İslamın gəlişi ilə digər sahələrdə olduğu kimi memarlıq sahəsində də yeni meyillər yaranmağa başladı. Bunlardan biri də binaların bəzədilməsində ornament kimi ərəb hərflərindən istifadə idi. Bu ornametlər içərisində xüsusən, kufi hərflərlə yazılmış “Allah” sözü daha çox tətbiq olunurdu. İslamın gəlişi ilə digər sahələrdə olduğu kimi memarlıq sahəsində də yeni meyillər yaranmağa başladı. Bunlardan biri də binaların bəzədilməsində ornament kimi ərəb hərflərindən istifadə idi. Bu ornametlər içərisində xüsusən, kufi hərflərlə yazılmış “Allah” sözü daha çox tətbiq olunurdu.

Bakıdakı bu universitetin üstünə 40 il qabaq “Allah” kəlməsini kim yazıb? – Araşdırma

İslamın gəlişi ilə digər sahələrdə olduğu kimi memarlıq sahəsində də yeni meyillər yaranmağa başladı. Bunlardan biri də binaların bəzədilməsində ornament kimi ərəb hərflərindən istifadə idi. Bu ornametlər içərisində xüsusən, kufi hərflərlə yazılmış “Allah” sözü daha çox tətbiq olunurdu.

Nümunə üçün deyək ki, ilk belə naxışa Bərdə türbəsi üzərində rast gəlmək olar. Xalq arasında Nüşabə və ya Allah-Allah türbəsi adlanan abidə 1322-ci ildə tikilib. Binanın üzərində firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyada “Allah” sözü 200 dəfədən artıq naxış şəklində təkrarlanır.

Bu cür naxışlara Ərdəbildə Şeyx Səfi türbəsində, Naxçıvan, Gəncə İmamzadələrində, Şuşadakı Aşağı Gövhər Ağa məscidində və başqa abidələrin də üzərində rast gəlmək mümkündür. Orta əsrlər dövrü üçün “Allah” sözünün kufi xətlə yazılışından ornament kimi istifadə geniş yayılmış memarlıq üslubu idi.
Ancaq kim sovet zamanında, dəmir-betondan tikilmiş müasir bir binanın üzərində “Allah” sözünün yazılmasına inanar? Söhbət Memarlıq və İnşaat Universitetinin binasından və onun arxa fasadındakı ornamentlərdən gedir.
Sözsüz ki, binada belə ornamentlərin yer almasına sovet zamanı heç cür icazə verə bilməzdi. Görünür ki, bu naxışlar o zamanlar layihənin hazırlanmasına və tikintinin aparılmasına nəzarət edən müvafiq qurumun nəzərindən qaçıb. Ya da bu yazıları sadəcə həndəsi fiqur hesab ediblər, o qədər...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin binası 70-80-ci illərdə tikilib. Binanın memarı polyak əsilli Leonard İqtanyeviç Qonsiorovskiydir. 1905-1973-cü illərdə yaşayan Qonsiorovskiy uzun müddət İnşaat və Memarlıq İnstitutunda kafedra müdiri kimi çalışıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin binası onun yeganə işi deyil, polyak əsilli memar Həzi Aslanovun Dağüstü parkdakı abidəsinin və Tofiq Bəhramov adına stadionun da həmmüəlliflərindədir.
Binanın layihəsi Qonsiorovskiyə məxus olsa da, tikintisi memarın vəfatından sonra baş tutub. Tikintidə başqa memarlar da iştirak ediblər.

Görəsən, yəhudi əsilli memar modern bir binanın üzərinə “Allah” kəlməsini niyə həkk edib? Bəlkə ornamentin ora həkk edilməsi “gizlicə” baş tutub. Əgər bunun əksi baş versəydi, həmin ornament binanın önünə vurulur, arxasında “gizlədilməzdi”.
İlk baxışdan adi həndəsi fiqura bənzəyən naxış beton lövhələrin üzərinə sanki qazılıb. Digər tərəfdən baş–ayaq şəkildə, bir–birinə keçirilmiş “Allah” naxışları binanın hündürlüyü boyu şaquli şəkildə dəfələrlə təkrarlandığı üçün diqqəti cəlb etmir. Əgər güzgü effektindən istifadə edərək bu naxışı diqqət yetirsək, görərik ki, kufi hərflərlə “Allah” sözü yazılıb. Yuxarıda səsləndirdiyimiz kimi Orta əsrlərdə Azərbaycan memarlığında bu həndəsi fiqur – ornamentdən geniş istifadə olunub.

Bina bir neçə il əvvəl təmir olunarkən fasad plastik materiallarla örtülüb, lakin əvvəlcə betona qazılmış ornamentlər bu dəfə plastik panelin üzərində qabartma şəklində əks olunub.
Polyak əsilli memarın bu naxışdan istifadə etməkdə məqsədi nə idi? Qədim Azərbaycan memarlığı ənənəsini davam etdirməkmi? O, tikintidə istifadə etdiyi həndəsi fiqurun “Allah” kəlməsi olduğunu bilirdimi? Bəlkə həmin “yazıların” müəllifi Qonsiorovskiy yox, tamam başqa memardır? Yoxsa bu gizli mesajı Sovetlərə qarşı bir üsyan adlandırmalı?

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova o yazıları təsadüfi hesab edir. O, Teleqraf.com-a müsahibədə deyir: “Sovet dövründə Moskvada mərkəzi layihələndirmə institutu var idi. Bu binanın layihəsi orda hazırlanıb. Həmin proyekt bizim müəllimlərimiz tərəfindən bu əraziyə uyğunlaşdırılıb və universitet binası tikilib. Düşünürəm ki, pəncərələrin kənarında “Allah” sözünə oxşar naxışların görünməsi xoş bir təsadüf idi. Bir daha deyirəm, bu, layihə Moskvada hazırlanmışdı.

Binanın tikilməsində Kalıkov, Eldar İbrahimoviç və Tofiq Abdullayev iştirak ediblər. İnanmıram ki, sovet dövründə kimsə belə layihə işləyib həyata keçirə bilərdi. Sadəcə təsadüfən pəncərələrin yerləşdirilməsində belə bir mənzərə əmələ gəlib".
Biz də binanın memarlarından biri, professor Tofiq Abdullayevi tapıb danışdırmaq qərarına gəldik.

Tofiq müəllimlə elə Azərbaycan Memarlıq və İnşaat Universitetində görüşürük (adı keçən binasında yox, başqa binasında). Təəssüf ki, yaş və xəstəlik qocaman professora olmuşları xatırlamaqda əngəl törədir. 83 yaşlı professor insult səbibi ilə danışmaqda da çətinlik çəkir. Tofiq müəllim o vaxt baş verənlərin əksəriyyətini unutduğunu söyləyir və suallarımızın əksəriyyətinə verdiyi “bilmirəm” cavabına hər dəfə üzündə bir “təəssüf” ifadəsi də qoşulur. Lakin biz yenə bəzi nüansları öyrənə bilirik: “Layihənin rəhbəri Qonsiorovskiy idi. O, kafedra müdiri idi. Əsas çertyoju Qonsiorovskiy çəkib. Biz iki nəfər idik. İndi adı yadımdan çıxıb, bu ornamenti isə adını unutmuşam, deyəsən K... (Kömək etməyə çalışıram: “Kalıkovu deyirsiz?”) Kalıkovla ikimiz çəkmişik. Biz onu çəkdik, heç kəs bilmədi. Heç irad tutan da olmadı... Yadımdan çıxıb e, hamısı”.

Bina haqqında ən dəqiq məlumatı onun layihələndirilməsində-tikilməsində iştirak etmiş memar Tofiq Abdullayev özü məlumat verə bilərdi. Təəssüf ki, onun səhhətinə görə lazımı məlumatları dəqiqləşdirə bilmirik. Bu səbəbdən də axtarışlarımızı davam etdirir və eyni suallarla memarlıq doktoru, AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasiyə üz tuturuq:

“O binada kufi xəttlə “Allah” sözünün yazılması doğrudur. Azərbaycan memarlığında bu ornamentdən geniş istifadə olunub. “Allah” sözü adətən həm düzünə, həm də güzgü əksi ilə yazılır. Bu binada verilənlər güzgü əksi ilə yazılıb. Binanın tikintisində Qonsiorovskiy, Tofiq Abdullayev, bildiyim qədəri ilə bir də Arif Aslanov iştirak edib”.
Cəfər Qiyasi “Alah” naxışının mexaniki olaraq, yoxsa bilərəkdən yazıldığını bilmir: “Açığı, bu barədə dəqiq məlumatım yoxdur. Sadəcə onu deyə bilərəm ki, Sovet dövründə tikilmiş memarlıq abidələrinin heç birinin üzərində “Allah” ornamenti yoxdur. Memarlıq və İnşaat Universitetinin binası bu baxımdan unikaldır”.

Memar Fəxrəddin Miralay da Sovet dövründə tikilmiş heç bir abidənin üzərində “Allah” kəlməsinin yazılmadığını iddia edir.

Onun fikrincə bu, qəsdən edilməyib, sırf təsadüfdən alınıb: “Bu layihənin rəhbəri Qonsiorovskiy idi. Milliyətcə yəhudi olan bu adamın İslamdan başı çıxmırdı. Üstəlik müsəlmanlara nifrət edirdi. Bizdən acığı gəlirdi. İnanmıram ki, o, ornamentin Allah anlamına gəldiyini bilsin. Qonsiorovskiy bilsəydi ki, o naxış “Allah” deməkdir, onu binanın üstünə yazmazdı. O xəttə “kufeyi-sətrənç” deyirlər, yəni şahmatvari kufi xətt. Azərbaycan memarlığında geniş yayılmış xətt növüdür. Qonsiorovskiy bu yazını Bərdə türbəsində və başqa memarlıq abidələrimizdə görüb, elə bilib naxış, həndəsi fiqurdu, ona görə də binanın fasadına salıb. Tam təsadüf üzündən götürüb ora Allah işarəsini vurub, özü də tərsinə vurub. Yəni içəridən baxanda Allah oxunur, bayırdan baxanda yox”.

Fəxrəddin Miralayın sözlərinə görə, binanın tikintisində Qonsiorovskiydən başqa memarların iştirak etməsi də normaldır: “Təbii ki, orda azərbaycanlı memarların, o cümlədən Tofiq Abdullayevin də fəaliyyəti olub.

Ancaq dəqiq deyə bilməyəcəyəm, Tofiq müəllim layihənin hansı hissəsinin tikintisində iştirak edib. O, yəqin konstruksiya işlərini edib”.
Fəxrəddin Miralay “Allah” sözünü binaya layihədə iştirak edən azərbaycanlı memarın daxil edə biləcəyin də sanmır: “Belə şey mümkün deyil. Nə hökümət ora “Allah” yazıldığını bilirdi, nə də memarlıqdan dərs deyən müəllimlər, çünki o vaxtı “İslam mədəniyyəti” adlı dərs keçilmirdi. İndi hamı özünü qəhrəman elan edə bilər. Sovet vaxtında, özü də yetmişinci illərdə divara bilərəkdən “Allah” yazan adamın cəzası çox ağır olardı. Buna heç kəs ürək eləməzdi”.

Belə çıxır ki, Memarlıq və İnşaat Universitetinin arxa fasadına “Allah” ornamentinin yazılması tam təsadüf nəticəsində baş tutub. Ən azından əlimizdə bunun əksini söyləyəcək fakt yoxdur. Olsun. Amma əvəzində Bakımız “unikal tarixçə”yə malik memarlıq abidəsinə - özünün hekayəsi olan və qədimlərdən gələn bir nişanəni kürəyində xatirə kimi daşıyan bir binaya sahibdir.
Yazının hazırlanmasında aşağıdakı mənbələrdən istifadə olunub:
1. "Мой Баку": Мистика азербайджанской столицы – ФОТО (https://news.day.az/society/1018719.html)
2. Тайны Баку. Загадочный орнамент, или Риск советских архитекторов (http://www.gapp.az/news/272140-taynyi-baku-zagadochnyiy-ornament-ili-risk-sovetskih-arhitektorov)
3. "Parisin özündə də tarixi binalar dağıdılıb..." – Rektorla müsahibə (https://teleqraf.com/news/toplum/173148.html)

Mirmehdi Ağaoğlu
AzNews.az

image description image description image description image description image description image description