“İnanıram ki, tezliklə biz məktəblərdə şagirdlərin xoşbəxt şəkildə dərslərə davam etdiyinin şahidi olacağıq” “İnanıram ki, tezliklə biz məktəblərdə şagirdlərin xoşbəxt şəkildə dərslərə davam etdiyinin şahidi olacağıq”

Özəl məktəblər yeni tədris ilinə necə hazırlaşır?

“İnanıram ki, tezliklə biz məktəblərdə şagirdlərin xoşbəxt şəkildə dərslərə davam etdiyinin şahidi olacağıq”

Artıq yeni tədris ili yaxınlaşmaq üzrədir, və valideynlər, şagirdlər, təhsil müəssisələri adəti olaraq yay ərzində yeni tədris ilinə hazırlaşırlar. Ancaq bu il vəziyyət bir az daha fərqlidir. Məlum pandemiya təhsil sahəsində də işlərin gedişatına ciddi təsir göstərir. Görəsən, özəl liseylər bu situasiyada yeni tədris ilinə necə hazırlaşır?

Müsahibimiz Kaspi Təhsil Şirkətinin, o cümlədən Kaspi Liseylərinin direktoru Elnur Əliyevdir.

Dərslər bu il sentyabr ayının 15-dən etibarən əvvəlki qaydada başlayacaq yoxsa, yenə distant olaraq davam edəcək? Bu gün ölkəmizdə bir çox insanı bu sualın cavabı maraqlandırır. Elnur müəllim, siz nə düşünürsüz?

Əksər Azərbaycan vətəndaşları kimi mən də səbirsizliklə dərslərin yenidən normal şəkildə başlayacağını nikbincəsinə gözləyirəm. Düşünürəm ki, əksər ölkələrdə bu sualın cavabı maraqla gözlənir.
Bu məsələdə Nazirlər Kabineti və Təhsil Nazirliyi rəsmilərinin cavabı həlledicidir. Həmçinin, nazirlik rəsmiləri qeyd edirlər ki, yeni tədris ilinə hazırlaşırlar. Təbii ki, onlar da istəyirlər ki, vaxtında əvvəlki qaydada dərslərə başlaya bilsinlər. İnsanların sağlamlığını diqqətdə saxlamaq çox daha önəmlidir.

Mən düşünürəm ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Opreativ Qərargahın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də bu yayın sonunadək pandemiyanın yayılmasının qarşısının alınması, yoluxmanın minimuma endirilməsi, nəhayət sentyabr ayınadək elə bir şəraitin yaradılmasıdır ki, müəyyən olunmuş qaydalar çərçivəsində həyat tədricən öz əvvəlki axarına qayıtsın, o cümlədən, məktəb, baxça və universitetlərdə tədris başlasın.

Təbii ki, dərslərin yenidən başlaması üçün pandemiya ilə əlaqədar dövlət qurumları tərəfindən yeni qaydalar da işlənib hazırlanmalıdır və təhsil müəssisələri, valideynlər, şagirdlər bu qaydalara əməl etməlidirlər ki, insanların sağlamlığı və təhlükəsizliyi riskə atılmasın.

Hər halda mən buna inanıram ki, ölkəmizdə pandemiya ilə mübarizədə son zamanlar əldə olunan nəticələr və görülən tədbirlər deməyə əsas verir ki, bu gedişatla biz bu il məktəblərdə dərsləri müəyyən qaydalar çərçivəsində ənənəvi formada davam edə biləcəyik.



Növbəti tədris ilində pandemiya ilə əlaqədar karantin davam edərsə, bu istiqamətdə hansı hazırlıqlar görürsünüz?

Qısaca olaraq qeyd etmək istəyirəm ki, komandamız tərəfindən keçən 5 ay ərzində distant təhsil istiqamətində əhəmiyyəti iş görülüb. Kaspi distant youtube kanalında bu işlər yerləşdirilib. Misal üçün Zoom tətbiqi üzərindən şagirdlərimizə keçirilmiş təxminən 15.000-dək dərs, 8000-dək xüsusi hazırlanmış müxtəlif fənnlər üzrə video dərs, 10.000dək tapşırıq, 9000-dək konspekt, 100-dək müxtəlif müsabiqə və yarışlar keçirilmiş və youtube kanalımıza yüklənmişdir və hər kəsin istifadəsi üçün açıqdır. Kaspitest.com portalı aktiv şəkildə istifadəyə verilmişdir ki, şagirdlərimiz bu portal vasitəsilə müxtəlif imtahanlarda iştirak edə bilərlər.
Vurğulamaq istəyirəm ki, Kaspi Liseyləri həm ənənəvi təhsil prosesinə hazırlaşır, həm də intensiv şəkildə distant təhsil istiqamətində də hazırlıqlarını davam etdirir. Kaspi Liseylərində həm texnoloji istiqamətdə, həm müəllim heyəti hazırlığı baxımından, həm də tədris materialları istiqamətində komandamız tərəfindən ciddi hazırlıqlar görülməkdədir.

Pandemiya ilə əlaqədar məcburi şəkildə baş verən distant təhsil prosesi respublikamızda təhsil sahəsində hansı müsbət və mənfi dəyişikliklərə səbəb oldu?

Düşünürəm ki, şagirdlərin uzun müddət məktəbdən uzaq qalması həmişə pisdir və cox ciddi mənfi fəsadlara gətirib çıxara bilər. Qlobal səviyyədə məktəblərdə uzun fasilə, ümumilikdə, bəşərriyyətin inkişafına ciddi ziyan vurur. Savadsızlıq, təhsilsizlik bəşəri bir problemdir. Bu cür hadisələr uzun müddət izi qlacaq yaralar qoya bilər.
Ölkəmizin bir çox ucqar rayonlarında, kəndlərində distant təhsilin imkanlarından istifadə imkanları kəskin aşağıdır, ailələrdə internet, kompyuter vəya planşeti yoxdur, yaxud bu texnologiyaları istifadə edə biləcək kifayət qədər müəllim heyəti olmaya bilər. Övladına bu şəraitdə lazımi dəstək verə biləcək valideynlərin sayı da çoxluq təşkil etmir. Bu da həmin bölgələrdəki uşaqların təhsilinə daha mənfi təsir edir.

Ancaq müsbət tərəfdən baxsaq görərik ki, həm müəllimlərin, həm də şagirdlərin distant texnologiyaların istifadə etməklə məsafədən təhsil üzrə geniş təcrübə qazandılar. Şagird, müəllim və valideynlərin İnformasiya texnogiyalarıyla işləmə vərdişləri artdı. Şagirdlərimizin gələcəkdə məsafədən təhsil imkanları vasitəsilə dünyanın ən yaxşı təhsil proqramlarına çıxış imkanı artdı.

Məncə, distant təhsil ənənəvi təhsilə bir alternativ olmasa da, əlavə təhsil vasitəsi kimi gələcəkdə daha geniş istifadə olunacaq. Həmçinin, distant təhsil texnologiyalarından gələcəkdə ənənəvi təhsil prosesində istifadə olunacaq ki, bu da tədrisin keyfiyyətini, səmərəliliyini artırmaq imkanı verəcək. Kaspi Liseyi olaraq biz bu istiqamətdə ciddi hazırlaşırıq.

Özəl Liseylərin valideynlərini düşündürən suallardan biri də təhsil distant formada olarsa təhsil haqqlarının necə hesablanması ilə bağlıdır? Valideynlər hesab edirlər ki, distant tədrisdə təhsil haqqları daha aşağı qiymətlə olmalıdır? Sizin liseydə bu məsələyə münasibət necədir?

Mən də düşünürəm ki, normal məktəb təhsili ilə distant təhsil həm keyfiyyət, həm məzmun, həm də təhsil haqqı hesablanması baxımından fərqlənir. Bəli, distant formada həyata keçirilən təhsil əvvəlcədən düzgün və vaxtında planlaşdırmaqla daha aşağı xərclərlə təşkil oluna bilər.

Kaspi Liseylərinə gəldikdə, 2020-2021 tədris ilində əgər dərsləri distant olaraq təşkil etmək məcbiriyyətində qalarıqsa, (hərçənd ki, normal məktəb formatına keçəcəyimizə daha çox inanıram) distant tədris müddətində təhsil haqqları bütün Kaspi Liseyi şagirdlərinə 30% endirimlə hesablanacaq.

Düşünürəm ki, hər cür çətin vəziyyətdə həm valideynlər övladlarının təhsil aldığı liseyə, həm də lisey valideynlərə dəstək olmalıdır. Çünki, ümumi məqsədimiz şagirdlərimizin daha keyfiyyətli təhsil ala bilməsidir.
Kaspi Liseyləri tanınmış təhsil müəssisələrindən biridir. Liseyinizin nəticələri haqda nə deyə bilərsiz?
Kaspi Liseyləri DİM-in keçirdiyi 9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları nəticələrinə əsasən keçən iki il ərzində ardıcıl olaraq 2 dəfə özəl liseylər arasında ən yüksək nəticə göstərmişdir. Ümumilikdə, Kaspi Liseyi ardıcıl olaraq iki il respublika məktəbləri arasında bu imtahan nəticələri əsasında hazırlanmış reytinq siyahısında ilk onluqda qərar tutmuşdur. Bu nəticəmizi daha da yüksəltməyi hədəfləyirik.

Bundan başqa, həm yerli olimpiadalarda, həm beynəlxalq layihə olimpiadalarında Kaspi Liseyi şagirdləri hər il aktiv iştirak edir və dəfələrlə olimpiadalarda medallar qazanmışlar. Hər il bir çox Kaspi liseyi məzunu beynəlxalq TOEFL, İELTS, SAT imtahanlarında və yerli imtahanlarda yüksək nəticə toplayaraq nüfuzlu xarici və yerli universitetlərə qəbul olurlar. Bu il də bizim məzunların arasında ABŞ, Niderland, Almaniya, Türkiyə, Böyük Britaniyanın tanınmış universitetlərinə qəbul alan tələbələrimiz var.

Bildirməliyəm ki, Kaspi Liseyi şagirdləri akademik nəticələrlə bərabər, idman və incəsənət sahəsində də həm şəhər və respublika səviyyəli yarışlarda aktiv iştirak edirlər. Kaspi Liseyi idman komandaları futbol, voleybol, basketbol,tennis və sair idman növləriüzrə şəhər çempionatlarında dəfələrlə ilk yerləri qazanmışlar. Həmçinin, şagirdlərimizin əl işləri respublika incəsənət sərgilərində nümayiş edilib, mükafat qazanıb.

Özəl lisey olaraq valideynlər sizdən daim yeniliklər gözləyir. Bu il Kaspi liseyləri hansı yenilikləri etməyi planlaşdırır?

Verdiyimiz təhsilin keyfiyyətini artırmaq, şagirdlərimiz üçün daha münbit öyrənmə şəraiti formalaşdırmaq, şagirdlərimizi gələcək həyata daha yaxşı hazırlamaq məqsədilə liseyimiz daim araşdırır, inkişaf etməyə çalışır. Liseyimizdə tədris proqramları hər il yenilənir və təkmilləşdirilir, məktəblərimizin infrastrukturu daim yenilənir, texniki baza gücləndirilir, kitabxanalarımızın kitab bazası daha da zənginləşdirilir.

Valideyn məktəb münasibətlərininsəmərəli təşkili şagirdlərin daha effektiv öyrənməsi istiqamətində vacib məsələlərdəndir. İstəyirik ki, liseydə tədrisin keyfiyyətinə ictimai nəzarəti daha effektiv etmək üçün valideynləri də bu prosesə aktiv qoşaq. Bu məqsədlə liseyin nəzdnində valideyn assosiasiyaları, valideynlərin aktiv iştirak etdiyi ictimai şuralar təsis edək.

Şagird və valideynləri sevindirəcək digər vacib yeniliklərimiz də var. Hal-hazırda liseyimizdə xarici dil olaraq Rus və İngilis dilləri tədris olunur. İnanırıq ki, qloballaşan dünyada xarici dilləri bilməyin əhəmiyyəti böyükdür. Bu səbəbdən bu tədris ilindən 6-cı sinifdən etibarən şagirdlərimiz seçim əsasında əlavə bir xarici dil də öyrənə biləcəklər.

Daha bir yenilik Kaspi-də informatika fənninin tədrisi ilə bağlıdır. Artıq 1-ci sinifdən etibarən şagirdlərimiz informatikanı qabaqcıl beynəlxalq tədris proqramı əsasında öyrənəcək, həmçinin informatika ilə yanaşı şagirdlərə robotika da tədris olunacaq.

Qısa müddət ərzində Kaspi Liseyləri bir çox uğurlar qazanıb, qabaqcıl təhsil müəssisəsidir. Kaspi Liseyi buna necə nail olub?

Kaspi Liseyləri Azərbaycan təhsil məkanında təxminən 15 ildir uğurla fəaliyyət göstərən Kaspi Təhsil Şirkətinin bir hissəsidir. İlk olaraq bu uğurun arxasında geniş təcrübənin durduğunu düşünürəm. Liseyimizin uğurunun arxasında zəhmətkeş və peşəkar komanda, o cümlədən, peşəsini sevərək icra edən müəllim kollektivimiz, müəllimlərin əziyyətini itirməyən və müvəffəq olan minlərlə tələbələrimiz, bizimlə çox sıx və səbrlə çalışan valideynlərimiz durur.

Elnur müəllim, yeni tədris ilində liseyinizə bol uğurlar arzu edirəm. Ümid edirəm ki, qarşıya qoyduğunuz yüksək hədəflərə çatacaqsız.

Çox sağ olun. Mən də bütün Azərbaycan xalqına sağlamlıq, ölkəmizə və bəşəriyyətə sülh, əmin-amanlıq arzulyıram. Arzu edirəm ki, tezliklə dünyamız daha təhlükəsiz və sağlam olsun.
Bütün təhsil müəssisələrinə, şagirdlərə, müəllimlərə yeni tədris ilində müvəfəqiyyət arzulayıram. İnanıram ki, tezliklə biz məktəblərdə şagirdlərin xoşbəxt şəkildə dərslərə davam etdiyinin şahidi olacağıq.

AzNews.az