“Parstoday”ın qaranlıq hədəfləri - III yazı

İran tərəfi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı ilə isti münasibətlərinə daim kölgə salmaq üçün, vəhhabizm-sələfilik ideyasını irəli sürür.

(əvvəli ötən sayımızda)

2016-cı ildə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq barəsində bir sıra əməkdaşlıq təklifləri gündəmə gətirildi. Bu təklifin arxasında duran əsas məqam Yaxın Şərqdə terrorizmin qarşısının alınması məramı dururdu. 2017-ci ildə müdafiə naziri general-polkovnik Zakir Həsənov ilk dəfə olaraq Azərbaycan Respublikasının hərbi nümayəndə heyətinin başçısı kimi Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi. Bu səfər dərhal qonşu İran rejimi tərəfindən böyük skandallara yaradacaq mövzularla qarşılandı. Halbuki, həmin səfərdə mühüm rol oynamayan mövzular müzakirə olundu. İranın Azərbaycan Respublikasına olan çoxşaxəli münasibətlərinin ardında duran tək hədəf isə, respublikamızın Yaxın Şərqdə strateji mövqeyinin genişlənməməsidir. Buna nümunə kimi Azərbaycan-İsrail, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə, Azərbaycan-Misir və sair münasibətlərin hərtərəfli inkişafı məsələlərini göstərmək olar.

Azərbaycanın Yaxın Şərqlə isti münasibətlərinə əngəl olan səbəblər

Kimsəyə sirr deyil ki, Cənubi Azərbaycanda və eləcə də İranın digər ərazilərində yaşayan azərbaycanlı əhalisi çox böyük bir maarifçilik hərəkatını başladıb. Çoxsaylı ədəbi-mədəni cəmiyyətlərin yaranması, Cənubi Azərbaycanda sosial-iqtisadi, ekoloji və digər problemlərin vətəndaşlar tərəfindən daim gündəmə gətirilməsi, idman sektorunda Təbrizin “Traktor” futbol komandasının iştirak etdiyi stadionlarda coşqulu şəkildə milli kimlik məsələsinin qabardılması Tehran rejimini ən çox narahat edən məsələlərdən biri olaraq görülməkdədir. Azərbaycan Respublikasının Yaxın Şərq ölkələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində atdığı addımların nəticəsi kimi, bütün bunlar Tehran üzərindən diqqətlə təqib olunmaqdadır. Çünki, Türkiyədən sonra, digər Yaxın Şərq ölkələrinin KİV-lərində “Cənubi Azərbaycan” termininin geniş şəkildə gündəmə gətirilməsi İran molla rejimini əndişəyə salan səbəblərdən biridir. Ərəb Dünyasının İrandakı “Xuzistan” ərəb bölgəsinə həssaslıqla yanaşmasının ardından Cənubi Azərbaycan terminini irəli sürməsi Tehran rejiminin dərin qısqanclığına səbəb olan amillərdən birinə çevrilibdir.

O da bəllidir ki, Yaxın Şərqin ən güclü dövlətlərindən biri Səudiyyə Ərəbistanıdır. İran bu ölkəni daxildən sarsıtmaq üçün 40 ildir husilər hərəkatının separatizm meyillərinə dəstək verməkdədir.

İran tərəfi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı ilə isti münasibətlərinə daim kölgə salmaq üçün, vəhhabizm-sələfilik ideyasını irəli sürür. Halbuki, ölkəmizdə bu ideyanın tərəfdarlarının xırda qrup şəklində mövcud olması hər kəsə bəllidir. Ancaq, bu məsələ böyük bir proses kimi müşahidə oluna bilmir. Bunun tək səbəbi Azərbaycanda milli dövlət olması strategiyası ölkə vətəndaşlarının həyat normasının bir parçası olması kimi xarakterizə edilir. Tehran rejimi isə, vəhhabizm-sələfilik məsələsini bəhanə edərək Azərbaycanın Yaxın Şərq dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsinə daim kölgə salmaq taktikası ilə hərəkət edir. Bu məqsədlə Azərbaycan Respublikası əhalisinin dindar kəsimini Tehran rejimi tərəfindən yaradılmış və idarə olunan informativ vasitələrə üstünlük verilməsi ilə müşahidə olunur. Beləliklə Azərbaycan Respublikasındakı imanlı insanları süni şəkildə bir yandan ölkə hakimiyyətinə, digər yandan isə Yaxın Şərq dövlətlərinə qarşı ideoloji baxımdan istiqamətləndirməyə çalışılır.

Hədəf təriqət-məzhəb dartışmasını sərgiləməkdir

Azərbaycan Respublikasında multikulturalizm, dini tolerantlıq və vicdan azadlığı əsas prioritet məsələ olduğu üçün, İranın ölkəmizin daxili və xarici siyasətinə müdaxilə etmək iddiası tamamilə əsassızdır. “Parstodey” Azərbaycan Respublikasından Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər müsəlman ölkələrində dini təhsil alan vətəndaşlara qarşı çamur atmaq taktikası ilə apardığı təbliğatlarda bütün bunların sonda İrana qarşı olmasını qeyd edir. Halbuki 1990-cı illərin əvvəllərində bəzi neqativ hallar yaransa da, yenicə dövlət müstəqilliyini əldə edən Azərbaycan Dini İşlər üzrə Dövlət Komitəsi yaratmaqla mövcud problem və hüquqi boşluqları həll etməyə başladığı üçün, bu gün keçmişdəki səhvlər yoxdur. 2008-ci ildə Bakıdakı Əbu Bəkr sünni məscidinin ətrafında radikal dini qrupların da fəaliyyətinin dayandırılmasının səbəbləri məhz bu prinsiplərdən doğmuşdur. Ancaq, bu addımlar heç də ölkədə təriqət və məzhəblərin yasaq edilməsinə gətirib çıxarmadı. Təbii olaraq, din pərdəsi altında radikal qruplaşmaların hər addımda qarşısının alınması və onların ölkədəki sabitliyi pozmaq cəhdlərinin heçə endirilməsi Azərbaycanın ən sabit müsəlman ölkəsi imicinin artmasına səbəb olmuşdur.

O da bəllidir ki, Suriya, İraq, Misir, Fələstin, Livan, Liviya, Yəmən və digər müsəlman ölkələrində sadəcə sünni məzhəbinin radikal dini qanadları deyil, həm də şiə təriqətini təmsil edən Azərbaycan Respublikasının bəzi vətəndaşları müxtəlif qruplarda vətəndaş müharibələrində iştirak ediblər. Onlardan bir qrupu “Hüseyniyyun” adlı silahlı terror qruplaşması yaradaraq Azərbaycan respublikasının dünyəvi konstitusion quruluşunu təhdid etməkdədir. Belələrindən Yunis Səfərovun Gəncədə terakt törətməsinin üstündən cəmi 3-4 ay keçib. O Yunis Səfərov ki, Suriyadakı Zeynəbiyyə kompleksi önündə əli avtomatlı poza verirdi.

Bunlar ürəkağrıdıcı məsələlərdir.Ona görə ki, respublikamızın 25 faiz əraziləri işğal altındadır. Azərbaycan bu işğala sülh yolu ilə yanaşı, lazım gəldiyində silah gücünə son qoyulması üçün ciddi şəkildə hazırlıq görür.

Tehran rejimi Azərbaycanın hər zaman olduğu kimi, Azərbaycan Respublikasının dövlət rəsmilərinin başqa müsəlman ölkələrinə səfərlərinin necə keçdiyini belə qısqanclıqla qarşılayır. “Parstodey” yazır: “İlham Əliyev Ər Riyada gələndə bu ölkənin Kralı onu birbaşa havalimanında qarşıladı. Halbuki Kral bütün qonaqlarını hər zaman sarayında qarşılayırdı. Belə bir qarşılama törəni sübut etdi ki, Səudiyyə Ərəbistanı Azərbaycan dövlətinə hansı isti münasibəti vardır”. İndi demək lazımdır ki, Tehran rejimi nədən bu qədər rahatsız olur.

“Ərəb-Türk Strateji və İqtisadi İşbirliyi Cəmiyyəti”nin sədri Muhammed Adil isə həmin tarixi görüş barəsində bunları demişdir: “Azərbaycan Türk Dünyasının ən vacib bir üzvdür. Azərbaycanın Ərəb Dünyası ilə yeni sülhməramlı körpülər salması, ticarət, yatırım və turizmin inkişafı üçün hesablanmış ən möhtəşəm addımlardan biridir. Bütün imkanları ilə Azərbaycan tərəfi öz ölkəsini Ərəb Dünyasına tanıtmağa çalışır”

Təkfirçi siyasət olmadığı halda ona çamur atmaq doğrudurmu?

“Parstoday” ərəb dövlətləri ilə Azərbaycan Respublikasının son üç ildə əldə etdiyi uğurlara kölgə salmaq üçün bu dəfə hədəflərində ənənəvi şəkildə böhtanlarını davam etdirməkdədir: “Başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələri Azərbaycanda iqtisadi sahə ilə yanaşı, təkfirçi vəhhabizmi yayılmağa başlamışdır”. Bu çamurları atmaq azmış kimi, İranın Bakıdakı sabiq səfiri Möhsün Pakayin bu fikirləri gündəmə gətirmişdi: “Azərbaycanın dərin siyasi hədəflərində yer alan əsas məsələ bölgə dövlətləri qismində Rusiya, Türkiyə və İranla olan sabit əlaqələrə üstünlük verməlidir. Ərəb ölkələri ilə qurulan əlaqələrə önəm verməsi bizim maraqlarımızla uzlaşmır. 2015-ci ildə İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi ziyarətini nümunə göstərə bilərik. Bütün bunlar azmış kimi Körfəz Ölkələri arasında Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytlə olan əlaqələrinin inkişafını biz diqqətlə təqib edirik. Bu münasibətlərdə ticarət, iqtisadi, siyasi və turizm əlaqələrinin inkişafı heyrətedicidir. Qonşu İranla heç bu qədər yaxın isti münasibətlər yoxdur”.

Halbuki İrandan fərqli olaraq, Yaxın Şərqdə böyük nüfuz sahibinə malik olan Səudiyyə son illərdə BMT və İslam Konfransı Təşkilatının uca tribunalarından Qarabağ məsələsində Azərbaycanı müdafiə edir. Bu ölkənin ardınca digər ərəb ölkələri də həmin addımları atırlar. İran tərəfi isə heç nə olmamış kimi işğalçı qonşu Ermənistanla iqtisadi, ticarət, maliyyə, mədəni və digər sahələrdə münasibətlərini daha dərinləşdirmişdir. Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaması da Azərbaycanın milli dövlət maraqlarının bir parçasıdır.

Tehran təbliğatı iddia edir: “Azərbaycan Respublikasının ərəb dövlətləri ilə isti münasibətlərinin arxasında duran əsas hədəf Cənubi və Şimali Qafqazda vəhabizmi dəstəkləməkdən ibarətdir”. Bu qədər yalan və riyanın əsas səbəbi isə, son illərdə ərəb ölkələrindən Azərbaycan Respublikasına ən azından turist axınlarının artmasıdır. 2018-ci ildə ərəb ölkələrindən Azərbaycana orta hesabla 500 min nəfər turist gəlmişdir. Bu da öz növbəsində azından dövlət büdcəsinə 1.5 milyard dollar gəlirin daxil olması deməkdir. Yəni qeyri -neft sektorunun inkişafı sayəsində milli büdcə məsələsində yeni uğurların qazanılması nədənsə Tehran rejimini qıcıqlandırır. 2017-ci ildə Səudiyyədən Azərbaycana gələn turistlərin sayı 33 min 273 nəfər olub. 2018-ci ildə isə, bu rəqəm 4 dəfə artmışdır. İranın başda ABŞ olmaqla beynəlxalq birlik tərəfindən embarqoya məruz qalması ucbatından bu ölkənin milli gəlirlərinin azalması, turizmin aşağı düşməsi, ölkədaxili milli gəlirin tənəzzülə uğraması ilə paralel olaraq Azərbaycan Respublikasının sürətlə irəli çıxması qonşu ölkənin qısqanclığına səbəb olan amillərdən biridir. Azərbaycanda anti-ərəb təbliğatlarının gündəmə gətirilməsinin əsas sirri də məhz bu faktora söykənir. Ən adi bir yanlışlığı “nəlbəkidə fırtına” halına gətirməklə bunu ictimai düşüncədə şouya çevirmək Tehran rejiminin strateji hədəfinə çevrilibdir. Biz bu barədə minlərlə örnək göstərə bilərik.

Sonda onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bir dövlət olaraq özünün azad və sərbəst şəkildə daxili və xarici siyasətini normal şəkildə nizamlaya bilən bir ölkəyə çevrildikcə, bundan əndişəyə düşən ölkələr ortaya çıxırlar. Xüsusilə Ermənistanın bu məsələdə etirafları bütün bunları isbat edir. Qonşu İrandakı rejim 1991-ci ildən indiyə kimi Azərbaycan dövlətinə qısqanclıqla yanaşıbdır. Sözdə məzhəb-təriqət birliyindən dəm vuran bu ölkə daim Azərbaycanın inkişafına xor baxıbdır. Azərbaycanın daxilində din pərdəsinə bürünərək özünə güclü dayaqlar yaratmaqla təsir imkanlarını nə qədər sərgiləmək istəsə də, hər dəfə uğursuzluqlara düçar olub. Bu da bir həqiqətdir. Onu görməzlikdən gəlmək yanlış siyasətin astar üzüdür. Bu təfəkkür hələ ki, kimsəyə uğur gətirməyib.

Ə. Yusifoğlu