İran və Ermənistan mətbuatı “görək kim daha çox çamur atır” yarışına girdilər. İran və Ermənistan mətbuatı “görək kim daha çox çamur atır” yarışına girdilər.

“Parstoday”ın qaranlıq hədəfləri - 2-ci yazı

İran və Ermənistan mətbuatı “görək kim daha çox çamur atır” yarışına girdilər.

(əvvəli ötən sayımızda)

Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Küveyt, Bəhreyn, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) və digər ərəb dövlətlərini qınağa çəkmək Tehran rejiminin adəti kimi dəyərləndirilir. Son zamanlar həmin siyahıya Azərbaycan Respublikası da daxil olunub. Ermənistandan fərqli olaraq, rəsmi Bakı “sionizm”in tərəfdarı kimi təlqin edilir.

Azərbaycanın islam ölkələri ilə prioritet siyasəti

Ölkəmiz dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini prioritetə çevirdiyi üçün, hər hansı dövlətin siyasi, iqtisadi, sosial, hərbi və digər sahələrdə sərgilədiyi təzyiq taktikasını asanlıqla dəf edə bilir. Beləliklə, 28 yaşlı müstəqil dövlət olaraq bir sıra unuzömürlü ölkələrdən fərqli DÖVLƏT modelini asanlıqla idarə etmə düsturuna sahib çıxa bilirik. Cənubi Qafqaz və Yaxın Şərq coğrafiyasında Azərbaycanın strateji əhəmiyyəti dünyanın qlobal siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Ona görə də dövlət müstəqilliyimizin qorunması və inkişafı yönündə bütün spektrlərdə çevik manevrlər etmək taktikası ilə hərəkət edə bilirik.

“Sionizm” adlı uydurma xəstəliyi ideoloji müstəvidə təbliğata çevirən bəzi politoloqlar bu faktora əsaslanaraq, Tehran rejiminin hədəflərinin labirintli şərtləri daxilində mümkün qədər siyasi-ictimai diversiyaları gündəmə gətirməkdən çəkinmirlər. Buna örnək kimi, Tehranda fəaliyyət göstərən və İranın dövlət siyasətinin ideoloji təməllərini sərgiləyən “Parstoday” Analitik İnformasiya Mərkəzinin (AİM) politoloqlarından olan Qəhrəman Nurani adlı birisi utanmadan Azərbaycan dövlətinə çamur atır: “Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı ilə indiyə kimi 18 anlaşma imzalayıb. Bu o deməkdir ki, Azərbaycanda vəhhabi ideyası tədricən geniş şəkildə böyük bir düzənə çevriləcək. Halbuki, bu ölkənin əhalisinin çoxu şiə təriqətinə məxsusdur. Vəhhabiliyi qəbul etmək, onlarla işbirliyinə getmək Amerika və İsrailin bir parçası olmaq deməkdir”.

“Parstoday” digər araşdırmalarında onu da bildirir ki, Səudiyyə son illər Əfqanıstan, Pakistan və Tacikstan kimi Orta Asiya ölkələrində mövqelərini gücləndirmək və bunun davamı olaraq, Azərbaycan Respublikasını öz tərəfinə çəkməklə İrana qarşı bir aypara şəklini cızmaqdadır. Beləliklə də həmin ölkələrdə şiələrin bütün hüquqlarının pozulması, İranın çevrəsinin daraldılması strategiyası tətbiq olunur. Bütün bunlar sonda İsrailin maraqlarının qələbə qazanmasına gətirib çıxaracaq.

Halbuki Azərbaycanda hər hansı dinə məxsus təriqət və məzhəblər dövlət siyasəti olaraq təqib olunmur. Vicdan azadlığı haqqında Azərbaycanın Konstitusiyasında və digər hüquqi aktlarda yer alan qanunlarda yetərincə təsbit olunubdur. Ölkəmiz ərəb ölkələri ilə tarixi ənənələrimizdə mövcud olan “İpək Yolu” konsepsiyası xətti üzrə addım atır. Bu, xalqlararası və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafına sədaqətli olmaq deməkdir. Vaxtilə, İraq dövlətinin ağır durumda olmasını nəzərə alaraq, mərhum prezident Heydər Əliyev Bakının mərkəzində bu ölkəyə nadir memarlıq incisi olan binalardan birini səfirlik status ilə çalışdırmaq üçün əbədi olaraq hədiyyə etdi. İraq, Pakistan, Suriya, Misir, Yəmən və digər müsəlman ölkələrində baş verən zəlzələlərə və digər ağır faciələrə görə ilk humanitar yardımları məhz Azərbaycan dövləti göstəribdir.

Yaxın Şərqdə genişlənən əlaqələri

Ölkəmizin Yaxın Şərqin ən böyük və zəngin ölkəsi sayılan Səudiyyə ilə ilk münasibətləri 10 iyul 1994-cü ildə Ciddə şəhərində imzalanan strateji sənədlər əsasında baş tutmuşdur. Beləliklə, həmin vaxt görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyevin uzaqgörən dərin siyasəti sayəsində Azərbaycana Yaxın Şərqin digər ölkələrinin marağı artmağa başladı. 20 fevral 2018-ci ildə Azərbaycan və Səudiyyə Ərəbistanın daxili işlər nazirləri general-polkovnik Ramil Usubov və şahzadə Əbdüləziz bin Suud bin Naif bin Əbdüləziz arasında mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə sahəsində çox ciddi bir anlaşma imzalandı. Bu anlaşma əslində Yaxın Şərqdə radikal dini qruplaşmaların fəaliyyət göstərdiyi coğrafi məkanda zərərsizləşdirilməsi istiqamətində beynəlxalq miqyaslı və strateji əhəmiyyətli bir sənəd idi. Anlaşmanın mürəkkəbi qurumamış, Tehranda dərc olunan bütün qəzetlər və İranın dövlət siyasətini təbliğ edən şəbəkələr hərəkətə keçərək Azərbaycanı sərt şəkildə tənqid yarışına çıxdılar. Bu yarışın önündə isə, “Parstoday” edirdi. Guya Səudiyyə və Azərbaycan birlikdə İrana qarşı “etnik bölücülük” siyasətini aparacaqlar. İrandakı rejimin devrilməsində terror siyasətinə, antihökumət təbliğatlarına dəstək verəcəklər. Həm də İranda vəhhabiliyin yayılması proyektlərini həyata keçirəcəklər.

“Parstoday” Azərbaycan prezidenti İlham Əliyevə qarşı çamur ataraq, onun 2005-ci ildə Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfəri kölgədə qoymaq üçün ifrat şəkildə hətta təhqir yağmurlarını yağdırdı. Bu informasiya mərkəzinin irəli sürdüyü təhlillərdə belə qeyd olunurdu: “Səudiyyə Ərəbistanının Xəzər dənizi ətrafındakı neft yataqlarının istismarı və neft-qaz məhsullarının istehsalı sahəsində yatırım qoymaq hədəflərinin arxasında bölgənin vəhhabiliyin məkanına çevrilməsi siyasəti durur. Azərbaycan ISISCO ilə əməkdaşlıq çərçivəsində mədəni əlaqələrin inkişafını deyil, vəhhabiliyin yayılmasına geniş imkanlar yaratmaq hədəflərini sərgiləyir”.

Tehran rejimi əlində zərrəbin Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı əlaqələri addım-addım izləyirmiş kimi hər nöqtədə bir “gizli plan” axtarmaqla bunu ictimai fikirdə bayağılaşdırmağa çalışır. 14 iyul 1994 –cü ildə mərhum prezident Heydər Əliyev Səudiyyə Ərəbistanına səfəri zamanı həm də bir müsəlman kimi Məscidi Haramda dünya müsəlmanlarının peyğəmbəri Həzrəti Mühəmmədin məzarını ziyarət etmiş, buna görə Səudiyyə Ərəbistanının Kralına təşəkkürünü bildirmişdi. Çünki, oranı ziyarət etmək çox nadir şəxsiyyətlərə qismət olur. Heydər Əliyevin bu ziyarətini bütün dünya informasiya agentlikləri və televiziya kanalları da yayınladılar. Yəni Heydər Əliyev fəaliyyətində hər hansı bir gizliliyin olmadığını isbat etdi. 2015-ci ildə ölkə prezidenti İlham Əliyev də Kəbəni ailəsi ilə ziyarət etdi və bunu bütün dünya gördü. Dünyanın hər yerində bu ziyarət normal şəkildə təqdir olunsa da, yenə də İran və Ermənistan mətbuatı “görək kim daha çox çamur atır” yarışına girdilər.

Tehrandakı rəsmi təbliğat şəbəkələri ziyarətlə bağlı bu fikirləri səsləndirdilər: “Səudiyyə Ərəbistanına rəsmi səfər və bir sıra anlaşmaların imzalanması Azərbaycan Respublikasında şiələrə qarşı aparılacaq siyasi hədəflərə xidmət edir”. Halbuki, prezident İlham Əliyev Səudiyyə Ərəbistanı ilə imzalanan bütün protokollarla bağlı dünya mətbuatına şəxsən kifayət qədər açıqlamalar vermişdi. Heydər Əliyev kimi, İlham Əliyev də dövlət başçısı kimi demokratik prinsiplərlə imzalanan beynəlxalq sənədlər barəsində hamını bilgiləndirməyi özlərinə borc biliblər. Bir yandan İranın, digər yandan Ermənistanın, eləcə də erməni diasporunun apardığı təbliğatlar, Azərbaycana qarşı atdıqları çamurlar bu iki dövlətin Cənubi Qafqaz regionunda və eləcə də Yaxın Şərqdə qarşılıqlı əməkdaşlıq, inkişaf, mədəni əlaqələrə qarşı çıxmaları ilə hansı mövqedə durduqlarını isbat etdilər.

Vətəndaş müharibələrinin qarşısının alınmasında təminat

Kimsəyə sirr deyil ki, Yaxın Şərq ölkələrində on illərdir yaşanılan məzhəb-təriqət və vətəndaş müharibələrinin səbəbkarlarından biri də İrandır. Ona görə ki, bu ölkədə “İslam İnqilabının ixracı” üzrə rəsmi dövlət strukturları mövcuddur. “Dünya Müsəlmanlarının lideri” dövlətin ən ali strukturu hesab olunur. Misir, Liviya, Livan, Suriya, Yəmən, Küveyt, Bəhreyn, Oman, Sudan və digər Yaxın Şərq ölkələrində süni şəkildə körüklənən “şiə-sünni” qarşıdurmasının, sonu bitib tükənməyən müharibələrin səbəbkarının Tehrandakı bəlli çevrələrin olması kimsəyə sirr deyil. O da bəllidir ki, İranda “islami təlim” adı altında təhsil alan insanlar mənsub olduqları ölkələrdə sonradan “Vilayəti Fəqih”in fətvaları və gündəmə gətirdikləri ideyaları dəstəkləyərək öz ölkələrinə qarşı Tehran rejiminin iradəsini həyata keçirməyə çalışırlar. Bu sırada “Əhrar ən Nəcran”, “Livan Şiə Ali Şurası”, “Dəva”, “Mehdi Ordusu”, “Əsaib Əhl əl Həqq”, “Bədr”, “Kətaib Hizbullah”, “Mücahidlərin İslam Müqavimət Hərəkatı”, “Nəsr”, “Əfqanıstan İslam İnqilabının Keşikçiləri Korpusu”, “Birləşmiş İslam İnqilabı Cəbhəsi”, “RƏƏD”, “Livan İslami Hərəkatı”, “İslami Cihad”, “Təhrik Nifazi Fiqhi Cəfəriyyə”, “Sepahe Mühəmməd Pakistan”, “Liva əl Fatimiyyun”, “İmami” və digər onlarca təşkilat faktiki olaraq, Yaxın Şərq coğrafiyasının hər tərəfini əhatə edirlər. Elə buna görə Yaxın Şərq son 40 ildə barıt çəlləyini xatırladır.

Azərbaycan Respublikasında elm xadimlərinin, siyasi analitiklərin, ölkəşünasların və digər sahələrin mütəxəssislərinin Yaxın Şərqlə bağlı araşdırmaları, proqnozları həm də ölkəmiz üçün olduqca zəruri problemlərin həllində yaxından dəstək verilməsinə xidmət edir. Respublikamız erməni ekspansionizminin dəhşətləri ilə üz-üzə qaldığı üçün hər hansı bir ölkənin, xüsusilə də Yaxın Şərq dövlətlərinin və xalqlarının belə bir aqibətlə qarşılaşmamasına çalışır. Azərbaycanın rəsmi dövlət siyasətinin prioritetinə çevrilən sülh yolu ilə problemlərin həlli strategiyası bəşəri humanizmin zirvəsidir. Ona görə də Azərbaycan bir dövlət olaraq, Yaxın Şərq ölkələrinin hər biri ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə dəyər verir. Bu uğurlara həsədlə yanaşan Tehran rejiminin isə ölkəmizdə təriqət-məzhəb konseptinə əsaslanaraq missionerlik siyasətini yürütməsini sadəcə dövlət qurumları tərəfindən deyil, hətta vətəndaş cəmiyyətləri, iqtidarlı-müxalifətli kimsə qəbul etmir. Ona görə ki, xalqımız iki yüz illik bir zamanda milli dövlət olmanın təməl prinsipləri uğrunda mübarizə aparıb. Azərbaycanın maarifpərvər insanlarının hər birinin irəli sürdüyü prinsiplər milli-mənəvi, genetik-sosioloji dəyərlər deməkdir. “Parstoday” bunu dərk etmək istəmirsə, o zaman istənilən müstəmləkəçi siyasətlərin sonunun iflasa uğramasının fərqində olmasına baxsın. Azərbaycan dövlət olaraq iki yüz il davam edən müstəmləkə siyasətinin nə demək olduğunu çox yaxşı dərk edir. Ona görə də bu acını kimsəyə rəva görmür. Bütün dövlətlərlə bərabərhüquqlu münasibətləri buna görə önəmli sayır.

(ardı var)

Ə. Yusifoğlu