Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun AzNews.az saytına müsahibəsi Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun AzNews.az saytına müsahibəsi

“Azərbaycanda vəkillik intibah dövrünü yaşayır” - Anar Bağırovla MÜSAHİBƏ

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun AzNews.az saytına müsahibəsi

- Anar müəllim, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 22 fevral 2018-ci ildə “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamdan sonra sizin tərəfinizdən hansı işlər görülüb?

- Vəkillik fəaliyyəti cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edən sahələrdəndir. Vəkillik yeganə qeyri dövlət müstəqil hüquqi təsisatdır ki, publik funksiyanı həyata keçirir. Vəkillik Konstitusiya ilə pozitiv öhdəliklərin, yəni vətəndaşlara hüquqi yardım vermək kimi hüquqların realizə edilməsində bilavasitə iştirak edən bir təsisatdır. Məlum olduğu kimi, Konstitusiyanın 61-ci maddəsində hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit olunub. Bu hüquq da məhz vəkillər tərəfindən həyata keçirilir.

Azərbaycanda 1500-dən çox vəkil fəaliyyət göstərir

Son aylarda da vəkillərin sayı xeyli artıb. Təbii ki, bundan sonra ildən-ilə vəkillərin sayı artacaq, bunu proqnoz verə bilərik.

Cənab Prezidentin vəkillik sənətinin inkişafı ilə bağlı 22 fevral 2018 tarixli sərəncamı isə vəkilliyin tarixində xüsusi bir səhifədir, tarixi hadisədir. Əslində bu, dövlət başçımız tərəfindən vəkilliyə verilən xüsusi diqqətin təzahürüdür. Məlum olduğu kimi, həmin sərəncamda Prezident güclü və nüfuzlu vəkillik institutunun rolu barədə xüsusi fikirlər səsləndirir və məlum sənəddə xüsusi müddəalar var. Çünki doğrudan da güclü və nüfuzlu vəkillik institutunun, ədalət mühakiməsinin həyata keçirilməsində insanların keyfiyyətli hüquqi yardım almasının təmin edilməsində müstəsna əhəmiyyəti var. Vəkillik institutu güclü olmadığı halda, təbii ki, ədalət mühakiməsinin yüksək standartları barədə danışmaq qeyri-mümkündür.

Prezidentin sərəncamında mərkəzi icra hakimiyyəti, Nazirlər Kabineti orqanlarına xüsusi tapşırıqlar verilib

Vəkilliyin maddi texniki bazasının gücləndirilməsi məqsədi ilə məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə vəkil qurumlarının yaradılması barədə tapşırıqlar var. Təbii ki, bu tapşırıqların icrası üçün tədbirlər görülməkdədir. Xüsusi yerlərin ayrılması ilə bağlı razılaşmalar aparılır, məsləhətləşmələr keçirilir. Artıq müəyyən yerlər ayrılıb. Misal üçün Şəki, Sumqayıt şəhərlərində artıq vəkillər kollegiyasının regional qurumları üçün müvafiq binalar ayrılıb. Hazırda Şirvan və Gəncə şəhərləri üzrə də bu işlər tamamlanmaq üzrədir. Lənkəran və Bakı şəhəri üzrə, Vəkillər Kollegiyasının Bakı şəhərində Rəyasət Heyətinin binası məsələsi də gündəmdədir.

Sərəncamda göstərilib ki, vəkil qurumları müasir standartlara cavab verməli, müəyyən təmir işləri aparılmalı, lazımi avadanlıqlarla, texnika və mebellərlə təmin olunmalıdır. Bu işlər tərəfimizdən vaxtında görüləcək. Ehtiyaclar öyrənilir, həmçinin Vəkillər Kollegiyası səyyar hüququ yardım göstərilməsi məqsədi ilə xüsusi avtobuslar ayırıb. Bu yardımlar pulsuz göstəriləcək. Düşünürük ki, vəkillərə növbətçilik planı tətbiq edək. Hər ay bir neçə dəfə belə tədbirlər görülsün, qurumlar gedib vəkillərin az olduğu rayonlarda hüquqi yardım göstərsinlər. Bir sözlə, bütün lazımi tədbirlə görülür və görülməkdədir.

"Tövsiyə yox, tapşırıq kimi qəbul edirik"

Prezidentin sərəncamında vəkillərə ünvanlanmış bir sıra tövsiyələr də var. Biz onu tövsiyə yox, tapşırıq kimi qəbul edirik. Həqiqətən də bu məsələlər bizi də çox narahat edir. Misal üçün, aztəminatlı şəxslərin ödənişsiz hüquqi məsləhətlər alması məsələsi ilə bağlı işləri görürük. Həm Rəyasət heyətinin, həm də vəkil qurumlarının artıq mütəmadi olaraq paytaxtda bir çox şəxslərə pulsuz hüququ yardım göstərilməsi işini təşkil etmişik. Bundan sonra da bu işləri davam etdirəcəyik. Çalışırıq ki, aztəminatlı şəxsləri əhatə edək, ehtiyacı olan şəxslərə yardım göstərək.

Eyni zamanda vəkilliyin ictimaiyyətlə bağlı aşkarlıq şəraitində fəaliyyət göstərilməsi işinin şəffaf şəkildə görülməsi ilə bağlı tərəfimizdən lazımi tədbirlər görülüb. Bizim internet səhifəmiz var, bütün məlumatlar həmin səhifədə verilib. Vəkillərin yüksək etik davranış tələblərinin göstərilməsi üçün də lazımi tədbirlər görülür, seminarlar təşkil edilir, izahlar verilir. Bu iş daim davam edir.

Elektron xidmətlərin təşkili üzrə də lazımi tədbirlər görülür

İstənilən vəkil elektron şəkildə müraciət edərək, xüsusi kod alıb vəkil kabineti açmaq imkanına malikdir. Biz bütün vəkillərlə aramızda olan sənədləşməni elektron formada aparmaq niyyətindəyik. Bu da çox önəmli məsələlərdəndir. Lazımi tədbirlə görülür, gələcəkdə elektron məhkəmə sisteminə inteqrasiyanı da təmin edəcəyik. Prezidentim sərəncamına uyğun olaraq bu işlər mütləq görüləcək.

Həmçinin, Asan Xidmət Mərkəzi ilə də əməkdaşlıq edirik, Memorandum imzalamışıq. Artıq ASAN Xidmət Mərkəzlərində bürolar fəaliyyətə başlayıb, təşkilati işlər görülməkdədir. İmişli Asan Xidmət Mərkəzinin açılışında da bu məsələ xüsusi ilə vurğulandı. Tələblərə cavab verən otaqlar da mövcuddur. Bu da çox önəmli məsələdir.

Vəkillərin sayının az olması bizi narahat edən məsələlərdəndir

Prezidentin sərəncamında gənc hüquqşünasların vəkilliyə cəlb olunması məsələsi xüsusilə vurğulanır. Bu sahədə də bildirmək istəyirik ki, son aylar içərisində vəkilliyə qəbul olunan 600 işçinin 82 faizi məhz 40 yaşına kimi olan hüquqşünaslardır. Əksəriyyəti cavanlardır. Vəkillərin sayının artırılması ilə bağlı təbdirlər görülür. Düzdür, regionlarda vəkillərin sayı artıb, amma təbii ki, bu, bizi tam qane etmir.

Ölkədə vəkilliyin nüfuzunun artırılması bizim üçün ən vacib məsələlərdəndir. Bu sahədə də lazımi tədbirlər görülür. Maarifləndirmə işləri aparılır, vəkilliklə bağlı məlumatlar verilir. Həmçinin, beynəlxalq əməkdaşlığı da genişləndiririk.

Bir sözlə, Azərbaycanda vəkillik renessans dövrünü yaşayır.

- Azərbaycanda kimlər vəkil ola bilər?

- Bu gün qüvvədə olan qanunvericiliyə görə, ali təhsili olan, 3 il hüquqi təcrübəsi olan şəxslər qanunun tələblərinə uyğun olaraq vəkilliyə namizəd kimi sənəd verə bilərlər. Eyni zamanda, əvvəllər hakim və vəkil işləmiş şəxslər də, hüquq elmləri doktorları da sadələşdirilmiş qaydada çalışa bilərlər. Hüquq elmlər doktoru birbaşa andiçməyə buraxılır. Əvvəllər hakim və vəkil işləmiş şəxslər də test imtahanı vermədən birbaşa şifahi imtahana buraxılır. Bu 3 illik təcrübə vəkilliyə qəbul üzrə ciddi əngələ çevrilir. Çünki gənc hüquqşünaslar təcrübə maneəsinə görə, vəkilliyə sənəd verə bilmirlər. Çox istərdik, hazırda təklif də hazırlaşmışıq ki, həmin 3 illik təcrübəni aşağı salaq. Cavanlar da vəkilliyə üz tuta bilsinlər.

- Qəbul şərtləri ilə bağlı təkliflər hazırlanıb?

- Vəkilliyə qəbul bizi ən çox narahat edən məsələ olduğu üçün təbii ki, çalışacağıq ki, qəbul asanlaşsın, bəzi hallarda sadələşsin. Çünki bizdə elə bir plan və yaxud ştat yoxdur ki, filan sahəyə vəkil tələb olunur. Kim vəkil olmaq istəsə, Vəkillər Kollegiyasına sənəd verə bilməlidir. Bunlar üçün şərait yaratmalıyıq. Bununla yanaşı, tək qəbulla bağlı təkliflər tərəfimizdən hazırlanıb. Vəkillik haqqında qanunda müəyyən müddəalar artıq köhnəlib, qanunda boşluqlar var. Bütün bu problemlər bizə tanışdır. Vəkillik fəaliyyətinin daha da səmərəli həyata keçirilməsi üzrə müəyyən təkliflərimiz var. Eyni zamanda, vəkillər kollegiyasının orqanlarının səmərəli fəaliyyəti üzrə təkliflərimiz var. Vəkillər Kollegiyasının maddi texniki bazasının gücləndirilməsi, maddi vəziyyətinin yaxşılaşdırması, vəkilliyin sosial iqtisadi maraqları ilə bağlı müəyyən təkliflərimiz var. Orda da müəyyən problemlərimiz mövcuddur. Çalışırıq ki, beynəlxalq təcrübədən istifadə edib, vəkillər üçün yeni imkanlar yaradaq. Bu da çox vacibdir. Əsas məqsədimiz odur ki, Azərbaycanda dinamik, səmərəli fəaliyyət göstərən effektiv bir vəkillik institutu fəaliyyət göstərsin. Vəkillik fəaliyyətinə əngəl olan müəyyən maneələr aradan qalxsın...

(ardı var)

Ədil Ədilzadə
Aznews.az