- Araşdırma
- 22 May 2019 17:34
- 8 248
Tiflis forumunda Azərbaycana qarşı yürüdülən siyasətlər ortaya çıxdı

Moderatorlardan biri olan Coşua Kuçer 25 ildir bir jurnalist kimi Azərbaycan əleyhinə məqalələr yazmaqdan usanmır
May ayının 13-14-də “Fridrix Ebert Fondu”nun dəstəyi ilə ənənəvi “Cənubi Qafqazda Təhlükəsizlik VI Forumu” keçirildi. Fondun “Cənubi Qafqaz Regional Ofisi”nin direktoru Feliks Set bildirib ki, məqsəd Şərqi və Qərbi Avropadan olan yüksək səviyyəli ekspertlərin görüşlərini təşkil etməkdir. Tiflis buna görə də əsil görüş mərkəzidir.
50 məruzəçinin Cənubi Qafqaz baxışları
Ötən forumlardan fərqli olaraq, bu dəfə Tiflisə Avropa, ABŞ, Yaxın Şərq ölkələrindən mütəxəssislər də Tiflisə dəvət olunmuşdular. Bu dəfə forumda beynəlxalq təhlükəsizlik və Cənubi Qafqazda xarici siyasət mövzularına geniş yer verildi. Bununla yanaşı, bir çox problemlərin həlli və onun yolları gündəmin əsas mövzularından birinə çevrildi. İlk dəfə olaraq foruma çoxsaylı jurnalistlər qatılmışdılar. Tiflis forumuna müxtəlif dövlətlərin ekspertləri ilə yanaşı, araşdırma təşkilatlarının nümayəndələrinin iştirakı tədbirin daha ciddi və sanballı olmasına səbəb oldu. Məruzəçilər NATO-nun Qara dəniz hövzəsində təhlükəsizlik məsələlərində iştirakı, yeni təsir vasitələrinin səbəbləri, region dövlətlərində təhlükəsizlik məsələlərinin işıqlandırılmasının yolları, Cənubi Qafqazda konfliktlər, Rusiyanın Cənubi Qafqazda rolu, hibrit təhlükələr, ABŞ-ın İran və Türkiyə münasibətləri, demokratik proseslərin çağırışları və digər sahələrdə çıxışlar etdilər.
Gürcüstan, Azərbaycan və Avropanı təmsil edən çıxışçılar xüsusilə qeyd etdilər ki, həll olunmayan konfliktlər Cənubi Qafqazda daim yeni təhlükə mənbəyi olaraq qalır. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “Cənubi Qafqaz və böhranlar” adlı məruzəsində qeyd etdi ki: “ Bu, regionda yaşayan insanların adi münasibətlərinə təsir edir. Həll olunmayan konfliktlər regionda təhlükəsizlik baxımından bütün atılacaq addımlar üçün hər zaman təhlükə mənbəyi olaraq alır. Cənubi Qafqaz üçün təhlükəsizlik region dövlətləri ilə yanaşı, həm də Avropa Birliyi üçün çox vacibdir”.
Tehran rejiminin Azərbaycan dövlətinə olan münasibəti
İranlı professor, “Şəhid Behişti Universiteti”nin müəllimi Həmidrza Əzizi forumda çıxış edərək bildirib ki: “İranın Cənubi Qafqaz siyasəti və Ermənistanla münasibətləri onu göstərir ki, İranın region siyasətində din və şiə amili mühüm deyil, praqmatizm məsələsi daha öndədir”.
Qeyd edək ki, forumun keçirildiyi salonda İranın Gürcüstandakı səfirliyinin əməkdaşları Həmirza Əzizinin belə bir qərəli çıxışının diplomatik qaydalara uyğun olmadığına göz yumaraq, onun çıxışına müdaxilə etməyiblər. H. Əzizi üstüörtülü şəkildə çıxışı zamanı “Qafqazın 17 şəhəri” və İranın tarixi əraziləri mövzusuna toxunub. 1993-cü ildən bu günə kimi “İranın Cənubi Qafqazda 17 şəhəri” projesi ətrafında Tehran rejimi istədiyi hədəfləri sərgiləməkdə davam edir. Bu, Bakı, Tiflis, İrəvan, Şuşa, Naxçıvan, Gəncə, Şəki, Beyləqan, Bərdə, Dərbənd, Quba, Ordubad, Lənkəran, Salyan, Qazax, Şamaxı və Sumqayıt şəhərlərini əhatə edir. Bunun üçün İran Səfəvilər və Qacarlar dövlətlərinin tarixinə istinad edir. Hətta 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunan vaxt Tehran hökumətinin rəsmi Bakıya göndərdiyi etiraz sənədlərinə belə istinad etməkdədir.
Ermənistan əvvəlki cığallıqlarını davam etdirdi
Tiflis Forumunda “Dağlıq Qarabağ konfliktinin həlli” mövzusunda çıxışlar ətrafında haqlı olaraq Azərbaycan tərəfi öz etirazlarını bildirdi. Azərbaycan tərəfi əvvəlcədən bilirdi ki, forumda ermənilərin mövqeləri dolayı yolla aparıcı ünsürə çevriləcəkdir. Çünki, tədbirin moderatorlarından biri kimi “eurasianet.org” saytınınm redaktoru, “Beynəlxalq Böhran” təşkilatının Tiflisdəki nümayəndəliyinin rəhbəri Olesya Vartanyan, “International Alert” beynəlxalq təşkilatının Qafqaz regional meneceri Sofia Pugsley və digərlərinin mövqeləri daim “ermənipərəst” siyasətlə müşahidə olunubdur. Tədbirin təşkilatçılarından biri olan “Stratpol” təşkilatı isə qondarma “Dağlıq Qarabağ rejimi” barəsində BMT-nin “xalqların öz müqəddaratını təyin etmək hüquqları” adı ilə tanınması siyasətini yürüdür.
“Intratpol Strategic Policy Institute”, “Rondeli Foundation” və “Friedrich-Ebert-Stiftung” qurumları tərəfindən keçirilən forumun daha çox Ermənistanın maraqlarına xidmət etdiyi barəsində əskər mütəxəsisslər öz fikirlərini açıqlamqdan belə çəkinmədilər. Cənubi Qafqaz üzrə ixtisaslaşmış politoloqlar Azərbaycan rəsmilərinin foruma qatılmamasını onunla izah edirlər ki, 50 nəfərlik məruzçə qrupun əksəriyyəti Ermənistanın mövqelərini müdafiə edirdilər. Beləliklə də Avropa Birliyinin Cənubi Qafqaz siyasətində zəif və güclü tərəfləri, regionda inkişaf perspektivləri məsələsində hansı gözləntilərin ortaya çıxacağı kimi suallara da cavab verildi.
Nəticəsiz forumun mənası da özünə bənzədi
Forumda Gürcüstan-Rusiya, Ukrayna-Rusiya münasibətləri, Krım böhranı, Abxaziya və Cənubi Osetiya konfliktinin həlli yolları mövzularına daha geniş yer verildi. NATO-nun genişlənməsi və Amerika-Rusiya hərbi qarşıdurması çıxışçıların əsas mövzularından biri kimi ortaya çıxdı. Halbuki, forumun adından da göründüyü kimi, Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri daha çox qabardılmalı idi. “Dağlıq Qarabağ” məsələsi isə demək olar ki, heç qabardılmadı. Bu istiqamətdə məruzələrdə problemin həlli yolları mövzusuna toxunulmadı. Forumun 3-cü sessiyasında epizodik şəkildə “Dağlıq Qarabağ böhranı həlli yolları” adlı məruzədə isə, dumanlı şəkildə və epizodik xarakterli çıxışlara üstünlük verildi. Həmin çıxşılarda isə, Ermənistan işğalçı ölkə adlandırılmadı. Halbuki, Rusiyaya qarşı sərt notlar üzərində köklənmiş çıxışlarda Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə qəsdlər barəsində həyəcandolu mövzulara geniş yer verildi. Suriyadan olan erməni qaçqınlarının Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq məskunlaşdırılması mövzusu isə tamamilə yasaq edildi. Ermənistanın nədən işğal etdiyi ərazilərdən çıxarılması sualları forumun moderatorlarının səyləri nəticəsində müzakirələrə çıxarılmadı. Çünki, bütün moderatorlar “Stratpol Strategic Policy Institute” təşkilatının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Olesya Vartanyana dolayı yolla tabe idilər.
Coşua Kuşerin qərəzli mövqeyi
Tiflis Forumunun moderatorlarından biri olan Coşua Kuçer 25 ildir bir jurnalist kimi Azərbaycan əleyhinə məqalələr yazmaqdan usanmır. Forumun ilk sessiyasında o açıq şəkildə bildirdi ki: “Konfliktə görə 600 min azərbaycanlı evsiz-eşiksiz qalıb. İndi bu ərazilər Ermənistanın nəzarətindədir.
Ermənistandan isə, 300 mindən çox azərbaycanlı deportasiya olunub. Beləliklə də bir milyondan çox azərbaycanlı qaçqınlar və məcburi köçkünlər vardır. Bu hadisələr çoxdan baş verib. Ermənistanın indiki baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ separatçıları ilə heç bir əlaqəsi yoxdur. Ermənistanın Rusiyadan iqtisadi mənada müəyyən asılılıqları var. Bunu inkar etmək olmaz. Dağlıq Qarabağın siyasi və iqtisadi həyatı isə Ermənistandan idarə olunur”.
P.S. Tiflisdə keçirilən “VI Cənubi Qafqazda Regional Təhlükəsizlik Forumu” daha çox təbliğati məsələlərə yer verdi. “Intratpol Strategic Policy Institute”, “Rondeli Foundation” və “Friedrich-Ebert-Stiftung” beynəlxalq təşkilatlar tərəfindən ayrılan böyük məbləğdə pullar da sanki havaya sovruldu. Bu qurumların hər il ayırdığı qrant layihələri sanki heç nəyə xidmət etməmək üçündür. Politoloqlar, araşdırmaçılar, vətəndaş cəmiyyəti və digər qurumlar sanki düzənlənən bu toplantıların nəticəsində hansısa sirli maraqlara hesablanmış börükratik mənada don geyindirmək üçündür.
Ənvər Yusifoğlu
Bakı-Tiflis-Bakı