“Peşəkar jurnalist özündəki gücü bildiyi üçün əmək haqqı aşağı olsa, başqa yerə gedəcək”

Mətbuata gələn kifayət qədər perspektivli gənclərimiz var

Veteninfo.az saytının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı 1905.az saytına müsahibə verib.

AzNews.az həmin müsahibəni sizə təqdim edir:

– Nahid müəllim, əvvəlcə media yolunuza nəzər salaq.

– Mənim jurnalistikaya gəlişim 1998-ci ildə “Rezonans” qəzeti ilə başlayıb. 1997-ci ilə qədər “Olaylar”da müstəqil şəkildə vətənpərvərlik mövzusunda məqalələrlə çıxış etmişəm. Təbii ki, “Rezonans” qəzeti də Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi media qurumlarından biri olub. Təəssüf ki, bu gün “Rezonans” çıxmır. Sonrakı mərhələdə mən “Olaylar”, eyni zamanda “Həftə içi” qəzetlərində işləmişəm və əsasən sosial və siyasi mövzularda çalışmışam. Xarici İşlər Nazirliyində akkreditə olunmuş jurnalist olmuşam, “Həftə içi” qəzetinin parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Lakin elə bir zaman gəldi ki, virtual media artıq bizim cəmiyyətimizə ayaq açdı. Saytlar yarandı. Həmin dövrdə biz də özümüzü sınamaq üçün belə bir addım atdıq və Veteninfo.az informasiya agentliyini yaratdıq.

– 5-6 bundan əvvəl.

– Artıq 7 ildir. 2012-ci ilin mart ayının 17-dən etibarən efirdəyik. Təbii ki, bu gün Azərbaycan cəmiyyətində, ümumiyyətlə mediada saytın daha yaxşı, daha yüksək, daha keyfiyyətli bir xəbərçilik mərkəzinə çevrilməsi üçün ilk növbədə maliyyə və reklamlardan gələn gəlirlər olmalıdır. 7 il ərzində gücümüz çatan istiqamətdə çalışırıq. Bu müddətdə müəyyən yaxşı xəbərlərimiz də olub, qınaq obyektinə də çevrilmişik, tənqid də olunmuşuq. Yəni bu media da, cəmiyyət də güzgüdür. Sənin hazırladığın hansısa bir xəbəri qəbul edənlər də ola bilər, qəbul etməyənlər də ola bilər.

– Çox tez-tez sayılıb-seçilən jurnalistlərimizin dövlət qurumlarında işə başlamaları ya da sayt açmaları haqqında xəbərlər yayılır. Bu peşəkarların bir yerə toplanıb vahid platformada şalışmalarını əngəlləyən nədir?

– Bizim cəmiyyətdə sözü qəbul olunan ciddi yazarlarımız var. Bu yazarların bir çoxları mətbuat xidmətinin rəhbəri oldular, inzibati işlərə getdilər. Maliyyə, sosial və şəxsi sıxıntıların aradan qaldırılması üçün atılan bu addımlar həqiqi qələmi olan insanları mediadan kənarlaşdırdı. Təbiidir ki, cəmiyyət inkişaf etdikcə, yazarların da bu və ya digər şəkildə problemləri özünü açıq şəkildə büruzə verir. İndiki dövrdə jurnalistin aldığı 500-600 manatla ailə dolandırmaq çox ciddi bir problemdir. Mən elə jurnalistlər tanıyıram ki, doğrudan da onların yazdıqları məqalələrə bizim cəmiyyətimizin ehtiyacı var. Amma onlar yazmırlar. Fürsətdən istifadə edib Vəli Əkbərin, Yunus Oğuzun adlarını çəkmək istəyirəm. “Olaylar” bir məktəb idi. Çünki jurnalisti siyasət, sosial, iqtisadiyyat, mədəniyyət kimi müxtəlif sahələrdə hərtərəfli formalaşdırırdı.

– Mətbuatda ixtisaslaşma əslində qaçılmazdır. İdman, mədəniyyət, siyasət, kriminal və s. mövzularda yazan jurnalistlərimiz var. Amma bu ixtisaslaşma elə bil ki, lazımi səviyyədə getmir. Yəni insanlar bir sahədə ixtisaslaşmırlar sanki.

– Mənim düşüncəmə görə iqtisadiyyat, hərbi, kriminal, mədəniyyət kimi istiqamətlər üzrə ixtisaslaşmış jurnalistlərin olması vacibdir. Muğam ustası ilə söhbət edəndə əruz vəzninin nə olduğunu, ədəbiyyatdan danışanda qoşma ilə müxəmməsin fərqini bilməlidir, dodaqdəyməzdən xəbəri olmalıdır.

– İndi də Sizin sayt barədə danışaq.

– Qayğılarımız çoxdur.

– Reklam cəlb edə bilirsinizmi?

– Açığı deyim ki, şəxsi müstəvidə əldə etdiyimiz bir neçə reklamlar sayəsində ayaqda dururuq. Reklam bazarı inhisardadır. Reklamvericilərdən reklamlar toplanır və müəyyən şirkətlər tərəfindən qurulmuş şəbəkədə bölünür. Kənar şəxsin ora girmək imkanı yoxdur.. Mən şəxsən 22 illik media sahəsindəki təcrübəm və müəyyən əlaqələrim sayəsində beş-altı reklamı şəxsi müstəvidə əldə edə bilirəm. Amma Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli işlər görə biləcək saytların reklam bazarı yoxdur, reklamı yoxdur. Onlar yazıları saytlara yerləşdirmək üçün bir nəfər işçi saxlamağa məcburdurlar.

– Başqa sözlə desək, 15 iş görən işçi həm də saytla məşğul olur.

– Bəli,vəziyyət belədir.

– Nahid müəllim, gənc olsaydınız, indiki vəziyyətdə jurnalistikaya gələrdinizmi?

– Gələrdim, amma yenə də deyirəm bugünkü qayğılarla yox. Bu gün bizim mediada kifayət qədər böyük maliyyə imkanları olan 1-2 informasiya agentliklərini, qəzetləri çıxmaq şərtilə digərlərində verilən əmək haqları hazırda ümumiyyətlə dolanışığa uyğun gəlmir. Məsələn, gənc bir insan və ya subay olsan 3-5 il işləmək olar.

– Bəs bunun sonrası var axı.

– Sonrakı mərhələdə yox. Artıq ailə qayğıları artandan sonra jurnalist məcburdur ki, eyni zamanda bir neçə media qurumu ilə əməkdaşlıq etsin. Mənim iki oğlum və bir qızım var. Böyük oğlumu iki ay gətirdim ki, yanımda işləsin. Gördüm ki, mümkün deyil, istəmir. Bir oğlum İdman Akademiyasında, qızım onuncu sinifdə oxuyur. Söhbət ondan gedir ki, övladlarım da jurnalistikaya gəlmək istəmirlər.

– Övladlarınızın mediaya gəlməsini siz əngəlləməmisiniz, onlar özləri istəmədilər?

– Onlar mənim çəkdiyim sıxıntıları əyani şəkildə gördükləri üçün özləri istəmədilər. Bu gün 150 manat əmək haqqı alan jurnalistlər var, onlar qonorar sistemi ilə işləyirlər.

– Yeri gəlmişkən, indi ümumiyyətlə qonorar varmı?

– Qonorar sistemi var. Mən bir müddət öz saytımızla yanaşı başqa bir sayta da rəhbərlik etdim. Mən ora gələndə saytın rəhbərliyi ilə danışdım ki, başqa bir yerdə 500 manat alan həmkarımızı 700 manat əmək haqqı ilə bu saytda əməkdaşlığa cəlb etmək istəyirəm. Çünki mən onun potensialına bələd idim, bilirdim ki, gündəlik verdiyi informasiyaların rezonansını necə olacaq. Peşəkar jurnalist özündəki gücü bildiyi üçün əmək haqqı aşağı olsa başqa yerə gedəcək. Və yaxud çıxış yolu kimi özünə sayt açacaq. Amma bu da çıxış yolu deyil. Çünki o artıq özünü yazar kimi itirir, kabineti, işçiləri və büdcəsi olan inzibatçıya çevrilir..

– Tutaq ki, ən yaxşı futbolçu belə müəyyən yaşdan sonra fiziki nöqteyi-nəzərdən oynaya bilmir, meydanı tərk edərək ya məşqçi olur, da ya ümumiyyətlə o sahədən uzaqlaşır. Amma əslində zehni işlə məşğul olan jurnalist üçün yaş məhdudiyyəti olmamalıdır. Qeyd etdiniz ki, övladlarınız da perspektivinə inanmadıqları üçün bu sahəyə getmək istəməyiblər. Siz də bu sahəni tərk etmək və ya başqa bir istiqamətdə karyera qurmaq barədə düşünürsünüz?

– Mən 1998-ci ildən bu günə qədər iyirmi iki ildir ki, başqa heç bir sahədə olmamışam. Bacardığımız başqa bir iş də yoxdur. Başqa sahədə işləyə biləcəyimə inanmıram, çünki onda sudan çıxmış balıq kimi olarıq. Bu gün yazılı mətbuatımız bağlanmaqdan xilas oldu. Dövlətin dəstəyi ilə yazılı mətbuatın bir hissəsi mövcuddur. Amma virtual mediamız o vəziyyətdə deyil. Virtual mediamız artıq xəstələnməyə başlayıb, qızılca çıxarır, sarılıq tutur, onda yavaş-yavaş müəyyən xəstəliklər əmələ gəlməyə başlayıb. Buna dövlətin dəstəyi olmasa bu xəstəliklər virtual medianı müəyyən bir müddətdən sonra sıradan çıxacaq.

– Elektron medianın qızılcası və yaxud da göy öskürəyi nədir?

– Onun göy öskürəyi birinci növbədə maddi imkansızlıqdır, onun qızılca xəstəliyi normal cəmiyyətə təsir edə biləcək yazarları itirməsi, cəlb edə bilməməsi, saxlaya bilməməsidir. İnşallah Azərbaycanda həqiqi virtual medianın inkişafına da dövlətimiz dəstək göstərər.

– Nahid müəllim, gənclərə nə tövsiyə edərdiniz?

– Gənclərə ilk növbədə oxumağı tövsiyə edərdim.

– Mediaya gəlsinlər, gəlməsinlər?

– Desək gəlməyin, deyərlər onda siz özünüz niyə buradasınız, gənc olanda niyə gəlmisiniz?

– O vaxt ayrı idi.

– Onlar deyəcək ki, bizim zəmanəmiz də budur. İndiki gənclər redaksiyaya gəlmədən də fəaliyyət göstərə bilərlər. Özündə bu gücü görən gəncliyə mətbuata gəlmə demək olmaz. Mətbuata gələn kifayət qədər perspektivli gənclərimiz var. Onlara qayğı göstərilməlidir, onlar da irad və tənqidlərdən doğru nəticə çıxara bilməlidirlər. Əgər həqiqətən də medianı sevirlərsə, işləyə biləcəklərsə, qarşılarındakı opponenti divara sıxmağı bacaracaqlarsa, verdikləri sualın cavabını özləri istədikləri kimi ala biləcəklərsə qoy bu sahəyə gəlsinlər. Yoxsa iş xətrinə, maaş almaq xətrinə gələcəklərsə, onlardan jurnalist olmayacaq.