Xankəndinin keçmiş futbolçusu: "Komandada yeganə azərbaycanlı mən idim" - MÜSAHİBƏ

Həmsöhbətimiz Xankəndinin “Qarabağ” klubunun sabiq futbolçusu Munis Abdullayevdir

- Munis bəy, əvvəla Xankəndi ilə bağlı təəssüratlarınızı bilmək istərdik. İllər sonra yenidən Xankəndiyə ayaq basmaq necə idi?

- Sözlərlə ifadə etmək inanın ki, çox çətindir. Mənim Xankəndiyə gəlişim 1986-ci ilin sonunda baş tutub. 1987-ci ildə isə mövsümə “Qarabağ” komandasında başlamışam. Xankəndidə yaşadığım müddət ərzində şəhərdə tanınırdıq. Şəhərə çıxdıqda insanlar yaxınlaşıb, avtoqraf alırdı. Demək olar ki, şəhər futbolla yaşayırdı. Həmin vaxt komandada yeganə azərbaycanlı mən idim. Məndən başqa Ermənistandan 3, Şimali Osetiyadan isə 2 futbolçu var idi. Mövsümə başladıqda komandada tək azərbaycanlı olmuşam.

- Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunu idi. Oyun zamanı necə hiss edirdiniz?

- Biz Xankəndidəki bu oyunla bir daha sübut etdik ki, Qarabağ Azərbaycanındır. Mən də orada fəxr və qürur hissi keçirdim. Azərkeşlər arasında böyük hörmətə malik olmuşam. Vaxtilə stadiona çoxlu azərbaycanlı azərkeşlər gəlirdilər. Bəziləri ilə hələ də söhbətlər edirik.

- Siz də işğaldan öncə Xankəndi futbol komandasının futbolçusu olmusunuz. Həmin illəri necə xatırlayırsınız?

- Bəli. Mən orada futbolçu kimi fəaliyyət göstərsəm də, artıq 1987-ci ilin yayından sonra baş verən siyasi proseslərin necə cərəyan edəcəyini anlamağa başladım. Cavan və siyasətdən uzaq olduğum üçün dərk etməsəm də, illər keçdikcə olanların hər birini analiz etdikdə görürəm ki, orada ermənilər çoxdan bu prosesə başlayıblar. Yalandan türklərin erməniləri qırmasını səhnələşdirib, o formada camaata çatdırırdılar. Onlarda Azərbaycana qarşı nifrət yaradırdılar. Həmçinin bir çox belə hadisələrin də şahidi olmuşam.

- Necə düşünürsünüz, Xankəndinin öz futbol komandası yaradıla bilər? Yaradılarsa, bu komandada yenidən fəaliyyət göstərmək istəyərsinizmi?

- Mütləq orada komanda yaradılacaq. Bu olmalıdır, çünki Xankəndi kimi bir yerdə futbol komandasının olmaması mümkün deyil. Mən də çox səmimi şəkildə deyirəm ki, məmnuniyyətlə Xankəndidə futbolun yenidən canlanması üçün canla-başla öz köməyimi göstərməyə hazıram.

- Oyun zamanı oyunçularda, azərkeşlərdə və stadiondakı insanlarda ümumi əhval-ruhiyyəni necə müşahidə etdiniz?

- Oyun zamanı mən bir çox tanış insan gördüm. Futbol adamlarını, Milli Məclisin deputatlarını görüb söhbətlər etdik. Ümumi olaraq oradakı insanlarda atmosferi, bayram əhval-ruhiyyəsi müşahidə etdim. Hər kəs özünü sanki yuxuda hiss edirdi. Bir tək mən yox. Səmimi olaraq deyirəm ki, hamı həmin hissləri keçirirdi.

- Prezident İlham Əliyev Xankəndidə çıxışı zamanı bu futbol matçını keçirilməsinin çox böyük mənası olduğunu dedi. Prezidentin sözlərini necə şərh edərsiniz?

- Cənab Prezident İlham Əliyevin dediklərinin hər biri ilə tam razıyam. Çox gözəl fikir söylədi. Əlavə etdi ki, bir neçə aydan sonra Ağdamda “İmarət” stadionun yenidən inşasına başlanılacaq. Görün nə gözəldir! Azərbaycanda stadionların sayı artır. Bu günləri Xankəndi stadionu necə gözəl bərpa olunub. Şəxsən mən o zamanlardan ordan gedəndə belə deyildi. Oturacaqların çoxu çürümüş, baxımsız idi. Ancaq indi stadion necə də gözəldir. Ümumiyyətlə, Xankəndinin stadionu ən gözəl yerlərdən biridir. Şəhərin gözəl yerində yerləşir və göz oxşayır.

- Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxdılar. Bu görüntü siz və stadiondakılar tərəfindən necə qarşılandı?

- İnanın, hər kəs duyğu dolu anlar yaşadı. Həmçinin cənab Prezident İlham Əliyevin yanında şəhid övladlarının şəkil çəkdirməsi, sonuna kimi matçı birgə izləmələri doğrudan da təqdirəlayiq idi. Çünki o övladlar bizim başımızın tacıdır.

Rəfiqə NAMAZƏLİYEVA

image description image description image description