Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun AzNews.az-a müsahibəsi Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun AzNews.az-a müsahibəsi

“Boltonun Azərbaycana səfəri göstərdi ki...” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun AzNews.az-a müsahibəsi

- Tofiq müəllim, Con Boltonun Azərbaycana səfərinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Artıq Tramp Administrasiyası Qafqaz bölgəsinə də diqqət yetirir. Con Boltonun regiona səfəri və Azərbaycanda səsləndirdiyi fikrilər bir daha onu göstərdi ki, ABŞ-ın bölgəyə, xüsusən də Azərbaycana marağı böyükdür. Bu səfəri gələcək əlaqələrin inkişafına təkan verən bir amil kimi də qiymətləndirmək olar.

- Con Bolton Prezident İlham Əliyevlə görüşündə vurğuladı ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat toplamaq istəyir. Con Bolton məlumat deyərkən nəyi nəzərdə tutur?

- Bəllidir ki, ABŞ administrasiyası regionun ən büyük problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz baxışını formalaşdırmaq üçün belə bir mövqe sərgiləyir və bütün tərəfləri dinləmək istəyir.

- Ümumilikdə, bu gün problemin həllində ABŞ-ın həm ATƏT-in Minsk qrupunda həmsədr, həm də dünyanın aparıcı dövləti olaraq rolu nə qədərdir?

- Təəssüflər olsun ki, Rusiya monopoliyası ilə əlaqədar bu məsələdə indiyə kimi bir irəliləyiş olmayıb. İndi isə ABŞ görünür ki, bu məsələyə diqqət yetirmək istəyir. Təbii ki, imkanları böyük olan bir dövlət kimi Amerika da tərəflərə lazımi istiqamət və dəstək verməklə bəlkə də bu vəziyyəti donmuş vəziyyətdən hansısa irəliləyişə doğru aparmaq niyyətindədir. Amma əsas problem olduğu kimi qalır. Əfsuslar olsun ki, Ermənistanın yeni rəhbərliyi də qeyri-konstruktiv mövqe sərgiləyir. Yəni müharibə təhlükəsi hələ də gündəmdədir. Con Boltonun Azərbaycanda bəyan elədiyi fikirlərdən biri də o idi ki, Amerika məsələnin sülh yolu ilə həll olunmasını istəyir. Bu baxımdan, ABŞ-ın hazırki mövqeyini tərəflərə təzyiq göstərmək baxımından, ələxsus da Ermənistan daha çox Qərbyönümlü siyasət aparmaq niyyətindədir, məsələni reallığa yaxınlaşdırmaq niyyəti kimi qiymətləndirmək olar.

- Tofiq müəllim, sizcə, yaxın gələcəkdə Con Boltonun bu səfərinin hər hansı bir formada təsirlərini hiss edəcəyikmi?

- Belə deyək, Con Bolton regiona gəlməmişdən qabaq Amerika Birləşmiş Ştatları nümayəndələri Dağlıq Qarabağ konfliktinə aid öz mövqelərini bildiriblər. Bu baxımdan, mövqe sadə və konkretdir. İlk növbədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri azad olunmalıdır. Hesab edirəm ki, bu tələb indiki mərhələdə ABŞın mövqeyinin əsasını təşkil edir.

- Bu gün ümumi təhlükəsizliklə bağlı Azərbaycan-ABŞ əməkdaşlığı hansı səviyyədədir?

- Bu da hazırda gündəmdə olan çox vacib mövzulardandır. Bu gün ABŞ dünyada çox aktiv bir siyasət həyata keçirir. Suriya məsələsi, Rusiyaya qarşı münasibətlər, İranla bağlı mövqe və.s baxımdan Azərbaycanın ABŞ-la strateji partnyorluğunun davam etdirilməsi hesab edirəm ki, Azərbaycanın xarici siyasətində ən vacib məsələlərdən biridir. ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq deyəndə təkcə terrorizmlə mübarizə nəzərdə tutulmur. Biz bilirik ki, Azərbaycan sülhməramlıları Əfqanıstanda həyata keçirilən əməliyyatlarda da çox yaxından iştirak edir. Digər məsələlərdə, narkotiklərlə mübarizədə, qeyri-qanuni ticarətdə və başqa sahələrdə birgə əməkdaşlıq mövcuddur.

Con Bolton səfəri zamanı onu da istisna etmədi ki, ABŞ Konqresinin qəbul etdiyi və Azərbaycanı ABŞ-ın maliyyə dəstəyindən məhrum edən “Azadlığa dəstək Aktı”-na edilən “907 saylı düzəliş” aradan götürüləcək və Azərbaycan ABŞ-ın istehsal etdiyi silahları da ala biləcək. Bunun özü də təhlükəsizlik sahəsindəki əməkdaşlığımıza bir töhfə ola bilər.

Elgün MƏNSİMOV
AzNews.az