Rusiya ilə bağlı proseslər isə daha da sürətlənir Rusiya ilə bağlı proseslər isə daha da sürətlənir

Rusiyada inqilabi dəyişiklik ssenarisi işə salına bilər - Politoloq

Rusiya ilə bağlı proseslər isə daha da sürətlənir

Rusiyada inqilabi dəyişiklik ssenarisi işə salına bilər

Qabil Hüseynli: “Rusiyada Putindən sonrakı dövrə hazırlaşmaq məsələsi ortaya çıxır. Putinin ətrafı da onun zəifləməyə başladığını bilir və ona görə də hakimiyyət daxilində hansısa proses gedir. Bu məsələdə ən azından üç tərəf var”

Dünyada geosiyasi proseslər sürətlə dəyişir. Rusiya ilə bağlı proseslər isə daha da sürətlənir. Baş verənlər regionumuzdakı vəziyyətə ciddi təsir göstərə bilər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Reyting.az-a müsahibəsində dünyadakı geosiyasi vəziyyətin Rusiya və İrana mümkün təsirlərindən danışıb.

Politoloq əvvəlcə indi müşahidə olunan proseslərin İran ətrafında hansı vəziyyəti yarada biləcəyi ilə bağlı suala cavab verib:

AzNews.az həmin müsahibəni təqdim edir:

- İranla bağlı əməliyyatlar olsa - halbuki bunun başvermə ehtimalı böyükdür - hesab edirəm ki, bunun region ölkələrinə mənfi təsirləri olmayacaq. Bəli, mənim zənnimcə, belə əməliyyat artıq üfiqdə görünməkdədir. Bu məsələ ABŞ-ı narahat edir, ancaq ondan daha çox İsraili narahat etməyə başlayıb. Özü də İrana qarşı əməliyyat deyərkən, söhbət İranın nüvə silahlarına dair hərbi strukturlarının sıradan çıxarılmasına dair əməliyyatlardan gedir. Zənnimcə, belə bir gərginliyin başvermə ehtimalı kifayət qədər realdır.

- Ancaq fevralın əvvəlindən Pentaqon bölgədə yerləşdirdiyi “USS Nimitz” təyyarədaşıyan gəmisini, bu gəmini müşahidə edən sualtı qayıqları ərazidən geri çəkdiyini elan edib. Eyni zamanda Ağ Evin yeni rəhbəri İranla 5+1 formatında Nüvə Sazişinə qayıda biləcəyinin anonsunu verib...

- Bəli, gəmini geri çəkdilər. Ancaq ABŞ prezidenti Bayden hələlik bölgənin problemləri ilə dərindən tanış deyil. Digər tərəfdən, bəhs olunan gəmi səhv etmirəmsə Aralıq dənizindədir və geriyə qayıtması üçün uzağı 12 saat vaxt lazımdır.

Bayden qeyd edirdi ki, İranın nüvə silahsızlaşdırılmasına dair Altılıq Müqaviləsinə qoşulacaq. Ancaq son kəşfiyyat məlumatlarına görə, İran sürətlə uranı saflaşdırır. Əgər ona uranın 20 faiz saflaşdırmaq haqqı tanınmışdısa, indi uranı 60 faizə qədər saflaşdırır. Uranı saflaşdıran qurğuların sayını və keyfiyyətini artırdığına dair məlumatlar var və bunun da bir qisminin Çindən aldığı qeyd edilir.

İsrail kəşfiyyatının məlumatına görə, əgər İrana müdaxilə edilməsə, bu ölkə yaxın gələcəkdə nüvə döyüş başlıqlarının ilk nümunəsini hazırlaya bilər. Nəzərə alsaq ki, İranın qitələrarsı ballistik raketləri artıq sınaqdan çıxarılıb, deməli, bu, ciddi məsələdir. Məsələn, İranın “Şahab” tipli raketləri 2500 kilometrə qədər hərəkət edə bilir. İran hazırda 5 min kilometrlik məsafəni qət edəcək raketlər üzərində işləyir.

Məncə, deyilənlər ciddidirsə, sözsüz ki, İranla bağlı daha müfəssəl informasiyalar Baydenin qarşısına qoyulub, kəşfiyyat ona ətraflı məlumat verib. Qeyd edilib ki, 5+1 sazişi işlədikdən sonra İran uranın saflaşdırılması prosesi ilə daha sürətlə məşğul olmağa başlayıb. Natanz nüvə mərkəzində daha geniş araşdırmalar aparılır və çox yaxın dövrdə İran nüvə dövlətinə çevrilə bilər. Ola bilsin ki, məhz bu səbəbdən son dövrlər Bayden hökuməti 5+1 razılaşmasına qayıtmaqdan daşınıb.

Əlbəttə, Bayden müharibəyə qoşulmaq barədə İsrailin tez-tez təkrarladığı ritorikaya adekvat cavab vermir. Bu doğru davranışdır. Amma İsrailin Baş naziri Netanyahu da “Görünür İrana qarşı təkbaşına əməliyyatlara başlamalı olacağıq”, - tipli açıqlama verir. Halbuki Netanyahu bilir ki, İrana qarşı əməliyyata başlayan kimi ABŞ ona köməyə gələcək. Əlbəttə, burada ortanı qızışdıran həm də İran rəhbərlərinin fikirləridir.

- Dünyada geosiyasi vəziyyətin sürətlə dəyişməsi, xüsusilə Rusiya məsələsinin gündəmə gətirilməsi şimal qonşumuza hansı təsirlər göstərə bilər?

- Bəli, dünyada geosiyasi proseslər sürətlə dəyişir. Xüsusilə, bu gün Rusiya ətrafında geosiyasi proseslərin aktivləşməsi, daxildən və xaricdən təzyiqlər regionumuzdakı vəziyyətə ciddi təsir göstərə bilər. Mən müsbət təsirləri nəzərdə tuturam və mənfi heç nə gözləmirəm.

- Rusiya ilə bağlı hansı ssenarilər işə salına bilər?

- Bəlli ssenari var. Bu ssenari əhalinin inqilabi dəyişiklik ideyalarına köklənməsidir.

Qeyd edim ki, Rusiyada əhalinin 70-75 faizi dəyişiklik arzulayır, Putinin hakimiyyətdən getməsini, demokratik dəyişiklik, sürətli silahlanmaya qarşıdır. Yəni, həm də hərbi xərclərin azaldılmasını istəyirlər. Məncə, Aleksey Navalnı bu məsələdə bəhanədir.

Bu gün Navalnının həbsi əsassızdır, buna etiraz olaraq insanlar küçəyə çıxır və həbs edilməkdən də qorxmurlar. Təsəvvür edin ki, qəfildən baş verən hadisələr Rusiyanın yüzə qədər şəhərini əhatə edir.

Məsələnin maraqlı tərəfi odur ki, bu prosesə başçılıq edən, ona istiqamət verən siyasi təşkilat, avanqard yoxdur. Aleksey Navalnının Anti-korrupsiya təşkilatı isə bu işlərin öhdəsindən gələcək potensiala malik deyil. Yəni xalqın siyasi şüuru və aktivliyi kifayət qədərdir. Bu məsələnin bir tərəfidir.

İkinci tərəfinə gəldikdə, mən ABŞ-ın etdiklərinə bəraət qazandırmaq istəmirəm. ABŞ-da Bayden millətçi şüarlarla çıxış edir və bildirir ki, ABŞ-ın əvvəlki gücünü geriyə qaytaracaq və bu yolda əsas əngəl olan Rusiyanı da vurub sıradan çıxaracaq. Baydenin fikrincə, Çin hərbi baxımdan o qədər də qüdrətli deyil, onunla iqtisadi sahədə əməkdaşlıq edib rəqabətdə onu üstələmək olar. Amma Rusiya sürətlə silahlanmaya start verir və onun qarşısı indi alınmasa gələcəkdə almaq çox çətin olacaq.

Əlbəttə, Vladimir Putin uzun müddətdir ki, Rusiyaya rəhbərlik edir və Putindən sonrakı dövrə hazırlaşmaq məsələsi də ortaya çıxır. Bəzən Putinin səhhəti ilə bağlı fikirlər də səslənir. Putinin ətrafı da onun zəifləməyə başladığını bilir və ona görə də hakimiyyət daxilində hansısa proses gedir. Bu məsələdə ən azından üç tərəf var.

- Söhbət hansı qruplaşmalardan, tərəflərdən gedir?

- Xarici işlər naziri Sergey Lavrov bu qanadlardan birində təmsil olunur. Bəzən görürsən ki, Vladimir Putin bir cür, amma Lavrov tamam başqa cür bəyanat verir. Əlbəttə, bu, Putinin gücünün zəifləməsi ilə yanaşı yaxın ətrafının hakimiyyət uğrunda mübarizəyə girişməsini göstərir.

Müdafiə naziri Sergey Şoyqu Putinə sadiqdir, amma həm də yatmış rolunu gözləyir. Hərbi-sənaye kompleksi də onun nəzarətindədir.

Təhlükəsizlik Şurasında Patrışev var. Amma müavini Dmitri Medvedev ondan daha üstün mövqelərə malikdir və zənnimcə, bu da Putinin istəyindən doğub. Düşünürəm ki, Medvedev də hakimiyyət iddiasındadır.

Siyasi təhlilçilər də açıq qeyd edirlər ki, Vladimir Putinin hakimiyyəti oliqarxların və inhisarçıların hakimiyyətidir.

Qərb elə bilir ki, Aleksey Navalnının vasitəsilə Rusiyada demokratik düzən yarada bilər. Amma bu çətin, bəlkə də mümkünsüzdür.

- Hansı səbəblərdən mümkünsüz hesab edirsiniz?

- Əvvəla Rusiyada demokratiyanın hakimiyyətə gəlməsi çox çətin məsələdir. Hakimiyyəti Putinə bənzər və yaxud Putinin ətrafındakılardan daha güclüsünün götürərək yağlı vədlərlə xalqı aldadıb hakimiyyəti əldə saxlaması daha real görünür. Rusiya demokratik dəyişikliklər üçün çox böyükdür. Belə böyük ərazidə demokratik, siyasi, hətta iqtisadi islahatlar aparmaq çətindir. Əlbəttə, iqtisadi islahatlar aparmaq olar, amma siyasi islahatlar mümkün görünmür. Bir balaca mərkəzi hakimiyyət yerli hakimiyyətlərə demokratik hüquqlar verdikdən sonra sürətlə mərkəzdənqaçma meylləri ortaya çıxa bilər.

Üstəlik, Uraldan o tərəf çinli miqrantların və koreyalı mühacirlərin təsiri altındadır. Müəyyən dövrdən sonra Uzaq Şərqi imiqrantlardan qoruyub saxlamaq çətin olacaq.

- Rusiyada hakimiyyət dəyişikliyi hansı variantlar əsasında baş tuta bilər?

- Bir neçə variant haqqında fərziyyə irəli sürmək mümkündür. Məncə, hərbi variant haqqında ən sonda danışmaq lazımdır. Yəni bu, son amil kimi götürülə bilər.

Saray çevrilişini də birinci sırada hallandırmaq real olmazdı.

Ən populyar variantı Vladimir Putinin özünə sələfini seçməsi olacaq. Həmin fiqurun Putinə nə dərəcədə sadiq və ya uğurlu seçim olacağını söyləmək çətindir.

Məsələn, Boris Yeltsin Putini sələfi seçdi. Amma Yeltsinlə bağlı xatirələrdə qeyd edilir ki, sabiq prezident siyasilərdən biri ilə söhbət zamanı Putini hakimiyyətə gətirdiyi üçün peşman olduğunu, Rusiyanı demokratik dövlətə çevirə bilməyəcəyini söyləyib. Ancaq variantların heç birinə ehkam kimi baxmaq doğru olmazdı. Məncə, dəyişən şərait bu ehkamları dəyişdirə, onlara yeni məzmun və forma verə bilər.

Rusiya elə nəhəng ölkədir ki, orada siyasi proseslər mürəkkəbdir və onun necə cəryan etməsi ani dəyişikliklə də başlaya bilər. Yəni bu məsələdə xarici təsirlərin də rol oynaması mümkündür. Daha çox Avropa, ABŞ və İngiltərə Rusiyanı daima rəqib və düşmən hesab edirlər.