“Mənim yanımda heç kim Azərbaycan əleyhinə danışa bilməz”

“Türkiyə hökuməti Azərbaycanı narahat edəcək heç bir addım atmaz”

Türkiyənin Azərbaycan və Moldovadakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr baş koordinatoru Hulusi Kılıç ötən həftə Azərbaycana gəlmişdi. Daim “Can Azərbaycan” dediyi ölkəmizdə çoxsaylı görüşlər keçirməsi səbəbindən qrafiki olduqca sıx olan dəyərli diplomatımız imkan tapıb “Yeni Müsavat”a da zaman ayırdı. Möhtəşəm bir mənzərəyə açılan ünvanda, “Hilton” hotelinin 17-ci qatında baş tutan söhbətimizdə ən müxtəlif mövzulardan danışdıq.

- Hulusi bəy, Azərbaycana, öz Vətəninizə xoş gəlmisiniz! Azərbaycana çox bağlı diplomat olduğunuzu bilirik. Yəqin ki, budəfəki səfərinizin xüsusi səbəbi var. Bu barədə qəzetimizə nə deyə bilərsiniz?

- Təbii ki. Azərbaycan mənim ikinci Vətənim, Bakı da doğma şəhərimdir. Allah məni belə yaratmış. Hər halda, mənim ruhum buradadır ki, Azərbaycanı bu qədər sevirəm. Həmçinin aid olduğum türk millətimi sevirəm. Ona görə də mən Azərbaycanda səfir olmağı Allahdan diləmişdim. Diləyim qəbul edildi. Burada 5 ilə yaxın səfir vəzifəsində çalışdım. O zaman baş nazirimiz, hazırkı cümhurbaşkanımızın protokol müdiri idim, dünyanın hər yerinə gedə bilirdim. Amma dedim ki, məndə işçi ruhu var, gedim, öz millətimə xidmət edim. Ona görə də Azərbaycanı seçdim. Parisə də, İtaliyaya da gedə bilərdim, amma mən Parisin gözəlliyini də burada yaşadım. Bu baxımdan mənimçün Azərbaycan çox fərqlidir. Diqqət etmisinizsə, mən hər zaman eyni cizgidə yürümüşəm, həyatımda heç bir ziq-zaq olmayıb. Mənim can Azərbaycanımdır. Mən burada uşaqlığımı yaşadım. Anam məni Azərbaycan türkcəsi ilə böyütdü. Anam mənə deyərdi ki, “get, üzünü yu!”, “gəl, səni çimdirim”, “get, mən arxandan gəlib çataram”. Yəni mən burada keçmişi, uşaqlığımı yaşadım. Anam Anadoluda bir kənddə yaşamışdı. Bizim Ankara, İstanbul böyük şəhərdə danışılan türkcə ilə Anadolunun, Tokatının dili fərqlidir. Mən Tokat rayonunun Köklü kəndində doğulub böyüdüm. Anam məni Azərbaycan türkcəsi, əsas türkcə ilə böyütdü. O mənada mən burada uşaqlığımı və gəncliyimi yaşadım. Burada olduğumuz zaman rayonların hamısına getdim. Gəncəyə, Şəkiyə, Mingəçevirə getdim, orada daha çox İstanbulun xaricindəki Anadolu dediyimiz bölgələrlə eynilikləri müşahidə etdim.

- Siz Moldovada səfir vəzifəsində çalışanda da “Can Azərbaycan” dediniz. Hətta sizi “iki dövlətin səfiri” olaraq təqdim etdik. Diplomatik fəaliyyətdən uzaqlaşdıqdan sonra da Azərbaycanla əlaqələriniz qırılmadı. Bu il də ilk dəfə deyil Bakıya gəlirsiniz...

- (Gülür). Darıxdıqca gəlirəm. Hazırda Türk dünyası Parlamentarlar Birliyi deyilən QHT var. Onun üzvləri keçmiş və indiki millət vəkilləridir. O birliyin xarici əlaqələr baş koordinatoruyam. Yəni hazırda türk dünyası üçün işləyirəm. İnşallah, daha gözəl layihələri həyata keçirəcəyik, türk dünyasının inkişafı, güclənməsi üçün çalışacağıq. Gələcək bizimdir.

- İnşallah. Bu səfəriniz zamanı Prezident Administrasiyasında, Diaspor Komitəsində görüşlər keçirdiyinizi gördük. Başqa kimlərlə görüşdünüz?

- Başqa görüşlərim də oldu və davam edəcək. Amma onları açıqlamağa ehtiyac duymuram. Görüşlərim zamanı Türk dünyası, dostluq, qardaşlıq münasibətləri, Qarabağ məsələsindən danışdıq. Görüşdüyüm qardaşlarımın münasibətini öyrəndim, daha nələr edə bilərik, bundan sonrakı fəaliyyətimiz zamanı bir şeyləri həyata keçirəcəyik, inşallah!

- Hulusi bəy, bu faktdır ki, Azərbaycan və Türkiyənin münasibətləri dostları sevindirdiyi kimi, düşmənlərimizi də narahat edir. İndiki durumda iki qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünün bərpası, Türk düşmənlərinə qarşı birgə mübarizə ilə bağlı hansı addımlar ata bilər?

- Siz dediyiniz kimi, Türkiyə-Azərbaycan birliyini, qardaşlığını istəməyənlər var, bunu normal qarşılamaq lazımdır. Amma həm Türkiyə, həm Azərbaycan olaraq, cümhurbaşqanlarımızın getdiyi yol çox yaxşı bir yoldur. Bu yol davam edəcək, daha da inkişaf edəcək, güclənəcək. Mən daim bunu söylədim: Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan bizim qardaşlarımız, amma Azərbaycan Türkiyənin əkiz qardaşıdır. Ona görə də biz bir-birimizə çox yaxınıq. O baxımdan Azərbaycanın yüksəlişi, inkişafı Türkiyənin inkişafıdır. Mən bunu dəfələrlə burada da dedim. Eyni zamanda Türkiyədə olanlar Azərbaycan üçün də çox önəmlidir. Bu gün Azərbaycanın Türkiyədəki yatırımları xeyli artıb. Petkimdəki yatırımlara baxın. Çox projelər Türkiyə üzərindən keçməkdədir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, Bakı-Tiflis-Qars, İzmirdəki Petkim, Star kimi çox böyük projelər var. Azərbaycanımız buraya böyük pullar qoyub, bunlar çox önəmlidir. Beynəlxalq arenada, millətlərarası beynəlxalq aləmdə də biz-birimizə daim dəstək oluruq. Türkiyənin olmadığı yerdə Azərbaycan varsa, Azərbaycan Türkiyənin mənfəətlərini, çıxarlarını müdafiə edir. Bunu keçmişdə gördük. Ermənistanın keçmiş prezidenti Türkiyə əleyhinə bir şeylər deyəndə cənab prezident qalxıb “Türkiyə yoxsa, mən varam” demişdi. Bu da çox gözəl mövqedir. Mən də hər yerdə rahat şəkildə “Azərbaycanın səfiriyəm” deyirəm. Mənim yanımda heç kim Azərbaycan əleyhinə danışa bilməz. İmkan vermərəm. Çünki bura mənim Vətənimdir. Onu da bilirəm ki, eyni şəkildə Azərbaycan səfirləri də başqasının Türkiyə əleyhinə danışmasına imkan verməz. Yəni biz bir ailəyik. Keçmişdə protokollarla bağlı bizim aramızda süni problemlər yaratmağa çalışdılar. Mən o zaman burada səfir idim. Dedim ki, bu, bir sınaqdır, bu sınaqdan da keçəcəyik. Biz bir ailəyik, ailədə kiçik problemlər ola bilər. Bu gün deyirik çəkişərək bərkidik.

“Dərhal sülhə gedilməsi, torpaqların Azərbaycana geri qaytarılması lazımdır”

- Sürixdə imzalanmış və sonradan arxivə gedən protokolları xatırladınız. Təbii ki, zaman-zaman iki qardaşın arasına girməyə, arasını vurmağa çalışanların olduğunu görürük. Elə bu günlərdə Ermənistandan Türkiyənin Van şəhərinə birbaşa təyyarə reyslərinin uçduğunu üzüntü ilə qarşıladıq. Van torpağına iddia edən erməni nümayəndə heyəti hətta orada Qarabağda keçiriləcək “ümumerməni oyunları”nın məşəlini yandırdılar. Bu xain projeləri necə durdurmaq olar?

- Mən bütün bunları pisləyirəm. İki qardaş arasında problem yaratmağa çalışanlar var. Söylədiyiniz oyunlara isə Türkiyə qatılmayacaq. Amma bəzən kiçik bələdiyyələr arasında belə addımlar atılır. Bunlara da dövlətin nəzarət etməsi çətindir. Amma bunu söyləyə bilərəm ki, Türkiyə hökuməti Azərbaycanı narahat edəcək bir addım atmaz.

- Orada Vana iddiaları da izlədik. Ermənilər Türkiyə ərazilərini “Qərbi Ermənistan” adlandırıb o torpaqlara da iddialarını elə Türkiyənin özündə nümayiş etdirdilər. Türkiyədə necə qarşılandı bütün bunlar? Bu xainlərin yolu kəsilsə, daha yaxşı olmazmı?

- Ona da baxarıq. Hər halda, bu məsələləri dəyərləndiririk. Onları qəbul etməyimiz mümkün deyil. Ermənilərin hər zaman iddiası olub. Bunlar boş xəyallardır. Onlar xaricdən belə mənasız sözlər deyə bilərlər, amma biz öz bildiyimiz yolla gedirik. Ora qədim türk torpaqlarıdır.

- İğdıra da ermənilərin səfəri olmuşdu, bələdiyyə rəhbərliyi səviyyəsində görüşlər keçirildi, bu da Azərbaycanda narahatlıq doğurdu.

- Bəli, bilirik. HDP-li bələdiyyə başqanı ilə görüş olmuşdu. Biz bunları yaxından təqib edirik. Lakin bunlar balaca şeylərdir. Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına təsir edə bilməz. Biz bildiyimiz yolla gedirik. Xüsusilə də Dağlıq Qarabağ və işğal altındakı digər torpaqların azad edilməsini, o ərazilərin Azərbaycana qaytarılmasını istəyirik. Azərbaycanın bu torpaqları öz gücü ilə almaq imkanları var. Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Azərbaycan bu gün güclüdür, ordusu da güclüdür. Lakin istəyirik ki, məsələ barış və danışıqlarla həllini tapsın. Bu bölgədə sülh olarsa, erməni xalqı da bundan istifadə edər. Bizim türk xalqı ermənilərlə illərlə birgə yaşayıb, xalqlarımız arasında bir problem yoxdur, bu problemi siyasilər yaradır. O siyasətçilərin də ağlını başına yığması lazımdır. Ermənistan bu torpaqları barış yolu ilə boşaldırsa, özü də inkişaf edər, bu bölgədəki inkişafdan öz payını da ala bilər.

- Amma sülh danışıqları illərdir aparılır və nəticəsi yoxdur...

- Mən həmsədrlərin fəaliyyətinə toxunmaq istəyirəm. Həmsədrlər 27 ildir ki, turist kimi gəlib-gedirlər. Bu 27 ildə nə ediblər, mən bunu soruşmaq istəyirəm. Bu üç həmsədrin mövqeyi birmənalıdır. Rusiya, ABŞ və Fransadakı erməni diasporu çox güclüdür. Yəni dolayısı ilə onların həmsədr olması yanlışdır. Onların arasında Türkiyə mütləq olmalıdır. Həmçinin Almaniya, İtaliya olmalıdır. Həm Almaniya, həm İtaliyada erməni diasporu azdır. Ona görə də bu ədaləti qorumaq lazımdır. İndiki durum ədalətsizlikdir. Desinlər ki, biz bunu etdik. Nə ediblər, onu görək. Gəlirlər, görüşürlər, gedirlər. 27 il keçib, hələ də o torpaqlar işğal altındadır. Qəti bir addım atılmır.

- Neçə vaxtdır ki, Azərbaycanda əksər insanların ürəyi İstanbulla döyünürdü. Siz seçkilərin nəticələrini necə dəyərləndirirsiniz?

- Vallah, Türkiyədə demokratiyanın olduğunu hər kəs gördü. Zənn etdilər ki, seçkilərə müdaxilə olunacaq, lakin gördükləri kimi, dünyanın gözü önündə demokratik bir seçki keçirildi. Bu, türk xalqının iradəsi, qərarıdır, buna da sayğı göstəririk. Zatən cümhurbaşqanımız da söylədi, xalqın iradəsidir. Nəticəyə də sayğı göstəririk. Demokratik seçki oldu. Kimsə deməsin ki, yuxarıdan tapşırdılar, belə oldu. Dünyanın gözünün qarşısında çox gözəl bir seçim oldu. Xalqın iradəsidir, bunu müzakirə etmək yanlış olar. Nəticəyə baxmaq lazımdır. 31 mart seçkilərində də bəzi səhvlərin olduğunu gördük. Adi, demokratik seçim oldu.

- Əkrəm İmamoğlu ilə şəxsi münasibətləriniz, əlaqələriniz varmı?

(Davamı var)