun AzNews.az-a müsahibəsi:

- Elman müəllim, bu yaxılarda Amerikanın Kaliforniya ştatında prospektlərin birinə “Artsax” adı verilib. Ümumiyyətlə, ermənilərin bu kimi addımlarına necə cavab verməliyik və ya cavab verə bilirikmi?

- Ermənilər Amerikada, xüsusən də Kaliforniya ştatında daha çox məskunlaşıblar. Orada saylarına görə də gücləri, təşkilatları var, maliyyə imkanları böyükdür. Hətta seçkilər prosesində də onların səsi eşidilir. Rəhbərlikdə olanlarla münasibətlər qura bilirlər. Artıq oranın ictimai-siyasi həyatına daxil olublar. Təbii ki, biz Azərbaycan olaraq etirazımızı bildiririk. Artsax bizim ərazidir, bu sözün özü belə, Türk mənşəlidir. Ermənilərin bu fitnəkarlığı, təxribatı yolverilməzdir. Biz yüksək səviyyədə etirazımızı bildirir və lazımi bəyanatları veririk, ancaq qarşı tərəf, deyək ki, ABŞ-ın rəsmi dairələri, Kaliforniya ştatının qubernatoru bunu necə qarşılayır, qəbul və ya icra edirlərmi, bu, artq onların daxili işidir, buna qarışa bilmərik.

- Erməni saxtakarlığı təkcə küçə, prospekt adları ilə bitmir, artıq dünyanın bir neçə yerində Artsax, Qarabağ adında kafe və restoranlar açıblar.

- Bəli, bu gün ermənilər Artsax adında külli miqdarda müxtəlif məhsullar istehsal edirlər və dünyanın hər yerinə yayırlar. Uzağa getməyək, İstanbulun mərkəzi küçələrindən birində Ararat adlı restoran var. Stol-stulları da düzüblər küçənin ortasına. Deyək ki, Türklər Araratı qəbul eləmir ki, bu, Ağrı dağıdır. Qəbul etmirlərsə, bəs bu restoranı burada niyə açıblar? Sözüm ondadır ki, ermənilər bunu bacarırlar. Dünyanın bütün dövlətləri rəsmi şəkildə bizə deyirlər ki, sizin ərazi bütövlüyünüzü tanıyırıq və ona hörmətlə yanaşırıq. Lakin bu deyimlərin arxasında gərək bunların əməli fəaliyyəti dura. Bu nədir? Deyək ki, onların nəzarətində olan ərazilərdə qondama, tanınmamış separatçı qurumun nümayəndəlikləri var. Qarabağ, Artsax adı altında istehsal olunan erməni məhsulları satılır, yayılır, sərgiləri açılır və s. Yaxşı, mənim ərazi bütövlüyümə hörmətlə yanaşırsansa, buna niyə imkan verirsən? Və ya başqa bir sual: mənim ərazi bütövlüyümü tanıyırsınızsa – təkcə dövlətləri demirəm, eyni zamanda, beynəlxalq təşkilatları deyirəm – bəs niyə bu illər ərzində işğalçılara qarşı bircə dənə də olsun sanksiya tətbiq etməmisiniz, bir cəza tədbiri görməmisiniz? Əksinə, onları müdafiə etmək, qoruyub-saxlamaq, yaşatmaq üçün hər şey eləmisiniz.

Belə bir müqayisə edək: Gürcüstanın Abxaziya, Osetiyasına görə, xüsusən, Ukrayna məsələsinə görə, bütün Avropa, Amerika birləşib Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq etdilər. Doğrudurmu?! Yaxşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf edirsiniz, ərazi bütövlüyümüzü tanıyırsınız, onda bu işğalçıya qarşı niyə cəza tədbirləri görülmür? Demək, bu ikili standartdır, ikiüzlülükdür, riyakarlıqdır və işğala rəvac veməklə işğalı müdafiə etməkdir. Bunun başqa adı yoxdur.

- Elman müəllim, bilrisiniz ki, zaman-zaman bəzi siyasətçilər, xüsusən də avropalı deputatlar Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edirlər. Sonuncu dəfə Rusiya Dövlət Dumasının nümayəndələri də bu addımı atdılar...

- Təbii ki, bunlar qəbuledilməzdir. Amma biz bunlara görə, Rusiya ilə olan münasibətlərimizə kölgə salmamalıyıq. Sadəcə olaraq, bu məsələyə laqeyd, loyal da olmamalıyıq. Biz dostuqsa, strateji tərəfdaşlıq, əməkdaşlıq ediriksə və bir-birimizə hörmətlə yanaşırıqsa, sən Rusiya Dövlət Duması olaraq, bu yaramaz deputatının ipini çəkməlisən. Onu tərbiyəyə, qayda-qanuna dəvət etməlisən. Yaxud, bu addımı atan şəxslərin özləri bilməlidirlər hara gedirlər, özlərinin məsuliyyətini dərk eləməlidirlər ki, biz Azərbaycan torpağındayıq. Bizi bura gətirənlər bu torpaqları işğal edənlərdir, burada qan tökənlər, soyqırımı törədənlərdir. Demək, biz bu gəlişimizlə ermənilərlə həmfikir olduğumuzu bildiririk. Əgər özləri bundan çəkinmirsə, vətəndaşı olduqları dövlət onları bu yoldan çəkindirməlidir. Ancaq dövlət heç bir tədbir görmür, əvəzində nə deyir?! Rusiya da, Almaniya da, Fransa da deyir ki, bu, bizim dövlət siyasəti, dövlətin rəsmi mövqeyi deyil. Onlar şəxsi olaraq bu qənaətə gəliblər və s. Ancaq bizdə bir atalar misalı var: “Eşşək maldan deyil?”. Əgər o adamına qarşı biz Azərbaycan tərəfi olaraq bir cəza tədbiri görsək, ona nəsə etsək, sən onu müdafiə etməyəcəksən? Edəcəksən. Amma onun bizim sərhədləri pozduğuna görə sən ona heç bir müdaxilə etmirsən. Bax, bu da ikili standartların təzahürüdür, qeyri-səmimilikdir.

- Amma Azərbaycan Ermənistandan fərqli olaraq həm dünya dövlətləri, həm də qonşularla sıx dostluq münasibətləri saxlayır. Bəs niyə Qarabağ məsələsində bunun qarşılığını ala bilmir?

- Biz səmimi olaraq, hər kəsə öz dostluq əlimizi uzadırıq və gözləyirik ki, qarşı tərəf də bizimlə səmimi olsun. Yəni üzdə yalandan “hə-hı” eləməsin. Həqiqətən səmimi əməkdaşlıq eləsin, səmimi dost olsun, dediyi sözlə əməli üst-üstə düşsün. Üzdə bir söz deyib, arxada başqa hərəkət eləməsin. Görürsünüz, Rusiya ilə əlaqələrimiz günü-gündən yüksələn xətlə inkişaf edir. Çalışırıq ki, ermənilərdən başqa, bütün qonşularımızla münasibətlərimiz yaxşı olsun. Ancaq bunun müqabilində bu gün Rusiya Ermənistanın hava məkanını, sərhədlərini qoruyur, silahla təchiz edir, yeri gələndə siyasi müdafiəsinə qalxır. Fransa da onun kimi...

Bu yaxınlarda Frankofoniya təşkilatının sammiti keçirildi. Bu tədbir niyə Ermənistanda keçirilməlidir? Ermənistanın Fransa, Fransız dili ilə nə əlaqəsi var? Ən maraqlısı isə Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr dövlətdir. Bu dövlət öz bitərəfliyini nümayiş etdirməlidir. Ancaq Fransanın nümayəndəsi o konfransda dedi ki, artıq uzun müddətdir Fransanın Ermənistanda 200-dən çox şirkəti fəaliyyət göstərir. İndi sual olunur, bu Fransa bitərəf və ya problemin həllində vasitəçi ola bilərmi? Təbii ki, ola bilməz. Mənim bir formulam var. 15 ildir həmişə bu formulanı təkrar edirəm ki, bu problemin həllində, bu danışıqlarda tərəflər nisbəti, qüvvələr nisbəti dördün birədir. Dörd Ermənistan və üç həmsədr dövlətdir, bir Azərbaycandır. Biz təkbaşına bu dörd qüvvəyə qarşı mübarizə aparırıq. Düzdür, biz istəyirik ki, həmsədr dövlətlərlə münasibətlərimiz yaxşı olsun. Hər biri böyük dövlətdir, əməkdaşlığımızı gündən-günə genişləndiririk. Onlarla bütün sahələrdə əməkdaşlıq edirik. Amma biz istəyirik ki, bu əməkdaşlıqda necə ki biz səmimi və etibarlıyıq, eləcə də bizə qarşı səmimi, etibarlı olsunlar, bizi aldatmasınlar.

- Elman müəllim, bir az mövzudan kənarlaşaq, vaxtilə Xocalıda məktəb direktoru olmusunuz. İndi məktəb direktorlarının təyinatı pedaqoji deyil, menecer təfəkkürünə əsaslanır. Sizcə, bu təhsil sitemi üçün nə qədər effektlidir?

- Hər dövrün özünəməxsus tələbi var. Həm məktəb sistemində, həm də başqa sahələrdə kadr məsələsi ilə bağlı zaman öz sözünü deyir. Artıq idarəetmə də, sistem də, tələblər də başqa cürdür. Belə deyək, bugünkü məktəb, idarəetmə və müəllim, şagird kollektivi 70-80-ci illərdəki kimi idarə oluna bilməz. Mümkün deyil. Təbii ki, bizim hər birimiz məktəbdə formalaşmışıq. Artıq mənim nəvələrim məktəbdə oxuyur. Mən istəyirəm ki, müəllimlərimiz həmişə yüksək təminata malik olsunlar. Onlara dövlət tərəfindən güzəştlər edilsin. Xüsusilə, həmişə deyirəm ki, cəbhəyanı bölgələrdə və ucqar dağ rayonlarında çalışan müəllimlərimiz, həkimlərimiz və digər sahənin mütəxəssislərinə güzəştlər tətbiq edilsin. Onların maaşında da fərq olsun. Ümumi təminat yaxşı olmalıdır ki, müəllim orada yaşamaqda, dərs deməkdə maraqlı olsun. İstəyirəm ki, bu gün məktəblərimiz çox güclü müəllim kadrları ilə təmin olunsun. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün 70-80 müəllim heyəti olan bir məktəbdə 7-8 kişi müəllim var. Bu, yaxşı hal deyil. Bu, tərbiyənin də, təlimin də keyfiyyətinə ciddi təsir göstərir. Səbəb nədir? Məsələn, kişi müəllim nə qədər işləsə də 250-400 manat maaş alır. Kişi bununla ailəsini dolandıra bilmir. Ona görə də bu gün qəbul imtahanları vaxtı müəllimlik ixtisaslarına gedən abituriyentlərin 95 faizi qızlar olur. Bax, bunları tənzimləmək, balansı yaratmaq üçün müəllimlərin təminatını, maaşını yaxşılaşdırmaq lazımdır. Gələcək uşaqlarımızındır, biz də onları müəllimlərə etibar eləmişik. Ona görə məktəblər, və onun kollektivi güclü olmalıdır.

- Bəs hazırda məktəblərdə hərbi dərslərin, məşğələlərin təşkili, eləcə də vətənpərvərlik hislərinin aşılanması qaneedicidirmi?

- Bu, çox vacib məsələdir. Amma məktəbdən məktəbə də fərq var. Məktəblər var ki, ehtiyatda olan zabitlərimiz orada hərbi hazırlıq dərsləri keçirlər, onların bazaları, təcrübələri var. Məktəblər də var ki, orada ümumiyyətlə, bu məşğələlər, dərslər yox səviyyəsindədir. Biz müharibə vəziyyətində olan bir dövlətik. Hesab edirəm ki, bu gün Azərbaycan gənci orta məktəbi bitirəndə hərbin sirləri, silahdan istifadə qaydaları və sıra hazırlığına 70-80 faiz hazır olmalıdır. O, hərbiyə çağırılanda silahdan istifadə etməyi mənimsəməlidir. Eyni zamanda, əqidəcə yerişini, duruşunu, özünü necə aparmağı bilməlidir. İnsan əqidəcə tərbiyələnməlidir ki, mən əsgər və ya hərbiçi olacağam, Vətəni qoruyacağam. Özü də bu məsələ qız və oğlanlar arasında fərq qoyulmamalıdır. Hər bir gənc həmişə hərbi hazırlıqlı olmalıdır.

***

Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləyib. 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilib. Evlidir, 7 övladı var.

Elgün MƏNSİMOV
AzNews.az