“Bu hazırlıqlar gələcəkdə sistemli inkişafın gedişatına müsbət təsir göstərəcək” “Bu hazırlıqlar gələcəkdə sistemli inkişafın gedişatına müsbət təsir göstərəcək”

"Ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı artsa da..." - Məşhur kardioloq, millət vəkili Rəşad Mahmudov

“Bu hazırlıqlar gələcəkdə sistemli inkişafın gedişatına müsbət təsir göstərəcək”

Millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovun AzNews.az saytına müsahibəsi

- Rəşad müəllim, Azərbaycanda davamlı inkişaf strategiyası həyata keçirilir. Bu inkişafla bağlı bir millət vəkili kimi nə deyə bilərsiniz?

- Bu gün dünyanın hər bir yerindən Azərbaycanın səsi gur gəlir. Artıq dünyanın bütün arenalarında Azərbaycan öz sözünü deyə biləcək bir ölkə kimi formalaşıb, müstəqil xarici siyasət yürüdən bir dövlət kimi tanınır. Xarici siyasətdə bu qədər uğurla birlikdə, ən əsası ətrafında bu qədər problemlərin olduğu bir zamanda Azərbaycan təhlükəsizlik adası kimi özünü hiss etdirir. Ölkəmizdə daxili təhlükəsizlik qorunur, inkişaf davam edir.

Peşəmlə əlaqədar olaraq insanların ürəyi ilə təmasda olan insanam. Gördüyüm ab-havadan doğan həqiqət budur: Azərbaycan xalqı Prezidenti ürəyinin bütün dərinliyinə qədər sevir, ona güvənir və gələcəkdə dünyanın ən gözəl firavan ölkəsi olması naminə onun timsalında Azərbaycanın gələcəyini görür. Allah dövlətimizi, prezidentimizi qorusun! Dünyanın ən gözəl, firavan ölkəsi olması naminə onların timsalında Azərbaycanın gələcəyini görür. Azərbaycanımıza işıqlı, gözəl günlər, təhlükələrdən uzaq firavan həyat arzulayıram.

- Ölkəyə vaxtı keçmiş dərmanlar gətirilir. Bunun qarşısı alınsa da yenə də proses davam edir. Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

- Bu çox vacib bir məsələdir. İstənilən bir dərmanın saxta olması insanda güvənsizlik yaradır. Yüzlərlə gözəl iş gör, ancaq onun içərisində nəyinsə doğru olmadığını gördüyün zaman hər şey zərərə uğrayır. Müavfiq orqanlar bu məsələyə çox ciddi yanaşırlar. Son illərdə bu hadisələrin qarşısının alınması üçün lazımi qurumlar arasında əməkdaşlıqla çox böyük problemlərin qarışısı alınıb. Biz davamlı şəkildə alarmda olmalıyıq. Deyəcəyim tək bir şey var. Qısa müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentlik qısa müddət içərisində bir vətəndaş olaraq mənə güvən verməyə başladı. İllərdir problemlərdən danışırdıq, ancaq bunun həlli mexanizmi ortada yox idi. Qida təhlükəsizliyi çox vacib bir məsələdir. Yediyimiz qidadan tutmuş istifadə etdiyimiz dərmana qədər hər şey bunun içərisindədir. Düşünürəm ki, bu işlərlə əlaqədar dövlətin son 3 il ərzində ən böyük uğurlarından biri də bu işlərə nəzarətin daha da güclənməsidir. Bu da bütün sahələrdə artdıqca gələcəkdə xoşagəlməyən hadisələrin qarşısı maksimum alınacaq. Xəstəxanalar arasında rəqabətdə ortaq vahid bir vergi sisteminin qurulması gələcəkdə sağlam rəqabətin yaranmasına kömək edəcək. Vergi sahəsində ən son iclasda bildirildi ki, buna ciddi hazırlıqlar görülür. Bu hazırlıqlar gələcəkdə sistemli inkişafın gedişatına müsbət təsir göstərəcək.

- Rəşad müəllim, səhiyyə sahəsində kadr bankı hansı səviyyədədir, yetərincə kadrlarımız varmı?

- Səhiyyə sahəsində son illər həqiqətən çox ciddi işlər görülür. 2010-cu ildən sonra rezidentura proqramı yaradıldı və təbii ki, bunun nəticələri 5 ildən sonra görünür. Yəqin ki, biz onun nəticələrini bu illərdə daha çox hiss edəcəyik. Ancaq bir həqiqət var ki, bütün dünya ölkələrində olduğu kimi, bizdə də desək ki, kadrlarımız yetərli qədərdir, yanılmış olarıq. Ən inkişaf etmiş ölkələr belə bu gün dünyanın ən savadlı həkimlərini öz ölkəsinə çağırırlar. Səhiyyə sistemi olaraq kadr məsələsinə ciddi yanaşmalıyıq. Planlı hazırlıqlar getməlidir. Beyin güclərinin xaricdən Azərbaycana transferi ilə əlaqədar işlər görülməlidir. Bunun olması üçün münbit şəraitin yaradılması vacib amillərdən biridir. Cənab prezidentin icbari tibbi sığorta ilə əlaqədar qoymuş olduğu tapşırıqlar tam şəkildə fəaliyyətə başladığı zaman artıq o baza olacaq ki, həm insanlar istənilən problemin ölkədə həll olunması, həm də o icbari tibbi sığorta sayəsində ortaya çıxan dövriyyə içərisində ölkə istədiyi zaman lazımi kadrları xarici ölkələrdən gətirə bilsin. 2005-ci ildə "Neftçilər" xəstəxanasında işə başladığım gündən ürək cərrahiyəsi, kardiologiya, reanimasiyalar üzrə, anestiziya üzrə ixtisaslı kadrların hazırlanmasında məhz bu siyasəti izlədik. Gözəl işlər görülür, nəticələr əldə olunur. Daha gözəl işlərin görülməsi üçün zamanlama ilə birlikdə doğru planlama və daha geniş aspektdən hadisəyə baxılmalıdır.

- Maraqlı bir təklif səsləndirmişdiniz. Səhiyyə ilə bağlı konsepsiyanın hazırlanması təklifini irəli sürmüşdünüz. O işlər indi nə yerdədir?

- Qanunverici orqanda deputatlıq səlahiyyətlərindən istifadə edərək öz düşüncələrimizi, fikirlərimizi, dünyada olan real nəticəsi olmuş proqramlardan bəhs edirik. Bu da mənim düşüncələrimdən biri idi. Əlbəttə ki, bu konsepsiyalar və bu proqramların hazırlanması bütün icra strukturları ilə birlikdə dövlətin idarəedici orqanları və eləcə də ali qanunverici orqan ilə birlikdə ortaq planlı fəaliyyəti ilə mümkündür. Onsuz da görülən bütün işlər nəticə etibarı ilə bu konsepsiyanın gələcəkdə hazırlanmasına aparan bir yoldur. İnşallah, bunların hamısını gələcəkdə birlikdə görəcəyik.

- Ürək xəstəlikləri ilə əlaqədar vəziyyət nə yerdədir?

- Ürək xəstəlikləri ölkəmizdə deyil, bütün dünyada səhiyyə qarşısında əsas problemlərdən biridir. Dünya Səhiyyə Təşkilatının Özbəkistanda keçirilən toplantısında da bildirdim ki, bütün dünyada həyəcan təbili çalınır ki, 2050-ci ilə qədər ürək-damar xəstəlikləri "yüksək pillədə" qərar tutmaqda davam edəcək, hətta normadan daha çox artacaq. Texnologiya və dünyada səhiyyənin inkişafı artdıqca, orta ömür həddimiz artdıqca bu xəstəliklərlə qarşılaşma ehtimalımız da artır. Stress artır, qida çatışmazlığının qarşısının alınması üçün dünyada istehsal olunan süni qatqılı qidalar artır. Nəticədə önümüzdəki illərdə ürək xəstəliklərinin də artacağı gözlənilir. Bütün bunlar tendensiyaya daha həssas yanaşmamız üçün bir xəbərdarlıqdır. Əminəm ki, Azərbaycanda hər nə qədər ürək xəstəliklərindən əziyyət çəkən insanların sayı artsa da, ürək-damar sahəsində fəaliyyət göstərən xəstəxanalar, onların maddi-texniki bazası və yenidən hazırlanan kadrlar bu problemlərin öhdəsindən layiqincə gələcək.

- Bu xəstəlik hansı regionda üstünlük təşkil edir?

- Hər bir xəstəliyin bəlli regiona görə öz xüsusiyyətləri var. Ancaq ürək-damar xəstəlikləri əfsuslar olsun ki, tək regionlarda deyil, bütün dünyada eynidir. Hər yerdə ən çox görünən xəstəlikdir.

Ədil Ədilzadə
AzNews.az