"O tapşırıq hələ də yerinə yetirilməyib" - Arif ƏLİYEV

"Heydər Əliyevin vaxtında tətbiqinə moratorium qoyulmuşdu, amma sonradan..."

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, komitə yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək. O bildirib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərdəki problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürsə də, bununla bağlı qanun layihəsi indiyə qədər parlamentdə müzakirəyə çıxarılmayıb. Bəs Azərbaycan diffamasiya ilə bağlı öhdəlikləri niyə yerinə yetirmir? “Toplum TV” bu və digər suallara aydınlıq gətirmək üçün Bakı Mətbuat Klubunun Arif Əliyevə müraciət edib. AzNews.az onunla müsahibəni qısa ixtisarla təqdim edir:

- Milli Məclisin İnsan hüquqları komitəsi bildirib ki, yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil ediləcək. Bəs indi məsələni gündəmə gətirməkdə məqsəd nədir?

- Prinsipcə, bu çoxdan həll olunmalı bir məsələ idi. İndiki vəziyyətdə “feyk" məlumatlarla bağlı bu mövzu xeyli aktuallaşıb. “Feyk”lərin artması, texnoloji cəhətdən mürəkkəbləşməsi bir çox ölkələri bu məsələlərə qayıtmağa məcbur edib. Bu çoxdan yetişmiş bir məsələdir, çünki diffamasiyaya aid olan bir sıra anlayışların bizdə dəqiq izahı yoxdur. Ona görə də məhkəmələr bəzən çox absurd qərarlar çıxarırlar. Diffamasiya məsələsi Azərbaycanın illər əvvəl qəbul olunmuş dövlət sənədində də öz əksini tapmışdı ki, il ərzində qəbul olunsun, amma o tapşırıq hələ də yerinə yetirilməyib. Halbuki bu, media azadlığına aid olan məsələdir.

- Demək olar ki, həbs olunan jurnalistlərin əksəriyyəti Cinayət Məcəlləsinin heç də şərəf və ləyaqətin alçaldılması maddələri ilə deyil, daha çox xuliqanlıq, terrorizmə cəhd, rüşvətalma, narkotik maddə gəzdirmə kimi maddələrlə həbs ediliblər. Belə olan halda, bu qanunun qəbul edilməsinin əhəmiyyəti qalırmı?

- Qalır. Birincisi, indiyədək qanunvericilikdə qalan sərt cəzalar və məhdudiyyətlər jurnalistlərə psixoloji təsir göstərir. İkincisi, istənilən halda qanunvericiliyimizi beynəlxalq standartlara, imzaladığımız sənədlərə uyğunlaşdırmalıyıq. Üçüncüsü, bu bir az yanlış təsəvvürdür ki, Azərbaycanda diffamasiya ilə bağlı cinayət cəzası tətbiq olunmur. Bir ara, doğrudur, Heydər Əliyevin vaxtında tətbiqinə moratorium qoyulmuşdu, amma sonradan məhkəmələr bunu tətbiq etməyə başladı. Hər il monitorinq həyata keçirən təşkilatlar var, onların nəticələri göstərir ki, cinayət qaydasında jurnalistlərə qarşı işlərin qaldırılması praktikası məhkmələrdə davam edir. Bir sıra hallarda cinayət qaydasında şərti cəzalar kəsilir. Bəli, biz həbsdə olan jurnalistlərin digər maddələrlə cəzalandırıldığını görürük, amma bununla bağlı bizim görmədiyimiz bir hissə də var.

- Qanunun qəbulu üçün öncəliklə ölkədə münbit şərait yaradılmalı deyilmi? Məsələn, Cinayət Məcəllsinin 323.1.maddəsinə görə, kütləvi informasiya vasitələrində prezidentinin şərəf və layaqətini alçaltmaq, hətta azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsi bu cəzanı qəbuledilməz hesab edib.

- Şərait dedikdə nəyi nəzərdə tutursunuz?

- Yəni deyirəm ki, məsələni kökündən həll etmək lazım deyilmi?

- Köklü həll etmək üçün qanunvericiliyə nəzər salmaq lazımdır. "Diffamasiya haqqında" Qanun ayrıca qəbul olunarsa, bu daha yaxşı variantdır. Amma mövcud qanunvericiliyə əlavə dəyişikliklərin edilməsi də nəzərdə tutula bilər. Cinayət və mülki məcəllələrə, media haqqında digər qanunlara kompleks yanaşmaq lazım olacaq. Əgər söhbət cəmiyyətin hazır olmamasından gedirsə, bu, bir qədər ciddi yanaşma deyil. Dediyim kimi, başqa ölkələrin də təcrübəsi var. Məsələn, Gürcüstanı, Ukraynanı götürək, statistika göstərir ki, cinayət məsuliyyəti aradan qaldırıldıqdan sonra heç də diffamasiya hallarının sayı artmayıb. Bunlar hamsı boş söhbətlərdir.

- Mən cəmiyyəti yox, hakimiyyəti nəzərdə tuturdum.

- Hakimiyyəti, əlbəttə, buna hazırlamaq lazımdır. Ümumi bir prinsip var: sən nə qədər yüksək vəzifə tutursansa, bir o qədər də dözümlü yanaşmalısan, tənqidə açıq olmalısan. Bizdə əksinədir - ən yüksək vəzifəni daha ciddi qoruyurlar. Prezidentin diffamasiyadan müdafiəsi üçün xüsusi cəza növləri və ayrıca bəndlər nəzərdə tutulub. Xüsusilə bir şeyi nəzərə alaq, mənim yadıma gəlmir ki, dediyiniz maddələr tətbiq olunsun. Yaxşı, bu onsuz da tətbiq olunmursa, sən niyə bu ölü maddələri qanunvericilikdə saxlayırsan? Niyə həm psixoloji təsir baxımından mənfi bir mühit yaradırsan, həm də hesabatdan-hesabata Azərbaycana qarşı əlavə ittihamlar irəli sürülməsinə əsas yaradırsan?

AzNews.az