Vahid Qazi: "Türkiyə ilə ən yüksək hərbi saziş imzalanmalıdır"

"Türk qoşunları ordumuzla bərabər Qarabağın rusda, ermənidə qalan hissəsini üzük qaşı kimi dövrələməlidir"

Qarabağa “Böyük Qayıdış”la bağlı layihənin hazırlanma mərhələsində olduğu, yaxın zamanlarda ictimaiyyətə açıqlanacağı deyilir. Ümumiyyətlə, torpaqlarımızın düşmən işğalından təmizlənməsinin, xüsusən noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın ardınca uzun illər Vətən həsrəti çəkmiş insanlarımızın Qarabağa geri dönüşü demək olar ki, hər gün müzakirə olunmaqdadır. Lakin “Böyük Qayıdış”ın asan proses olmadığını düşünənlər az deyil. Ümumiyyətlə, üçtərəfli Bəyanatdan sonra bölgədə yaşananlar, Rusiya sülhməramlılarının dərhal Qarabağa yerləşməsi, dağlıq rayonlarımızda ermənilərin qalması və s. mövzular hələ də ciddi müzakirə predmetidir. Təkcə ölkə daxilində deyil, xarici ölkələrdə məskunlaşmış ziyalılarımız, ələlxüsus qarabağlılar da Rusiya faktorunu önə çəkərək, təşviş doğuran məqamların qalmaqda olduğunu bildirirlər. Qarabağdakı proseslərdən əsaslı narahatlığını ifadə edən tanınmış simalardan biri də hazırda İsveçdə yaşayan azərbaycanlı yazar, publisist, bloger Vahid Qazidir. “Şərq”in suallarını cavablandıran ağdamlı yazar “Böyük Qayıdış”la bağlı şəxsi fikirlərini ifadə etməklə yanaşı, qeyri-müəyyənliyini qoruyan bəzi məsələlərə də aydınlıq gətirib.

- Vahid bəy, 44 günlük müharibənin başa çatması xəbərinə reaksiyanız necə oldu? Hansı hissləri yaşadınız?

- Ordumuz Xankəndinin bir neçə kilometrliyinə çatanda bir dostum ağlıma ideya saldı, təzə bir yazı başladım. Məni dostumun ideyasına ən çox ruhlandıran ordumuzun qələbələri idi. O yazıda yazacaqdım ki, Ağdamın bir-iki məhəlləsini açıq muzeyə, yerdə qalan hissəsini isə Azad İqtisadi Zonaya çevirək. Özünün beynəlxalq aeroportu, “İmarət” adlı azından 60 minlik stadionu, otelləri, ticarət və biznes mərkəzləri olan yeni Ağdam salaq. Qafqazın Xirosimasını Qafqazın Dubayına çevirək və s. Ağdam sakinlərini də boşalmış Xankəndinə köçürək. Yəni başabaş dəyişim sona çatsın. Ermənistanda biz yoxuqsa, bizdə də erməni qalmır. Artıq hər səhər minlərlə ağdamlının yerüstü metroyla yeni Ağdama işə gəlib, axşamlar Xankəndinə evinə qayıtmasını xəyalımda canlandırırdım. Başqa qəşəng fikirlərlə ideyanı ətə-qana gətirəcəkdim. Əfsuslar ki, şər dövləti Rusiya qoymadı bitirim yazını, həmin gecə qoşun salıb Xankəndini “tutdu”. Yazı yarıda qaldı, onu da atdım kompüterimdəki “Yarımçıq yazılar” qovluğuna. Artıq müharibənin dayandırılmasından xeyli vaxt ötür. Amma Qarabağda vəziyyət aydınlaşmaqdansa, get-gedə tündləşir. Əvvəllər qələbə ovqatında idimsə, indi özümü pat vəziyyətinə düşmüş kimi hiss edirəm.

- Niyə pessimistsiz? Qarabağdakı gedişatın sizi qane etməyən məqamları nələrdir?

- Açıq qalan çoxlu suallara cavab axtarmalıyıq: - Erməniylə məsələ aydındır, rusla neyləyəcəyik? Yarımçıq qalan Qarabağ davamızı Rusiya ilə necə aparmalıyıq?

Rusiyanın haradasa sülh yaratdığını tarix xatırlamır. Bütün dünyada onun sülhyaradan imici yoxdur, əksinə, Rusiya müharibəsevər ad çıxarıb. Sovet dövründə məşhur mahnı vardı, “Xotyat li russkiye voynı”, yəni “Ruslar savaş istəyirmi?”. Rusiyanın sülhsevər obrazını nə qədər belə propoqanda mahnılarla düzəltmək istəsələr də, o mahnıdakı suala cavab elə Rusiyanın öz tarixindədir. Son 300 ilə baxsanız, 3-5 il müharibəsiz ola, ya olmaya. İndi bu ölkənin ordusu yenidən torpaqlarımızdadır və nə qədər buradan çıxarılmayıb, təhlükə “Domokl qılıncı” kimi başımızın üstündən əskik olmayacaq. Bu günün sualı belədir: Qarabağdakı Rusiya qoşunları ilə neyləyək, yola verək, ya işğalçı deyib üstlərinə gedək? Biz bilirdik, indi erməni görmüş 18 yaşlı gənc əsgərimiz də bilir ki, nəinki Xankəndi, tək “Drmbon” (Heyvalı –red) kəndində belə erməninin qalması, gələcəyimiz üçün təhdiddir, növbəti münaqişə ocağıdır! Çiban deşilməyincə, sonacan gedib axırıncı ermənini sərhəddən yola salmayınca, “başabaş dəyişim” işini bitirməyincə bizə Qarabağda gün yoxdur! Hadrutda baş verən olay hələ başlanğıcdır. Bu cür provakasiyalar çox olacaq. Keçmiş təcrübələri yada salmalı, hazırlıqlı olmalıyıq. Bizi Rusiya ilə öz torpaqlarımızda uzun mübarizə gözləyir. Dirənib onların burada mövcudluğuna son qoymalıyıq, heç 5 ilə çatmasın.

- Bəs indiki halda işğaldan azad etdiyimiz torpaqlard a hansı addımı atmalı, hansı işləri görməliyik?

- Məsələn, Xankəndidə ASAN xidmətin ofisini açmalıyıq. 31 marta kimi Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə pasportumuzu verək və 1 maya qədər pasport almayanları qanundankənar elan edərək Qarabağdan kütləvi deportasiya edək. Siyasətçi olsaydım Ermənistanda Qarabağı xilas yolunda buxov, Rusiyanı avrointeqrasiya yolunda tıxac hesab edən siyasi qüvvələri axtarardım. Onlarla ilkin söhbətlərə başlayar, Qafqazı Rusiyadan azad etməyin, ondan birgə xilas olmanın gələcək konturlarından danışardım. Əlbəttə, Ermənistanda belə bir qüvvəni axtarmaq qara otaqda qara pişik axtarmağa bənzəyə bilər. Amma yaşadıqları məğlubiyyətdən sonra onların bu cür düşünən siyasətçiləri olacaq. Artıq sosial şəbəkələrdə bu cür düşünən xeyli erməni fəalının çıxışları yayılır. Fikrimcə, Ermənistanda Rusiyanı Qafqazın “baş bəlası” sayanların başında elə Paşinyan gəlir. İndi “Qarabağın Ermənistan üçün buxov” olduğunu düşünənlərlə işləmək lazımdır.

- Qardaş Türkiyə bölgədə Rusiya təhlükəsini nə qədər neytrallaşdıra bilir?

- Türkiyə ilə ən yüksək hərbi saziş imzalanmalı və türk qoşunları bizim ordumuzla bərabər Qarabağın rusda, ermənidə qalan hissəsini üzük qaşı kimi dövrələməlidir. Biz bu ölkənin insanları kimi vətəndaş mövqeyimizi sərgiləməli, Rusiya qoşunlarının Qarabağdan çıxmasını tələb etməliyik. “Şuşaya yol Bakıdan keçir” şüarımızı “Şuşaya yol Xankəndidən keçir”lə əvəzləməyin zamanı çatıb! Sözümün canı odur ki, 1945-ci ildə almanların, 1956-ci ildə macarların, 1968-ci ildə çexlərin dediyini biz də təkrarlayaq “İvan, uxodi iz Karabax” (İvan, Qarabağdan get!) deyək!

- Hər halda Qarabağda quruculuq işləri aparılmalı, bölgədə infrastruktur qurulmalıdır. Bəs bu işin həllini necə görürsüz?

- Dirçəlişə müasir dövrün urbanizasiya reallıqları nəzərə alınmaqla başlamalıyıq. Heç kimə sirr deyil ki, dünyada sürətlə urbanizasiya (şəhərləşmə) prosesi gedir. Kəndlər boşalır, insanlar şəhərə axışır. Bir-iki misal deyim. Rusiyada son 20 ildə 20 min kənd yox olub. Proses inkişaf etmiş ölkələrdə də belədir. İsveçdə cəmi 3 faiz əhali kənddə yaşayır, hətta bütöv kəndlər satışa çıxarılır. İşğaldan azad olunmuş ərazilərdə 800-dək kəndimiz var. Bütün bu kəndlərdə yaşayış bərpa olunacaqmı? Yaxud bərpa olunmalıdırmı? Əlbəttə, hər kəs doğulduğu kəndin bərpasını arzulayır. Amma arzu başqa, reallıq başqa. Bizim o kəndlər tarixin fərqli dönəmlərində müxtəlif səbəblərdən yaranıblar. Müasir dövrün urbanizasiya şərtləri yeni reallıqlar diktə edir. Bəzən acı, sərt olsa da. Hər yaşayış məntəqəsi tək evlərin tikilməsi demək deyil, infrastrukturun qurulmasıdır. Demək istəyirəm ki, bu yerlərdə həyat sıfırdan başlayacaqsa, urbanizasiya reallıqları nəzərə alınmalıdır. 20-30 evlik kəndlərdənsə şəhər tipli iri qəsəbələr salmaq strateji baxımdan daha düz qərar olar. Ali təhsil ocaqları, tarixi abidələr, muzeylər, turizm mərkəzləri, şərab, limonad, süd zavodları, ət kombinatları, yüngül sənaye fabrikləri, xalça-suvenir sexləri, sanatoriya-kurort müəssisələri, Avropa sayaq fermer təsərrüfatları: taxıl zəmiləri, üzüm plantasiyaları; at, qoyun, mal fermaları; nar, fındıq, qoz və s. meyvə bağları və s. Amma Qarabağ tam azad edilmədən hər il milyardlarla manatı boğazımızdan kəsib onun ətrafının bərpasına ayırmağımız da bir başqa riskdir. Pul havaya sovrulmayacaq ki?! Bu gün tikdiklərimiz sabah döyüş poliqonuna çevrilməməlidir. Nə vaxtsa dördüncü Qarabağ müharibəsinin (Yazar Birinci Qarabağ müharibəsi deyəndə Cümhuriyyət illərində Qarabağda aparılan müharibəni nəzərdə tutur –red) başlamayacağına kimsə qarantiya verirmi? Bir də heç qaranta baxanmı var, ilməsi itmiş dünyada?! Odur ki, Qarabağın yerdə qalanını da erməni və rusdan azad edək – başlayaq dirçəltməyə Qarabağı! “Böyük Qayıdışa” və Dirçəlişə erməni-rus maneəsindən sonra ikinci böyük əngəl təpədən-dırnağa korrupsiyaya bulaşmış, oğru, quldur məmur ordusudur.

- Ağdamlı kimi doğma yurda, Qarabağa nə vaxt qayıtmağı düşünürsüz?

- Qarabağa qocalanda, “ölməyə vətən yaxşıdır” deyib qayıtmaq istəməzdim.
Sözün əsl mənasında Qayıdış və Dirçəliş dövlət siyasətinə çevrilərsə, onun şəffaf mexanizmi işlənilərsə, bərpa işlərinə əhali də cəlb edilərsə, yuxarıda dediyim soyğunçu məmurlar yurdsevər dövlət adamları ilə əvəzlənərsə, Qarabağ tək mahnılarda qalmaz, real həyatda da cənnətə çevrilər. Pandemiya dövrü başa çatsın, yollar açılsın, Ağdama, Şuşaya getmək imkanı yaransın, mütləq gələcəm. 28 ildir xəyallarda yaşatdığım yerləri gəzəcəm. Çox istərdim, bu səfərdə uşaqlar da mənimlə olsunlar, onlara Qarabağı özüm göstərim. Şərait yaradılsa, Avropa, başqa yerlərdə yaşayan on minlərlə ailə geri dönər. Bu insanlar qürbətdə yiyələndikləri peşələrlə, az-çox qazandıqları ilə vətənə dönərlər. Xanımım deyir ki, yaşamağa imkan yaranarsa, Ağdamdakı məktəbimizi İsveç təhsil üslubunda yaradar, nümunə kimi göstərərdik. O, İsveç məktəbində ibtidai sinif müəlliməsidir. Özüm də bir işin qulpundan yapışa bilərəm. Baxaq, görək...