Bu ərazilər də qaytarılır: “Məsələni ordu bitirə bilər” - Qüdrət Həsənquliyev

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qüdrət bəy, artıq seçkilər də arxada qaldı. Yeni formalaşacaq hökumətdə nə kimi dəyişiklik ola bilər, kadr islahatı gözləyirsinizmi?

- Konstitusiyaya görə, Nazirlər Kabineti istefa verməlidir, bundan sonra hökumət yenidən formalaşdırılmalıdır. Sözün açığı, ciddi dəyişikliyin olacağını gözləmirəm. Bir-iki dəyişiklik ola bilər, amma hökumət üzvlərinin mütləq əksəriyyətinin yenidən təsdiqlənəcəyi düşüncəsindəyəm.

- Sosial-iqtisadi sahədə hansı işlər görülə bilər? İnsanlarımızın da qarşıdakı dönəmdə bu istiqamətdə gözləntiləri var.

- Həqiqətən də xalqımız müəyyən islahatların aparılmasını istəyir, çox ümidlidir ki, bu islahatlar aparılacaq. Bizim seçki platformasında yeni Konstitusiyanın qəbulu və ya referendumun keçirilməsi məsələsi yer almışdı ki, Konstitusiya ilə mərkəzi icra hakimiyyəti orqanlarının formalaşdırılmasının yeni qaydası nəzərdə tutulsun, parlament respublikası modelinə keçilsin, yəni icra hakimiyyətinin başında prezident yox, baş nazir dayansın, prezident beş il müddətinə məhdud səlahiyyətlərlə parlamentdə seçilsin. Sonra yerli hakimiyyət orqanlarının formalaşdırılması qaydası dəyişdirilsin, dövlətin idarəetmə xərclərini azaltmaq üçün inzibati ərazi vahidlərinin sayı aşağı salınsın. Məsələn, bunların sayı 90-dan 15-ə endirilsin. Bundan başqa, xalq yerli hakimiyyət orqanlarının formalaşmasında birbaşa iştirak etsin. İndi icra başçılarını prezident təyin edir və onlar insanlar qarşısında heç bir məsuliyyət daşımırlar, hesabatlı deyillər.

Biz o yolu seçə bilərik ki, məsələn, 15 region olarsa, bunların öz məclisləri ola bilər. Təklif etmişdik ki, bunların sayı 25-dən 31-ə qədər olsun. Bu halda regionun rəhbəri məclis tərəfindən 4 il müddətinə seçiləcək. Yəni hər 4 ildən bir xalq icra hakimiyyətinin başında duran şəxsi dəyişmək imkanı əldə edir. Həmin şəxs özünü doğrultmayanda 4 il növbəti seçkini gözləməyə ehtiyac qalmır, məclisdə onu dəyişmək mümkün olur. Parlament respublikalarında bu iş çox asandır. Məsələn, yaxınlarda Macarıstan prezidenti bir pedofili əfv etdiyinə görə istefa verdi. Bir də orada on milyonlarla pul xərcləyib seçki keçirmirlər, parlament yığılır, yeni prezident seçir. Baş nazir özünü doğrultmursa, parlament yığılıb yenisini seçir, hakim partiya özünü doğrultmayan təmsilçilərini dəyişə bilər. Son vaxtlarda Britaniyada da bunun şahidi olduq.

Yerlərdə də belə dəyişikləri təmin etmək olar. Belə sistemlərdə yerli məmurlar xalq tərəfindən seçildiyinə görə insanlar qarşısında hesabatlı olurlar. Xalqın gözlədiyi budur ki, dövlət idarəetməsi ona yaxınlaşdırılsın və hesabatlılığı artırılsın, eləcə də zərurət yaranacağı halda onları dəyişmək imkanı olsun. Xalq bu islahatları gözləyir, amma bunu etmək üçün Konstitusiya dəyişməlidir. Konstitusiyanın müvafiq maddəsini dəyişmədən bu islahatları həyata keçirmək mümkün deyil. Konstitusiya dəyişikliyi olmadan ciddi struktur islahatları və ya köklü dəyişiklər gözləmirəm.

Kadrlar dəyişdirilə bilər, amma idarəetmənin fəlsəfəsi dəyişməyənə, hakimiyyət imtiyazlardan imtina etməyənə qədər ciddi bir dəyişiklik olmayacaq. Bu imtiyazlardan məhrumedilmə də qanunvericlikdə təsbit edilməlidir. Yəni qanunla elə vəziyyət yaratmalıyıq ki, hakimiyyəti həyata keçirən şəxslərin böyük imtiyazları olmasın. Məsələn, indi böyük özəlləşdirməyə gedilmir, məmurlar çalışırlar ki, müəssisələr onların nəzarətində qalsın. Onlar da bu müəssisələr nə öz mülkiyyətləri kimi qoruyub inkişaf etdirirlər, öz mülkiyyətləri olsaydı, fərqli gözlə baxardılar, həm də çalışırlar ki, bu müəssisələrdən faydalansınlar. Üstəgəl, xərclər şişirdilir, müəssisənin hesabında pul qalmır ki, texnologiya yenilənsin, genişlənsin, rəqabətədavamlı məhsullar istehsal olunsun və sair. Bütün bunlar sonda gəlib köklü islahatlara bağlanır.

İnsanlar istəyirlər ki, iş yerləri açılsın. İş yerlərini də elə-belə açmaq olmur. Bunun üçün gərək emal müəssisəsi tikəsən, sənayeni inkişaf etdirəsən, fabrik-zavodlar inşa olunsun, bunlara da pul qoyulmalıdır. Əgər bir narahatlıq varsa, heç kim buna pul qoymayacaq ki, sabah tutub pulunu əlindən almasınlar. Ümumiyyətlə, hüquqlar və mülkiyyətin toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Hesab edirəm, bu məqsədlə ölkədə ciddi qanunvericilik qaydasında islahatlar aparmaq olar ki, insanların məhkəmələrə inamı bərpa olunsun, hakimlər ömürlük təyin edilsin.

Bürokratik aparat həddindən artıq şişib. Bürokratik aparatı minimum, üçdə bir qədər azaltmaq lazımdır. Nazirlər Kabinetinin tərkibini iki dəfəyədək azaltmaq olar. Bir çox nazirliklər, komitələr və xidmətləri birləşdirmək lazımdır. Həddindən çox publik hüquqi şəxslər yaranıb və onların çoxu özlərini dolandıra bilmir. Onlar yaşamaları üçün gərək vətəndaşlara göstərdikləri xidmətlərə görə pul alalar. Baxmayaraq ki, publik hüquqi şəxslər dövlətin nəzarətindədir, amma onlar da əlavə dəyər yaratmırlar, yəni məhsul istehsal və ya emal eləmirlər, bununla belə publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə ya vətəndaşlar, ya da büdcədən pul alalar. Yenə də onların yükü xalqın, vergi ödəyicilərinin çiyinlərindədir. Buna görə də, publik hüquqi şəxslərin sayı azaldılmalıdır.

Təəssüf ki, bizdə bürokratik aparat müstəqil siyasi gücə çevrilib, baxın, bir çox kadrlar Yeni Azərbaycan Partiyasında (YAP) siyasi təcrübə toplamış, formalaşmış, siyasi dünyagörüşü və təşəbbüskar olan şəxslərdən formalaşdırılmır. Bu kateqoriyada olan şəxslər vəzifələrdə irəli çəkilmir. Təşəbbüskar şəxs vəzifədə irəli çəkilmirsə, o, heç vaxt təşəbbüslə çıxış etməyəcək, gözləyəcək ki, tapşırıq verilsin, o da bu tapşırığı icra eləsin. Hökumətin başında duran adam da bütün sahələri eyni səviyyədə bilə bilməz ki. Gərək özləri təşəbbüskar ola, o tip insanlar da təşəbbüskar olmurlar. İslahatlar aprılmalıdır ki, bürokratik aparat yox, hakim partiya kadrları seçə və təqdim edə, təşəbbüskar insanlar siyasətdə formalaşa və siyasi vəzifələrə təyin edilə. Buna görə də, köklü islahatlara ehtiyac var.

Əlbəttə, insanların mənafeyinə uyğun olan müəyyən addımlar atılacaq. Məsələn, təxminən 500-600 min sənədləşdirilməmiş evlər var, hökumət bunların bir qismini qeydiyyata ala bilər. Amma ölkəyə köklü investisiyanın yatırılması üçün dövlət iqtisadiyyata nəzarətə son qoymalıdır. Yəni dövlət iqtisadiyyata nəzarətə son qoysa, dövlət mülkiyyəti özəlləşdirilsə, azad bazar iqtisadiyyatına gedilsə, mülkiyyətə təminat verilsə, bunun üçün güclü məhkəmə sistemi qurulsa, o halda bizim ölkəyə investisiya qoyulacaq, kənardan investorlar gələcək, azərbaycanlılar öz vəsaitlərini xaricə çıxarmayacaqlar, bu da yeni iş yerlərinin açılması və büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq. Bu vəsaitlərlə təqaüdçülərin təqaüdünü, müəllimlər, həkimlər və digər sahələrdə çalışanların maaşlarını artırmaq mümkün olardı. Yəni bu halda büdcə xərclərini artırmaq imkanmız olacaq. Hazırda bizim büdcə xərcləri inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə 10 dəfə azdır. Bütün bunları həyata keçirmək üçün köklü islahatlara ehtiyac var, amma hakimiyyətin belə islahatlara gedəcəyi az inandırıcıdır.

- İstər bizim, istərsə də digər regionlarda baş verən gərgin geosiyasi proseslər ayrı-ayrı ölkələri xarici siyasətdə konkret yön seçmək zərurəti qarşısında qoyur. Artıq seçkilər də başa çatıb, Azərbaycanın bundan sonrakı dönəmdə xarici siyasəti hansı istiqamətdə olacaq, ya neytral siyasət davam edəcək? Siz hansı yöndə irəliləyəcəyimizi və ya irəliləməli olduğumuzu düşünürsünüz?

- Azərbaycan hökuməti əvvələr neytral xarici siyasət yürüdürdü, Rusiya ilə də, Qərblə də normal münasibət saxlayırdıq. Hazırda Qərb məsələni elə qoyub ki, ya Rusiya ilə, ya da bizimləsiniz. Belə çıxır ki, Qərblə bir yerdə olmaq üçün Rusiyadan üz döndərməliyik. Həmçinin torpaqlarımızı azad etdiyimizə görə Qərb bizdən narazı qalıb, burada həm xristian həmrəyliyi, həm də erməni diasporu faktorları var. Biz bilirik ki, Avropanı yönəldən əsas dövlətlər Fransa və ABŞ-dir. Onlar da bizdən narazı qalıblar, buna görə də Azərbaycana təzyiq edirlər. Sözsüz ki, Azərbaycan bu durumda öz milli maraqlarından çıxış etməlidir. Biz Qərblə bir yerdə olsaq, milli maraqlarımız təmin olunar, yoxsa Rusiya ilə indiki münasibətləri qoruyub saxlasaq? Mən hökumətin hansı addım atacağını bilmirəm, amma hesab edirəm ki, Rusiya ilə indiki münasibətləri qoruyub saxlamalıyıq. Azərbaycan məhz Rusiyanın neytrallığını təmin etməklə Qarabağ üzərində dövlət suverenliyini bərpa edib.

Biz gördük ki, Fransa parlamentinin hər iki palatası Qarabağı “müstəqil dövlət” kimi tanımaq üçün hökumətə müraciət etdi. Avropa Birliyinin qərarlarını və AŞPA-dakı münasibəti də gördük. Buna görə də, indi milli maraqlarımız tələb edir ki, region ölkələri ilə daha sıx əməkdaşlıq edək. Söhbət həm İran, həm Rusiya ilə əlaqələrdən, həm də Türkiyə ilə münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılmasından gedir. Hesab edirəm ki, Azərbaycan üçün ən uğurlu variant 3+3 formatında əməkdaşlığı inkişaf etdirmək, bunun bazasında gələcəkdə Çinlə Avropa Birliyi modelində Avrasiya İttifaqının yaradılmasıdır. Yəni vahid valyuta və sərhəd olur, insanlar sərbəst hərəkət edə bilirlər və sair. Bundan qorxmaq lazım deyil.

Biz yeni müstəqillik əldə etmişik deyə, açılmaqdan qorxuruq, sanki müstəqilliyimizə hansısa təhlükə gələ bilər. Əslində, qapanmaqla bizə olan təzyiqləri artırmış oluruq. Həm daxili iqtisadi islahatlar baxımından, həm də xarici siyasətdə böyük açılım olmalıdır. Belə olan halda iqtisadiyyatımız daha sürətlə inkişaf edəcək, nəinki sərhədlərimiz bağlı olduğu indiki dönəmdə. Bundan həm insanlarımız, həm də iqtisadiyyatımız əziyyət çəkir. Açılım olmalıdır ki, rəqabətədavamlı iqtisadiyyat qura bilək. Bu açılım da yalnız böyük ittifaqlar çərçivəsində ola bilər. Burada artıq qanunun aliliyinin təmin edilməsi bizdən asılı olmur, həm də başqa dövlətlər bu ittifaq çərçivəsində qanunvericliyin icrasına nəzarət edəcəklər, sahibkarlarımız da bundan faydalanacaqlar və iqtisadiyyatımız böyüyəcək. Hesab edirəm ki, bu formada xarici siyasət həm təhlükəsizliyimizi təmin edəcək, həm də iqtisadiyyatımızın inkişafına töhfə verəcək.

- AŞPA məsələsinə toxundunuz, bununla bağlı yaranmış problemlər hansı formada həll ediləcək? Düzdür, Avropa Şurasının rəhbəri Şarl Mişelin Prezident İlham Əliyevə zəngindən sonra Avropa Birliyi ilə əlaqələrimizdəki problemlərin həllinə dair bir müsbət ehtimal yaranıb, amma yenə də o tərəfdən Azərbaycana yönəlik həmlələr gəlməkdə davam edir. Qarşıdakı dövrdə bu istiqamətlərdə hansı gəlişmələri görə bilərik?

- Onlar istəyirlər ki, Azərbaycan erməniləri (Qarabağa) geri qaytarsın, amma “güzgü prinsipi” ilə azərbaycanlıların Ermənistana qayıdışı məsələsindən bəhs etmirlər. Onlar deyirlər ki, siz qərbi azərbaycanlıları bir kənara qoyun, yalnız qarabağlı erməniləri qaytarmalısınız və onların təhlükəsizliyinə beynəlxalq təminat verilməlidir. Bu “beynəlxalq təminat” suverenliyin bir hissəsinin hansısa dövlətlər və ya beynəlxalq təşkilatlara güzəştə gedilməsi deməkdir, bu da bizim Konstitusiya ilə qəti qadağandır. Azərbaycan öz suverenliyindən qismən və ya tamamilə güzəştə gedə bilməz. Yəni biz bunu da edə bilmərik, onlar da bunu – beynəlxalq təminat istəyirlər ki, ermənilərin qaytarılmasına Azərbaycanı razı salsınlar. Üstəgəl, ermənilərə hansısa formada yerli özünüidarəetmə statusu, yaxud muxtariyyətin verilməsini istəyirlər. Azərbaycan buna da getməyəcək. Ona görə də, bu mərhələdə Qərblə söhbətimiz alınmayacaq, özümüzü aldatmağa da dəyməz.

Azərbaycan çalışmalıdır ki, Qərbi Azərbaycandan olan qaçqınlarımız ermənilərin köçüb getdikləri yaşayış məntəqələrində yerləşdirilsin. Məsələn, Xankəndi, Hadrut, Əsgəran və sair. Xocalıda ümumiyyətlə erməni yaşamayıb. Biz bu məskunlaşmanı nə qədər tez həyata keçirə bilsək, bizə olan təzyiqlər bir o qədər azalacaq. Hökumətə buna görə çağırış edirəm ki, bu prosesi sürətləndirin. Xankəndidən 16 min azərbaycanlı qovulub, qərbi azərbaycanlıların ora köçürülməsini bir kənara qoyaq, həmin insanların evləri dağıdılmayıb, ermənilər bizim azərbaycanlıların evlərinə girib yaşayıblar, indi həmin insanları öz evlərinə qaytarmaq lazımdır. İndi ruslar orada dayanıblar, deyirlər ki, bu mülkiyyəti, “tarixi abidlər”i qoruyuruq. İnsanları ora buraxmırlar. Söhbət ondan gedir ki, bu insanlar evlərinə qayıtmaq istəyirlər, işğala son qoymuşuq, amma Xankəndidən olan insanlar öz evlərinə dönə bilmirlər. Onlar da görəndə ki, biz bunu edə bilmirik, təzyiqlər artır. Bunu həm də ona görə etməliyik ki, kənar təzyiqlərə son qoyaq. Azərbaycan bunun üçün Rusiya ilə danışmalıdır, qardaş Türkiyə və digər müttəfiqlərimizdən dəstək istəməlidir ki, sürətlə məskunlaşmanı həyata keçirib, kənar təzyiqləri səngidək.

Qərbə də mesaj verməliyik ki, siz bizi seçim qarşısında qoyursunuz, yəni biz heç bir formada sizdən imtina etmirik, əməkdaşlıqdan çəkinmirik. Amma siz bizi seçim qarşısında qoyursunuzsa, bizim milli maraqlarımız tələb edir ki, ilk növbədə qonşularımızla münasibətlərimizi normal saxlayaq. Yəni təhlükəsizliyimiz üçün həyati maraqlarımız qonşularla normal münasibətlərin olmasındadır.