“Türkiyə və Türk Dünyası uluslararası barışın təminatçısıdır”

“Dünyada sömürgə və neoimperialist siyasətə qarşı təkbaşına dirənən bir dövlət var, o da Türkiyədir”

Orta Doğuda və özəlliklə də Suriya böhranının çözülməsində uluslararası düzəndə yeni proseslər başlanılıb. Özəlliklə Türkiyə 97 ildir Orta Doğuda idarə olunan sömürgəçi güclərin siyasətinin qarşısını almaq üçün hərəkətə keçib. “Barış Pınarı” Anti-Terror Əməliyyatlarının başlanması sonucunda Türkiyə Suriya ilə sınır güvənliyi məsələsində sərt mövqe tutaraq milli iradəni ortaya qoyub. Min dəfələrlə təəssüflər olsun ki, bu dəfə də Batı dövlətləri bu antiterror əməliyyatlarını “Türkiyə Suriyada qan tökür, ərəb, kürd, erməni və digər xalqlara qarşı soyqırım siyasətini açıq şəkildə gündəmə gətirib. Orta Doğunu qan çanağına çevirib” kimi epitetlərlə Ankaranın bu antiterror əməliyyatlarından geri çəkilməsinə çalışır. Əslində Orta Doğuda nələr baş verir? Türkiyənin bu genişmiqyaslı antiterror əməliyyatlarının arxasında nələr dayanır?

Bu sualları cavablandırmaq üçün Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin fikirlərini öyrənməyə çalışdıq.

– Bədrəddin bəy, rəhbəri olduğunuz partiyanın adından uzun illərdir qardaş Türkiyənin bütün siyasi çevrələri ilə sıx təmaslara maliksiniz. Qardaş ölkənin iç və dış siyasətinin çalarları ilə yaxından tanışsınız. “Suriya böhranı”nın aradan qaldırılması yönündə “Barış Pınarı” Hərəkatının gündəmə gəlməsi nə ilə nəticələnəcək?

– Öncə onu qeyd edim ki, Osmanlı imperiyası tamamilə çökdükdən sonra, Qazi Mustafa Kamal Atatürkün öndərliyində yaranan Türkiyə Cümhuriyyəti ötən 97 il içində bir gün də olsun rahat yaşamamışdır. Orta Doğu dövlətlərinin zənginliklərini daha çox sömürmək və bölgədə idarəolunan diktator rejimlərinin vasitəsilə yerli toplumları bəşəriyyətin ən acınacaqlı durumunda yaşamağa məhkum etmək kimi dərin siyasətlər aparılıb. Açıq şəkildə etiraf etmək gərəkdir ki, bunun arxasında duran güc Batının neoimperialist və sömürgəçi gücləridir. 97 ildir Avropa Türkiyənin daxilində fərqli təriqətlər, məzhəblər, etnik ayrımçılığa xidmət edən şəbəkələr və vətəndaş cəmiyyətləri yaradaraq, bu ölkəni azından 23 kəsimə bölmək siyasətini irəli atıb.

Türkiyə 97 ildir belə bir aqibətin qarşısını almaq üçün mücadilə aparır. Buna bir örnək kimi qeyd edim ki, 1918-ci ildən 1974-cü ilə qədər Kıbrıs adasında yunanların vasitəsilə burada yaşayan türk əhalisini ya soyqırıma məruz qoymaq, ya da assimliasiya etmək kimi dərin siyasətlər yürüdülüb. Bunlar qoca Avropanın gözünün qarşısında baş verirdi. 1974-cü ildə Türkiyənin baş naziri Bülənd Ecevitin milli iradəyə söykənərək bir gecənin içində “Kıbrıs Barış Hərəkatı” gündəmə gətirildi və türklərin yaşadığı bölgədə “Kuzey Kıbrıs Türk Cümhuriyyəti” elan edildi. Bütün Avropa bağırırdı ki, Türkiyə işğalçı siyasət yürüdür. 66 il sürən türk soyqırımının qarşısının alınmasında nə üçün Avropanın səsini çıxarmadığını soruşulanda isə, Qərb bütün bunları susqunluqla qarşıladı.

– Elə Balkanlarda və Orta Doğuda da türklərə qarşı bu növ siyasətlər yürüdülüb...

– Bir həqiqət var. Dünyada sömürgə və neoimperialist siyasətə qarşı təkbaşına dirənən bir dövlət var və o da Türkiyədir. Türkiyə həm bu siyasətə boyun əymək, həm də ona qarşı uzun illərdir yürüdülən bu tavrı qəbul etmək istəmir. Bu, türkün ədalətin, barışın və istiqrarın yanında durmaq fəlsəfəsinə bağlıdır. Təəəsüflər olsun ki, Orta Doğu toplumları hər zaman ya iç, ya da dış güclərin qarşısında köləlik və mütilik siyasətinə nəinki boyun əymiş, hətta həmin güclərin maşası kimi hərəkət etmişlər. Biz bunu İraq, İran, Suriya, Liviya, Livan, İordaniya, Misir, Fələstin və digər Orta Doğu ölkələrinin tarixi keçmişində çox şahidi olmuşuq.

Suriyada neçə gündür davam edən “Barış Pınarı” Hərəkatına qarşı çıxanların siyahısında ilk etirazını bildirən “Ərəb Dövlətləri Liqası” oldu. Onları Türkiyəyə qarşı qışdırdan isə, neoimperialist güclərdir. Çünki ərəb ölkələri 97 ildir diktator rejimləri siyasəti ilə idarə olunurlar. Neoimperialist güclər Orta Doğuda istədikləri rejimləri qurur və onları beləcə idarə edirlər. “Cızığından çıxanları” istədikləri zaman “cəzalandırmağı” unutmurlar. İraq diktatoru Səddam Hüseyn, Liviya diktatoru Müəmmər Qəddafi, Misir diktatoru Hüsnü Mübarəkin aqibətləri buna örnəkdir. Balkan yarımadasında Bolqarıstan, Yunanıstan, Rumıniya, Albaniya və keçmiş Yuqoslaviyada türklər dəhşətli dönəmlərini yaşamaq zorunda qalmışdılar. Orta Doğu dövlətlərinin diktator rejimlərinin siyasəti bölgədəki türkləri soyqırıma məruz qoymaq, ya da onları assimliasiya etmək kimi dərin siyasətlərə bağlı olub. İraq diktatoru Səddam Hüseyn bir gecədə kimyəvi silahlarla 300 min nəfər azərbaycanlını, yəni İraq türkmanlarını məhv etmişdi. Çünki bu topluma məxsus bölgədə yüz milyon tonlarla zəngin olan neft yataqlarına görə türkmanların öz tarixi torpaqlarından və əmlakından imtina etmələri tələb olunmuşdu. Türkmanlar etiraz edən kimi dərhal bu dəhşətsaçan soyqırım baş verdi. Türkiyədən savayı dünyanın heç bir dövləti bu soyqırıma qarşı etiraz etmədi. Belə bir siyasət Suriyada düz 40 ildir davam edir. BƏƏS, ərəb milliyyətçi sosialist siyasətinin mahiyyəti neftlə və təbii zənginlikləri ilə əlverişli məkan olan bölgədə türkman əhalisini ağır şərtlər içində yaşamalarına məcbur edilməsi ilə müşahidə olunur.

– Bəs, “Barış Pınarı” Hərəkatından nələri gözləyirsiniz?

– Türkiyənin və Türk Dünyasının səbr kasası artıq dolub. Azərbaycanın Qarabağ adlı bölgəsi 26 ildir işğal altındadır və BMT-nin bu barədə qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmir. Çinin işğalı altında olan Doğu Türküstanda 1948-ci ildən indiyə kimi soyqırım siyasətləri yürüdülür və beynəlxalq birlik buna susur. İraq və Suriyada türkmanlar ən qorxulu və dəhşətsaçan durumla üz-üzədirlər və yenə də beynəlxalq birliyin gözləri qapalıdır. İran adlı ölkədə molla rejimi Güney Azərbaycan milli fəallarına qarşı edam siyasətini yürüdür və BMT-nin heç nə olmamış kimi gözləri yumulu, qulaqları tıxılmış və dili lal olmuşdur. 1974-cü ildən üzü bu yana Türkiyəyə qarşı PKK, KDP, YPG, PYD, НСС, HPG, YJA, YDG-H, DBP, BDP, HUDA-PAR, HAK-PAR, KADEK, Kongra-Gel, KCDKE, KSK, DPAK, Komeli, BİK, İKL, HKS, KİU, KSDP, KCP, KDNUK, KSDP, KRP, PUK, PEJAK, DEHAP, ERNK, DBP, MLKP, ENKS, Yakbun və digər terror təşkilatları fəaliyyət göstərir. Ötən dönəmdə bu terror təşkilatlarının vasitəsilə Türkiyəyə azından 200 milyard dollar zərər dəyib və 50 mindən çox sadə insanlar öldürülüb, Milli Ordunun 30 mindən çox mehmetcik şəhid olub. Onminlərlə türk insanı terrorla mücadilədə ömürlük əlil qalıblar. “Soyuq Savaş” bitdikdən sonra, dünyanın siyasi tablosu dəyişməyə başlayıb. Türkiyə Orta Doğu, Qafqazlar, Balkanlar və Mərkəzi Asiyada ən önəmli strateji mövqeyə malik olan supergüc dövlətə çevrilib. Ancaq bu supergücün mənası hansısa dövlətləri istismar etmək, talançı sömürgəçilik siyasəti demək deyil. Barış və ədalətin qorunması adına atılan addımlarla müşahidə olunur. “Barış Pınarı” Hərəkatı bölgənin, özəlliklə də Türkiyənin hüzur içində inkişaf doktrinası deməkdir. Öncələr İraq üzərindən Türkiyəyə qarşı hansı siyasətlər yürüdülürdüsə, terror təşkilatları qışqırıdılırdısa, bu gün də həmin siyasət Suriya üzərindən körüklənir. Bu problemləri Türkiyə bir dövlət olaraq Avropa Birliyi, Avropa Şurası, BMT, İslam Konfransı, İslam Əməkdaşlıq Təşkilatı və digər bütün uluslararası birliklərdə dəfələrlə gündəmə gətirsə də, dünya birliyi qulaqlarına pambıq tıxayaraq hər şeyi görməzlikdən gəlirdi. Ona görə də Türkiyə təkbaşına öz problemlərini həll etmək üçün hərəkətə keçibdir. İnanırıq ki, Suriya ilə sınır bölgələri qarşılıqlı olaraq əbədiyyən sorunların çözüldüyü məkana çevriləcək. Türkiyə bölgəni terrorçulardan azad etməklə yanaşı, orada ən təhlükəsiz yaşam mərkəzinə çevrilməsi üçün proqramlarını da beynəlxalq birliyə açıqlayıbdır. Dünya tarixində belə bir humanizm hələ ki, nümayiş etdirilməyib.

– O zaman belə bir nəticəyə gəlmək olar ki, 1898-ci ildə planlaşdırılmış BOP - Böyük Orta Doğu Projesi iflasa uğrayacaq.

– Əlbəttə. Biz buna bütün varlığımızla inanırıq. 1890-cı illərin sonunda ABŞ prezidenti Vudri Vilson tərəfindən hazırlanmış bu plana əsasən bütün Orta Doğu dövlətlərini və toplumlarını sömürgəçi güclərin təsiri altında saxlamaq üçün, qondarma “Kürdüstan”, “Batı Ermənistan” və digər epitetlər adı altında dərin siyasətlər yürüdülməli idi. Fikir verirsinizsə, Türkiyə, İraq, İran, Suriya və Azərbaycan Respublikasının əraziləri arasındakı bu coğrafiyada uzlaşdırılmış şəkildə “Böyük Kürdüstan” strategiyası neçə illərdir Batının sömürgəçi dövlətlərinin strateji hədəflərindən biri hesab olunub. Ona görə də, bayaq adlarını sadaladığım bu terror təşkilatlarına daim maliyyə və silah yardımları edilib. Halbuki, həmin ərazilər tarixən “Türk Zolağı” kimi strateji önəm daşıyıbdır. Güney Azərbaycanın Urmu vilayətinin Tehran rejiminin dəstəyi ilə “kürdləşdirilmə”si, Quzey İraqda türkman torpaqlarının, Suriyanın Türkiyə ilə sınır bölgəsində kürd əhalisinin sayının süni şəkildə artırılması, Azərbaycanın işğal altında olan ərazilərində “Qızıl Kürdüstan” siyasətinin önə çəkilməsi BOP siyasətinin ana strategiyası və hədəflərindən ibarətdir. Türkiyənin “Barış Pınarı” Hərəkatını başlatması və uzantılarının mənası BOP-un hədəfində olan bu strategiyanı tamamilə iflasa uğratmaq deməkdir.

– “Barış Pınarı” Hərəkatını iqtidarlı-müxalifətli bütün təşkilatlar müdafiə etdilər. Sizin fikrinizcə, burada bir əskiklik varmı?

– Əsla. Ana müxalifəti təmsil edən CHP və “Millət İttifaqı”nda birləşən İYİ, Səadət və Demokrat partiyaları, eləcə də iqtidarda olan AKP və “Cümhur İttifaqı”nın bel sütunu olan MHP, bütün sivil toplum təşkilatları ölkənin taleyüklü probleminin həllində birlik və bərabərlik nümayiş etdirirlər. Sanki, hər şey böyük öndər Qazi Mustafa Kamal Atatürkün bir zamanlar başlatdığı “Misaqi Milli” və “Qurtuluş Savaşı”nın davamı kimidir. Ölkə vətəndaşları hətta bu mücadiləyə bütün varını qoymaq üçün yarışa giriblər. Məmləkəti 50 ildir rahat olmağa qoymayan terror yuvalarının tamamilə aradan qaldırılması dövlətin və millətin namusu kimi dəyərləndirilir.

– Bəs Azərbaycanda Qarabağ məsləsinə görə nə zaman iqtidarlı-müxalifətli bir araya gələrək 26 illik həsrətə son qoyulacaq? Güney Qafqazın ən böyük dövlətinin və zəngin bölgəsinin öz sorunlarını çözmək üçün fikrimizcə gücü və milli iradəsi yetərincədir.

(Ardı var)