Milli Məclisin deputatı: “Minsk Qrupunun erməniləri dəstəkləyən siyasəti iflasa uğrayıb’ Milli Məclisin deputatı: “Minsk Qrupunun erməniləri dəstəkləyən siyasəti iflasa uğrayıb’

“Onlar ağ rəngdə “kraskalanmış” göyərçinlərdir “- Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ

Milli Məclisin deputatı: “Minsk Qrupunun erməniləri dəstəkləyən siyasəti iflasa uğrayıb’

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın AzNews.az analitik- informasiya portalına müsahibəsi:

- Xoş gördük Sizi Fazil bəy, söhbətimizə Qarabağ müharibəsindən sonra qazanılan qələbəyə həsr edilmiş Hərbi Qənimətlər Parkından başlamaq istərdik. Bu ideyanı dəstəkləyənlərdən biri də Sizsiniz...

- Parkın yaradılması ilk növbədə düşmənin ifşa olunması baxımından vacib hadisədir. Çünki, Ermənistan 30 ildən artıq idi ki, torpaqlarımızı işğal altında saxlayıb. Düşünürəm ki, onların nə qədər barbar anlayışa sahib oluqlarını göstərmək üçün parkın yaradılmasının böyük əhəmiyyəti var.

- Həmin parkda olumusunuzmu? Sizcə, park gənc nəslə hansı tərbiyəsinə hansı töhfələr verəcək?

- Mən bəzi səbəblərdən dolayı hələ parkda olmamışam. Yaxın günlərdə mütləq gedib görəcəyəm. Bu park Azərbaycan əsgərinin şücaətinin, onların göstərdikləri qəhrəmanlın nəticəsidir. Necə bir mənfur düşmənlə üz- üz gəlməyimizi göstərmək baxımından çox vacibdir. Digər tərəfdən yanaşsaq, deyə bilərik ki, bu, Azərbaycanın qələbəsinin həm də siyasi baxımdan təbliğatıdır. İnsanlar bura gəlməklə yaddaşları təzələyir. Unutmamalıyıq ki, hansı çəinliklərlə torpaqlarımız düşmənlərdən azad edilib.

- Parkın yaradılmasına, xüsusən də dəbilqələrin asılıb, nümayiş etdirilməsinə etirazlarını bildirənlər də oldu...

- Qeyd edim ki, bununla bağlı ayrıca yazı təqdim etmişik. Etiraz edən insanların, sadəcə, hansı ölkədə yaşadığı, hansı dəyərləri daşıdığını hələ də öyrənə bilmirik. Onlar sanki 30 ildir torpaqlarının işğal altında olunmasını, şəhərlərimizin xarabalığa çevrilməsini, Xocalı hadisəsini görməyiblər, Zori Balayanın iyrənc əməlini əks etdirən yazısını oxumayıblar. Belə şəxslər azərbaycanlılıq duyğusunu, Vətən anlayışını itiriblər. Başa düşə bilmirəm, onlar düşmən dəbilqələrinin nümayiş etdirilməsinə niyə etiraz edirlər ki?

- Ümumiyyətlə, maraqlıdır, hərbi qənimətlərin nümayişi zamanı hansısa şərtlər mövcuddurmu?

- Müharibədən qalib çıxmış ölkələr hərbi sürsatları, ələ keçirdiyi qənimətləri sırasında dəbilqələri, bayraqları nümayiş etdirir. Buna etirazını bildirən insanlar, əslində, ağ rənglə “kraskalanmış” göyərçinlərdir. Hətta, “sülhə” aid olmayan insanlardır. Elə şəxslər Azərbaycanın maraqlarını tapdalamaq, xaricdən təqdir qazanmaqçün belə addımlara əl atırlar. Bildirim ki, belə şəxslər tək bu məsələ ilə bağlı deyil, həmçinin feminizm və digər məsələlərlə bağlı da öz mövqelərini bu cür göstərirlər. Onlar böyük deyil, kiçik qruplarda cəmləşir və sosial şəkələrdə bu tip müzakirələr qaldırmağa çalışırlar. Hesab edirəm ki, belə fikirlər olduqca gülünc səslənir. Azərbaycan itkilər verərək düşmənə qalib gəlib. Hesab edirəm ki, möhtəşəm qələbə qazanmağımızı hər kəsə göstərməliyik.

- Son günlərin ən mühüm hadisələri sırasına ATƏT-in Minsk Qrupunun məlum bəyanatı daxil oldu. Bu gün ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza bildirib ki, Azərbaycan Fransanı, Ermənistan isə Azərbaycan təklif etdiyi Türkiyəni Minsk Qrupunda görmək istəmir. Fikrinizcə, bu Qrupa gələcəkdə hansısa yeni ölkələr daxil ola bilərmi?

- Fikirləşirəm ki, bu məsələdə birinci növbədə Fransanın qrupdan uzaqlaşdırılması vacibdir. Çünki, Fransanın atdığı addımlar qərəzlidir və ermənipərəst mövqenin təzahürüdür. Buna görə düşünürəm ki, qrupda Fransanın öz neytrallığını saxlaması mümkün deyil, o, tərəfini bəlli edib. Təbii ki, qrupa Türkiyənin daxil olması daha yaxşı olar. Əslində isə, deyim ki, ATƏT-in Minsk Qrupunun missiyası artıq yekunlaşmaq üzrədir. Qrup Qarabağ məsələsində Ermənistanın maraqlarını kifayət qədər qorudu. Lakin, Ermənistanın maraqlarını əks etdirən həmin maraqlar Azərbaycanın güclü siyasəti və ordusu tərəfindən alt- üst edildi. Ölkəmiz üçün Minsk Qrupuna daha hansısa bir ölkənin daxil olacağı elə də əhəmiyyət kəsb etmir. Həmin Qrupa dəyər verən, sayan kimdir ki? Biz öz torpaqlarımızı qorumuşuq, azad etmişiksə, artıq Minsk Qrupunun buraya səyahətə gəlməsinin heç bir mənası yoxdur.

- Bəs, sözügedən qurumun bundan sonrakı mövqeyi nəyə təsir edə bilər?

- Minsk Qrupu tərəfindən irəli sürüləcək yeni bir variant yoxdur. Sadəcə, onlar Ermənistanın maraqlarını qorumaq üçün hansısa fantaziyalar ortaya qoya bilərlər. Qayda və qanunlar isə Azərbaycan tərəfindən müəyyən olunur və ermənilər də həmin qaydalara tabe olmalıdırlar. Olmasalar, yenidən Azərbaycanın ermənilərə qarşı ciddi tədbirlər görmək haqqı yaranır. Bu baxımdan da Minsk Qrupu sözügedən məsələdə tövsiyyədən başqa, hansısa fikir mübadiləsi apara, görüş təşkil edə, müəyyən formatda və formada irəli gedə bilməz. Artıq Minsk Qrupunun erməniləri dəstəkləyən siyasətləri iflasa uğrayıb. Açıq deyim ki, bundan sonra da sözügedən qurumun Ermənistanı dəstəklməsi heç bir məna daşımayacaq. Bu gün bölgədə söz sahibi Azərbaycandır və ölkəmiz nəyi diktə etsə, bu da olacaq.

- Ötən günlərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri oldu. Bu səfərdən sonra o Rusiya prezidenti Putin və Ermənistan rəbərliyi ilə danışıb. Sizcə, Lukaşenko Bakıdan hansı missiya ilə qayıdıb?

- Bunun barəsində dəqiqliklə fikir söyləmək çətindir, amma deyə bilərik ki, bütövlükdə bu səfər Azərbaycana dəstək xarakterli addım idi. Belarusiyanın ağır vaxtında Azərbaycan həmişə bu ölkəyə dəstək verib. Belarus prezidenti Aleksandr Lukaşenko ilə ölkə prezidenti, cənab İlham Əliyev arasında çox yaxın, səmimi münasibətlər var. Ona görə də Lukaşenko müharibdən sonra Azərbaycanın atdığı addımlara dəstək vermək və həmçinin iki ölkə arasında münasibətləri inkişaf etdirmək baxımından buraya rəsmi səfər etdi.

- İyun ayının 20- də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Parlamentdə aparıcı qüvvə olmaq və hökümət formalaşdırmaq üçün “50+1” faiz səs qazanmaq lazımdır. Necə düşünürsünüz, qarşıda Paşinyanı hansı surprizlər gözləyir?

- Ermənistanda sürprizlər hər zaman gözləniləndir. Orada koalisyon hökümətin qurulması ehtimalı daha böyükdür. Çünki, “Mənim addımım” fraksiyası parlamentdə müəyyən itkilərə məruz qaldı. Bu dəfə də çox ehtimal faiz itkilərinə məruz qalacaq. Müharibədən sonrakı əhval- ruhiyyə bunu göstərir. Müəyyən siyasi böhranlar yaşanacaq. Biz yalnız Üçtərəfli Bəyanatda nəzərdə tutulan bəndlərin reallaşmasını tələb edirik. Düşünürəm ki, daha sərt addımlara əl atmalıyıq. Tərəflərin prosesi uzatması bizi maraqlandırmamalıdır.

- Sizcə, Azərbaycanın mesajları Ermənistandakı seçki atmosferinə necə təsir edir?

- Azərbaycanla olan münasibətlər və Azərbaycanın davranışları məlum ölkənin bəzi məsələlərində həlledici rol oynayacağı aydın görünür.

- Yəqin ki, izlədiniz, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfər etdi. Onun Moskvada yaşayan erməni hüquqşunaslarla qapalı görüşdən səs yazısı yayıldı. Səs yazısında o Azərbaycanla kommunikasiyaların açılmasına, yəni Azərbaycanın Naxçıvana yolunu açılmasına Ermənistanın maraqlı olduğunu bildirib. Maraqlıdır, Ermənistanda ağıl qalib gələcək, yoxsa revanşizm?

- Hər halda, Ermənistanda rasional düşüncə yerini tutmalıdır. Çünki, revanşist düşüncənin nə qədər faciə yaşatdığı ortadadır. Paşinyanın açıqlaması bəyanata yaxın olan açıqlamalardır. Əgər bunu gerçəkləşdirməsə, həm Ermənistanın maraqlarını pis vəziyyətə qoyacaqdır, həm də imzasına hörmət etməyən dövlət başçısı kimi tarixə düşəcək. Ona görə də, bu məsələdə onun cəmiyyətlə arasında psixoloji kompleksləri ar. Biz çalışmalıyıq ki, daha rahat yolla, az konfliktlə kommunikasiya xəttlərinın açılması gerçəkləşsin. Paşinyan, əslində, bunu dilə gətirir, amma reallaşdırmağa gücü çatıb- çatmayacağını zaman göstərəcək.

- Kommunikasiyaların açılması iqtisadi baxımdan Ermənistanı gücləndirəcək, bu, Azərbaycana lazımdırmı?

- Zəngəzur dəhlizinin açılması ümumilikdə Azərbaycanın kommunikasiya qovşağı üzərində olan ölkə kimi fəaliyyət göstərməsinə imkan yaradacaq. Azərbaycan Türkiyə və İranla əlaqələrini daha da genişləndirə biləcək. Bu həm də Ermənistanın Rusiya və İranla əlaqələri baxımından xeyrinədir.

- Bəs, Ermənistanın iqtisadi güc toplayıb yenidən Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi ehtimalı yoxdurmu?

- Ermənistan indiki vəziyyətdə bunu etmək gücünə sahib deyil. Ermənistan idiyədək bu cür addımları hansısa dövlətlər hesabına atıb. Hazırda regionda Azərbaycan güc sahibidir və Ermənistanın özbaşına belə bir addım atması inandırıcı deyil.

Şəlalə BABAYEVA,

AzNews.az