Qızılca infeksiyası: Yenidən yayılmasının səbəbi nədir? - Həkim açıqlayır

AzNews.az-ın qızılca xəstəliyi ilə bağlı suallarını həkim-infeksionist Ləman Qalimova cavablandıracaq.

- Ləman xanım, bu gün Bakıda azyaşlı şagird qızılca xəstəliyinə yoluxaraq ölüb. Əvvəlcə bilmək istərdik, qızılca nədir və hansı səbəbdən yaranır?

- Qızılca kəskin virus xəstəliyi olub, olduqca “viral” bir xəstəlikdir. Sürətlə yayılma qabiliyyətinə malikdir. İnfeksiya hava-damcı yolu ilə yayılır.

- Ümumiyyətlə, bu xəstəlik uzun müddətdir Azərbaycanda yox idi, indi isə yenidən yayılıb. Yayılmasına səbəb nələrdir?

- Bəli, Azərbaycanda uzun müddət idi ki, kütləvi yoluxma halları yox idi. Ancaq hazırda var, çünki vaksinasiya olanların sayı hədsiz çox azalıb. Bunun səbəbi isə valideynlərdə formalaşan fikirdir. Onlar düşünür ki, bu canlı vaksindir. Buna görə də vaksinasiyadan imtina edirlər. Buna görə də xəstələnmə sayları artır.

- Bəs qızılcaya yoluxan insan yenidən yoluxa bilərmi?

- Bəli. Əgər vaksin olunublarsa, yenidən yoluxsa da, xəstəliyi çox yüngül şəkildə keçirdirlər. Ancaq yoluxmama ehtimalı daha yüksəkdir.

- Qızılcaya yoluxmanın qarşısı necə alına bilər?

- Sadəcə vaksinasiya yolu ilə və gigiyenik qaydalara əməl etməklə mümkün olar. Övladlarını, özlərini qorumaq üçün vaksinasiya şərtdir.

- Peyvəndlənmə prosesi necə aparılmalıdır?

- Ölkəmizdə qızılcaya qarşı peyvəndin edilməsi 1 və 6 yaşda yetərli hesab edilir. Əgər peyvəndi vurdurmayıblarsa, mütləq yaxınlaşıb infeksionistlə konsultasiya edib peyvəndi hansı vaxtlarda vurmağı məsləhətləşə bilərlər.

- Kimlər peyvənd vurdura bilməz?

- Hamilə qadınlara, onkoloji xəstələrə olmaz. Süd verən analara isə peyvənd vurula bilər.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsi üzrə hazırlanmışdır.