İranda “erməni soyqırımı abidələri” - Nəyə xidmət edir?

Son 40 ildə molla rejiminin dəstəyi ilə ermənilərin maraqlarını təmin edən bir çox qurumlar yaradılmışdır.

1952-ci ildə pəhləvilər istibdadının azərbaycanlılar əleyhinə apardığı dərin siyasətin sayəsində ayrıca “Gilan Vilayəti” yaradılır. Faktiki olaraq, Astara, Masal, Rəşt, Şəft, Rudbar, Rizvanşəhr, Fumən, Talış rayonlarının əhalisinin yarıdan çoxunu mənşəcə azərbaycanlılar təşkil edirlər. Bundan əlavə, vilayətdə gilək, talış, tatiyan, qaradağlı, semnani, galiş, kerinqani və digər xalqlar yaşayırlar. Vilayətdə erməni yaşamadığı halda, Rəşt şəhərində “erməni dalanı” adlı məkanda uydurma “erməni soyqırımı” memorial abidəsi ucaldılıb. İsfəhan, Tehran, Abadan və digər bölgələrdə də bu qondarma abidələrin ucaldılmasını görməzlikdən gələn “İran İslam Respublikası”nada belə iddia edilir: “Ermənilər əhli kitab sayılırlar və buna görə də öz arzularına uyğun abidələr ucaltmaqda sərbəstdirlər. Buna görə də dövlət onların işinə qarışmır”.

Günahların pəhləvilər sülaləsində aranması oyunu

1973-cü ildə İran diktatoru Məhəmmədrza Pəhləvinin dəstəyi ilə İsfəhandakı erməni kilsəsinin həyətində qondarma “erməni soyqırımı” abidəsi ucaldıldı. 1978-ci 23 Bəhmən İnqilabının ardından hakimiyyətə gələn molla rejimi özünü nəinki İranın, bütün dünya müsəlmanlarının hamisi olduğunu elan etdi. Lakin inqilabdan ötən illər ərzində Tehran rejiminin ciddi təzyiqləri nəticəsində azərbaycanlılara məxsus “Yoldaş”, “Yeni Yol”, “Azərbaycan”, “Dədə Qorqud”, “Ülkər”, “Ulduz”, “Ana dili”, “Gənclik”, “Kimlik”, “Səs”, “Çiçək”, “Dilşad”, “Ərdəm”, “İşıq”, “Səhər”, “Yurd”, “Səhənd”, “Dan Ulduzu”, “Araz”, “Məzun”, “Odlar Yurdu”, “Çənlibel”, “Oxtay”, “Koroğlu”, “Birlik”, “İrəli”, “Muştuluq”, “Qardaşlıq”, “Azərbaycanın Səsi”, “Səttarxan Bayrağı”, “Ərk”, “Vətən yolunda”, “Azərbaycanın gələcəyi”, “Yaşıl yarpaq”, “Kəpənək”, “Çuvalduz”, “Saray”, “Günəş”, “Asan”, “Sayan”, “Öyrənci”, “Can Azərbaycan”, “Dilmanc”, “Mavi çiçəklər” və sair onlarca qəzetlər, jurnallar qapadılıb. Bunun qarşılığında isə, ermənilərin 40 ildir gündəlik “Alik” qəzeti dövlətin dəstəyi ilə dərc edilir.

İsfəhandakı “Vəng Erməni Kilsəsi”nin həyətində ucaldılmış “soyqırım abidəsi” ilə bağlı Tehran rəsmilərinin verdiyi açıqlamada belə qeyd olunur: “Bu abidə erməni soyqırımının 58 illiyi tarixinə görə Məhəmmədrza Pəhləvinin dəstəyi sayəsində inşa olunub. İran əhli- kitab etiqadına malik ermənilərə sayğı ilə yanaşır. Tehran, İsfəhan və digər şəhərlərdəki kilsələr erməni xalqının mülküdür. Orada istədikləri abidəni ucaltmaqda sərbəstdirlər. Çünki, mülk və ərazi toxunulmaz sayılır. Bu soyqırım ermənilər üçün müqəddəs faciə xatirəsididir” (mənbə: http://badkubeh.com/etnoslar/1514188749.433733).

2005-ci ildə İran prezidenti Mahmud Əhmədinejad erməni icması ilə görüşündə demişdir: “Erməni xalqına qarşı törədilən soyqırımı bizlər kəskin şəkildə lənətləyirik. Bu cinayəti törədənlərə qarşı nifrətimizi bildiririk”. 2010-cu ildə İranın vitse-prezidenti Həmid Baqai isə qeyd edib ki: “100 bundan qabaq Osmanlı dövləti erməni xalqına qarşı soyqırım adlı dəhşət saçan bir cinayət törədibdir”. Elə həmin il İran parlamentinin vitse-spikeri Əli Laricani açıqlamasında bunları deyib: “Suriyada bu gün Türkiyənin hərbi gücləri Hələb şəhərində ermənilərə qarşı soyqırım siyasəti yürüdür. Ona görə ki, bu ənənə hələ 100 il bundan öncə də mövcud olmuşdur. Ermənilər bizim qardaşımız və bacımızdırlar”.

2015-ci ildə İran prezidentinin milli azlqılar üzrə xüsusi köməkçisi Əli İvnəsi bildirib ki: “100 il bundan əvvəl Osmanlı dövləti erməni xalqına qarşı hansı soyqırım dəhşətlərini yaşadıbsa, indi də həmin siyasəti Suriyada davam etdirir. Hələbdə on minlərlə erməni qardaşımız könüllü olaraq silahlanaraq, Türkiyənin işğalçılıq siyasətinə dur demək üçün hərəkətə keçiblər” (http://www.yerkramas.org/article/108227/priznanie-genocida-armyan-islamskoj-respublikoj-iran-vpolne-mozhet-stat-realnostyu və
https://pandukht.livejournal.com/1413484.html).

Beləliklə, ermənilərin simasında özünə müttəfiq tapan İran sadəcə Cənubi Qafqazda deyil, həm də İraq, Suriya, Livan, Fələstin və digər Yaxın Şərq ölkələrində özünün strateji hədəflərini sərgiləyir. Bu gün Hələb, Qamışlı, Dəməşq, Laziqiyyə, Hums, Tartus və digər bölgələrdə birlikdə hərəkət edir.
Uydurma “erməni soyqırımı” abidəsini kimlər ziyarət edir?

Paytaxt Tehranda ermənilərə məxsus “Sərkis Kilsəsi”nin nəzdində qondarma “erməni soyqırımı” abidəsini demək olar ki, 40 ildir molla rejimi ziyarət edir.

Livanda İran molla rejiminin dəstəyi ilə terror siyasəti yürüdən “ASALA” təşkilatının liderlərindən biri sayılan Monte Melkonyan Qarabağ müharibəsi dönəmində xüsusi silahlı könüllü dəstələri yaradaraq əksər cvinayətlərdə iştirak etmişdir. O, bu məsələ ilə bağlı 1982-ci ildə Livan üzərindən İsrailə qarşı müharibə elan etmiş “Hizbullah” və “ASALA”nın öndə gedən liderlərindən biri sayıldığı üçün, daim Tehran molla rejiminin diqqət mərkəzində olubdur. Hətta İrandakı açıq qaynaqlar da bu faktı etiraf edirlər: “Monte Melkonyan İslam İnqilabının Keşikçiləri Korpusunun tərəfdarı kimi müqəddəs cihadda hər zaman bizimlə birlikdə olub. O, Tehrandan idarə olunan “Qüds silahlı qrupu”nun üzvü kimi Suriya, İraq, Livan, Əfqanıstan və digər ölkələrdə könüllü olaraq bir çox döyüşlərdə yaxından iştirak edibdir” (mənbə: https://aranerdebilli.wordpress.com/2013/02/06/sii-iranla-grigoryan-ermenistan-kardesligi/).

Tehranda heç də çəkinmədən bu yöndə özlərinə haqq qazandırmaq üçün “Ariya ocağı” ideyası ilə hərəkət etdiklərini gizlətmirlər də. 2015-ci il noyabr ayının 27-də “Beynəlxalq Əhli-Beyt Cəmiyyəti”nin sədri ayətullah Həsən Əxtəri azərbaycanlıların tarixi mədəni irsi olan və İrəvandakı “Göy Məscid”i ziyarət edərkən belə demişdir: “Ermənilərlə farslar bir millət, iki dövlətdir”. Həsən Əxtəri İrəvan Dövlət Universitetində tələbələr qarşısında çıxış edərək erməni və fars xalqlarının tarixi köklərinin qohumluğundan danışıb və indiki əlaqələrdən məmnunluğunu bildirib (mənbə: http://golosarmenii.am/article/35203/ni-odna-religiya-ne-prizyvaet-ubivat-bozhi-sozdanii-ayatolla-moxammad-xasan-axtari).

Aparılan araşdırmalara görə, son 40 ildə Tehran molla rejiminin himayəsində olmaqla ermənilər bu gün İsfəhan, Tehran, Abadan, Daraşamb, Boloqan, Çargah, Zərnə, Drəxtək, Çigən, Millagərd, Nəməgərd, Səngbaran, Səvaran, Sənəgərd, Şooresxan, Nadan, Xonq, Xoyqan, Hezarjərib və digər bölgələrdə yaşamaqla yanaşı, həmin yaşayış məntəqələrində uydurma “erməni soyqırımı” abidələri ucaldıblar. Hər il bu abidələrlə bağlı sadəcə ermənilər deyil, yüksək çinli məmurlar və din xadimləri də bu mərasimdə iştirak edirlər. Bununla yanaşı, Tehranda erməni-fars şovinizmi ideyasının tərəfdarları küçə yürüşlərinə çıxırlar.

Erməni “sevgisi”nin dolanbacları

Son 40 ildə molla rejiminin dəstəyi ilə ermənilərin maraqlarını təmin edən bir çox qurumlar yaradılmışdır. “İran erməni iş adamları cəmiyyəti”, “Erməni kilsələri şurası”, “İran erməni gəncləri təşkilatı”, “Ararat-Erməni İdman Cəmiyyəti”, “Erməni abidələrinin mühafizəsi könüllülər birliyi”, “Nor Cuqu Cəmiyyəti” (Yeni Culfa), “Sub Sərkis Kafedral Kilsəsi”, “Erməni memarlığını öyrənmə fondu”, “İran erməni qadınları cəmiyyəti”, “Anaid cəmiyyəti”, “Armenui humanitar cəmiyyəti”, “Ani cəmiyyəti”, “Erməni qadınları humanitar icması”, “Erməni qadınlarının kilsə cəmiyyəti”, “Ararat təhsil mərkəzi”, “Ararat-erməni mədəniyyəti mərkəzi”, “Məryəm təhsil mərkəzi”, “İran erməniləri xalq sənətkarları birliyi”,

“Erməni incəsənəti muzeyi”, “Erməni protestant kilsəsi icması”, “Erməni yevangel kilsəsi icması” və onlarca sayda digər təşkilatlar fəaliyyət göstərirlər (mənbə: araxnews.com, iranahayer.com, alikonline.ir, noravank.am/rus/issues/detail.php?ELEMENT_ID=5071).

Bundan əlavə, “Alik” (gündəlik) və “Araks” (həftəlik) qəzetləri erməni dilində dərc olunur. Ermənilər İran cəmiyyətində ermənilər “milli azlıq” kimi qəbul edilsələr də, ictimai baxımdan ən çox fəallıq məhz onlardır.

Ə. Yusifoğlu

AzNews.az