Millət vəkili Nəsib Məhəməliyevin AzNews.az-a müsahibəsi Millət vəkili Nəsib Məhəməliyevin AzNews.az-a müsahibəsi

“Xahiş edirdim ki, mənə hədiyyə verməsinlər” - Nəsib Məhəməliyevlə MÜSAHİBƏ

Millət vəkili Nəsib Məhəməliyevin AzNews.az-a müsahibəsi

109 saylı Balakən seçki dairəsinin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Nəsib Məhəməliyev saytımıza müsahibə verib. Müsahibəni təqdim edirik:

- Nəsib müəllim, Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi, VI Humanitar Forum keçirildi. Forumun yekunları ilə bağlı bəyannamə qəbul olundu. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini necə qiymətləndirirsiniz?

- Bakıda artıq ənənə halını almış beynəlxalq humanitar forumların VI keçirildi. Cənab Prezident Azərbaycan Respublikasının qarşısında duran vəzifələri, multikulturalizm, tolerantlıq, Azərbaycanın daxilində baş verən ictimai-siyasi proseslərlə, bizim ən ağrılı yerimiz olan Qarabağ problemi ilə bağlı geniş şəkildə çıxış etdi. Forumda 90-dan artıq ölkənin nümayəndələri iştirak edirdi. Bir çox beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi, YUNESKO-nun, İSESKO-nun rəhbər şəxsləri və digər beynəlxalq təşkilatların nümayəndələri orada çıxışlar etdilər. Bütün bunlar təbii ki, Azərbaycanın ümumbəşəri dəyərlərə, multukulturalizmə, tolerantlığa nə qədər önəm verdiyinin bariz nümunəsidir. Müasir dünyanın qarşısında duran bir çox məsələlər var ki, onlar artıq beynəlxalq hüquq normaları ilə tənzimlənmir. Nəzərə alaq ki, beynəlxalq hüquq normaları deqradasiyaya uğrayır və onlara əməl olunmur. Qəbul olunmuş qərarlar yerinə yetirilmir, icra olunmur, Bu baxımdan təbii ki, bir çox millətləri təmsil edən dövlətlərin nümayəndələrinin yığışması, insanlıq, dünya qarşısında duran məsələləri müzakirə etməsi çox təqdirəlayiq haldır. İnsanlar bir yerə toplaşdıqca öz dərdlərini, problemlərini dilə gətirir, onları narahat edən məsələləri səsləndirirlər. Əgər toplanmasalar, bir yerdə bu məsələləri müzakirə etməsələr, təbii ki, bu proseslər daha da dərinləşər, böyük qlobal bir böhrana çevrilər. Bütün bunların olmaması üçün, dünya miqyasında özünü təsdiq etmiş Bakı Forumunun keçirilməsinə çox böyük ehtiyac var idi. Digər tərəfdən, belə tədbirlərin keçirilməsinin Azərbaycan üçün də çox böyük əhəmiyyəti var. Təsəvvür edin ki, Azərbaycana dünyanın bir çox ölkələrindən yüzlərlə, minlərlə insanın gəlməsi, Azərbaycanın mövcud reallıqlarını görməsi, inkişafının şahidi olması, Azərbaycan insanının qonaqpərvərliyini öz üzərlərində hiss etməsi Azərbaycan xalqının dünyaya nümunə göstəriləcək multikultural dəyərlərə sahib olmasını bir daha təsdiq etmiş oldu. Bu Forum Azərbaycanın təbliğatı baxımından çox böyük rol oynayır. Mən bunu çox yüksək qiymətləndirirəm. Nəinki mən, xalqımız da bunu yüksək qiymətləndirir.

- Siz özünüz də Şimal bölgəsindənsiniz. Həmin ərazilərdə də müəyyən etnik azlıqlar var. Etnik azlıqlara yaradılan şəraiti necə dəyərləndirirsiniz?

- Mən Azərbaycanın ən səfalı yerlərindən biri olan Balakən rayonunda doğulmuşam. Balakəndə 22-yə yaxın millətin nümayəndəsi yaşayır. Multikultural dəyərlər, insanların bir-birindən bəhrələnməsi, dözümlülüyü, bir-birilərinin adət-ənənələrindən yararlanması real şəkildə özünü Balakənin timsalında göstərir. İndiyə qədər orada ən kiçik də olsa belə, xoşagəlməz insident yaşanmayıb. İnanıram ki, bundan sonra da baş verməyəcək. İnsanlar bir-birinə kifayət qədər qaynayıb-qarışıb və dogmalaşıblar. Əvvəllər Azərbaycanın bütövlüyünü və milli birliyini istəməyən qüvvələr tərəfindən ortaya atılmış müəyyən dezinformasiyalar olurdu ki, onların da qarşısı vaxtında alındı.

- Son zamanlar ən çox müzakirə olunan məsələlərdən bir də deputatların etik davranış qaydalarına hədiyyələrlə bağlı əlavə və dəyişikliklərin edilməsidir. Bu mövzu ilə bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

- Sırf hədiyyələrlə bağlı belə bir qanunun qəbul olunması müsbət haldır. Biz Avropa hüquq məkanında yerləşdiyimiz üçün Azərbaycan qanunvericiliyi də Avropa Şurasının qanunlarına uyğunlaşdırılır. Bizim milli qanunvericiliyimiz istər demokratik, istər hüquqi, istərsə də insanların azadlıqlarının qorunması baxımından AŞ-nın müəyyən etdiyi kriteriyalara cavab verir. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında korrupsiyaya qarşı mübarizə, məmur özbaşınalığı, vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı çox ciddi bəyanatlar verir və bu mövqeyini ardıcıl olaraq ortaya qoyur. Hesab edirəm ki, deputatlar istisna təşkil etməməlidirlər, hər hansı hədiyyə və qiymətli əşya qəbul etdikdə əvvəlcədən bəyanat versələr yaxşı olar.

- Bəs siz MM-dəki deputatlıq dövrünüzdə hər hansı dəyərli hədiyyə almısınızmı?

- Səmimi deyəcəyəm, almamışam. Mən icra strukturlarında məmur kimi çalışanda da hədiyyə qəbul etməyi xoşlamırdım. Birlikdə işlədiyim insanlardan xahiş edirdim, bayramlarda, hansısa əlamətdar günlərdə məni belə məsələlərdən maksimum təcrid etsinlər.

- Hədiyyələri bəyənmirsiniz?

- Mən fərd olaraq, insanın özünə yük olacaq psixoloji gərginlikləri qəbul edə bilmirəm. Hədiyyə axtarmaqda, seçdiyim hədiyyənin qiymətinə və digər məsələlərə görə yox, hansı təəssürat yaradacağından yana, keçirdiyin narahatlıq hissini nəzərə alıram. Buna görə əlavə vaxt itirməklə bərabər, həm də ruhuna əziyyət verməlı olursan. Buna görə belə şeyləri sevmirəm.

- Belə çıxır ki, siz hədiyyə verməyi də sevmirsiniz?

- Hədiyyə verirəm. Ancaq belə məsələlərə xüsusi vaxt itirməyi xoşlamıram. Bu proseslərin özü məni sıxır, ruhuma əziyyət verir. Bir fərd olaraq xırda məsələlərə saatlarla zaman sərf etməyin əleyhinəyəm. Bizim adət-ənənələrimizdə, istər hüzür yerlərində, istərsə də el şənliklərində və digər tədbirlərdə psixoloji cəhətdən bizi sıxan nüanslar var. Gərək biz bunlardan azad olaq.

- Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüsünüz. Azərbaycanın beynəlxalq əlaqələrin inkişafı sahəsində atılan addımları, bu işlərin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın beynəlxalq münasibətlər sisteminin yaradılması ulu öndərimiz Heydər Əliyevlə bağlıdır. Onun qoyduğu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Nəzərə almalıyıq ki, Azərbaycan cəmi 27 ildir müstəqil dövlət kimi fəaliyyət göstərir. Bir dövlətin mövcudluğu baxımından cox qısa olan bu zaman kəsiyində Azərbaycan xarici siyasətdə bir çox uğurlar əldə edib. Bir neçə il bundan öncə BMT-nin baş məclisində Azərbaycanın təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi və burada 200-ə yaxın ölkədən 155-nin Azərbaycanı dəstəkləməsi bu uğurdan xəbər verir. Azərbaycan beynəlxalq universal və regional təşkilatların hamısına üzvdür. Bu təşkilatların hər birində Azərbaycan uğurla təmsil olunur. İstər Millətlər Təşkilatı olsun, istər ATƏT, AŞ-nın parlament assamblemiyası, istərsə də YUNESKO, İSESKO, İslam Əməkdaşlığı Təşkilatı, MDB, GUAM təşkilatları çərçivəsində Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlər qurub. Azərbaycan Milli Məclisində dünyanın bir çox ölkələrinin parlamentləri ilə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Komitə olaraq çalışırıq ki, bu sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə öz töhvəmizi verək.

- 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi ilə bağlı hər hansı təklifləriniz olacaqmı? Büdcədə neftin qiymətinin 60 dollar götürülməsini necə dəyərləndirirsiniz?

- Artıq büdcə paketi Milli Məclisə daxil olub. Büdcənin müzakirəsində iştirak edəcəyəm. Hazırda büdcə layihəsini öyrənməklə məşğulam. Neftin qiymətinin 60 dollardan götürülməsini optimal hesab edirəm. İndiki halda 70 dollardan da götürmək olar. Ancaq dünyada baş verən proseslər elə sürətlə dəyişir ki, risk faktorlarını maksimum neytrallaşdırmaq lazımdır. Ötən ilki büdcə ilə müqayisədə 60 dollar yaxşı qiymətdir. Büdcədə əlavə profisit yaranarsa, dünya bazarında neftin qiyməti qalxarsa, mayda büdcəyə yenidən baxıla və dəyişikliklər edilə bilər. Bu, birbaşa olaraq parlamentin səlahiyyətinə aid olan məsələdir. Müəyyən təkliflərim ola bilər. Sadəcə, təkliflər reallığa söykənməlidir. Populizm xatirinə olmamalıdır. Mən Parlamentdə kənd rayonunun seçicilərini təmsil edirəm. Cənab Prezident tərəfindən qəbul olunmuş 3 dövlət proqramının icrası nəticəsində Balakən rayonunda çoxlu infrastruktur sahələri yaradılıb. Hətta kənd yollarının asfaltlanması prosesi sürətlə gedir. Əhalinin elektrik enerjisinə, işığa, suya olan tələbatı ilə bağlı böyük işlər görülüb. Qazlaşdırma həyata keçirilib. Elektrik təsərrüfatında xeyli dəyişikliklər aparılır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı müəyyən işlər aparılır, bir çox yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, sosial obyektlərin əksəriyyəti yenidən tikilib və təmir olunub.

-Türkiyədə “STAR” Neft Emalı zavodunun açılışı oldu. Bu zavodun timsalında Türkiyə-Azərbaycan dostluğunu necə dəyərləndirirsiniz?

- İki cür strateji müttəfiqlik var. Biri iqtisadi-geopolitik maraqlar üzərində, digəri isə təbii maraqlar üzərində qurulan müttəfiqlik. Türkiyə ilə Azərbaycan arasında olan müttəfiqlik təbii müttəfiqlikdir. Buna dövlət başçılarımızın dostluğu əlavə güc verir. Son aylarda dəfələrlə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Nəinki prezident, Türkiyənin baş naziri, parlament sədrləri dəfələrlə Azərbaycanda olub. Cənab Prezident də Türkiyədə səfərdə olub. Beynəlxalq təşkilatlarda keçirilən elə bir tədbir yoxdur ki, orada Türkiyə və Azərbaycanın ikitərəfli təmasları olmasın. Bu yaxınlarda “STAR” Neft Emalı Zavodunun Türkiyənin İzmir bölgəsində açılması olduqca əhəmiyyətli bir hadisə idi. Kifayət qədər böyük sərmayə tutumu olan bu layihə Türkiyənin iqtisadiyyatına çox böyük dəstəkdir. Eyni zamanda, Türkiyənin iqtisadiyyatının xaricdən asılılığını azaldacaq. Təxminən həmin zavodun məhsulları Türkiyənin daxili bazarının tələbatının 20-25%-ni ödəyəcək. Mindən çox insan işlə təmin olunacaq. Zavodun tikintisində 20 minə yaxın işçi çalışıb. Bu da böyük bir göstəricidir. Bu layihə Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Cənab Prezidentin apardığı siyasət nəticəsində iqtisadiyyatın sürətlə differensiallaşması prosesi baş verir. Neft fondunun vəsaitləri hesabına tikilmiş bu zavod Azərbaycana gələcəkdə xaricdən milyardlarla dollar vəsaitin gətirilməsinə səbəb olacaq. Bu gələcəyə hesablanmış perspektivli layihədir. Bu və ya bu kimi irimiqyaslı layihələr Türkiyə-Azərbaycan xalqının mənafeyinə tam uyğun gəlir, eyni zamanda təbii müttəfiqlik munasibətlərini daha da möhkəmləndirir. Biz bir yerdə olanda güclü oluruq, söz sahibi oluruq. Yaxın Şərqdə, Suriyada, İraqda baş verən neqativ proseslərin qarşısını praktiki olaraq Türkiyə aldı. Rusiya-Türkiyə-Azərbaycan işbirliyi bu məsələlərdə çox böyük effekt verdi. Azərbaycan gücləndikcə Türkiyə, Türkiyə gücləndikdə Azərbaycan güclənir. Tarix bu iki xalqın bir yerdə olmasını zərurətə çevirib.

Ədil Ədilzadə

AzNews.az