Politoloq Mübariz Əhmədoğlunun AzNews.az-a müsahibəsi Politoloq Mübariz Əhmədoğlunun AzNews.az-a müsahibəsi

“İran bu imkanlardan yararlana bilmir” - Mübariz Əhmədoğlu

Politoloq Mübariz Əhmədoğlunun AzNews.az-a müsahibəsi

ABŞ-İran münasibətlərindəki gərginlik son günlər daha qabarıq hiss edilməkdədir. Bu gərginliyin artması region ölkəsi olan Azərbaycan üçün də yaxşı heç nə vəd etmir. Bu və ya digər məqamlara aydınlıq gətirmək üçün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə söhbətləşdik.

- Mübariz müəllim, ABŞ-İran münasibətlərində diqqət çəkən son durum nələri vəd edir?

- Hazırda ABŞ İranla münasibətlərində çox ardıcıl və qətiyyətlidir. Təbii ki, Donald Trampın İranla bağlı aydın şəkildə öz konsepsiyası var və bunu relallaşdırır. Trampın İrana qarşı fikrinin mahiyyəti bəllidir. Tramp deyir ki, İran nüvə müqaviləsi imzaladıqdan sonra 6 mlrd. dollar pul qazanıb və bu vəsaitin böyük bir qismini Suriyaya, Yəmənə, İraqa xərcləyib. İran məhz bu pullar hesabına Amerika, Avropa dövlətlərinə kiber hücumlar təşkil edib və özünün raket proqramlarını inkişaf etdirib.

ABŞ-ın məqsədi odur ki, mütləq elə danışığa getməlidir ki, o danışıqlar İranın həm nüvə, həm də raket proqramlarını əhatə etməlidir. İran isə buna razı olmur. Belə olan halda ABŞ istəyir ki, İrana qarşı güclü sanksiyalar tətbiq etməklə ölkənin daxilində sosial-iqtisadi vəziyyəti gərginləşdirsin, əhali İran rəhbərliyinə qarşı etirazlara başlasın və nəticədə hakimiyyət dəyişikliyinə nail olsun.

Bildiyiniz kimi, İranın ABŞ qarşısında verdiyi cavablar davamlı, daha doğrusu, inandırıcı deyil. Çünki 1979-cu ildə məlum İslam inqilabından sonra İran özünü ABŞ-a düşmən elan etdi. Buna rəğmən son 40 il ərzində İran ölkə daxilində normal bir iqtisadiyyat qura bilmədi, qeyri-neft sektorunu inkişaf etdirmədi. Bununla da iqtisadiyyatını ABŞ-a satdığı neftdən asılı vəziyyətə saldı.

Məsələn, götürək elə öz ölkəmizi. Gənc müstəqil dövlət olan Azərbaycan maliyyə böhranının ilk mərhələsində qeyri-neft sektorunu inkişaf etdirməyi hədəflədi və bu gün görürük ki, az vaxtda müəyyən qədər buna nail oldu. Lakin İranda 40 ildir ki, bu proses gedir, ancaq hələ də heç bir addım atılmayıb. ABŞ İranın neft rıçaqlarını məhdudlaşdıran kimi, ölkədə problemlər başladı.

ABŞ-ın qənaətinə görə, noyabrın 4-dən etibarən İrana tətbiq etdiyi sanksiyalar artıq cənub qonşumuzda Trampın istədiyi vəziyyəti yaradacaq. Əgər bu qadağalar da ABŞ-ın məqsədlərinə cavab verməyəcəksə, düşünürəm ki, İranla müharibə ehtimalı çox böyükdür.

- Müharibənin başlamasına rəvac verən daha hansı amilləri qeyd etmək olar?

- Hazırda İranın əlində olan ən böyük vasitə Hörmüz boğazını bağlamaqdır. Bu yaxınlarda Misir bəyan etdi ki, əgər Hörmüz boğazı bağlanacaqsa, qoşunlarını İrana yeridəcək. Axı Misirin də bu məsələdə marağı var.

- Belə çıxır ki, Misir mövcud şəraitdən maksimum faydalanmağa çalışacaq...

- Əlbəttə. Bu gün Misirin də demokratiya, insan hüquqları və digər geosiyasi məsələlərdə ABŞ-la münasibətlərində gərginlik var. Misir dövlətinin rəhbərliyi düşünür ki, İrana qarşı ordu yeridəcəyi halda ABŞ onunla münasibətləri yüksək səviyyəyə qaldıracaq. Belə olan halda müharibə ehtimalı getdikcə artır.

- Bəs hadisələrin belə cərəyan etməsi İranı ABŞ-la dialoqa getməyə məcbur edə bilərmi?

- Bu, o demək deyil ki, məlum son sanksiyalardan sonra İranın ABŞ-la dialoqa getmək niyyəti yoxdu. ABŞ-la İran arasında mövcud şəraitdə dialoq ehtimalını 50 faiz hesab edirəm. Əslində, dialoqun gerçəkləşməsi həm İrana lazımdır, həm də ABŞ-a. Ən azı ona görə ki, ABŞ artıq başa düşüb ki, İran Mərkəzi bankını və digər banklarını sviftdən ayırıb, neftə ciddi sanksiyalar qoyub və bu halda o, bank əməliyyatlarını, o cümlədən neft alqı-satqısını Rusiya vasitəsilə həyata keçirəcək. Beləliklə, Rusiya hədsiz dərəcədə, küllü miqdarda pul qazana bilər. Axı Rusiya özü də ABŞ-ın sanksiyalarının təsiri altındadır. Deməli, Tramp görür ki, İranın sıxışdırılması, digər ikinci sanksiya tətbiq etdiyi Rusiyanı varlandıra bilər. Ona görə də Ağ ev çalışacaq ki, İrana qarşı sanksiyalar uzun müddət davam etməsin – ya müharibə, ya da ki, dialoqun baş tutması zərurəti meydana gəlir.

İranın özündə də dialoq tərəfdarları az deyil. Şah dövründə Amerika ilə isti münasibətlərin yaşandığı dövrün nostalji hislərilə yaşayan qüvvələr də mövcuddur.

- Dialoq baş tutarsa, münasibətlər normal məcrada inkişaf edərsə, İran regionda özünü ABŞ-ın canişini rolunda görmək istəyərmi?

- Bu məsələdə bir məqam daha çox diqqət çəkir. Təbii ki, İranda görürlər ki, hazırda ABŞ-ın Şərq regionu üzrə canişini yoxdu. İran hesab edir ki, Türkiyə uzun müddət ABŞ-ın regiondakı canişini rolunda olub. Ancaq bu gün iki ölkə arasında yaşanan gərginlik ABŞ-ın Türkiyəni canişinlikdən uzaqlaşdırmaq istəyini ortaya qoyub. İran da hiss edir ki, ABŞ öz canişini kimi başqa bir dövləti görmək niyyətindədir. Eyni zamanda o da məlumdur ki, Səudiyyə Ərəbistanı da bu missiyanı bacarmadı. Səudiyyənin bu günlərdə ABŞ-la yaranan məlum qalmaqalı canişinlik məsələsinin üstündən xətt çəkmiş oldu. Ona görə də təşəbbüsü ələ almaq niyyətində olan İran istəyir ki, ABŞ tam qətiyyətli şəkildə ona canişinlik təklif etsin. İranın ABŞ-la danışığa getmək istəklərindən biri də məhz budur. Lazım olsa, İran Səudiyyə Ərəbistanının da, Türkiyənin də, hətta Rusiyanın da əleyhinə gedəcək. İş orasındadır ki, ABŞ-da da belə düşünənlər var.

İran ordusu digər region ölkələrinə baxanda döyüşkəndir, daha çox hərbi əməliyyatlara cəlb edilib. Digər tərəfdən, böyük dövlətdir, Türkiyə qədər olmasa da, Ərəbistanla müqayisədə əlverişli coğrafi mövqeyə malikdir.

Bu mənada, yenə də deyirəm, iki ölkə arasında baş tuta biləcək dialoq ehtimalını 50-nin 50-yə nisbəti kimi dəyərləndirmək olar.

- Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) son açıqlamalarında İranın yumşalmasına işarə edilir, danışıqlara razılıq verdiyi bildirilir. Bu, eyni zamanda İranın sanksiyaların daha ciddi xarakter almasından ehtiyatlanması deməkdir?

- AEBA bu gün altılıqla İran arasında nüvə müqaviləsi imzalandıqdan sonrakı açıqlamalarında təsdiqləyir ki, bu ölkə nəzərdə tutulmuş şərtlərə əməl edir. İran da öz növbəsində bir neçə dəfə dialoqa getməyə hazır olduğunu dilə gətirib. Sadəcə, Tramp əlavə şərtlərlə müqavilənin yenidən imzalanmasını istəyir - yəni müqavilədə həm nüvə, həm də raket proqramları ilə bağlı qadağalar əks olunsun.

Buna dair bir məqama toxunmaq istərdim. Bilirsiniz ki, islam inqilabından sonra ABŞ-ın Tehrandakı səfiri girov götürülmüşdü. Təxminən 2 ildən çox səfirlik girovluqda qaldı. Amma bununla belə İran yaxınlarda maraqlı bir addım atdı. ABŞ-ı BMT-nin beynəlxalq məhkəməsinə verdi ki, 1955-ci ildə İranla imzalanmış dostluq müqaviləsini pozur. Qarşı tərəf o müqaviləni ləğv elədi. Ancaq əslində bu özü ABŞ-a mesaj idi ki, dostluq müqaviləsini davam etdirək. Bunu deməkdə məqsədim odur ki, AEBA-nın qeyd etdiyi kimi, iki ölkə arasındakı dialoq ehtimalı getdikcə artmaqdadır.

- Bu gün İranın hakim dairələrində ziddiyyətli fikirlər səsləndirənlər də mövcuddur. İranı müharibəyə sürükləmək istəyənlər, yaxud islahatların keçirilməsini tələb edənlər və s. Bu tələblərin arxasında hansı məqamlar gizlənir?

- Bəli, məsələnin ayrı tərəfi də var ki, İranın daxilində tam başqa kateqoriyalı şəxslər var ki, onlar daha çox yaranmış vəziyyətdən istifadə edib öz məqsədlərini ortaya qoyur.

Məsələn, mövcud problemlərə görə hakimiyyət daxilindəki bəzi qüvvələr İranın Ali dini rəhbərini günahlandırırlar. Çünki ABŞ dəfələrlə bəyan edib ki, məqsədi İranda quruluşu – molla rejimini dəyişmək deyil, sadəcə, İran rəhbərliyinin davranışını dəyişməkdir. Həmin o qeyd etdiyim ölkə daxilindəki dindar qüvvələr də bunu yaxşı başa düşür və Xamineyini yıxıb hakimiyyəti ələ keçirməyə çalışırlar. Bu qarşıqlıq bu gün də davam edir.

- Bəs, ABŞ-İran arasındakı ziddiyyətlərin kəskinləşməsi, sanksiyaların daha kəsərli şəkil alması region ölkəsi olaraq Azərbaycana necə təsir göstərə bilər?

- Dünya bilir ki, Azərbaycan müstəqil siyasət aprmağı bacarır. Eyni zamanda yaranmış istənilən situasiyaya uyğun manevr etməyi də bacarır. Hesab edirəm ki, ABŞ da başa düşür ki, Azərbaycan nəyinsə qarşılığında İrana qarşı sanksiyalara qoşulmayacaq. Bəllidir ki, iki ölkə arasında sanksiyalar 20 ildir ki, davam edir. Lakin buna baxmayaraq, Azərbaycan tam fərqli siyasət həyata keçirir. Hətta bu və ya digər formada region ölkəsi olan İrana qarşı xoş qonşuluq münasibətlərinə üstünlük verir. Məsələn, Şahdəniz-2 layihəsində ABŞ, İngiltərə ilə yanaşı, İranın da təmsil olunmasına şərait yaratdı. Hətta bu layihədə İranın kompaniyası 10 faiz paya malikdir. Eyni zamanda İranın TAP layihəsinə qoşulması ilə bağlı ABŞ rəsmilərinin mövqeyi bəllidir. Sanksiyalardan sonra Azərbaycanın İranla münasibətlərində yeganə olaraq bank əməliyyatlarında problemlər yarana bilər. Lakin buna baxmayaraq, Azərbaycan çalışır ki, İranla əlaqələri genişləndirsin.

Nədənsə, İran tərəfi Azərbaycanın bu imkanlarından yararlana bilmir. Deyim ki, İran Azərbaycan vasitəsilə bu və ya digər vasitələrlə daha böyük gəlirlər əldə edə bilərdi.

Adi bir misal deyim. Bildiyiniz kimi, bu yaxınlarda Qazaxıstandan Azərbaycana taxıl daşıyan gəminin heyəti arasında zəhərlənmə baş verdi və araşdırma zamanı məlum oldu ki, gəmi İrana məxsusdur. Sual oluna bilər, Azərbaycanın, yaxud Qazaxıstanın yük daşıyan gəmiləri yoxdurmu ki, bunu İran həyata keçirir? Əlbəttə var, özü də yüzlərlə. Lakin məsələnin digər üzü ondan ibarətdir ki, Azərbaycan şərait yaradır ki, İran tərəfi də müəyyən məbləğdə mənfəət əldə etsin. Bu da bir növ qardaş yardımıdır, sadəcə, nədənsə, İran bu səpkili məlumatları mətbuata çıxarmır.

- Azərbaycan-İran hökumətləri arasındakı münasibətlərə diqqət etdikdə normal, isti meyllər müşahidə edilir. Lakin bəzi qüvvələr bu əməkdaşlığı tam başa istiqamətə yönləndirməyə çalışır...

- Bildiyiniz kimi, ölkəmizdə İranın müəyyən qüvvələrinin 5-ci kalonu mövcuddur. Onlar cəmiyyəti çaşdırmağa çalışırlar ki, əgər ABŞ sanksiyaları davam etdirəcəksə, Azərbaycan da İranla əlaqələri kəsəcək. Reallıq isə tam başqadır. Düşünürəm ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq, qeyd etdiyim kimi, bank əməliyyatları istisna olmaqla, əməkdaşlığı davam etdirəcək.

Rəşad SARIYEV

© AzNews.az