“Siyasətdən gedə bilmirəm, getsəm də bir şey olsa, qayıdıb gələcəm” “Siyasətdən gedə bilmirəm, getsəm də bir şey olsa, qayıdıb gələcəm”

“O vaxt manatın məzənnəsini mən qaldırmışdım” - Partiya sədri ilə MÜSAHİBƏ

“Siyasətdən gedə bilmirəm, getsəm də bir şey olsa, qayıdıb gələcəm”

AzNews.az xəbər portalı yeni layihəyə başlayır. “Çoxdandır görsənməyənlər” adlanacaq bu rubrikada vaxıtlə Azərbaycanın siyasi həyatında aktiv rol oynamış, ancaq hazırda gözdən uzaq düşmüş şəxslərlə söhbət edəcəyik.İlk həmsöhbətimiz Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyevdir.

- Valeh müəllim, uzun müddətdir nə KİV-lərdə, nə də siyasi arenada görünürsünüz. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı sizin fikirləriniz maraqlıdır.

- Ölkədə ictimai-siyasi durum stabildir. Siyasət iki hissədən ibarətdir: xarici və daxili siyasət.
Xarici siyasət belədir ki, bu dəqiqə böyük güclərin maraq dairəsi bizim kimi ölkələrin çənbər dairəsində toqquşub. Ona görə də, Suriya, Livan, İsraildə, Türkiyədə terror aktları baş alıb gedir. Azərbaycanda vəziyyət sabitdir. Buna şükür eləmək lazımdır. Bunun özünü saxlamaq böyük bir işdir. Çünki Azərbaycan elə geosiyasi məkanda yerləşib ki, bütün güclər burada öz maraqlarını reallaşdırmaq istəyir. Azərbaycanda güc orqanları yaxşı işləyir. Ona görə də stabillik təmin olunur. Dövlət başçısı balanslaşdırılmış siyasət aparır. Bunun başqa yolu da yoxdur.

Daxil siyasətə gəlincə, bu, məsələ xeyli çətindir. Çünki siyasi partiyaların fəaliyyəti xeyli zəifləyib. Bunun səbəbləri çoxdur. Bura maliyyə və digər məsələləri, fəaliyyət dairəsinin daralması, cəmiyyətdə loyallığın əmələ gəlməsi və digər məsələlər daxildir. Ancaq bunu etiraf eləmək lazımdır ki, Azərbaycanda bu və ya digər mənada xalqa xidmət sahəsində işlər görülür. Prezident istər regionlara səfəri, istər yeni-yeni obyektlərin açılışı zamanı xalqın arasında olur. Bu, xalqa stimul verir.

- Bəs ehtiyat etmirsiniz ki, bu sözləriniz ayrı yerə yozula, hər halda XAP müxalifət partiyası sayılır?!.

- Mən əslində diqqəti daxildə olan məmur özbaşınalığına yönəltmək istəyirəm. Dövlət başçısı səviyyəsində iş görülsə də orta və aşağı məmurlar bir növ görülən işlərə kölgə salırlar, at oynadırlar. Məsələn, qardaşımın İsmayıllıda evi var. Küçədə olan qaz sayğacını maşın sındırıb. Sındıran adamı da tanımırıq və bilmirik kimdir. Hadisədən xəbər tutana qədər sızma nəticəsində xeyli borc yığılıb. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Uzun çək-çevirdən sonra qaz sızmasına görə yığılan borcu bizə ödətdirdilər.
Daha bir məsələni deyim. Bir dəfə tut ağacının qolu qırılıb məhəllədə qonşuların evinə, maşınına zərər vermişdi, yolu bağlamışdı. Gözlədik, gözlədik, heç kim gəlib çıxmadı. Axırda məcbur olub ağacı özümüz doğradıq, yolu açdıq. Üstündən 40 gün keçəndən sonra mənim adıma məktub gəlib. Məktubda da mənə məsləhət verirdilər. Maraq xatirinə Baş Prokurora məktub yazdım. Onlar da ərizəni Ekologiya nazirliyinə göndəriblər. Ekologiya Nazirliyi də mənə məktub göndərib ki, xahiş edirik bizi nəzərə alasınız, o ağacı özümüz kəsmək istəsəydik, müxtəlif instansiyalardan gəlib başımızın üstünü kəsdirəcəkdilər və hətta bizə cərimə də yazacaqdılar. Baxın, problemlər burdadır.

- Siyasətdən uzaqlaşmısınız?

- Xeyr, hər zaman siyasətdəyəm. Sadəcə, aktiv fəaliyyət göstərmirik. Yerlərdə gördüyümüz çatışmazlıqları deyirik. Allah göstərməsin, Azərbaycana qarşı hər hansı təhlükə olarsa, biz yenə həmişəki kimi aktiv siyasətdə varıq və öz sözümüzü deməyə hazırıq. Dövlətçiliyimizi, millətimizin gələcəyini düşünən insanlar kimi bu, bizim borcumuzdur.

- Valeh müəllim, siyasi partiyalara inamsızlıq var. Sizcə, bu nə ilə əlaqədardır?

- Siyasət gənclər üçün maraqsız olub. Gənclər bu sahədə perspektiv görmürlər, ona görə də siyasətə gəlmirlər. Mən istəsəm ki, öz səlahiyyətimi kiməsə ötürüm, elə bir potensiallı adam görmürəm.

- Radikal müxalifət ağa qara, qaraya da ağ deyir. Görülən işlərə də qulp qoyur. Sizcə bu, düzgündürmü?

- Mən deyərdim Azərbaycan siyasətində əsl fəlakət başlayıb. Belə ki, bir qrup öz mövqeyini dəyişib. Bir qrup isə radikal mövqe seçərək o qədər hirslidir ki, hətta söyüş söymək, ağa qara deməkdən belə çəkinmirlər. İndi dövr dəyişib. Siyasətçi analiz etməlidir. Həqiqəti deməkdən qorxmamalıdır.

- Siyasətdə olduğunuz üçün haçansa peşmançılıq hissini keçirmisinizmi?

- Yox, belə bir hiss keçirməmişəm və keçirmək fikrim də yoxdur. Məni siyasətə heç kim məcbur gətirməyib. Moskvada işlədiyim vaxt "Humanitar" adlı qəzetdə Aqambekyanın məqaləsi çıxanda biz azərbaycanlılar, Moskvadakı gənc alimlər yığıldıq və birinci bəyanatı verdik. Mən milli adamam. İstəsəm belə, siyasətdən gedə bilmirəm. Getsəm də bir şey olsa, qayıdıb gələcəm. Elm adamıyam, hər zaman da işim var. Çətinliklərim olur. 1993-cü illərdə Azərbaycanın ərzaq təhlükəsizliyində ciddi rol oynamışam. O zaman Azərbaycan manatının 10 manatdan 18 manata qədər dəyər qazanmasında mənim də əməyim var.

- Partiyanın fəaliyyəti barəsində nə deyə bilərsiniz?

- XAP üzvləri artıq yaşlaşıblar. Bizim partiyada ziyalılar, alimlər, həkimlər təmsil olunur. İndi həmin adamlarla vaxtaşırı görüşürük. Aktiv olmasa da öz müzakirələrimizi aparırıq. Ancaq yenə deyirəm, Azərbaycana qarşı hər hansı təzyiq olsa, biz öz mövqeyimizi bildirməyə hazırıq.

- Təzyiq olmağını gözləyirsiniz?

- Biz, əlbəttə, bunu arzu etmirik. Ancaq Azərbaycan kimi müstəqil dövlətlətə həmişə təzyiq etmək istəyənlər olacaq.

Ədil Ədilzadə
AzNews.az