Bütün müsahibələrində deyir ki, “Yuxuda görmüşdüm ki, finala çıxıram və qalib oluram” Bütün müsahibələrində deyir ki, “Yuxuda görmüşdüm ki, finala çıxıram və qalib oluram”

Elnur Məmmədlinin taktikası... - İdmançıların qələbə sirrini ilk dəfə açıqlayan rejissor

Bütün müsahibələrində deyir ki, “Yuxuda görmüşdüm ki, finala çıxıram və qalib oluram”

Prodüser və rejissor Arzu Qulamov AzNews.az-a müsahibə verib.

- Arzu bəy, fəaliyyətinizə AzTV-də başlamısınız. Bu haqda geniş məlumat verə bilərsinizmi?

- 1992-ci ildən televiziya və kino sahəsində çalışıram. Fəaliyyətimə Azərbaycan Dövlət Televiziyasından başladım. Sonradan Moskvada Ali televiziya məktəbini bitirdikdən sonra rejissor və prodüser sənətinə yiyələndim. 2005-2008-ci illərdə "MİR" Dövlətlərarası teleradio şirkətinin baş ofisində (Moskva şəhərində), telekanalın kreativ direktoru vəzifəsində, daha sonra isə Avrasiya Teleradio Akademiyasında – inkişaf üzrə direktorun məsləhətçisi vəzifələrində çalışmışam. Hal-hazırda həmin akademiyanın həqiqi üzvü və akademiki adına layiq görülmüşəm. Bir çox müəllif, prodüser və quruluşçu rejissor olduğum televiziya layihələrim və filmlərim var. 2008-ci ildən bu günə qədər müəllifi olduğum "Olimpiya odisseyası" adlı Azərbaycan olimpiya çempionları haqqında silsilə filmlər çəkdim. Buraya altı sənədli film daxildir. Layihənin müəllifi olmaqla yanaşı quruluşçu rejissoru və prodüseriyəm. Təbii ki, layihəyə dövlət tərəfindən dəstək olmasaydı, həyata keçirə bilməzdik. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə layihəni dəstəkləyib. On il ərzində 6 sənədli film istehsal etmişik. Bu filmlər Milli Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə albom şəklində işıq üzü görüb. Albomun da adı "Olimpiya odisseyası" adlanır. Buraya altı olimpiya çempionu haqqında sənədli film daxil olub. 1992-ci ildən bu günə qədər olimpiya çempionlarımız haqqında sənədli filmlər çəkmişik. Eyni zamanda hər bir film müxtəlif vaxtlarda beynəlxalq festivallarda iştirak edib. İlk filmimiz olimpiya çempionu olan Nazim Hüseynov haqqında çəkilib. Ekran əsəri "İlk Qızıl | Nazim Hüseynov " adlanır. Film Bakıda keçirilən ikinci beynəlxalq idman film festivalında gümüş medala layiq görülüb.

- Fəaliyyətiniz yalnız idman sahəsi ilə bağlıdır?

- Təkcə idman sahəsində deyil, telekanallarımızda quruluşçu rejissor və prodüser kimi də fəaliyyət göstərmişəm. Lider televiziyasında "Kuklalar", "Həyat şəcərələri", "2005 – Baku Jazz" layihələrinin quruluşçu rejissoru, "Space" televiziyasında "Tək olanda qorxma" serialının icraçı prodüseri olmuşam. Amma prodüser və müəllif kimi yaratdığım filmlər haqqında danışmaq istəyirəm. Çünki bu filmlər Azərbaycanı müxtəlif beynəlxalq festivallarda təmsil ediblər. Bu ilin yanvar ayında Lozannada ümumdünya idman jurnalistikası üzrə film festivalı keçirildi. Orada müxtəlif nominasiyalar var idi. Festivala Toğrul Əsgərova həsr etdiyim "Ər-Toğrul" filmini təqdim etmişdim. Müsabiqəyə beş qitədən filmlər təqdim olunmuşdu, 1400-ə yaxın ekran işi var idi. Mənim üçün sevindirici hal idi ki, Azərbaycan ilk dəfə bu festivalda təmsil olunurdu. Film Avropa qitəsinin "TOP-10 EUROPE" on yaxşı film sırasında təmsil edilirdi.

Filmlərimiz "İdman Azərbaycan" kanalında Milli Olimpiya Komitəsinin dəstəyi ilə Novruz Bayramı ərəfəsində işıq üzü gördü. Hazırda bu silsiləni davam edirik. Olimpiya çempionlarımız Radik İsayev və Şərif Şərifov haqqında filmin çəkilişi yekunlaşmaq üzrədir. Bir azdan montaj prosesi başlayacaq. Yəqin ki, yay aylarında təqdim edəcəyik. Bu, yeddinci filmdir. Düşünürəm ki, bu layihə davam edəcək. 2020-ci ildə Yaponiya Olimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılar qızıl medal qazanarlar. Əgər müəllifi olduğum layihəni Milli Olimpiya Komitəsi davam etmək istəsə, təbii ki, növbəti olimpiya çempioni haqqında sənədli film istehsal etmək mənə nəsib olar.

- Sənədli film çəkərkən idmançılarla tanış olursunuz, onların həyatını araşdırırsınız. Maraqlıdır, idmançılarla dostluq münasibətiniz yaranırmı?

- Bu doğrudan da çox mürəkkəb və fərəhli bir məqamdır. Çünki bədii film çəkiləndə hamı bilir ki, rejissor aktyora tapşırıq verir. Sənədli filmdə tamamilə fərqlidir. Nəinki qəhrəman ilə həmçinin onun ətrafında olan insanlarla, ailə üzvləri ilə və s. ünsiyyətdə oluruq. Mənim üçün böyük fərəhdir ki, hər bir film qəhrəmanı ilə bu gün də sıx dostluq münasibətimiz var.

- Onlardan xüsusilə kimlərin adını çəkə bilərsiniz?

- Nazim Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərovla dostluq müansibətimiz var.

- Adını qeyd etdiyiniz idmançıların özəllikləri nələrdir? Qələbələrinin sirri haqda nə deyə bilərsiniz? Hər bir idmançının öz taktikası olur...

- İlk növbədə onların hər birinin qələbəsinin arxasında zəhmət dayanır. Sirr deyil ki, onlar çox sadə ailələrin övladlarıdırlar. Nazim Hüseynovun atası sadə bənna idi. Nazim məşqlər arasında atasına dəstək olurdu. O insanlar idmanla fədakarcasına məşğul olublar və ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Namiq Abdullayev haqqında da çox danışmaq olar. Filmləri çəkərkən müxtəlif insanlarla ünsiyyətdə olmuşam. Dövlət məmurları, məşqçilər, idmançıların ailə üzvləri... Azərbaycanın cüdo üzrə yığma komandasının baş məşqçisi Ağayar Axundzadə filmdə demişdi ki, bu uşaqların hamısı sayılan uşaqlardır.

- Bütün idmançılar güclüdür. Amma hər birinin özünəməxsus taktikası olur. Maraqlıdır ki, Elnur Məmmədlinin taktikası nədir?

- Elnur çox texnikalı və çevik idmançıdır. Özünəməxsus gözəl fəndi var. Onun qalib olmasında fədakar zəhmət dayanır. Elnur bütün müsahibələrində deyir ki, "Yuxuda görmüşdüm ki, finala çıxıram və qalib oluram". Finala gedəndə də "qızıl medal qazanmağa gedirəm" deyirdi. Fərid Mansurov olimpiya çempionu olanda inanmırdı ki, çempion olacaq. Danışırdı ki, mən dərk edə bilmirdim ki, olimpiya çempionu olmuşam. Zemfira Meftahətdinova çox təvazökar və ünsiyyətcil xanımdı.

- Rejissorluq sənətini necə dəyərləndirirsiniz və bu sahədə inkişaf varmı?

- Təbii ki, ölkəmizdə peşəkar rejissorlar var. Dostum rejissor Elxan Cəfərovun adını deyə bilərəm. Öndə gedən rejissorlardan biridir. Hər bir rejissor kimi vacib məqam odur ki, işsiz qalmasın, işləsin, yaratsınlar. Layihələrini həyata keçirməyə çalışsınlar. Rejisorun işləməyi üçün çox məqamlar var. Bunun üçün yaxşı prosüderlər də olmalıdır. Eləcə də dövlət və televiziyalardan sifariş olmalıdır ki, rejissorlar öz biliklərini göstərə bilsinlər.

- Bir çox seriallarda rejissorlar aktyorluq sənətindən xəbəri olmayanları çəkirlər. Buna münasibətiniz necədir?

- Mən hesab edirəm ki, hər bir iş peşəkar görülməlidir. Əgər sən aktyorluq peşəsinin dalınca gedirsənsə, peşəkar məşğul olmalısan ki, peşənin zirvəsinə çata biləsən. Siz dediyiniz məqamı nəzərə alaraq deyə bilərəm ki, ekranda sünilik görürük. Bu sahədə prodüser layihələrinə diqqət etmək lazımdır. Çünki prodüser əsəri sıfırdan yaradıb işləyir. Layihə ətrafına güclü istedadlı komanda toplamağa çalışır. Digər tərəfdən seriallarımızda büdcə azdır. Bir-iki bağlı məkanlarda çəkilir. Ona görə də Türkiyə və Rusiya ilə müqayisə edə bilmərəm. Çünki orada kanallar sifariş verir. Kanalın müəyyən konsepsiyası var. Yeni sezonda hansı serialı çəkəcəyini və hansı təbəqə üçün işləyəcəyini, serial üçün hansı prodüserlə işləyəcəyini müəyyən edir. Azərbaycanda da bu sistemin formalaşması lazımdır. Biz müştərək layihələr işləməliyik. Bu dünya bazarına çıxmaq üçün vacib bir mərhələdir. Yetəri qədər ideyalar var. Ümid edirəm ki, irəlidə daha maraqlı və tamaşaçı rəğbətini qazanacaq layihələrim var və olacaqdır.

Rəqsanə

AzNews.az

image description image description image description image description image description image description