Nazir Emin Əmrullayevin brifinqinə ictimai reaksiya: Ekspert nələr dedi?

Kamran Əsədov: "DİM qapalı tipli test tapşırıqlarından istifadə etsə daha yaxşı olar"

Bu gün təhsil naziri Emin Əmrullayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib.

Brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev fevralın 1-dən etibarən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağını diqqətə çatdırıb.

Brifinqdə qaldırılan məsələlərlə bağlı təhsil eksperti Kamran Əsədov AzNews.az-ın suallarını cavablayıb.

- Kamran müəllim, Təhsil Nazirliyi fevral ayının 1-dən məktəblərin açılması ilə bağlı qərar verdi. Ancaq pandemiya ilə bağlı narahatçılıq da keçməyib. Siz necə qarşıladınız bu qərarı?

-Tədris prosesinin bərpası gözlənilən idi. Amma bununla bağlı müəyyən suallar ortaya çıxır. Növbəti pillələrdə təhsil prosesinin bərpası hansı müddətdə həyata keçiriləcək sualına gəldikdə, bu birmənalı şəkildə ölkədəki yoluxma sayına təsir göstərəcək. Amma ən azından Təhsil Nazirliyi özünün fəaliyyət planını müəyyənləşdirməli idi ki, hansı müddətdə hansı siniflər açılacaq, ali təhsilin mövqeyi necə olacaq? Burada tədris prosesinə qoşulması ən vacib olan siniflər 9 və 11-ci siniflərdir. Çünki 9 və 11-ci siniflər bu il buraxılış və qəbul imtahanları verəcəklər. Onların bu prosesə qoşulması digər siniflərlə müqayisədə daha vacib idi. Çünki bu siniflərdə oxuyan şagirdlər iştirak edəcəkləri imtahanlarda dinləmə imtahanları da verəcəklər. Etiraf edək ki, bütün şagirdlər onlayn qaydada bu bacarıqlara yiyələnə bilməyiblər. Onun üçün xüsusilə buraxılış siniflərində oxuyan şagirdlərin dərs prosesinə cəlbi digərləri ilə müqyisədə daha vacib idi.

-Bildiyiniz kimi, yuxarı sinif şagirdlərinin təhsilə bərpası növbəti mərhələyə saxlanıldı. Bunun həmin şagirdlərə nə kimi mənfi təsirləri olacaq?

-Yuxarı sinif şagirdləri mütləq şəkildə tədris prosesinə cəlb edilməli idi. Düzdür biz ağırlıq səviyyəsi baxımından ölçsək, ibtidai sinif şagirdləri daha çox itki vermiş kateqoriyaya daxildir. Çünki ibtidai sinif şagirdləri onlayn qaydada mənimsəyə bilməyirlər. Bu da onların yuxadı siniflərdə müəyyən mövzuları yenidən mənimsəməsinə mənfi təsir göstərir. Bütün hallarda bu amillər qəbul, buraxılış imtahanlarına təsir göstərməlidir.

-Təhsil Nazirliyinin qərarından sonra DİM-in üzərinə hansı öhdəliklər düşür? Qəbulda hansı güzəştlər edilə bilər?

-Buraxılış imtahanlarına təqdim edilmiş test tapşırıqları mütləq şəkildə həmin dövrdə- pandemiya və müharibə şəraiti tədris prosesinə mənfi təsir göstərdi. Yəni, şagirdlərin internetə girişi 27 sentyabrdan noyabrın 10-na kimi məhdudlaşdı. Bu o deməkdir ki, həmin dövr üçün şagirdlər informasiya əldə edə bilmədilər. Biz qəbul imtahanlarında həmin dövrlərdən suallar salmamalıyıq. DİM məhz bu amili nəzərə almalıdır ki, şagirdlər həmin dövr üçün bir çox informasiyanı əldə etməkdə çətinlik çəkdilər. Mən düşünürəm ki, bu amil mütləq nəzərə alınacaq . Ona görə ki, imtahan iştirakçılarının böyük əksəriyyəti, həmçinin cəbhəyanı ərazilərdəki şagirdlərdir. Digər tərəfdən 9-cu sinif imtahanlarında şagirdlərə qapalı tipli testlərlə yanaşı açıq tipli testlər də təqdim edəcək, hansı ki, bunlar çox çətindir. Ona görə də DİM qapalı tipli test tapşırıqlarından istifadə etsə daha yaxşı olar. O zaman şagirdlərin həm cavablanma faizi yaxşı olacaq, həm də rəqabətə təsir göstərə biləcək. Çünki hansısa birinin internet imkanı varsa, o, mövzunu yaxşı mənimsəyib. Amma kiminsə bu imkanı yoxdursa, prosesdən kənarda qalıb. Bu isə ədalətli deyil. Ona görə də təhsil bərabər imkanlar tətbiq edilməklə həyata keçirilməlidir.

Səidə

AzNews.az