Azərbaycana qarşı təxribatlarla mübarizə yalnız dövlətin işi deyil - Fazil Mustafa ilə MÜSAHİBƏ

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda iki ay əvvəl terror hücumuna məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa da iştirak etdi.

AzNews.az olaraq ictimaiyyəti maraqlandıran sualları Fazil bəyə ünvanladıq:

- Fazil bəy, ötən iki ay necə keçdi? Bir müddət cəmiyyət arasında görünmədikdən sonra dünən kitabınızın təqdimatı həyata keçirildi, bu gün isə Milli Məclisin plenar iclasında iştirak etdiniz. Təəsüratlarınızı bizimlə bölüşərsinizmi?

- İki ay bir siyasətçi üçün az müddət deyil. Təbii ki, bu müddət bütün proseslərdən kənarda qalmaq özü müəyyən dərəcədə yarımçıq məsələlərin qalmasına səbəb olur. Amma talehdə belə bir şey var ki, bəzən planlaşdırmadığın hadisələr baş verir. Bu hadisələrin içində hansısa bir həbsxana həyatı da ola bilər, sui-qəsd cəhdi də, başqa məsələlər də. Ona görə də bunların hamısına hazırlıqlı olmaq lazımdır. Hər halda iki ay boş keçmədi. Əvvəla yeni kitabımı hazırladım, sonra ictimai-siyasi həyatın müxtəlif sahələri ilə bağlı müəyyən televiziya quruluşları ilə ən azı telefon vasitəsilə əlaqələrim oldu, şərhlərim getdi və həm də bir sıra sağlamlıq problemləri ilə məşğul oldum. Hesab edirəm ki, bu müddəti səmərəli keçirmiş oldum.

- Hücumdan sonra təhdid xarakterli mesajlar almağa davam etdinizmi? Buradan hücumun təşkilatçılarına nə demək istərdiniz?

- Hücumdan sonra hərhansı bir təhdid mesajı almadım. Düzdür, müəyyən sosial şəbəkələrdə hansısa səviyyəsiz yaxud da məqsədyönlü şəkildə şəxsimizi hədəf alan çıxışlar, yazılar oldu. Bu da sırf erməni-fars düşmən sektorundan gözlənilən addımlar idi. Onların təsiri altında vətənini satmağa hazır olan qüvvələrin də bu istiqamətdə çalışmaları var idi. Bu şəbəkə bütövlükdə Azərbaycana nifrət edən şəbəkədir. Onlar Azərbaycana başqa ölkənin maraqlarını əsas götürərək hər an zərbə vurmağa hazır olan güclərdir. Azərbaycan dövlətinin yumruğu bunun qarşısında mütləq durmalıdır və onları ən sərt formada cəzalandırmalıdır ki, onlar buna cəsarət etməsinlər. Bu insanların əksəriyyəti savadsızlıqdan tamamilə dini cəhalətin girdabına yuvarlanıblar. Amma bu savadsızlığın hansısa formada qarşısını almaq ancaq təhsilimizi inkişaf etdirməkdən keçir. Təəssüf ki, bu istiqamətdə yeniləşmə gözlənilmir. Ona görə də vəziyyət ürəkaçan deyil.

- Şübhəsiz ki, bu kimi təxribatların qarşısının alınması üçün dövlətimiz bütün lazımi tədbirləri görür. Fikrinizcə, bu cür hadisələrin bir daha yaşanmaması daha üçün hansı addımlar atılmalıdır?

- Burada hansı addımların atılması artıq müəyyəndir. Dövlət qanunvericilikdə nəzərdə tutulan ən sərt addımları atmalıdır. Bunun üçün yeni bir addım kəşf etməyə ehtiyac yoxdur. Hansı qüvvələr ki, Azərbaycan dövlətini təhdid edəcək onu susdurmaq üçün dövlətimizin bütün imkanları səfərbər olunmalıdır. Bu mübarizədə cəmiyyətin bütün sahələrində dövlətə dəstək verəcək həmrəylik göstərilməlidir, bu vacibdir. Çünki bu yalnız dövlətin işi deyil. Hər bir vətəndaşın öz dövlətini qorumaq borcunun bir hissəsidir.

- Sizi sevənlər səhhətinizin necə olması ilə yaxından maraqlanır, onlara nə demək istərdiniz?

- Səhhətimdə artıq ciddi çətinliklər qalmayıb. Hər halda çalışdığımız odur ki, tez bir zamanda fiziki cəhətdən daha sağlam vəziyyətə gələk. Bunun üçün də müəyyən bir reabilitasiya dövrü keçmək lazımdır. İşimizlə paralel olaraq sağlamlıqla bağlı məsələləri davam etdiririk. Həkimlərin ümumi gəldiyi qənaət budur ki, gələcəkdə hərhansı bir şəkildə narahatedici məqamlar qalmayacaq. İndiki vəziyyətdə verilən tapşırıqları, idman hərəkətlərini yerinə yetirsək, bu problemlər minumum səviyyədə olacaq. Biz də buna əməl edirik. Çox ümidliyəm ki, yaxın zamanlarda sağlamlığım tam şəkildə bərpa olunacaq.

Rəşid Qarayev,

AzNews.az