- Siyasi müzakirə
- 20:10
- 1 491
“Ermənistanın tranzit ambisiyasının açarı Bakının əlindədir” - Tural İsmayılov
“Paşinyanın Astana səfəri bir az “regionda yeni dostlar axtarışı” kimi görünür, amma prosesin arxasında daha soyuq hesablamalar dayanır. Ermənistan anlayır ki, qapalı qalmaqla nə iqtisadi nəfəs yeri açılır, nə də siyasi manevr imkanı yaranır. Qazaxıstanla yaxınlaşma İrəvan üçün həm də Orta Dəhliz vitrininə bir az da yaxın dayanmaq cəhdidir. Amma gəlin açıq danışaq: Orta Dəhliz Azərbaycanın iradəsi olmadan heç kim üçün açılmır, elə bu qədər sadədir. Regionun logistika xəritəsini müəyyən edən Bakı–Ankara tandemi olduğu halda, Ermənistanın təkbaşına inteqrasiya arzusu daha çox niyyət bəyanatı kimi qalır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstana rəsmi səfəri regionda yeni dinamika yaradıb. Qazaxıstanın həm Türk Dövlətləri Təşkilatında (TDT), həm də Orta Dəhliz layihəsində Azərbaycan üçün əsas tərəfdaşlardan biri kimi çıxış etməsi fonunda İrəvan–Astana xəttindəki yaxınlaşma diqqətdən kənarda qalmır. Son dövrdə Ermənistan regional iqtisadi layihələrə qoşulmaq, xüsusən də Orta Dəhliz üzərindən yeni ticarət və nəqliyyat imkanlarına çıxmaq üçün daha fəal diplomatik xətt yürüdür. Qazaxıstanla əlaqələrin intensivləşməsi isə bu cəhdlərin mühüm elementi kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, Qazaxıstanın Ermənistanla dialoqu Astananın balans siyasətinin tərkib hissəsidir, strateji xəttin dəyişməsi isə real görünmür.
"Çünki Qazaxıstan da yaxşı bilir ki, Orta Dəhlizin mərkəzi dayağı Bakı–Tbilisi–Qars xəttidir. Ermənistanın tranzit ambisiyası yalnız Azərbaycanla münasibətlərin normallaşması fonunda anlam qazanır. Hazırkı vəziyyətdə bu perspektiv hələ ki kağız üzərindədir. İrəvan Qazaxıstan üzərindən regional layihələrə “dolayı giriş” axtarır, amma bu, hüquqi və siyasi baxımdan mümkün mexanizm yaratmır. İstədikləri o böyük tranzit oyununun qapısı hələ də Bakının əlindədir. Ona görə də Ermənistanın aktiv diplomatiyası daha çox jest siyasətinə bənzəyir. Orta Dəhlizə uzanan yol üçün təkcə ambisiya yox, real siyasi razılıq lazımdır. Paşinyan isə hələ ki, bu razılığı almağa nə hazırdır, nə də imkanı var".
Rəfiqə Namazəliyeva,
AzNews.az