“Mən medal istəmirəm, istəyirəm ki, istiqlaliyyəti bütün qızlarımıza versinlər” “Mən medal istəmirəm, istəyirəm ki, istiqlaliyyəti bütün qızlarımıza versinlər”

“O zaman mən bunları deyə, siz də yaza bilməzdiniz”

“Mən medal istəmirəm, istəyirəm ki, istiqlaliyyəti bütün qızlarımıza versinlər”

Novella Cəfərova hər kəsin tanıdığı hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədridir. 1941-ci ildə Naxçıvanda dünyaya gələn xanım Cəfərova Azərbaycanda böyük əksəriyyətin sevimli simasına çevrilib. Xüsusən insan hüquqları sahəsində fəaliyyət göstərən sədr 500-dən artıq layihənin koordinatoru olmuş, elmi məqalələr və kitablar çap etdirib. Novella xanım Açıq Cəmiyyətin inkişafına görə, 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Beynəlxalq Marşall mükafatı ilə təltif edilib. Bundan əlavə, o, ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Cəsur Qadın mükafatını da qazanıb.

79 illiyini qeyd edən Novella Cəfərova saytımızın müsahibidir.

AzNews.az Novella Cəfərova ilə müsahibəni olduğu kimi təqdim edir:

- Azərbaycan qadını necə olmalıdır?

- Özünə inamlı, gözəl ailə başçısı olmalı və heç zaman qabağa getməkdən qorxmamalıdır. Cavanlara daim tövsiyəm odur ki, liderlik bacarığını öyrənsinlər, özünə güvəni artırsınlar və zamanından asılı olmayaraq özlərinə “mən ağıllıyam, güclüyəm, gözələm” desinlər. Xüsusilə də “gözələm” məsələsin yaddan çıxarmasınlar. Azərbaycan qadını özünü qoruya bilməlidir. Bunun üçün güclü olmalıdır. Qadının həm ailədə, həm də cəmiyyətdə elə birinci xüsusiyyəti budur.

- Azərbaycanda insan hüquqları sahəsində inkişafı necə qiymətləndirirsiniz və bu sizi qane edirmi?

- Neçə illərdir biz insan hüquqları ilə məşğuluq. Azərbaycanda hazırda bu sahədə çoxlu təşkilatlar yaranıb. Pis, yaxşı hamısı fəaliyyət göstərir. Deyə bilərəm ki, Azərbaycan insan hüquqlarının qorunması baxımından digər dövlətlərdən kənarda qalmayıb. Artıq hüquqları qorumağı öyrənmişik. Amma nəticə əldə edib-etməməyimiz müəmmalıdır. Qadın hüquqları zamanı 75% hüquqları qoruya bilirik, amma 25%-ində hələlik uduzuruq. Bunun da səbəbi odur ki, qanunlarda dəyişiklik olmalıdır. Bu gün qadınların maliyyə vəziyyəti çətin olduqda, həyat yoldaşından ayrılan zaman uşaqları kişinin ailəsinə verirlər. Çünki uşaqları saxlamağa onun imkanı var. Amma qanunda olmalıdır ki, sən bu qadına ev verməlisən, aliment ödəməlisən. Belə olan halda o kişi kimi, qadın da öz uşaqlarını saxlaya bilər. Ancaq məhkəmədə məsələnin bu tərəflərin demirlər, elə kişinin imkanı var deyə, uşağı verirlər kişiyə. Bax, bu qanun dəyişilməlidir. Çox sayda qadın var ki, 17 yaşında gəlin gətirirlər, təhsil də vermirlər, qadın da gəlin gəldiyi evdə 3 dənə uşaq dünyaya gətirir, sonra da evdən qovurlar. Uşaqları da alıb kişiyə verirlər ki, qadının işi, savadı yoxdur, nə ilə uşaq saxlayacaq? Amma kişi yaxşı məvacib alır. Bizdə bu cür nümunələr çoxdur. İnsan hüquqları ilə bağlı digər məsələ isə siyasi məhbuslardır. Bu gün bütün dövlətlərdə siyasi məbuslar vardır. Lakin Azərbaycanı hədəfə götürüblər. Niyə? O siyasi məhbusları 1 gün ərzində buraxsalar Azərbaycan dövləti Avropa İttifaqından, Avropa Şurasından tənbeh almayacaq. Burda Azərbaycan dövləti uduzur. Jurnalistdir, blogerlərdir mən demirəm söyüş söysünlər. Söyüş olmaz, amma tənqid etmək olar. Lakin tənqid üstə də həbs edirlər. Tövsiyəm odur ki, dövlət siyasi məhbuslardan birdəfəlik qurtarsın. Biz hüquq müdafiəçiləri də normal nəfəs ala bilək. (gülür)

- Ölkəmizdə aparılan çoxsaylı islahatları necə qarşıladınız?

- Prezident çalışır ki, nə isə etsin. Bunu hamımız görürük. Sadəcə olaraq aşağıda olan məmurlar var gücü ilə islahatlara mane olurlar. İslahatların cəmiyyətə çatdırılması QHT-lərin əlindədir. Amma bu gün 30 ilin təşkilatı olan bizim təşkilat pis gündədir. Həmişə donorlardan qrant alırdıq. Həmin donorların qrantını da bağladılar. Hazırda bizim işçilər hamısı könüllü kimi işləyirlər. Yanvar ayından bu günə qədər 1 manat məvacib yoxdur. Buna baxmayaraq, 30 il necə işləmişiksə elə də işləyirik. Çalışırıq hər kəsə köməklik edək. Vətəndaş cəmiyyəti bu ölkənin üzü, əli olmalıdır. Yəni bu vətəndaşlara insan haqlarını, demokratiyanı biz demişik də. Seçkilərin necə aparılmasını, hər bir sahədə çıxan bütün təzə qanunları cəmiyyətə biz çatdırmışıq. Bu gün onları bütün QHT-lərdən alıblar. İnsanlar bilməlidir ki, məsələn, Prezident bu reformaları verib. Hətta onu da bilmirlər, çünki əksəriyyət Azərbaycan televiziyalarına baxmır, baxanlar da şou tipli proqramlara baxır. Biz rayonlarda monitorinqlər aparmışıq. Kimi hansı mövzuyla bağlı dindirirsən, deyir bilmirik. Çünki hamısı Türkiyə telekanallarına baxırlar. Kəndlərdə maraqlanın, hamısı Türkiyənin siyasətini, ictimai vəziyyətini, aktyorların, oxuyanların adlarını, Rəcəb Tayyib Ərdoğanın nə etdiyini də bilirlər. (gülür)

- Bu gün məhkəmələrdə şəffaflıq nə dərəcədə təmin olunur?

- Məhkəmələrdən danışmasam yaxşıdır. Reformalar da verilir, tənqid də olunur. Amma hansı məhkəməyə gedirik, iştirak edirik, elə absurd qərarlar çıxarırlar ki. Doğurdan da bu belədir. Biz əsasən həbsxanalarla işləyirik. Həbsxanada azadlığa buraxılmağına 8 ay qalan insanlar var. Məhkəməyə verir ki, o 8 aydan məni azad et. Məhkəmə tələbi yerinə yetirmir. Niyə? 13 il içəridə oturan insanın 8 ayını azadlığa buraxmırlar. Onu da Prezident demir ki?! Hamısını məmurlar edir. Bu insanları niyə belə vəziyyətə salırlar? Mən indiyə qədər də həmişə çalışmışam ki, əminamanlıq olsun. Milləti 2 qrupa bölməsinlər: yaxşı yaşayanlar, pis yaşayanlar. Bu millət elə məqama gəlməsin ki, küçədə bir-birinin dərisini soysun. Bunu da bizlər etməliyik. Məhkəmə, polis, hökumətə tabe olan şəxslər qanuna tabe olsunlar. Ədliyyə Nazirliyi indi həqiqətən çox işlər görür. Orda insan hüquqları ilə bağlı yeni bir şöbə yaranıb. Gedib əhaliylə görüşlər, nikaha aparırlar, polisə aparırlar, ərizə alırlar. Davamlı olsa bilərlər ki, cəmiyyətin harda nə problemi var, nədən əziyyət çəkirlər. Məhkəmələrdə 75% qalib gələndə elə sevinirik ki, hakimi qəzetlərə çıxarırıq ki, bu elə yaxşı adamdır, işimizə normal baxıbdır.

- Çıxışlarınızın birində Xədicə İsmayıl və Leyla Yunusu bu dövlətin düşmənləri adlandırmısınız. Bunu nə ilə əlaqələndirirsiniz?

- Xədicə İsmayılı və Leyla Yunusu sevmirəm, sevməmişəm də. Mənim üçün belədir ki, mənim də, o xanımların da hökumətdən narazılığı ola bilər. Amma insan millətini, dövlətini sevməlidir. Bəyəm biz beynəlxalq təşkilatlarla görüşmürük? Təşkilatlar hamısı bizimlə görüşür, hesablaşır. Biz beynəlxalq təşkilatla danışanda deyirik ki, siyasi məhbus da var, məhkəmələrdən şikayət də var, hətta demokratik dövlətlərdə də var. İnsan döyülür də, söyülür də. Düzdür, olmamalıdır. Azərbaycanda da olmamalıdır. Lakin hər yerdə var. Daxili İşlər Nazirliyi ilə Ramin Usubovun dövründə də, indi Vilayət Eyvazovla da görüşürük. Biz çalışırıq dövlətlə dil tapaq ki, bu şeylər olmasın. Digər qurumlarla, xüsusən deputatlarla iş birliyi qururuq ki, onlar bizə köməklik etsinlər. Sadəcə olaraq hökumətlə qərəzli düşmənçilik etmirik. Çünki dövləti sevirik. Bu iki xanım heç zaman Azərbaycanı sevməyib. Vaxtılə Leyla Yunus, Xədicə İsmayılın həbsdən azad olmasını da təklif etmişəm. Fuad müəllim ilə görüşəndə dedim ki, onları buraxın. Çünki qadındırlar. Leyla Yunusu, Xədicə İsmayılı həbs edəndə bütün beynəlxalq təşkilatlar ayağa durdu. Naxçıvanda mən də daxil olmaqla hüquq müdafiəçilərin döymüşdülər. Bütün səfirlər bununla bağlı bəyanatlar verdilər. Amma mən qərəzli düşmənçilik nümayiş etdirmədim. Mən dövlətlə yox, hakimiyyətlə mübarizə aparmışam ki, bu işlər düzəlsin. Leyla Yunusun Azərbaycan millətindən zəhləsi gedir. Bax, onu ona bağışlaya bilmirəm. Mən onların ikisindən də çox mükafata layiq görülmüşəm. Məni həm iqtidar, həm də müxalifət sevir. Mən ayın 3-də - doğum günümdə o qədər təsəlli tapdım ki, “Facebook”da hamı necə xoş sözlər yazdı. 30 ildə gördüyüm işlərin şahidi oldum. İqtidardan mənə nə qədər təbrik zəngləri gəldi. Onlara dedim ki, mən medal istəmirəm, istəyirəm ki, istiqlaliyyəti bütün qızlarımıza versinlər. Çünki 30 ildir bu istiqlaliyyəti biz almışıq, mənim qızlarım alır. Leyla Yunusa bir gündə bu qədər adam yazmaz, ola bilər 10-15 nəfər izləyəni olsun. Mən onu heç vaxt söymərəm, amma hörmətim də yoxdur.

- Müxalifətin xarici qüvvələrin əlində alətə çevrildiyi bildirilir. Bu fikirlə razısınızmı?

- Hamısı yox. Orda elə yaxşı oğlanlar var ki. Rauf Mirqədirovu əllərində alətə çevirə bilərlər? R.Mirqədirov dünya ləyaqətli bir jurnalistdir. O, KQB-də oturub, onu heç kəs alət edə bilməz. Necə burda edə bilməyiblər, xaricdə də alət etməyi bacarmazlar. Düzdür, qrant hesabına, ailəsin dolandırmaq üçün 5 manat pul almaqla alətə çevrilənlər var. Amma etiraf edək ki, Azərbaycan hakimiyyəti də onlarla maraqlanmır, işləmir. Maraqlansınlar, çəksinlər öz tərəflərinə, soruşsunlar nəyiniz əskikdir?

- Ötən ay keçirilən parlament seçkilərinin nəticələri nə dərəcədə demokratik oldu?

- Seçkilərin nəticələri məni qane etmədi. Çünki 1-2 dostum var idi. Mən 100 faiz əminəm ki, onlar seçkilərdə səsləri qazanıblar, dairələrdə udublar. Hər yerdə onlar birincidir. Nəyə görə sonradan bülletenlər atıb başqalarını qalib edirsən ki?

- Seçkilərdə istər müşahidəçilər, istərsə də adi vətəndaşlar tərəfindən aşkar olunmuş pozuntular, faktlar və o faktlara qarşı olan iradları necə qəbul etdiniz?

- Onları da biz edirik. Müəllim, yaxud dövlət qurumunda işləyən bir başqaları edir. Özümüz özümüzə parlament seçirik. Nə seçmişik o da olacaq. (gülür)

- Azərbaycanda hamının 100 faiz dəstəkləyəcəyi və razı qalacağı seçkilər keçirmək mümkündürmü?

- Əlbəttə mümkün deyil. Dünyanın heç bir demokratik dövlətində hər tərəfi qane edən seçkilər olmur. Amerikada Demokratlar və Respublikaçılar var. Nəticələr birini qane edir, digərini isə yox. Demokratlar Donald Trampa görə dünyanı dağıdır. Amma demokratik seçki bizim özümüzə lazımdır. Cəmiyyət dərk etsə ki, demokratik seçki bizə nə qazandırır, o zaman demokratik seçki keçirə bilərik.

- Doğulduğunuz tarix sovetlər dönəmində deyirlər ən çətin illər olub. Maraqlıdır, ömrünüzün hansı illərini hansına qurban verərdiniz – ilk 41 ilini son 29 ilə, yoxsa son 29 ili ilk 41 ilə?

- Əlbəttə müstəqillikdən sonrakı il əsasdır. Sovetlər dönəmində döyülmüşəm də, söyülmüşəm də, hətta həbs də olunmuşam. Bu gün müstəqil bir ölkədə mən sizə bu sözləri deyə bilirəm, siz də bunları yaza bilirsiniz. O zaman mən bunu deyə bilərdim? Qətiyyən yox, mən deyə, siz də yaza bilməzdiniz! Biz müstəqillikdən sonra çox irəli getmişik, inkişaf etmişik. Hətta işğalda olan torpaqlarımızın azad olunan əraziləri var. Qarabağın işğal olunması mənim ən ağrılı yerimdir. Mənə elə gəlir ki, Dağlıq Qarabağın işğaldan azad olunması prosesi gələcəyə və gənclərimizə saxlanılmayacaq. İnşallah tezliklə bu məsələni də həll edəcəyik. Qarabağın səsi Təbrizdən, Tehrandan gəlməlidir.

Söhbətləşdi Ləman Hüseynzadə