"İki iclas mənim kirayədə qaldığım evdə keçirilmişdi" "İki iclas mənim kirayədə qaldığım evdə keçirilmişdi"

Elçibəyin AXC İdarə Heyətindən gizli yaratdığı təşkilat- İLK DƏFƏ bu müsahibədə açıqlanır

"İki iclas mənim kirayədə qaldığım evdə keçirilmişdi"

Sabiq dövlət müşaviri, “Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuz eks-prezident Əbülfəz Elçibəyin yaratdığı gizli təşkilat barədə ilginc faktlar açıqladı. Aznews.az onunla müsahibəni təqdim edir:

- Yunus bəy, əldə etdiyim məlumata görə, 1990-cı ilin əvvəlində, 20 Yanvar hadisələrindən sonra Əbülfəz Elçibəy AXC-nin sədri ola-ola gizli bir təşkilat yaradıb. Bu nə təşkilatı idi?

- Bəli, 1989-cu ildə Xalq Cəbhəsinin yaradılması ilə bağlı təkliflər oldu, yayda isə AXC elan edildi. Xalq Cəbhəsin eyni əqidəli insanlardan formalaşmamışdı. Onun tərkibi cəmiyyətin müxtəlif quruplarından, fərqli sosial təbəqələrdən ibarət idi. Eyni zamanda, buraya həm iqtidar, həm də o zamankı KQB əməkdaşları yerləşmişdi. 1990-cı ildə isə 20 yanvar olaylarından sonra bir gizli təşkilatın meydana çıxmasına zərurət yarandı. Əslində, bu təşkilatın heç adı da yox idi. Elə "gizli təşkilat" kimi mövcud idi. O zaman bir qrup insan var idi ki, Əbülfəz Elçibəy onlara daha çox inanırdı, daha çox güvənirdi. AXC-dən kənarda bu insanlara daha çox tapşırıq verə bilirdi. Baxmayaraq ki, o insanların əksəriyyəti - 96-97 faizi elə Xalq Cəbhəsinin üzvü idilər. Ona görə də bu adamları bir araya cəmləmək üçün belə bir təşkilat quruldu və bu təşkilatın üzvləri Elçibəy prezident seçilənədək müxtəlif istiqamətlərdə fəaliyyət göstərdilər. Vaxtilə həmin təşkilata üzv olanlar arasında hazırda millət vəkili olanlar, xaricdə yaşayanlar da var. Onların bir neçəsi Krımda, Rusiyada, Avropada yaşayır. Amma əksəriyyəti Azərbaycandadır.

- Bu təşkilatın əsas fəaliyyət istiqaməti nədən ibarət olub?

- Təşkilat müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərirdi. Məsələn, o zaman Sovet imperiyası dağılmamışdı, Xalq Cəbhəsi qurultay keçirməmişdi, rəsmi qurultay 1991-ci ilin yayında baş tutdu. O zaman bu təşkilata tabe olan bir qrup (3 nəfərdən ibarət) ideoloji əsaslar hazırlayırdı., bir qrup Dağlıq Qarabağ və Naxçıvana silah təminatını təşkil edirdi, digər qrup cəmiyyətdə müəyyən işlər aparırdı, başqa bir qrup xarici ölkələrlə əlaqələri möhkəmləndirirdi, orada yaşayan azərbaycanlılarla münasibətlər qururdu, bir qrup da daxildə insanların Xalq Cəbhəsinə cəlb olunması istiqamətində işlər aparırdı. Zaman-zaman strateji məsələlərin müzakirəsi üçün bu qrupların hər biri müxtəlif adlar altında bir araya toplaşırdı.

Bu qrupların iki iclası o vaxt mənim kirayə qaldığım mənzildə keçirilib. Yığışıb müəyyən tapşırıqlar alırdıq. Deyək ki, bizim qrupda olan 3 nəfərdən ibarət (adlarını da deyə bilərəm, hamısı tanınmış adamlardır - Aydın Kərimov, mən və Arif Rəhimov) komanda partiyanın “8 işıq” ideologiyasını yazmışdı. Bizim yazdığımız bu ideologiya sonra qurultayda qəbul olundu. Biz başqa yerdə görüşəndə ümumi söhbətlər edirdik, yəni konkret fəaliyyətlə bağlı söhbətlər aparmırdıq. Amma bilridik ki, kim hansı işlə məşğuldur.

- İdeologiyanın mahiyyəti nə idi?

- Bayraqdakı səkkizguşəli ulduzumuza uyğun olaraq adını belə qoyduq. Fəaliyyətimiz səkkiz istiqamətdən ibarət idi. Əslində, cəmiyyəti bir yerə toplaya biləcək, çox güclü ideoloji əsaslar var idi orada.

- Bu gizli təşkilatda kimlər var idi? Adlar çəkə bilərsinizmi?

- Fərəc Quliyev, Cahandar Bayoğlu, Tofiq Seyidov, Ülvi Həkimov, Nəsimi bəy, Qabil bəy, Asəf bəy – bəzilərinin familiyalarını unutmuşam, düzü.

- Sözügedən təşkilatın tabeliyində olan qruplar birgə müzakirələr nəticəsində yaranmışdı, yoxsa şəxsən Əbülfəz bəyin göstərişi ilə?

- Bütün qruplar onun məsləhəti ilə yaradılmışdı. Orada AXC İdarə Heyətindən demək olar ki, heç kim yox idi. Sonradan 1991-ci ildə mən İdarə Heyətinin üzvü seçildim. Ondan sonra İdarə Heyəti buraxıldı, İcraiyyə Komitəsi oldu. Yəni gizli təşkilatda AXC İdarə Heyətindən heç kim təmsil olunmurdu, hamısı kənardan idi.

- Məlumata görə, bu qruplardan kənar olan cəbhəçilərin, müsavatçıların heç birinin belə bir təşkilatdan xəbəri olmayıb. Doğrudurmu?

- Bəli, cəbhəçilərin, eləcə də müsavatçıların heç bir xəbəri yox idi bu barədə. Hər qrup öz hesabatlarını şəxsən Əbülfəz Elçibəyə təqdim edirdilər.

- Bəs, bu təşkilatın ümumi fəaliyyətinin qarşılığı olaraq nələrə nail olundu?

- Çox şeylərə... Amma nəzərə alaq ki, o zaman SSRİ-nin tərkibində idik. Heç kim də inanmırdı ki, bu imperiya dağılacaq. Amma cəmiyyət artıq müstəqillik ideyasını qəbul etmişdi və bunun uğrunda mübarizə gedirdi. Bunun üçün hətta sürgünü, ölümü gözə alanlar vardı. Çünki müstəqillik qansız-qadasız əldə olunmur. Bilirsiniz ki, insanlardan hətta ov tüfənglərini də yığmışdılar, Rusiya isə Ermənistanı silahlandırırdı. Ona görə də bu gizli qruplar silah təminatı üçün müəyyən işlər görürdü. Detalları soruşsanız, deyə bilməyəcəm, çünki o, bizim qrupun işinə aid deyildi.

Son nəticədə, əsas məqsədlərdən biri də o idi ki, həbslər olsaydı, Xalq Cəbhəsi dağıdılsaydı, heç olmasa bu qruplar gizli şəkildə öz fəaliyyətlərini davam etdirsinlər.

Elgün MƏNSİMOV
AzNews.az