Konfliktoloq: "Ermənilər Paşinyanı Koçaryan və Sarkisyanla dəyişmək istəmirlər" Konfliktoloq: "Ermənilər Paşinyanı Koçaryan və Sarkisyanla dəyişmək istəmirlər"

"Ermənistanda yeni siyasi qüvvə yoxdur" - Əvəz Həsənov

Konfliktoloq: "Ermənilər Paşinyanı Koçaryan və Sarkisyanla dəyişmək istəmirlər"

Bu günlərdə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə əsasən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyası - 55,66% , R. Koçaryanın "Ermənistan" bloku - 20% ,S. Sarkisyanın "Şərəfim" bloku - 5,28% Q. Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası - 4,33% səs toplayıb.

Ermənistandakı seçki prosesi və Ermənistanın bundan sonrakı siyasəti ilə bağlı konfliktoloq Əvəz Həsənov AzNews.az analitik-informasiya portalına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 55,66 %-ni toplamaqla qalib gəlib. N. Paşinyanın qələbə qazanmasının səbəbi nədir? Ermənilər niyə Paşinyanı dəstəklədilər?

- Seçkidə Paşinyanın qalib gəlməsinin bir neçə səbəbi var. İlk səbəb Ermənistan cəmiyyətinin müharibədən və uzun müddət miflərlə yaşamaqdan yorulmasıdır. İkinci səbəb Paşinyanın seçki texnologiyasını çox yaxşı bilməsidir. Bəlli oldu ki, Paşinyan çox yaxşı seçki kampaniyası aparmağı bacarır. Üçüncü səbəb ondan ibarətdir ki, Paşinyanın əlində hakimiyyət resursu var. O çox rahatlıqla regionlarda və şəhər mərkəzində seçki prosesini təşkil edə bildi. Erməni cəmiyyətinin Koçaryan və Sarkisyan blokuna nifrəti də Paşinyanı qələbəyə aparan səbəbdir. Baxmayaraq ki, ermənilər Koçaryana 20% səs veriblər, ancaq hər iki keçmiş prezidenti korrupsiyada və ölkədə korrupsion bir rejim qurmaqda günahlandırırlar. Ermənilər onların heç cür hakimiyyətə qayıtmasını istəmirdirlər.

- Paşinyana qələbə qazandıran səslər onun lehinə verilmiş səslərdir, yoxsa Koçaryan və Sarkisyanın əleyhinə verilmiş səslərdir?

- Təbii ki, Paşinyana verilən səsin 10-15 % - i etiraz səsləridir. Koçaryanla Sarkisyanı hakimiyyətdə görməmək üçün verilən səslərdir. Qalan səslər əsasən yorğun, əldən düşmüş, gücsüz hala gətirilmiş, iqtisadi cəhətdən zəif Ermənistan əhalisinin səsidir. Ancaq Paşinyan öz təbii səsləri ilə də parlamentdə çoxluğu formalaşdıra bilərdi. Əgər biz Koçaryanın auditoriyasında baxsaq, onların əsasən oliqarxlar, keçmiş məmurlar, biznesmenlər və Paşinyan hakimiyyəti tərəfindən vurulan insanlar olduğunu görə bilərik. Onlar heç bir halda Paşinyana səs vermək fikrində deyildilər.

- Bəs Koçaryan və Sarkisyana verilən səsləri necə, Paşinyana etiraz olaraq verilmiş səslər hesab etmək olar?

- Paşinyanın əleyhdarlarının Koçaryan və Sarkisyana səs verdiklərini düşünmək tam doğru olmazdı. Burada kiçik partiyalar və başqa bloklar var idi. Paşinyana səs vermək istəməyənlər məhz o kiçik partiyalara səs verirdilər. Bu partiyaların isə parlamentə düşmək şansı çox az idi. Paşinyanın ətrafından çıxan yeni siyasi partiyalar, bloklar yaranmışdı. Onlar heç də ağılsız, şanssız insanlar deyildilər. Vaxtilə Paşinyanla bir yerdə olmuş, siyasi müttəfiqlər, vətəndaş cəmiyyətinin nümayəndələri, mətbuat nümayəndələri , ekspertlər həmin partiyalarda idi. Bu namizədlər Paşinyanın əleyhdarları üçün alternativ idilər. Onlar Koçaryan və Sarkisyana səs vermək fikrinə deyildilər.

- Paşinyanın mövcud səsləri ona hökumət qurmağa yetərlidirmi?

- Paşinyan rahatlıqla hökumət qura bilər. Çünki çoxluq Paşinyanın tərəfindədir. Bir neçə faiz səs çatışmazlığı var. Mənə elə gəlir ki, bu Paşinyan üçün ciddi problem deyil. Artıq rəqiblərinə də müraciət etdi ki, yaxın zamanda hakimiyyəti formalaşdırıb işə başlayacaq. Biz görürük ki, qərb mediası da Paşinyanın qələbə qazanmasından məmnundur. Ermənistan cəmiyyətində də müharibə çağırışları ilə onları sınağa çəkən Koçaryan və Sarkisyandan qurtulmaq əhval-ruhiyyəsi var. Bu səbəblərdən Paşinyanın rahatlıqla parlamentdə öz hakimiyyətini qura biləcəyini demək mümkündür.

- Rusiya mətbuatı faktiki olaraq Koçaryanın təbliğatını aparırdı. Sizcə, bunun səbəbi nədir?

- Koçaryanın təbliğatını aparan Rusiya mətbuatının böyük əksəriyyəti erməni əsilli media nümayəndələridir. Koçaryanın təbliğatı əsasən onların mənsub olduğu media qurumlarında aparılırdı.

Rusiya Koçaryanın hakimiyyətə gəlməsində maraqlı idi. Çünki o Rusiya meyilli siyasət yürüdəcəkdi. Ancaq bəlli olan o idi ki, Koçaryan uzun müddət Ermənistanın siyasətindən uzaqlaşmışdı. Ona məxsus olan məmur ordusu və onun əlində olan media qurumları Koçaryanın təbliğatını apardıqca bu sadə insanların qıcığına səbəb olurdu. Koçaryanın seçilməsi kasıb əhali üçün bir daha o bəlalara qayıtmaq hesab edilirdi. Ancaq Rusiya mətbuatının təbliğatı burada bir rol oynana bilmədi.

- Bundan sonra Ermənistanı nə gözləyir? Qarşıdurma dərinləşəcək, yoxsa sabitlik hökm sürəcək?

- Koçaryan seçkinin nəticələrini tanımır. Bu, Paşinyana qarşı etirazları artıracaq. Çünki artıq onun əlində parlament fraksiyası, mandat var. Bu, ona vaxtilə yığdığı pulları siyasətə transfer etmək imkan verəcək. Koçaryan Paşinyana qarşı problemlərin yaradılmasına böyük təkan olacaq. Eyni zamanda bu keçmiş oliqarxların da yenidən hakimiyyətə gəlməsi üçün bir şans olacaq. Keçmiş oliqarxlar da çalışacaqlar ki, Koçaryanın təsir dairəsinin artmasına xidmət etsinlər.

Fikrimcə, Ermənistanda ciddi qarşıdurma gözlənilmir. Çünki Paşinyan müharibə ərəfəsində islahatların keçirilməsi barədə elan vermişdi. Bu elanın əsasında o dururdu ki, Koçaryan qarşıdurma yaradarsa, ona öncədən mesaj versin.

Ermənistan cəmiyyətində Koçaryanın reytinqi aşağı olduğu üçün eks prezidentin uzunmüddətli küçə mübarizəsi, mitinq mübarizəsi aparmaq şansı çox azdır. O, təxminən 17 deputatla parlamentdə oturacaq və polemikalı parlament aparacaq və Paşinyana parlament müzakirələrində ciddi problem yaratmaq istəyəcək.

- İrəvandakı səsvermənin nəticələri kimin lehinə olub?

- İrəvanda səslər tam Paşinyanın lehinə deyildi, qarışıq idi. Bəzi regionlarda Paşinyanın üstünlüyü açıq- aydın görsənirdi. Xüsusən Azərbaycanla cəbhə bölgəsinə yaxın kəndlərdə, rayonlarda səslər qarışıq idi. Ancaq Ermənistanın mərkəzində, Türkiyə və Gürcüstanla sərhəd bölgələrdə əhalinin çoxunun Paşinyanı dəstəklədiyini görürük.

Bu daha çox stabil hakimiyyətin yaranmasını və Ermənistanın müharibəyə cəlb olunmasını təşviq edən siyasətçilərin yanında olmadığını göstərir.

- Bəs Zəngəzurda necə?

- Zəngəzur və Tavuş rayonlarında Paşinyanın reytinqi o qədər də güclü deyildi. Ancaq Koçaryan da buradan yüksək səs toplaya bilməyib. O bölgədə də insanlar Paşinyanı gücsüzlükdə ittiham edirdilər. Hətta ona məğlubiyyət gətirən siyasətinə görə nifrət edirdilər. Ancaq Koçaryanın yenidən müharibə xülyaları ilə qarışıqlıq yaratmaq təkliflərinə də qarşı idilər. Yenidən revanşist çıxışları ilə insanları bezdirdiyi üçün orada səsləri də fərqli olub. Bəzi yerlərdə Paşinyanın, bəzi yerlərdə isə Koçaryanın üstünlük qazandığını görmək olur.

- Bu seçkilər 10 Noyabr bəyannaməsinin şərtlərinin yerinə yetirilməsinə necə təsir edəcək?

- Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq Rusiya 10 Noyabr bəyannaməsinin icrası üçün çalışacaq. Paşinyanın o sənəddə imzası olduğu üçün Rusiya onunla bundan sonra da sənədin icrası üçün dil tapacaq. Paşinyan seçki günü öz qərargahında, öz seçiciləri qarşısında Rusiya prezidentinə minnətdarlıq bildirdi. Bu onu göstərir ki, Paşinyan Rusiyanın çoxvektorlu siyasi kursunu yaddan çıxarmır. Başa düşür ki, Rusiyanın bu bölgədə təsir dairəsi nə qədərdir. Seçkilər Bəyannamənin icrasına ciddi təsir etməyəcək. Əksinə, Ermənistanda müstəqil ekspertlər Zəngəzur dəhlizinin açılışı üçün arqumentlər irəli sürürlər. Cəmiyyəti inandırmağa çalışırlar ki, Zəngəzur dəhlizi açılarsa, Ermənistanın iqtisadiyyatına da kömək edə bilər. Paşinyan çalışacaq ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan cəmiyyəti maneə olmasın.

- Ermənistanda belə çağırışlar səslənir ki, Paşinyanın komandasına alternativ müxalifətçilər öz mandatlarından imtina etsinlər və parlamentə getməsinlər. Buna nəzərən, Ermənistanda seçkinin yenidən keçirilməsi gözləniləndirmi?

- Ermənistan parlamentində çoxluğun Paşinyanın tərəfində olması, bəzi müxalifətçilərin etirazlarının qarşısını alacaq. Mandatdan imtina etməyə çağıran müxalifətçilər ikinci dəfə seçki keçiriləcəyi halda belə, indiki səslərindən çox səs toplaya bilməyəcəklər. Ermənistan cəmiyyəti də indiki ağır durumunda ikinci dəfə seçkiyə getmək təşəbbüsünü dəstəkləməyəcək. Məncə, bunu siyasətçilər də anlaylrlar. Ermənistanda yeni siyasi qüvvə yoxdur. Əgər daha perspektivli siyasi qüvvə olsaydı, təbii ki, Ermənistan cəmiyyəti ikinci seçkilərin keçirilməsi fikrini dəstəkləyərdi. Seçki keçiriləcəksə, yenə həmin bloklar, partiyalar arasında olacaq. Kiçik partiyalar isə vəziyyəti dəyişmək gücünə malik deyillər. Ən pis namizəd Paşinyan olsa belə, Ermənistan cəmiyyətinin onu yenidən Koçaryan və Sarkisyanla dəyişməyə həvəsi yoxdur. Onların Ermənistan cəmiyyətinə təsir edərək seçkilərin yenidən keçirilməsini iddia etmələrinin ciddi bir əsası yoxdur. İnanmıram ki, Ermənistan cəmiyyəti bunu edə bilsin.

Şəbnəm Zahir

AzNews.az