“Burada mənim üçün təəccüblü heç nə yoxdur” - Gənc deputat Naqif Həmzəyevlə MÜSAHİBƏ

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Naqif Həmzəyevin AzNews.az-a müsahibəsi

- Naqif müəllim, AŞPA-nın payız sessiyasında çıxış etdiniz. Olduqca aktual məsələ olan istismar müddəti bitmiş AES-lərdən istifadənin dayandırılması yönündə çağırışlarınız oldu. Bu çıxışdan sonra sizcə bu yöndə hansı addımlar atılacaq?

- Yaxın tarixdə kütləvi insan qırğını ilə müşayiət olunmuş Xirosima və Naqasaki hadisəsindən 73 il keçməsinə baxmayaraq bu gün də unudulmur, dəhşətlə xatırlanır. Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olan, atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alınan Ukraynanın Çernobıl, Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyalarında baş verən faciələr minlərlə insanın həyatına son qoydu, bir çox xəstəliklərin, xüsusən də əsrin bəlasına çevrilən onkoloji xəstəliklərin yaranmasına səbəb oldu. Daha dəhşətlisi radioaktiv şüalanma ətraf mühitə bərpa olunmaz zərər yetirdi, xarabalıqlar yaratdı. İnsanların səhvi, təbiətin şıltaqlığı nəticəsində baş vermiş qəzalar bir daha göstərdi ki, bu kimi qəzalar dünya üçün hansı dərəcədə zərər və fəsadlar törədə bilər. Ümid edirik ki, AŞPA kimi möhtəbər bir qurumda qlobal və strateji xarakter daşıyan məsələnin-istismar müddəti bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırılması ilə bağlı cağırışlar reallaşacaq. Hər halda biz ümid edirik. Tezliklə Atom Elektrik Stansiyalarınında təhlükəsizlik yoxlamaları keçirilib, təhlükə mənbəyinə cevrilən vaxtı keçmiş sistem və texnologiyaların fəaliyyətlərinə son veiləcək. Ermənistanda “Metsamor” atom elektrik stansiyasını da bu qəbildən hesab edərək onunla bağlı da eyni gözləntimiz var. Çünki Ermənistan bu stansiya ilə bağlı düzgün məlumatlar açıqlamır və bölgədə ciddi təhhlükə mənbəyi var. Ümid edirəm AŞPA-dakı həmkarlarımız bölgədə cücərən fəlakət mənbəyi barədə eyni narahatlığı kekirəcəklər.

- Zaman-zaman AŞPA-da Azərbaycana qarşı haqsız mövqe nümayiş olunur. Bu kimi kampaniyaların qarşısını almaq üçün hansı işlər görürsünüz?

- Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan AŞPA-ya üzv olduğu müddətdə, xüsusən də son illərdə müəyyən lobbi qruplarının neqativ münasibətindən irəli gələn kəskin təzyiqləri ilə üzləşib. Heç kimə sirr deyil ki, çətin geosiyasi məkanda öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən ölkəmizin AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Buna görə də Azərbaycana qarşı qərəzli və sifarişli ikili standartlar sərgilənir. Azərbaycan nümayəndə heyəti AŞPA-da ölkəmizə qarşı səsləndirlən istənilən qərəzli, qeyri-obyektiv və ədalətsiz fikirlərə faktlara əsaslanaraq cavab verir, təkcə Azərbaycanın Avropa Şurası qarşısında deyil, eyni zamanda, Avropa Şurasının da Azərbaycan qarşısında olan öhdəliklərini yerinə yetirməyə borclu olduğunu xatırladır. Amma təəssüf ki, bəzən bir qrup AŞPA üzvləri erməni lobbisinin təsiri altda qurumun Azərbaycanla əməkdaşlığına ciddi neqativ təsirlər edirlər. Müəyyən dövrlərdə münasibətlərdə haqsızlığa səbəb olaraq gərginlik yaradırlar. Güman edirəm AŞPA özü bundan daha çox narahat olmalıdır. Çünki bu kimi halların qurumda baş verməsi AŞPA-nın imic məsələsidir. Biz hazırda demək olar ki, qurumdakı həmkarlara bunu aşılayırıq. Həqiqəti aşılayırıq. Eyni zamanda təşkilatda hələ də əldalətli mövqedə olanlarla, hansı ki, bunlar əksəriyyət təşkil edir, onlarla fərdi qaydada belə təmaslar quraraq həqiqətlərin qərəzli cəhdlərə qarşı daha kəskin olmasına nail olmağa çalışırıq.

- Ümumilikdə AŞPA-da Azərbaycanın haqlı mövqeyini Türkiyədən başqa hansı ölkə deputatları dəstəkləyir?

- Ölkəmizə qarşı ikili standartların, pozuculuq cəhdlərin, ədalətsizliklərin olmasına baxmayaraq, dövlət başçısı İlham Əliyevin apardığı siyasətin birbaşa nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən güclənir. Dünyada Azərbaycanın inkişafı, tərəqqisi təqdir olunur. Azərbaycan dünyada hörmət sahibi olan bir dövlət kimi qəbul olunur. AŞPA-da 300-dən çox deputat fəaliyyət göstərir. Bir neçə radikal deputatın Azərbaycanı ittiham etməsi ciddi qəbul olunmamalıdır. Hansı ki, heç olunmur. AŞPA-da Azərbaycan-Türkiyə münasibətləri isə region ölkələri üçün örnək olmalıdır. Bizim başqa ölkələr ilə də təbii ki dost münasibətlərimiz var. Onlar mütəmadi Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

- Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan sosial bərabərlik qiymətləndirməsində zirvədə yer alıb. Bu məsələyə sizin münasibətiniz maraqlı olardı.

- Dünyanın ən nüfuzlu mütəxəssislərinin, dövlət və hökumət başçılarının bir araya gəldiyi yeganə beynəlxalq qurumda ölkəmizin zirvədə yer alması qürurverici haldır. Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Ölkəmiz infrastruktur, təhsil-bacarıqlar və biznesin dinamikliyi üzrə mövqelərini xeyli dərəcədə yaxşılaşdırıb. Əhalinin elektriklə təchizatı səviyyəsinə görə isə Azərbaycan 100 faizlik göstərici ilə dünyada ilk pilləyə yüksəlib. Ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə də ölkəmiz lider mövqelərini qoruya bilib. Bütün bunlar Prezident cənab İlham Əliyevin, düşünülmüş, milli maraqlara cavab verən davamlı siyasətinin nəticəsində əldə edilib. Bundan sonra da ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq, daha böyük zirvələri fəth edəcək.

- Azərbaycan Respublikasında gənclər siyasəti prioritet sahələrdən biridir. Gənclərə dövlət qayğısı var. Dövlətin bu addımı qarşısında gənclərin hansı addımları atmalarını məsləhət bilərdiniz?

- Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Biz gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxdığımız gənclərimizlə qürur duyuruq. Onların ulu öndər Heydər Əliyev idealları ilə ölkəmizin daha işıqlı gələcəyinə inamlı addımları, dövlətçiliyə, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə sədaqəti buna zəmin yaradıb. Bu gün gənclərə böyük meydan verilib, ölkəmizdə onların yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla arzularını reallaşdırmaq üçün lazımi şərait var. Cadəcə bu günün gəncləri unutmasınlar ki, gənclik əbədi deyil, keçəridir. Bu dövrün hər anından səmərəli istifadə etsinlər. Təmsil olunduğum Milli Məclisdə ayrıca Gənclər və idman Komitəsi fəaliyyət göstərir. Bu qanunverici qurumun gənclərə olan xüsusi diqqətinin göstəcisidir.

- İctimai nəqliyyatdan istifadə edirsinizmi? Ötən günlərdə Bakı metrosunda olan şəkiliniz sosial şəbəkədə ciddi müzakirə olundu...

- Ümumiyyətlə, mən yolda ləngiməyi, yubanmağı xoşlamıram. Bakıda olanda avtomobil tıxaclarına tuş gəlməmək üçün metrodan istifadə edirəm. Eyni zamanda özüm sadə ailədə doğulduğum üçün kütlədən kənarda, ictimai toplumdan kənarda özümü rahat hiss etmirəm. Bir sözlə, genetik vərdiş etmişəm. Ona görə də əvvəl necə idi isə, indi də daim metro və yaxud digər ictimai nəqliyyat sərnişiniyəm. Gəncədə işə piyada gəzməyə üstünlük verirəm. Piyada gəzməyin insan sağlamlığı üçün nə qədər faydalı olduğunu yəqin ki, bilirsiz. Xüsusilə idmanla məşğul olmağa vaxtı və zaman məhdudiyyəti olan insanlar üçün piyada gəzmək daha vacibdir. Mən, o fotonu müzakirəyə çıxaranları anlayıram. İnsanların reaksiyalarını da başa düşürəm. Amma səmimiyyətimə əmin olun ki, burada mənim üçün təəccüblü heç nə yoxdur.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Asudə vaxtım çox az olur. İşdən qalan vaxtımı övladlarımla keçirirəm. Birlikdə muzeylərə, Gəncənin görməli, gəzməli yerlərinə gedir, doğma şəhərimizi onlara yaxından tanıtmağa çalışıram. Gənclərlə həmsöhbət oluram. Şəhərdə piyada gəzinyiə çıxıb insanlarla təmas qurmağı xoşlayıram.

Ədil Ədilzadə
AzNews.az