Məşhur “Səni deyirlər” mahnısının ifaçısı, Güney Azərbaycanlı müğənni İbrahim Əlizadənin AzNews.az-a müsahibəsi Məşhur “Səni deyirlər” mahnısının ifaçısı, Güney Azərbaycanlı müğənni İbrahim Əlizadənin AzNews.az-a müsahibəsi

“Səni deyirlər”in ifaçısı qonağımızdır: “Ömrümün sonunadək o qızı sevəcəyəm...”

Məşhur “Səni deyirlər” mahnısının ifaçısı, Güney Azərbaycanlı müğənni İbrahim Əlizadənin AzNews.az-a müsahibəsi

- İbrahim bəy, “Səni deyirlər” mahnısı sizi geniş ictimaiyyətə nə qədər tanıtdıra bildi?

- Bu, toy mahnısıdır. Səslənən kimi hamı sevdi. Mən İranda tanınan bir ifaçıyam. Etiraf edim ki, mahnı səslənməmişdən öncə məni Azərbaycanda tanıyan yox idi. “Səni deyirlər”in sayəsində məni bütün Azərbaycan tanıdı. Açığı, mahnı sosial şəbəkə vasitəsi ilə yayılanda çoxları onun mənasını bilmirdi. Hamı mahnının mənasını yozmağa çalışırdı. Mənasını bilən, bu mahnıya rəqs elədi. Çox sevinirəm ki, bu mahnı üzərindən türk millətlərini sevindirdim.

- Hansı ölkələrdə bu mahnı ilə maraqlanırdılar?

- Ən çox Azərbaycandan, xüsusi ilə Bakıdan yazıb maraqlananlar çox oldu. İfadan sonra Azərbaycandan dəvət aldım. Yazıçılar Birliyindən məni dəvət etdilər, beynəlxaq mükafata layiq görüldüm.
Mənə Azərbaycanda dəyər verdilər. Bununla yanaşı, İranda da mənimlə bağlı bir çox işlər görüldü. Əslində bizim o tay-bu tayımız yoxdur. Biz bir millətik, eyni qanı daşıyırıq. Ən önəmli məsələ millətimizin məni sevməsidir. İranın Azərbaycan şəhərlərində mənə böyük dəyər verirlər.

- Sosial şəbəkədən göründüyü kimi, bir çox ölkədən bu mahnıya qol qaldırıb oynayanlar çox oldu. Rəqs edənləri izləyirdinizmi?

- Əlbəttə, bütün oynayanları izləyirdim. Mən həmin rəqslər altında böyüyürdüm. İzləyicilərim məni böyüdüb dəyər verdiyi kimi, mən də onları sevəcəyəm.



- Özünüz necə, “Səni deyirlər”ə oynadınızmı?

- Rəqs etməklə elə də aram yoxdur. Xalq mahnılarını sevirəm. Biz ifaçılar bir mahnı yazanda onu zümzümə edirik. Mahnını müəllif əvvəlcə özündə sınamalıdır. Əgər ifaçı özü bəyənsə, deməli, o mahnı başqalarının qəlbinə də yol tapacaq.

- Repertuarınızda Azərbaycan xalq mahnılarına yer ayırırsınızmı?

- Bizə hansısa mahnını oxumaq yasaq deyil. Hər kəs öz dilində rahatca mahnılar yazaraq onu ifa edə bilir. Əsasən, oynaq ritmdə türk mahnıları yazıram. Millətimiz də məni belə qəbul edir.

- Azərbaycanlı ifaçılardan kimləri dinləyirsiniz?

- Uşaqlıq illərində mərhum sənətkarımız Hacıbaba Hüseynovu dinləmişəm. Onun elə bir mahnısı yoxdur ki, oxumayım. Allah ona rəhmət eləsin. Əməkdar artist Baloğlan Əşrəfovun mahnılarını çox dinləyirəm. Namiq Qaraçuxurlu, Cavanşir, Üzeyir və s. kimi sənətçilərin yaradıcılığını daimi izləyirəm.

- Özünüz haqda bir az danışın lütfən, oxucularımız sizi bir az da yaxından tanısın.



- Ailəliyəm, iki uşağım var. Biri qız, biri oğlan. Qızım 7, oğlum 15 yaşındadır. Hər ikisi orta məktəbdə oxuyur. Onu deyim ki, erkən yaşda ailə qurmuşam. 19 yaşımda bir qıza vuruldum. Onu dəlicəsinə sevirdim. Elə o qızla da evləndim. Həyat yoldaşımı 19 yaşımda necə sevirdimsə, bu gün də elə sevirəm. Hələ deyərdim ki, ona olan sevgim bir az da artıb. Ömrümün sonuna kimi onu sevəcəyəm.

- Azərbaycana tez-tez gəlirsiniz?

- Yox, ancaq dəvət alandan-alana gəlirəm.

- Bura ilə bağlı nə kimi planlarınız var?

- Bu barədə bəri başdan nəsə demək çox çətindir. İndi ancaq Azərbaycanda keçirilən tədbirlərə dəvət alıram. Burada görüləsi işlərimiz çoxdur. Zamanla hamısını həyata keçirəcəyik. Yeni mahnılarım yazılır. Məsələn, “Səni deyirlər”i burada hamı dinləyir. Ancaq bu günə kimi mahnını orjinal variantında heç kəs eşitməyib. Yaxın günlərdə həmin variant hazır olacaq. Bundan əlavə, bir neçə mahnıya da müraciət etmişəm. Onlardan ikisi hazırdır.

- “Səni deyirlər”in orjinal variantı kliplə birlikdə təqdim olunacaq?

- Bəli.

- Klip harada çəkilib?

- İranın Urmiya şəhərində.

- Azərbaycanda solo konsert vermək haqqında düşünürsünüzmü?

- Əlbəttə. Azərbaycanda heyranlarım çoxdur, məni sevirlər. Onların sevgisinin qarşılığında konsert verəcəyəm.



- Konsertlə bağlı hansı məkanı düşünürsünüz?

- Konsert salonlarını çox da tanımıram. Ən böyük arzum Heydər Əliyev Sarayında bir neçə günlük konsert verməkdir.

- Konsertinizə Azərbaycandan hansısa sənətçini dəvət edəcəksinizmi? Məsələn, ən çox mahnılarını dinlədiyiniz əməkdar artist Baloğlan Əşrəfovu...

- Baloğlan Əşrəfov da mənim kimi bir müğənnidir. Ona ustad gözü ilə baxıram. Azərbaycan sənətçilərini özümdən üstün hesab edirəm. Konsertimə ancaq özümdən zəif olan müğənnini dəvət edərəm. Baloğlan müəllimin böyük səhnə fəaliyyəti var, onunla dost ola bilərik. Amma Baloğlan müəllim desə ki, İbrahim, dur gəl səninlə duet oxuyaq - onu sevə-sevə qəbul edərəm. Burada sənətdən deyil, dəyərdən söhbət gedir. Elə müğənni var ki, 40 ildir sənətdədir. Başqasının haqqını yemək xoş deyil. 10-a yaxın mahnı yazdırım, millətimiz qulaq assın, sonra hara dəvət etsələr, gələrəm. İlk öncə, bu millətə özünü tanıtdırmalısan.

- Toya dəvət alırsınız?

- Dəvətlər həddən artıqdır. “Ayın 35 gününü” toya gedirəm (gülür). Bəzən bir gündə iki yerdə toyda oluram. Azərbaycandan da çox dəvət alıram. Amma qəbul etmirəm.

- Səbəb?

- Hələ buradakı toylarda oxumaq fikrim yoxdur. Bayaq dedim ki, mahnılar üzərində işləyirəm. Həmin mahnılar hazır olan kimi toy dəvətlərini qəbul edəcəyəm.

- Sirr deyilsə, toya neçəyə gedirsiniz?

- Sənətə qiymət vermək olmaz. Yaşamağımız üçün çalışırıq. Azərbaycanda toya hərə bir qiymətə gedir. Biri 5 min, biri 10 min, biri 15 min, biri... Mənim bir qiymətim olacaq. “Səni deyirlər”ə görə bir toydan 10 min manat ala bilmərəm. İnsaf da yaxşı şeydir. Üzərində işlədiyim 10 mahnı hazır olan kimi toy qiymətimi təyin edəcəyəm. Mən də ailə sahibiyəm, ansamblım var. Yaşamaq üçün çörək qazanmalıyam, amma halal çörək.



- Yerli sənətçilər solo konsert proqramlarından gələn gəlirin bir hissəsini xeyriyyə işlərinə ayırırlar. Bununla bağlı siz nə düşünürsünüz?

- Bu, hər bir ölkədə var. Amma bir məsələ var: bütün sənət adamlarının pərəstişkarları olur, onlar sevdiyi müğənninin konsertinə gələ bilmirlər. Məni arzulayanları, pərəstişkarlarımı konsertimə gətirmək xeyriyyə işinin bir hissəsidir. Məni yaxından görmək onların arzusudur. Məsələn, bəziləri rayonda yaşayır, konsertimə bilet ala bilmirlər, onlar üçün nə edək? İrandakı tamaşaçılarım üçün pulsuz konsert verəcəyəm. Düzü, bu ideyanı Azərbaycanda da həyata keçirmək fikrim var. Elə bir qiymət təyin edəcəyəm ki, bütün heyranlarım gələ bilsinlər. Çünki mahnım yayılanda ən çox şənlənən kasıblar olub.

- Müğənnilərin biri müsahibəsində bildirib ki, Bakıda “Səni deyirlər”i oxuya bilməyən sənətçini toya buraxmırlar...

- Yanlış hərəkətdir. Səhnədə 40 ildir canını qoyan sənətkarlar var. Bəlkə onlar mənim musiqimə başqa gözlə baxırlar? “Səni deyirlər” yox idi, bəs müğənnilər toylarda nə oxuyurdular? Gəlin belə yanaşmayaq. Hazırda üzərində işlədiyim mahnılar “Səni deyirlər”dən gözəldir və çox da seviləcək. Heç kəs kiməsə deyə bilməz ki, sən “Səni deyirlər”i oxuya bilmirsənsə, toya gəlmə. Bu, haqsızlıqdır .

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description image description