Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun AzNews.az saytına müsahibəsi Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun AzNews.az saytına müsahibəsi

“Bizim o səlahiyyətimiz yoxdur” - Anar Bağırovla MÜSAHİBƏ (II hissə)

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun AzNews.az saytına müsahibəsi

(əvvəli burada: “Azərbaycanda vəkillik intibah dövrünü yaşayır” - Anar Bağırovla MÜSAHİBƏ)

***

- Bu maneələr hansılardır?

- Hesab edirik ki, vəkillərin sübutlarında müəyyən problemlər var. Bu gün cinayət və mülki proseslərin digər iştirakçıları kimi vəkillər də yeri gələndə sübut toplamaqda geniş imkanlara malik olmalıdırlar. Bu gün vəkil ekspert rəyi ala bilmir. Niyə ala bilməsin? Bu məsələ həll edilməlidir. Eyni zamanda, qüvvədə olan Cinayət və Mülki Prosessual məcəllələrdə müəyyən boşluqlar var, onlar aradan qalxmalıdır. Biz müəyyən müzakirələr təşkil edir, elmi araşdırmalar aparırıq. Burada kifayət qədər hüquq elmləri doktoru adını daşıyan vəkillərimiz var. Bu gün Vəkillər Kollegiyasında digər hüquq sahələrinə nisbətən daha çox hüquq elmləri doktoru var. Artıq 10 nəfərə yaxın hüquq elmləri doktorumuz var. Kifayət qədər hüquq üzrə fəlsəfə doktorlarımız var ki, bu da çox önəmli məsələlərdəndir.

- İnternet resurslarında və KİV-lərdə Kollegiyaya qəbulun ikinci mərhələsi ilə bağlı iradlar səslənir. Bu mərhələdə hər hansı yumşaldıcı addımlar atılırmı?

- Mən elə deməzdim. Səmimi desək, kifayət qədər, yüzlərlə hüquqşünas ikinci mərhələdən uğurla keçir və heç bir şikayətləri, problemləri də olmur. Aydın məsələdir ki, imtahandan kəsilən şəxs müəyyən irad və şikayət edə bilər. Bunun da sivil yolları var. Narazı qalan tərəf şikayətini bildirir, biz bunu araşdırırıq. Sonra o, məhkəməyə müraciət edir, biz onun bu addımına hörmətlə yanaşırıq. İkinci mərhələdə kəsilən 3-5 nəfər məhkəmədə iddia qaldırır. 600 nəfərin içərisindən 3-5 nəfər – bu, çox az göstəricidir. Hansı imtahan verən hər şeydən razı qalır ki? Bir ara deyirdilər, test imtahanı çətindir. Hesab edirik ki, vəkilliyə qəbul yalnız test imtahanı ilə ola bilməz. Hesab edirik ki, gələcəkdə bunu daha da təkmilləşdirəcəyik. İmtahan test və şifahidən ibarət olmamalıdır, buraya yazılı imtahan da daxil olmalıdır. Biz bu gün vəkilin yazı vərdişlərini yoxlamırıq. Vəkilin əsas silahı onun qələmi və sözüdür. Həm sözə, həm də qələmə sahib olmasını biz mütləq yoxlamalıyıq. Bunu yoxlamadan qəbul edə bilmərik. Sözünü yoxlayırıq, ancaq qələmini yox. Biz baxmalıyıq ki, görək bu vəkil şikayət hazırlaya bilirmi? Vətəndaş müraciət etsə, onun şikayətini yaza bilməyən vəkil nə işə yarayacaq?

- Yerli təşkilatlarla da əməkdaşlıq edirsiniz. Bu sahədə işlər hansı istiqamətdə gedir? Bildiyim qədər, bu yaxınlarda bir Memorandum imzaladınız, pulsuz müayinə ilə bağlı...

- Vəkillər Kollegiyası həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə hazırdır. Bir çox dövlət və yerli təşkilatlarla hazırda əməkdaşlıq edirik. Misal üçün, ASAN xidmətlə bağlı Memorandum imzalamışıq, orada ASAN vəkil bürolarının yaranması nəzərdə tutulur.

Bundan başqa, səyyar ASAN vəkil xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Həmçinin Konstitusiya Məhkəməsində vəkillərimiz mütəxəssis qismində iştirak edirlər. Bu da çox önəmli məsələdir. Eyni zamanda, MM deputatları ilə əməkdaşlığımız var. Müəyyən məsələlər üzrə müzakirələr aparırıq. Bir çox məsələlərdə birgə əməkdaşlıq edirik. Bundan əlavə, qeyri-hökumət təşkilatları ilə də yaxından əməkdaşlıq edirik. Əvvəllər beynəlxalq səviyyədə bir az fəaliyyətimiz zəif idi. Ancaq indi bu sahədə hər şey yaxşıdır. Məqsədimiz vəkillik peşəsinin nüfuzunun artırılması, KİV-ə məlumatın verilməsi, maarifləndirməkdən ibarətdir.
Digər məqsədlərimizdən biri də odur ki, vəkillərimizin işlərini asanlaşdıraq, müxtəlif qurumlarla müqavilə bağlayıb vəkillər üçün xüsusi endirimlər edək. Həm maliyyə bank sektoru, həm sığorta, həm rabitə, həm də nəqliyyat üzrə.

- Son zamanlar kollegiyadan uzaqlaşdırılanlar varmı? Varsa, hansı səbəblərdən olub? Bir müddət öncə mətbuatda vəkilin sükan arxasında içkili olması ilə bağlı məlumat yayılmışdı...

- Vəkillər Kollegiyasının hər hansı vəkili öz sırasından uzaqlaşdırmaq səlahiyyəti yoxdur. Vəkillər Kollegiyası yeganə qurumdur ki, öz üzvlərini xaric edə bilmir. Bizim o səlahiyyətimiz yoxdur.

Qanuna nəzər yetirsək, görərsiniz ki, bizim kollegiya hansısa vəkili buradan xaric etmək səlahiyyətində deyil. biz maksimum vəkilin kollegiyadan uzaqlaşdırılması üçün iddia qaldıra bilərik. Bu gün Vəkillər Kollegiyası digər ölkələrdəki kollegiyalardan fərqli olaraq özü bu səlahiyyəti həyata keçirmir. Bu demokratiyanın ən yüksək zirvəsidir. Biz onu məhkəmənin ixtiyarına buraxırıq. Heç bir idarədə, təşkilatda belə xitam qaydası yoxdur. Bu doğrudan da çox mütərəqqi qaydadır. Biz ondan çox razıyıq. Hər hansı bir vəkil haqqında bu iddianın qaldırılması çox çətin çətin bir prosesdir. Vəkilin işi araşdırılır, müvafiq rəy tərtib olunur, həmin rəyi Rəyasət heyətinə göndərirlər. O rəyə baxılıb qərar qəbul olunur. Təbii ki, bu yalnız bu vəkillərin sədrindən və müavinindən asılı olan bir şey deyil. Bu kollegial orqanlarının qərarlarıdır. Kollegial orqan səhv qərar qəbul edibsə, məhkəmə bunu rədd edə bilər. Çox nadir hallarda belə bir qərar qəbul olunur. Yalnız vəkillər davranış qaydalarını pozduğu halda biz bu cür qərar qəbul edirik. 6 aydan çox üzvlük haqqını ödəməyəndə, qanunun, vətəndaşların tələblərini kobud şəkildə pozduğu halda biz bu cür tədbirlər görürük. Bu gün fəxr edirik ki, Azərbaycan yeganə ölkədir ki, bir nəfər də olsun vəkil cinayət məsuliyyətinə məruz qalmayıb və həbs olunmayıb. Bizim qonşu ölkələrdə vaəkillər həbs olunur. Elə ölkələr var ki, onun 100-dən çox vəkili həbsxanadadır. Bizdə belə hallar yoxdur bu da onu göstərir ki, Azərbaycanda vəkillərin qorunması tam təmin olunub. Onların toxunulmazlığı yüksək səviyyədə təmin olunub və işlərinə müdaxiəl olunmur.

- 10 aylıq fəaliyyətinizə bu qədər nailiyyətləri necə sığışdıra bilmisiniz?

- Mən özüm 2012-ci ildən 2017-ci ilə qədər Rəyasət heyətinin üzvü olmuşam. 8 ildir hakimlərin Seçki komitəsinin üzvüyəm. Elmi-pedaqoji və praktiki fəaliyyətlə məşğulam. Bu müddət ərzində vəkilliklə bağlı bir çox problemləri araşdırmışam. Avropa Şurası kimi mötəbər təşkilatda ekspert kimi fəaliyyət göstərmişəm. Vəkillərin problemləri mənə çox yaxından tanışdır. İllər boyu bunları araşdırmışam və bu araşdırmalarda iştirak etmişəm. Bunların həlli yolları da axtarıb tapırıq. Həm ekspertlərlə məsləhətləşirik, beynəlxalq təcrübədən yararlanırıq, özümüzün də müəyyən fikirlərimiz olur. Azərbaycan Vəkillər Kollegiyası ən dinamik qaydada inkişaf edən kollegiyalardandır. Qonşu ölkələrdə də deyirlər ki, Azərbaycanda olan bu dinamikanı görəndə yaxşı mənada təəccüblənirik. Biz özümüz də Rəyasət heyəti olaraq çalışırıq ki, maksimum dərəcədə vəkilliyin inkişafı ilə bağlı fəaliyyət göstərək. Çalışırıq ki, vəkillərin bizə göstərdiyi o yüksək etimadı doğruldaq.

- Hansı ölkələrin təcrübələrindən istifadə edirsiniz?

- Əsasən istifadə etdiyimiz təcrübə qonşu ölkələrdir. Gürcüstan, Türkiyə, Baltik ölkələri, eyni zamanda Şərqi Avropa ölkələrinin təcrübələrindən istifadə edirik. Qərbi Avropa təcrübələrinə də nəzər yetiririk. Rusiyada vəkillərin vəsiqələrini Ədliyyə Nazirliyi verir. Sovet dönəmində Ədliyyə Nazirliyinin tərkibində vəkillərlə bağlı bir şöbə olub. Biz isə tam şəkildə müstəqilik. Digər MDB ölkələrindən fərqli olaraq Azərbaycan vəkilləri tam müstəqildirlər. Bu çox böyük bir nailiyyətdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatları sayəsində vəkillərin müstəqillik qazanması ən böyük nailiyyətlərdən biri olub. Biz bu gün o nailiyyətin bəhrəsini görürük. Bu gün dövlətimiz, cənab prezidentimiz tərəfindən vəkillərimizə böyük diqqət var. Vəkilliyin inkişafı ilə bağlı məlum sərəncam çıxandan sonra Rusiyadakı dostlarım RF-nın Vəkillər Palatasından mənə müraciət etdilər ki, o sərəncamın rus dilində mətnini onlara göndərək. Bir neçə gün əvvəl orda da dövlət hesabına hüquqi yardımlar hesabına ödənilən vəsait artdı. Bizimki qədər deyil, amma yenə də artdı. Yeri gələndə dövlət hesabına göstərilən hüquqi yardım vacib, əhəmiyyətli məsələlərdən biridir. Yəni, Aztəminatlı şəxslərə göstərilən hüquqi yardım məlum olduğu kimi müəyyən hallarda dövlət hesabına göstərilir. Buna görə də əvvəllər bir saatına görə ödəniş iki manat təşkil edirdi. Cənab prezidentin sərəncamı qəbul olunandan sonra tapşırıqlar 3 dəfə artırıldı və bir saata görə oldu 6 manat. Və bu endirim MDB məkanında ən yüksək ödənişlərdən biri hesab olunur. Bu çox ciddi bir məsələdir. Əslində bəzi hallarda dövlət hesabına hüquqi yardım göstərən formal vəkilliklə məşğul idilər. Maraq göstərmirdilər, ancaq artıq indi maraq yaranıb. Bunu artıq hamı etiraf edir, istər polislər də, prokurorlar da deyir ki, vəkillər artıq dövlət hesabına hüquqi yardım edirlər, çox ciddi fəaliyyət göstərirlər.

- Olub ki, bir-iki dəfə vəkillərlə görüşmüşəm. Hərəsi də xidmət müqabilində fərqli qiymət təklif edib. Niyə qiymətlərdə belə fərqlər var?

- Digər ölkələrdə də vəkillərin müvəkkillə bağladığı hüquqi yardımın göstərilməsi ilə bağlı göstərilən müqavilədə tərəflərin müqavilə azadlığı hüququ, prinsipi deyilən bir prinsip var. Müqavilə azadlığı nə deməkdir; yəni tərəflər o şərtləri özləri müəyyən etməlidirlər, qanuna uyğun formada. Biz vəkillərə deyə bilmərik ki, filan taariflər var, ona uyğun ödəyin. Bu, müstəqil, sərbəst peşədir. Seçimi siz etməlisiniz. Əgər bu qiymət sizi qane etmirsə, gedin başqa vəkilə müraciət edin. Amma siz gedib inandığınız vəkilə müraciət edirsiniz, onun da hüquqi yardıma görə aldığı qonorar o qədər təşkil edir. Burada seçim hüquqi sizdədir.

- 1500 vəkilin neçəsi Bakıda, neçəsi rayonlardadır?

- Bu gün orta hesabla 1500-ə qədər olan vəkilin min nəfərə yaxını Bakıda fəaliyyət göstərir. Təbii ki, bu, ürəkaçan hal deyil. Biz vəkilləri məcbur edə bilmərik ki, harasa getsinlər. Vəkillərin elektron fəaliyyəti üçün bir stimullaşdırılma olmalıdır. Ümid edirəm ki, bu problem də tədricən aradan qalxacaq. Burda bazar iqtisadiyyatının müəyyən təsirləri var. Çalışırıq ki, vəkilləri stimullaşdıraq və onlar da gedib rayonlarda fəaliyyət göstərsinlər.

- Bu gün sizə qarşı qara piar da aparılır...

- Mənə qarşı nə PR aparılır ki?

- Bir müddət kollegiyadan uzaqlaşdırılan şəxslər kollegiyanın fəaliyyəti ilə bağlı asılı olduğunuzu və fəaliyyətsiz olduğunuz barədə iddialar qaldırmışdılar.

- Təbii ki, bizim fəaliyyətimizi gözü götürməyənlər də var. Bu, normal haldır. Amma onların sayı çox azdır. Cəmiyyətdə plüralizm deyilən bir şey var. Mümkün deyil ki, hər kəs sənin işini bəyənsin. Onların içərisində narazı olanlar da ola bilər. Bəziləri imtahanda kəsilir, xaric olunur, kimisə günahkar hesab edir və s.

Cəmiyyətdə bizim fəaliyyətimizə böyük dəstək hiss edirik. İnsanlar arasında oluruq və bu dəstəyi hər addımbbaşı hiss edirəm. Biz açıq qapı siyasəti ilə işləyirik. Mənə yalnız xoş fikirlər söyləyirlər. Bəzi adamlar var, istəyirlər kollegiyamız zəif olsun, öz maraqları üzərində bizdən istifadə etsinlər. Bəziləri də maddi maraq güdürlər. Mənə deyiləndə ki, Azərbaycanda insan hüquqları müdafiəsi vəkillərinin sayı azdır, cavab verirəm ki, insan hüquqlarını müdafiə edən 1500-ə yaxın vəkilimiz var. Hansı vətəndaşın hüquqi yardıma ehtiyacı varsa, biz onu təmin etməyə hazırıq.

Deyilənlərin hamısı da şayiədir. Bunu bəhanə edirlər ki, xaricdə qrant alsınlar.

- Neçə fəxri vəkiliniz var?

- Vəkilliyin inkişafında, nüfuzunun artırılmasında töhfə verən şəxsləri təltif edirik. Bu təcrübə bizdə bu gün formalaşmayıb. Bir neçə ildir bu sistemdən istifadə edirik. Onlarla fəxri vəkilimiz var.

Ədil Ədilzadə
AzNews.az