Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin AzNews.az saytına müsahibəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin AzNews.az saytına müsahibəsi

“Vaxt tamam olandan 20 gündən sonra...” - Rüfət Quliyevlə MÜSAHİBƏ

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin AzNews.az saytına müsahibəsi

- Rüfət müəllim, ötən günlərdə Baş nazir texniki baxışla bağlı qərar qəbul etdi. Bu barədə fikirlərinizi öyrənmək istərdik; qəbul olunan qərarın sürücülər üçün nə kimi əhəmiyyəti olacaq?

- Bəli, müəyyən müddətdir ki, texniki baxışla bağlı dəyişiklər olunub. Hazırda da istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxışdan keçirilməsi üçün avtomobillər təqdim olunmalıdır. Bununla bağlı hər hansı bir dəyişiklik olunmayıb. Amma bildirirəm ki, növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1. əsasən sürücü əlli manat məbləğində cərimə edilir. Tutaq ki, avtomobil 5 may 2018-ci il tarixdə texniki baxışdan keçibsə, növbəti dəfə eyni günə qədər avtomobili texniki baxışa təqdim etməlidir. Ola bilsin ki, avtomobil sahibinin hər hansı bir işi çıxsın, həmin ərəfələr maşını texniki baxışdan keçirə bilməsin. Yeni qaydalarla bu da nəzərə alınıb, qeyd olunmuş həmin müddətdən 20 gün möhlət verilir. Vaxt tamam olandan 20 gündən sonra nəqliyyat vasitəsi texniki baxışdan keçməyibsə, sürücü barəsində elektron qərar tətbiq olunacaq.

- Bu qərarın sürücülərə çatdırılması istiqamətində hər hansı maarifləndirici tədbirlər həyata keçirirsinizmi?

- Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı KİV-nin, informasiya saytlarının köməyi ilə, eləcədə BDYPİ-nin rəsmi dyp.gov.az saytına yol hərəkəti iştirakçıları məlumatlandırırıq.

- Hərəkətin təhlükəsizliyi ilə bağlı cari ildə hansı tədbirlər görülüb?

- Öncə sizə statistik məlumatlar təqdim etmək istəyirəm. 2018-ci ilin 9 ayı ərzində Respublikamızda ümumilikdə 1284 yol nəqliyyat hadisəsi baş verib. Hadisə zəminində 527 nəfər dünyasını dəyişib. 1244 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən il ilə müqayisədə azalma müşahidə olunur. Ümumilikdə, 50 yol nəqliyyat hadisəsi azalıb. Ölənlərin sayında 27, yaralıların sayında da 16 nəfər azalma var. Buna baxmıyaraq, biz yenə də çalışırıq ki, bu rəqəmlər kəskin şəkildə azalsın. Hesab edirəm ki, maarifləndirici və təbliğedici tədbirlər bizə yardımçı ola bilər ki, biz buna nail olaq. Hər zaman olduğu kimi, BDYPİ-nin əməkdaşları məktəblilərlə bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası işinə təhsil işçilərinin, valideynlərin və ictimai qurumların cəlb edilməsi üçün tədbirlər görülür. Bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur və ona görə də biz onlara təşəkkür edirik. DYP əməkdaşları tərəfindən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları arasında intizamın daha da yüksək olması, “Yol hərəkəti qaydalarının əlifbası” adlı kitabları mütəmadi olaraq təqdim olunur.

- Hadisələr ən çox hansı səbəbdən baş verir: sərxoşluq, texniki məsələlər, yoxsa yüksək sürət?

- Hər hansı YNH-nin başvermə səbəbi tərəfimizdən ətraflı olaraq araşdırılır və təhlillər aparılır. Gələcəkdə onların qarşısının alınması ilə bağlı da görəcəyimiz çox işlər var və mütəmadi olaraq böyük diqqət yetiririk. Onu bildirmək istəyirəm ki, YNH əsas səbəbləri düzgün ara məsafəsi seçilməməsi, manevr qaydalarını pozulmasıdır. Eyni zamanda çox təəssüflər olsun ki, bəzi sürücülər yorğun, yuxusuz vəziyyətdə fasiləsiz olaraq 5-6 saat ərzində sükan arxasında olurlar. Bu da YNH-nin səbəbi olar bilər və bu səbəbdən artıq neçə ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstərişi ilə DYP stasionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb. Belə ki, uzaq məsafələrə yola çıxan sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb qısamüddətli istirahət edib, su içə bilər, əl-üzünü yuyub dincələ bilər.

- Yeni tətbiq edilən “hörümçək toru” ilə bağlı fikirlərinizi eşitmək istərdik.

- Bu nişanlanma yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha da ciddi riayət etməyə yardım edir. Səhv etmirəmsə, bu nişanlanma ilk dəfə 1967-ci ildə Londonda sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

- Bu təcrübənin tətbiqindən sonra hansısa bir irəliləyiş varmı?

- Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Buna görədə İnzibati məsuliyyət nəzərdə tutulub.

- Bir çox sürücülər avtomobil yollarında radarların, kameraların həddən artıq çox olduğundan şikayətlənirlər...

- Bu, çox aktual mövzudur. DYP-nın əsas məqsədi hər hansı bir sürücünü inzibati məsuliyyətə cəlb etmək və cərimə yazmaq deyil, məqsədimiz hərəkətin təhlükəsizliyinin təmin olunmasıdır. Hər bir sürücünün və hər bir yol iştirakçısının həyatı, eləcə də onların təhlükəsiz hərəkətinin təşkil olunması bizim funksional vəzifəmizdir. Çalışırıq ki, maksimum dərəcədə təhlükəsizlik tədbirlərinin tətbiqində iştirak edək. Bəzi sürücülər qeyd edirlər ki, radarların və kameraların sayı çoxdur, ancaq gəlin baxaq ki, bu kameralar vasitəsi ilə nə qədər cinəyətin üstü açılıb, qaçırılmış avtomaşınların tapılıb, yol hərəkəti qaydaları, eləcə də hərəkətin təhlükəsizliyinin təmin olunmasında böyük işlər görülüb.

- Sürücülər adətən yol polislərini bəyənmirlər. Bu istiqamətdə maarifləndirici addımlar atılırmı?

- Az öncə qeyd etdiyim kimi, əməkdaşlarımız uşaq bağçalarında, məktəblərdə, təhsil ocaqlarında mütəmadi olaraq görüşlər keçiririk. Görüşlərimizin əsas məqsədi hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. KİV-nin köməyi ilə yol hərəkəti iştirakçılarının məlumatlandırılmasına böyük önəm veririk. Eyni zamanda, yol hərəkəti iştirakçıları unutmamalıdılar ki, DYP əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsinin təşkilində də böyük işlər görülür. Əmin edirəm ki, hər bir polis əməkdaşı fəxr hissi ilə polis adını daşıyır və inandırım sizi ki, əməkdaşlarımız öz funksional vəzifələrini böyük şərəflə yerinə yetirir.

- QHT-lərlə birgə də bu işləri həyata keçirirsiniz...

- DYP həmişə ictimai, həmçinin dövlət qurumları ilə müəyyən problemləri müzakirə etməkdə maraqlıdır.

- “Yol polislərinin gənc köməkçiləri” dəstələri var. Onlar hansı işi görürlər?

- Məktəblərdə bununla bağlı mütamadi olaraq tədbirlər keçirilir. Yeri gəlmişkən, oktyabrın 2-dən 14-ə qədər Rusiya Federasiyasının Krasnador vilayətinin Anapa şəhərində yerləşən Smena Ümumrusiya Uşaq Mərkəzində MDB ölkələrinin gənc inspektorların toplantısı keçirilib. Azərbaycan bu toplantıda DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Təhlükəsizliyin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani, paytaxtın 245 saylı məktəbin müəllimi Ülviyyə İsmayılova və “Yol polisinin gənc köməkçisi” dəstəsinin üzvləri – şagirdlər Ləyaqət Cəbiyev, Saray Ömərova və Həbib Ömərov, Qalina Şirəliyeva bizi təmsil ediblər. Bu yarışlarda bizim təmsilçimiz 3-cü yerə layiq görülüb. Hesab edirəm ki, komandamız uğurlu çıxış edib.

- Yol polislərinə yeni avtomobillər nə zaman veriləcək?

- Hazırda avadanlıqların quraşdırılma prosesləri gedir, müəyyən işlər aparılır.

- Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin təşkili baxımından hansı işlər görülüb?

- Az öncə qeyd etdiyim ki, bizim “Yol polisinin gənc köməkçisi” dəstəsinin üzvləri yarışlarda 3-cü yerə layiq görülüb. Eyni zamanda bu ilin sentyabr ayında Belarusun paytaxtı Minskdə MDB ölkələrinin yol patrul xidməti əməkdaşlarının “Peşəkar ustalıq” müsabiqəsi keçirilib. Müsabiqədə ölkəmizi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 3 əməkdaşı - polis mayoru Həsən Əliyev, polis baş leytenantı Emil İbrahimov və polis baş serjantı Rasim Paşayev təmsil ediblər. Yarış bir neçə mərhələdən ibarət olub və bizim nümayəndəmiz ikinci yerə layiq görülüb. Yarışlarda Azərbaycan komandası yol hərəkətinin tənzimlənməsi, fiziki hazırlıq və hərəkətdə olan avtomobil ilə dayanmış nəqliyyat vasitələsinə atəş açmaq üzrə xüsusilə fərqləniblər.

Biz hər zaman beynəlxalq əməkdaşlığında maraqlıyıq. Hazırda qardaş Türkiyə Respublikası, Rusiya Fedarasiyası, eyni zamanda digər ölkələrlə əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir.

Ədil Ədilzadə
AzNews.az