May ayının 6-7də Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi Parlamentinin binasında BMT, Avropa Birliyi Parlamenti, Avropa Şurası, ATƏT və YUNESKO-nun milli azlıqlarla bağlı komissiyalarının birgə toplantısı keçirildi. May ayının 6-7də Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi Parlamentinin binasında BMT, Avropa Birliyi Parlamenti, Avropa Şurası, ATƏT və YUNESKO-nun milli azlıqlarla bağlı komissiyalarının birgə toplantısı keçirildi.

Erməni bankından pul götürüb BMT kürsüsünə çıxdı

May ayının 6-7də Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi Parlamentinin binasında BMT, Avropa Birliyi Parlamenti, Avropa Şurası, ATƏT və YUNESKO-nun milli azlıqlarla bağlı komissiyalarının birgə toplantısı keçirildi.

Avropa məkanında yaşayan azlıqların təhsil, mədəniyyət və digər məsələləri toplantıda gündəmə gətirilib. BMT-nin etnik azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn geniş məruzə ilə çıxış edərək bu gün Avropa məkanında, eləcə də dünyanın bir çox yerlərində etnik azlıqlarla bağlı mövcud problemlərdən danşıb. O bildirib ki, etnik azlıqlara hər bir dövlətin qayğısı çox vacibdir.

Qeyd edək ki, tədbirdə “Tom Lantos İnstitutu” (Macarstan), “Avropa Milli Azlıqların Birliyi” (FUEN) və BMT yanında “BMT-də təmsil olunmayan xalqların təşkilatların şurası” (UNPO) qurumlarının məruzəçiləri çıxış ediblər. Tədbirdə postsovet məkanını təmsil edən əksər etnik azlıqların təşkilatlarının nümayəndələri çıxış etmək imkanı əldə ediblər.

Hüseyn Şahpazovun atdığı çamurlar

2000-ci illərin başlanğıcından bu şəxsin daim Azərbaycan Respublikasına qarşı çıxışlarını izləyirik. O, hazırda “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı” təşkilatının icraiyyə komitəsinin sədridir. Bu qurumun səlahiyyətli nümayəndəsi kimi “bölünmüş xalqlar” proyektləri əsasında beynəlxalq tədbirlərdə iştirak edir. Hər dəfə də Azərbaycan dövlətinə qarşı çamurlar atır.

H.Şahpazovun iddiasına görə, “Qafqaz Albaniyası” dövləti süquta uğradıqdan sonra, ləzgi xalqı və ləzgidilli toplumlar param-parça olublar. Bunun əsas günahkarı da türk mənşəli azərbaycanlılardır. Halbuki, Qafqaz mənşəli xalqların dilləri bir-birindən tamamilə fərqlənir. Tabasaran, aqul, rutul, saxur, budux, xınalıq, udi, lak və digər dillər arasında zahiri baxımdan bənzərlik olsa da, bu dillərin hər biri ayrı-ayrı etnoslarla bağlı olan bir məsələdir. O ki qaldı ləzgi xalqı və digər azsaylı xalqlara, onlar coğrafi şəraitə və özlərinin həyat tərzinə görə məskunlaşıblar. Yüz illərdir azərbaycanlılarla birlikdə ortaq həyat tərzinə malikdirlər. Fərqli dillərdə danışan bu xalqların hamısının etnik mədəni sistemi eyni mənbəyə bağlıdır. Adət-ənənələrimiz, mərasimlərimiz, hətta şeirlərimizin motivləri eyni bulaqdan su içib.

H.Şahpazov kimilərinin isə ermənilərin “etnik mənsubiyyət” adı altındakı gedişləri təkrarlaması heç də ürəkaçan məsələ deyil. O, təmsil olunduğu qurumun adından artıq neçənci dəfədir ki, Azərbaycana qarşı yüksək tribunalardan əsası olmayan həqarətlər yağdırmaqda davam edir.

Plenar iclaslarda söz alaraq çıxış edən Hüseyn Şahpazov bildirib ki, ləzgi xalqı daim vahid bir məkanda və bir dövlətin tərkibində yaşayıb. Bu, ilk öncə Rusiya imperiyası, daha sonra keçmiş SSRİ-də heç bir problemlə üzləşmədən vahid coğrafi məkanda mövcud olublar. Ləzgi və digər etnik azlıqlar Azərbaycanda çoxsaylı problemlərlə qarşılaşıblar. Milli-mədəni hüquqları çərçivəsində yaşamaq imkanları məhduddur. Rusiya və xüsusilə də Dağıstanda yaşayan azərbaycanlıların malik olduqları milli-mədəni hüquqlar Azərbaycandakı etnik azlıqların çərçivəsində fərqli mənzərə ilə qarşılaşırıq. Azərbaycanda ləzgi dilində orta məktəblərdə tədrisin keyfiyyəti isə dözülməz şəraitdədir. Dağıstanda dərc olunan dərslik kitablarının Azərbaycandakı ləzgilərə məxsus orta məktəblərdə tədrisinə imkan verilmir və s.

Beynəlxalq ekspertlər Hüseyn Şahpazovu inkar etdilər

Bu mötəbər tədbirdə BMT-nin etnik azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn, Avropa Parlamentinin vitse-prezidenti Liviya Yaroka, ATƏT-in komissarı Lamberto Zanyer, Avropa Birliyi hökumətinin komissarı Sabolç Xorvat, milli azlıqlar üzrə Avropa Şurasının eksperti Vesna Qrniç-Qrotiç, BMT İnsan Haqları Komissarlığının təmsilçisi Birgit van Hout, YUNESCO-nun Brüsseldəki bürosunun rəhbəri Luiza Haksthauzen, Norveç təmsilçisi İngvil Torson Plesner, “Aland Adaları İnstitutu”nun rəhbəri Siliya Spiliopolu (İsveç), “Edinburg Universiteti”nin kelt dili, ədəbiyyatı və tarixi bölüm rəhbəri Robert Dunbar (Şotlandiya), “Etnik azlıqların müdafiəsi mərkəzi”nin üzvü Alena Gross, “Zaqreb Universisteti”nin elmi əməkdaşı Antoniya Petrikuşiç (Xorvatiya), “Macarstan Dövlət Milli Xidmət Universiteti”nin professoru Balaş Vizi və digər nüfuzlu mütəxəssislər etnik azlıqların hüquqlarının qorunması barəsində səmərəli təkliflərini irəli sürdülər. Qeyd olundu ki, Avropa məkanında etnik azlıqlara məxsus 60 regional dil mövcuddur və onlar 70 milyon insanı birləşdirirlər.

Yunanıstandan olan türk-müsəlman nümayəndələri çıxış edərək qeyd etdilər ki, uzun illər bu ölkədə milli azlıq statusunda türk milli kimliklərini ifadə etmək qanunla qadağan olub. Hətta dünyaya gələn türk-müsəlman uşaqlara milli adlarını vermək yasaq olubdur. Fransanın cənub regionlarında yaşayan italyanlar belə, rəsmi Parisin sərt qanunları ilə rastlaşıblar. Onlara qarşı zor gücünə fransızlaşdırma siyasəti yürüdülüb. Macarları bir xalq olaraq Rumıniya, Polşa, Çexiya, Almaniya, Fransa və digər Avropa ölkələrində etnik azlıq kimi qəbul etmədikləri üçün onlar müxtəlif xalqların içində zamanla assimliasiyaya məruz qalıblar. Belə bir problemlə Bolqarıstan, Rumıniya və digər dövlətlərdə yaşayan etnik azlıqlar üz-üzə qalıblar. Azərbaycan nə keçmişdə, nə də bu gün etnik azlıqlarla bağlı belə bir sərt addımlar atmayıb.

Plenar iclaslardan sonrakı durum

Elə bu məşhur konfransda çıxış edən saxur xalqının nümayəndəsi Sofiya Məlikova Hüseyn Şahpazova məruzəsində tutarlı cavab veribdir. BMT-nin Cenevrədəki (İsveçrə) baş qərargahında neçə ildir təcrübə keçən bu xanım bildirib ki, saxurlar etnik azlıq olaraq Azərbaycanda və Dağıstanda yaşayırlar. Keçmiş SSRİ dövlətinin süqut etməsi ilə bağlı bəzi problemlər mövcud olsa da, saxur xalqı milli azlıq kimi Azərbaycanda heç bir problemlə qarşılaşmır. Saxurlar adi məişət səviyyəsində də Azərbaycan cəmiyyətində hər hansı problemi yaşamırlar. Saxurların milli azlıq kimi milli-mədəni hüquqlarının reallaşdırılması istiqamətində bir sıra problemlər mövcuddur. Saxurlar bir xalq olaraq kompakt şəkildə yaşadıqları iki kənddə ana dilində təhsil alırlar.

Azərbaycanda milli azlıq problemi heç zaman olmayıb

Əksər mütəxəssislərin də etiraf etdikləri kimi 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra etnik azlıqlarla bağlı postsovet məkanında ilk qanun məhz Azərnbaycanda qəbul edilmişdir. 16 sentyabr 1992-ci il 212 saylı qəbul edilmiş prezident fərmanı indiyə kimi öz qüvvəsini saxlayır. Ali təhsil müəssisələrinə güzəştli qəbul, Dövlət Radiosunda xüsusi proqramların fəaliyyəti, ana dilində dərsliklərin dövlət büdcəsi hesabına dərc edilməsi, mətbu orqanların fəaliyyəti, milli-mədəni mərkəzlərin fəaliyyət göstərməsi və hüquq çərçivədə digər güzəştlər onlara göstərilən dövlət qayğısının nəticəsində başa gəlir. Qusar rayonunda “Azərbaycan Dövlət Ləzgi Teatrı” isə tamamilə dövlət büdcəsi hesabına yaşadılır.

O da sirr deyil ki, ermənilərə məxsus “Anelik Bank”, “Kaskad Bank” və digər maliyyə strukturları vaxtilə Dağıstanın kənd təsərrüfatı və ticarət sektorunda güclənmək üçün bir sıra addımlar atırdılar. Digər banklardan fərqli olaraq erməni banklarından verilən kredit siyasətinin nəticəsində Dağıstanın cənub regionunda bəzi qruplar “Ləzgistan” təbliğatlarını aparırdılar. Mənşəcə ləzgi olan bir sıra iş adamları Dağıstanın cənub regionunda biznes layihələrinə imza atdıqdan sonra erməni bankları da yoxa çıxdılar. Bunun ardınca Azərbaycan tərəfinin Dərbənd şəhəri və onun ətraf bölgələrinə etdiyi maliyyə dəstəyi nəticəsində bölgənin bəzi sosial problemlərinin həllinə dəstək göstərilib.

Beynəlxalq tədbirlərə dəvət olunan, uca kürsülərdən Azərbaycana çamurlar yağdıran Hüseyn Şahpazovlar görəsən son illərin uğurlarını niyə və nədən görməzlikdən gəlirlər? Öz xalqının adından siyasi alver edən Hüseyn Şahpazovların erməni banklarının parası ilə uydurma kitablar yazmaq, tədbirlər keçirmək, saxta qəhrəmanlıqla parazitcəsinə həyatını sürməsi taleyin acı ironiyasıdır. Tarixin süzgəci elə bir sakral qaydalarla bizləri bir araya gətirib ki, kimsə bu gerçəkliyi poza bilməz. Ləzgilər, azərbaycanlılar, eləcə də başqa xalqlar Qafqazdan ayrı yaşaya bilməzlər. Ümumi evimiz olan Qafqazda kimsə heç bir zaman birgəyaşayış nizamını poza bilməz.

Ə.Yusifoğlu