"Zahid Orucu milli maraqları nəyəsə qurban verməkdə günahlandırmaq ən böyük günahdır"

Bizə iqtisadiyyatda böyük sıçrayış lazımdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Türkiyə - İsrail münasibətlərinin yaxşılaşdırılması və bu məsələdə Azərbaycanın səyləri barədə mətbuatda müəyyən yazılar dərc olunur. Hazırkı anda bunu mümkün sayırsınızmı?

- Azərbaycan Respublikasının Prezidenti zamanında Türkiyə - Rusiya münasibətlərinin də yaxşılaşdırılması üçün müəyyən işlər görmüşdü və bu səylər uğurla nəticələnmişdi. İsraillə münasibətlərdə bu niyə olmasın? Bizim İsraillə etimadlı dost münasibətlərimizin olması, o cümlədən hər iki dövlətin maraqlarının dostluq və əməkdaşlıq etməkdən keçməsi nəticənin pozitiv olacağına ümid verir. Mən istərdim Azərbaycan İran - İsrail münasibətlərinin də yaxşılaşdırılmasında da öz vasitəçilik missiyasını təklif etsin. Hər iki dövlətin və regionun təhlükəsizliyi üçün bu çox vacibdir. Həm də İran bizə Ermənistanla münasibətlərin tənzimlənməsində öz vasitəçiliyini təklif etmişdi. Eyni zamanda ərəb ölkələrinin bir-birinin ardınca İsraildə səfirliklər açdığını da nəzərə alıb Azərbaycan qısa müddətdə İsraildə səfirliyini açmalıdır.

- Büdcə müzakirələri zamanı böyük özəlləşməyə gedilməsini, dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyətlərin səhmlərinin 49%-nin satışa çıxarılmasını təklif etdiniz. Təkliflərinizin nəzərə alınma ehtimalı nə qədərdir?

- Prezident dövlət əmlakından istifadənin səmərəliliyinin artırılması, o cümlədən bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılmasını təmin etmək üçün Dövlət İnvestisiya Holdinqi yaradıb. 2021-ci ildə vergi və gömrük orqanları birlikdə qeyri-neft sektorundan 9 milyard manat vəsait toplayacaq, bu 10 milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Bizə iqtisadiyyatda böyük sıçrayış lazımdır. İqtisadiyyatın aparıcı sahələri dövlətin nəzarətindədir. 74 illik dövlət mülkiyyətinə əsaslanan sovet sosialist təsərrüfat sistemi özünü doğrultmadı və iqtisadiyyatı neft ixracından asılı olan Sovetlər Birliyi neftin qiymətinin 9 dollara düşməsi ilə çökdü. Ona görə hər dəfə söyləyirəm ki, dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Dövlət müəssiələrində xərclər bəzən ağlasığmaz dərəcədə şişirdilir. Ona görə də büdcəyə az miqdarda vergi ödəyir, dövlət zəmanəti ilə xarici banklardan kredit götürür və həmin kreditləri də gəlirlə işləmədikləri üçün geri qaytara bilmirlər və nəticədə özləri yox, sonradan həmin vəsaiti biz büdcədən qaytarırıq. Ona görə geniş miqyasda özəlləşdirməyə getmədən sürətli iqtisadi inkişafı təmin etmək mümkün olmayacaq. Özəlləşdirilməyə gedilməsi beynəlxalq standartlara cavab verən maliyyə idarəçiliyinə, şəffaflığa və hesabatlılığa, o cümlədən sağlam rəqabətə geniş imkanlar açacaqdır. Bunlarsız isə güclü iqtisadiyyata sahib olmaq mümükün deyil.

- Siz eyni zamanda Qarabağın bərpası üçün hökuməti BMT-dən yardım istəməyə çağırmısınız. Beynəlxalq birliyin bərpa işlərinə kömək etmək ehtimalı nə qədərdir?

- Azərbaycan hər il BMT-yə 122 min dollara qədər üzvlük haqqı ödəyir. Biz ona görə bu təşkilata üzv olmuşuq və bu qədər üzvülük haqqı ödəyirik ki, BMT beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməlidir. Amma çox təəssüf ki, BMT TŞ-nın nüvə silahına sahib beş daimi üzvü beynəlxalq hüquq normalarını bir kənara tullayaraq bu təşkilatdan beynəlxalq aləmdə öz maraqlarını təmin etmək üçün istifadə edirlər. Məhz onların, yumşaq desək, öz vəzifələrinə səhlənkar yanaşması və ondan sui-istifadə etməsi nəticəsində bir milyon azərbaycanlı 30 illdir məşəqqətli qaçqın və köçkün həyatı yaşayır. Torpaqlarımız 30 il idi işğal altında qalmışdı, hələ bu gün də bir hissəsinə nəzarət edə bilmirik. İşğal olunmuş ərazilər yerlə-yeksan edilmiş, bir hissəsi isə işğalçı ölkə tərəfindən məskunlaşdırılmışdı. Ona görə Milli Məclisdə çıxışım zamanı qeyd etdim ki, BMT bərpa işlərinə əhəmiyyətli ölçüdə yardım etməsə onu ABŞ-da məhkəməyə verməliyik. 2010-cu ildə BMT-nin Nepaldan olan sülhməramlılarının Haitidə yaydığı xolera epidemiyası nəticəsində bir milyon insan xəstələnmiş, 10 min insan həyatını itirmişdi. Onlar BMT-yə qarşı ABŞ məhkəmələrində iddia qaldırdılar. BMT 1946-cı ildə qəbul olunmuş Konvensiya ilə ona verilmiş immunitet hüququndan istifadə edərək məhkəmə baxışından və beləliklə də məsuliyyətdən yayındı. Amma BMT Baş katibi Haitidən üzr istədi, onlara kömək məqsədilə xüsusi fond yaratdı. Haiti istədiyinə nail olmasa da problemini dünya miqyasında ictimailəşdirdi və BMT-nin öz funksiyalarını layiqincə yerinə yetirmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı.

Bununla yanaşı biz Qarabağın bərpası üçün ora investisiya qoyuluşunu stimulllaşdırmalı, investorlar ən azı on il bütün növ vergilərdən tam azad olunmalı, növbəti on ildə isə 50% həcmində vergi ödəməlidır. Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq. Qarabağa daxili imkanlar hesabına investisiya cəlb etmək üçün vətəndaşlara öz vəsaitlərini gəlirli və təhlükəsiz sahələrə yatırmalarına kömək etmək məqsədilə məsləhətlər vermək üçün İqtisadiyyat Nazirliyi geniş xidmət sahələri yaratmalıdır.

- Prezident regionun bütün dövlətlərinə əməkdaşlıq təklif etdi, o cümlədən Ermənistana. Sülh sazişi imzalanmadan bü cür əməkdaşlığı mümkün sayırsınızmı?

- Ermənistanla sülh sazişinin imzalanması və əməkdaşlıq məsələləri Ermənistandan daha çox Rusiyadan asılıdır. Dünya təcrübəsində Rusiya ilə Yaponiya əməkdaşlıq etsələr də 2-ci dünya savaşından sonra hələ də sülh sazişi imzalamayıblar. Biz qalib ölkə olduğumuzdan bu istiqamətdə daha çevik siyasət yürütməliyik. Məsələn, sülh sazişi imzalanmadan belə sərhədlərimizi Ermənistan vətəndaşlarına açıb, Ermənistana digər MDB ölkələri ilə olan hüquqi rejimi tətbiq edə bilərik. Bu Ermənistan dövlətindən işğal etdiyi ərazilərdə törətdiyi vandalizmə görə kompensasiya tələbimizdən imtina kimi başa düşülməməli və biz müharibə canilərinin ədalət mühakiməsi qarşısına çıxarılması üçün əlimizdən gələni etməliyik .Amma sözsüz ki, Ermənistanla sərhədləri ilk növbədə, birtərəfli qaydada olmuş olsa belə qardaş Türkiyə açmalı, ermənilərin Türkiyəyə vizasız gediş-gəlişnə şərait yaratmalıdır. Bir müddət sonra isə öncə qeyd etdiyim addımları biz ata bilərik. İşğal altında qalmış digər torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpası üçün müharibə variantını bir kənara qoyub suverenliyimizin və ərazi bütövlüyümüzün müharibəsiz bərpası olunması, müasir dövlət quruculuğu istiqamətində çalışmalıyıq.

- Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticələrəni bəzi adamlar şübhə altına alır, onun rəhbəri Zahid Orucu ruspərəstlikdə, Türkiyəni sevməməkdə və s. bu kimi absurd məsələlərdə ittiham edirlər. Siz özünüz həmin qurumun keçirdiyi sorğuların mötəbərliyinə nə dərəcədə inanırsınız?

- Zahid Orucun fəaliyyətini yaxından izləməyənlər və sorğunun nəticəri ilə tam tanış olub onu ciddi təhlil etməyən insanlar, yumşaq desək, belə ədalətsiz mövqe sərgiləyə bilər. Həmin sorğuda iştirak edənlərin yalnız 1% bildirib ki, Rusiya sülhməramlıları təkbaşına uğurlu ola bilər. Respondentlərin 95,1%-i bildirib ki, Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağına da sevgi duyurlar. Bu rəqəmlər rəsmi nəticələrdə öz əksini tapıb və ictimaiyyət üçün açıqlanıb. Məgər bu xalqımızın ümumi əhval ruhiyyəsini əks etdirmirmi? Hardadır burda ruspərəstlik və Türkiyəni sevməmək? Zahid Oruc öz xalqını sevən və onun üçün fədəkarlıq etməyə hazır olan bir siyasətçidir. O, utopiyadan uzaq və realistdir. Z.Oruc ölkəmizin və bölgənin xoş gələcəyini Türkiyə, Azərbaycan və Rusiyanın sıx əməkdaşlığında görür. Xalqımız üçün nəyin doğru və faydalı olduğunu düşünürsə onu da deyir. Onun fikirləri ilə kim istəsə razılaşmaya bilər və bu çox normaldır, amma onu milli maraqları nəyəsə qurban verməkdə günahlandırmaq özü ən böyük günahdır.