50 il öncə təməli qoyulmuş və sürətlə inkişaf edən Azərbaycan doktrinası

Bu gün harada Azərbaycanın adı çəkilirsə, orada Heydər Əliyevin adı xatırlanır. Harada Heydər Əliyevin adı yada düşürsə, orada Azərbaycan sözü xatırlanır

Tarix 1969-cu il 14 iyul. Bəsit aqrar ölkəsindən sürətlə sənayeləşən və modernləşən, nəinki Qafqazı, hətta Şərqi Avropa və Orta Asiyanı ötüb keçən “Azərbaycan modeli”nin sirri bu gün də tarixçilər tərəfindən heyrətlə araşdırılır. Dünya siyasətində ən nəhəng dövlətlərindən biri olmuş Sovet İttifaqının tərkibində “dövlət içində dövlət olma”, mistik mənada super respublikaya çevrilmə yalnız Azərbaycanın inkişaf modelinin banisi, bu gün böyük hörmətlə, dərin sayğı ilə andığımız Ulu Öndər Heydər Əliyevin dühasının sayəsində başa gəlib.

Həmin tarixi gündən düz 50 il ötür. Azərbaycanın son yarım əsrlik tarixinin hər səhifəsində görkəmli dövlət xadimi, nəhəng fitri istedad sahibi, məmləkət ruhunu yoxdan var etmiş Heydər Əliyevin iz var. Tarlarlarda, su kanallarında, elektrik stansiyalarının nur saçan tellərində, meyvə bağlarında, klubların, mədəniyyət evlərinin, uşaq bağçalarının, məktəblərin, kitabxanaların, fabrik və zavodların hər daşında böyük şəxsiyyətin nəfəsi var. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, Azərbaycanın adı Sovet İttifaqında parlamağa başladı. Dövlət müstəqilliyimizə qovuşduqdan sonra isə dünya birliyində tanındı. 50 ildir Azərbaycan adlı məmləkət onun dühasının sayəsində inkişaf edir. Müasir dövlətçilik irsimizin mayakı kimi hər zaman nur saçır.

Milli dövlət strategiyasının konseptinin sirri

Bu sətirlərin müəllifi kimi uzun illər Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Moldova, Estoniya və Rusiya Federasiyasının tərkibində olan Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan, Çuvaşiya, Udmurtiya, Saxa (Yakutiya) və başqa milli respublikalarda yaradıcılıq ezamiyyətində, ekspedisiyalarda olmuşuq. Keçmiş sovet zamanı İosif Stalin tərəfindən təməli qoyulmuş bir “dərin” siyasəti var idi. Bu, “milli respublikalar”ın paytaxtlarında domionantlıq edən yerli xalqın “azsaylı” edilməsi hədəfi idi. Yəni istənilən milli respublikanın Sovet İttifaqından ayrılmaq barəsində hər hansı qərarı verməsin deyə belə planlı addımlar atılmışdı. 1920-ci ildə təməli qoyulan həmin strategiyanı tamamilə darmadağın edən tək bir lider buna nail ola bildi. O, 1969-cu il 14 iyul tarixində Azərbaycan Respublikasının ali hakimiyyəti sükanı arxasına keçən Heydər Əliyevdir.

Uzun müddət Dövlət Təhlükəsizlik sistemində işlədiyi üçün, xalqımızın və respublikamızın başına gətirilən bütün hadisələri və ssenariləri əzbərdən bildiyi üçün, mövcud problemlərin həlli yolları ona tanış idi. Böyük təmkinlə milli mütəxəssislərimizi tələb olunan sahələr üzrə yüksək vəzifələrə gətirmək və milli bürokratiya yaratmaqla Azərbaycanın inkişaf strategiyasını həyata keçirməyə başladı. 1969-1982-ci illərdə artıq paytaxt Bakı həm beynəlmiləl, həm də gerçəkdən Azərbaycanın milli paytaxtı olmaqla çox böyük inkişaf yolu keçdi. Sovet İttifaqının tərkibindəki milli respublikaların paytaxt şəhərlərində əhalinin sayı dominant xalqın sayından 60-80 faiz az olduğu halda, Bakıda azərbaycanlıların sayəsində 82-85 faizə qədər yüksəldi. Həmin illərdə yazılmamış qanunlardan biri də “paytaxtda hansı xalqın sayı üstündürsə, həmin respublikanın əsil sahibi odur” anlayışı hökm sürürdü. Heydər Əliyevin uzaqgörən siyasətinin sayəsində Azərbaycan Respublikasının tarixində Bakı ilk dəfə milli paytaxta çevrildi. Azərbaycan özünün milli sənayesinə malik olmaqla yanaşı, ixrac edən respublika statusunu qazandı. Bu, respublikamızın iqtisadi və maliyyə baxımından güclü regiona çevrilməsi demək idi. Adambaşına düşən milli gəlir Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində dəfələrlə artmışdı. Digər müttəfiq respublikalarda Azərbaycanın bu möhtəşəm addımlarına həsədlə baxırdılar.

Bəşəri millilik siyasətində Heydər Əliyevin rolu

Sovet İttifaqı nə qədər beynəlmiləl siyasət yürütsə də, nəticə etibarlı ilə başqa xalqların dolayı şəkildə inkarı anlayışı qeyri-rəsmi şəkildə davam edirdi. Heydər Əliyev öz zəkası, dünya tarixini dərindən bilən şəxsiyyət olaraq gözəl anlayırdı ki, milli inkişaf bəşəriyyətin rənglər palitrasında xüsusi mənzərə deməkdir. Bu hədəfi həyata keçirmək üçün yorulmaq bilmədən qəti addımlarla və əzəmətli vüqarı ilə, Azərbaycan sevdalısı kimi ölkəmizin inkişafı üçün çalışırdı. Elmlər Akademiyasının elmi tədqiqat institutlarının sayının artırılması, elmdəki uğurların istehsalata və sənayeyə tətbiqi, sanballı əsərlərin dilimizə çevrilərək nəşr olunması, azərbaycanlı rəssamlara, bəstəkarlara, yazıçı və şairlərə, orkestrlərə və teatrlara dövlət qayğısının gücləndirilməsi milli intibahımızın gələcəyi üçün açılan böyük hədəflər demək idi.

Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanın aqrar sektorunun inkişafı üçün qəti addımlar atmaqla əldə olunan milli gəlirin sayəsində respublikamızın bütün rayon və kəndlərində, ən ucqar dağlıq bölgələrdə rabitə qovşaqlarının, mədəniyyət evləri və klubların, kitabxanaların tikintisinə şəxsən rəhbərlik etdi. İşıqsız, məktəbsiz, klubsuz bir kənd olmamalıdır ideyasını rəsmiləşdirdi. Bu dövlət strukturlarını idarə etmək üçün yerli milli kadrların yüksək təhsil almaları üçün ali məktəblərdə çoxlu fakültələrin açılmasını təmin etdi. Faktiki olaraq, Azərbaycanda mövcud sosial-iqtisadi, elmi-mədəni və digər sahələri idarə etmək üçün bütün peşə sahələri üzrə yerli milli kadrların hazırlanması istiqamətində texniki peşə məktəblərində, texnikumlarda və ali təhsil ocaqlarında çoxsaylı fakültələr açdırmışdı. Paytaxt Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Salyan, Bərdə, Beyləqan, Şuşa, Şəmkir, Quba, Şəki, Zaqatala, Yevlax, Ağdam və digər şəhərlərimizdə çoxlu sənaye müəssisələri açılmışdı. Bakıda 8-km, Günəşli, Yeni Əhmədli, Bakıxanov, Suraxanı, Qaraçuxur qəsəbələrinin, 3,4, 5, 6, 7, 8 və 9-cu mikrorayonların inşasının sürətlənməsi şəhərində etnodemoqrafik simasını azərbaycanlıların xeyrinə tamamilə dəyişdi.

Dünyanın marağında olan Azərbaycandakı proseslər

Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörənliklə ötən əsrin 70-80-ci illərində apardığı başqa bir siyasət isə, inkişaf etmiş dövlətlərin Azərbaycana olan maraqlarının artırılması idi. Yaponiyanın Bakıda “Kondisioner zavodu”nu, Fransa şirkətlərinin “Bakı dərin özüllər zavodu”nu, Bolqarıstan, Finlandiya, Macarıstan, Polşa, Rumıniya və digər xarici dövlətlərin Azərbaycanda dövrün texnologiyaları əsasında neft, kimya, toxuculuq və digər sahələrdə fabrik və zavodları inşa etmələri respublikamızın adının dünya xəritəsində hallanmasına səbəb oldu. Bizim bu gün qürurla “Azərbaycan brendi” adlandırdığımız bir çox məhsulların nəinki sovet məkanında, eləcə də dünya bazarında tanınması bu böyük şəxsiyyətin, Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə Azərbaycanda keçirilən ittifaq və beynəlxalq miqyaslı elmi konfranslardan sonra, ölkəmizin elm xadimlərinin uğurları dünyada tanınmağa başladı.

ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada, Yaponiya, Norveç, Finlandiya, İtaliya, Avstriya, Danimarka, Şotlandiya və başqa inkişaf etmiş dövlətlərin elmi jurnallarında bizim alimlərimizin fundamental elmi əsərləri işıq üzü görməyə başladı. Tur Heyerdal, Son Tompson, Ben Evans, Tadeuş Svyatoxovski kimi dünya şöhrətli alimlər Azərbaycana müntəzəm səfərlər etməyə başladılar. İngiltərə, Fransa, ABŞ və Kanada kimi güclü dövlətlər Azərbaycanın təbii və iqtisadi resursları haqqında fundamental elmi tədqiqatlar ortaya qoydular. Yaxın Şərq siyasətinin tərkib hissəsi olan “Qafqaz masası”nda Azərbaycanın adı ilk sırada yer aldı. Çünki, ölkəmizin elmi, iqtisadi, coğrafi və strateji potensialının inkişafı dünya birliyinin maraq dairəsi hesab olunurdu.

Heydər Əliyev və hakimiyyətə yenidən gəlişindəki yüksəliş dönəmi

1982-ci ildə Heydər Əliyev keçmiş Sovet İttifaqı hakimiyyətinin ən üstün qurumunda rəhbərliyə dəvət olundu. Bu, 1920-ci illərdə SSRİ hökumətinin ən ali mərtəbəsində yer alan, xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi, bütün Şərqin və Türk Dünyasının yüksək qiymət verdiyi Nəriman Nərimanovdan sonra ikinci bir həmyerlimizin Moskvaya dəvət edilməsi demək idi. Görkəmli dövlət xadimi kimi nüfuza malik Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini və Siyasi Büronun üzvü kimi artıq dünyanın diqqət mərkəzində duran ciddi şəxsiyyətlərdən bir kimi qəbul olunmağa başladı. Faktiki olaraq, Şərq dövlətlərinin bütün rəhbərləri onunla şəxsən yaxınlıq etməyə cəhd edirdilər. Hətta Şərqi Avropa dövlətlərinin liderləri də Heydər Əliyev dühasından heyrətə gəldiklərini gizlətmirdilər. Türkiyənin tanınmış jurnalistlərindən biri olan İrfan Ülkü 1996-cı ildə “Kızıl yıldızdan hilale: Haydar Aliyevin fırtınalı hayatı” kitabında haqlı olaraq belə yazırdı: “Türkiyənin Mustafa Kamal Atatürkü varsa, Azərbaycanın Heydər Əliyevi var. Yoxdan bir dövlət qurmaq son 300 illik qoca tarixdə bu iki dahi şəxsiyyətə nəsib olubdur. Heydər Əliyev öz zəkası ilə Azərbaycanı Sovetlər Birliyinin bağrından qopararaq dünyanın nüfuzlu ölkəsinə çevirən tək liderdir. Tarix belə bir fenomenlə hələ ki, rastlaşmayıb”.

1990-cı ildə səhhətindəki problemlər baxmayaraq, Azərbaycana dönən, bundan sonra Tanrının ona bəxş etdiyi ömür doğma xalqı ilə birgə yaşamaq və yenicə dövlət müstəqilliyinə qovuşan ölkəmizə bir daha faydalı olmaq üçün Heydər Əliyev çox çətinliklərlə qarşılaşdı. “Xalqlar həbsxanası” olan imperiyanın dağılmasına inanmaq istəməyən, Mirzə Cəlil demişkən “bəlkə qaytardılar” nisgili ilə təsəlli tapanalar, min bir fitnə-fəsad tərəfdarları bu dahi şəxsiyyətin, Heydər Əliyevin vətənə dönüşünə sanki düşmən gözü ilə baxırdılar. Yüzlərlə təxribatlar, qarayaxmalar və rəsmi təbliğatların aparılmasına baxmayaraq, Heydər Əliyevə qarşı atılan ”çamurlar” bumeranq kimi elə onların özlərinə tuşlandı. Hətta Əjdər Xanbabayev kimi cəsarətli şəxsiyyətləri terror edərək öldürməklə çoxlarını qorxutmaq istədilər. Lakin Heydər Əliyevə ümumxalq sevgisinin artması, onun fitri istedadına, dərin dövlətçilik təcrübəsinə inanların sayı günbəgün artırdı.

Siyasi olimpin Heydər Əliyev zirvəsi

1990-1993-cü illər Azərbaycan tarixinin ən çətin və məşəqqətli vaxtı hesab olunur. Bir-birinin ardınca hakimiyyət dəyişiklikləri, siyasi təlatümlər, imperiya ilə birlikdə ölkənin iqtisadi-sosial həyatının çökməsi, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılaraq Ermənistana birləşdirilməsi və separatizm prosesinin müharibə həddinə çatması, milli ordunun yoxluğu, müstəqil dövlət quruculuğunu idarə edə biləcək səriştəli kadrların yaxın buraxılmaması və digər problemlərin dərinləşməsi faktiki olaraq Azərbaycan adlı bir dövlətin tamamilə bir neçə hissəyə bölünməsi planına işləyən amillər idi. Məhz bu ağır və üzücü hadisələrin fövqündə duran insanlar Heydər Əliyevin ali hakimiyyətə gəlməsi üçün canlarını fəda etməyə hazır idilər. Bu dahi şəxsiyyətin blokada şəraitində olan Naxçıvandakı ünvanına Azərbaycanın hər yerindən çoxlu müraciətlər, məktublar göndərilir, axın-axın insanlar gəlirdilər. Onların arasında sadə kəndlilərdən tutmuş, görkəmli alimlərə, ziyalılara qədər insanlar var idilər.

O, xalqın tələbini, ziyalıların çoxsaylı müraciətlərini, mövcud siyasi hakimiyyətin israrlı xahişlərini nəzərə alaraq Azərbaycan və doğma xalqının naminə ölkənin ən ali hakimiyyətinə rəhbərlik etməyə döndü.

  • Faktiki olaraq, televiziya vasitəsilə hər gün xalqla birgə ölkənin üz-üzə qaldığı dərin böhranları həll etməyə başladı. Müstəqil dövlətimizi hansı kadrlarla birlikdə idarə edəcəyini peşəkar zərgər baxışı ilə seçdi.
  • İlk öncə qonşu dövlətlərlə isti münasibətləri gündəmə gətirdi. Süleyman Dəmirəl, Boris Yeltsin, Haşimi Rəfsəncani və Eduard Şevardnadze ilə səmimi və isti münasibətlərin sayəsində Azərbaycandakı böhranları addım-addım geridə qoydu.
  • Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağın ilhaq hədəflərini darmadağın etdi. BMT səviyyəsində ölkəmizin ərazi bütövlüyünün tanınması barəsində 2 mart 1992-ci ildə qəbul etdiyi qərarı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini əsas tutaraq beynəlxalq birliyi bütün bunlara dəstək verməyə dəvət etdi.
  • ATƏT-in və AŞPA-nın səylərini artıraraq “erməni ekspansionizmi”nin qarşısını aldı. Başda BMT olmaqla, Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq təşkilatları Azərbaycanın maraqları çərçivəsində fəaliyyətə istiqamətləndirdi.
  • “Əsrin konktraktı”, eləcə də bu gün Azərbaycanı beynəlxalq enerjidaşımaları və nəqliyyat habına çevrilməyə imkan verən müqavilələr imzalandı. Avroatlantik qurumlarla əməkdaşlıq prinsiplərinə nail oldu.
  • Azərbaycanı düşmüş olduğu böhranlardan xilas edə bildi.

Heydər Əliyevin əldə etdiyi uğurlarla barışmaq istəməyən bəzi daxili və xarici qüvvələrin əli ilə 1994-cü il 4 oktyabr və 1995-ci il 17 mart tarixlərində dövlət çevrilişinə cəhdlər olundu. Bütün bunlara sinə gərən Heydər Əliyev xalqın dəstəyi ilə necə hakimiyyətə gəlmişdisə, xalqa arxalanaraq birlikdə bu çətinliklərin də öhdəsindən gələ bildi. Beləliklə Azərbaycanda ötən müddət ərzində “dövlət çevrilişi” cəhdi təşəbbüsü göstərənlər həmin aqibətlə üzləşdilər. MDB üzvü olmaqla Azərbaycan postsovet məkanında məhz Heydər Əliyevin dərin dövlət təcrübəsi, nüfuzu və qarşılıqlı əməkdaşlıq prinsipləri sayəsində bu qurumun tərkibində də Ermənistanın işğalçılıq siyasətini iflasa uğradı. Heydər Əliyev dağıntılar üzərində miras qalmış Azərbaycanın yeni inkişaf dövrünün tarixinə öz imzasını qoymuşdur.

Bir milyondan çox qaçqın-köçkününə sahib çıxan tək ölkə

Son 100 ildə hansı ölkədə vətəndaş müharibəsi, xalqlararası, dinlər və məzhəblərarası çəkişmələr, silahlı münaqişələr baş verdiyi təqdirdə milyonlarla insanlar dağılmış, işğal olunmuş ərazilərini tərk edərək başqa ölkələrdə sığınacaqlar tapmağa üz tuturlar. Afrika, Yaxın Şərq, Uzaq Şərq və digər qitələrin yaxın tarixi bütün bunlara canlı şahiddir. Təkcə Azərbaycan dövləti bir milyondan artıq məcburi köçkün və qaçqınlarını başqa ölkələrə mühacirət etməyə imkan vermədi. Azərbaycanın ali hakimiyyətinə xalqın dəvətilə gəlmiş Heydər Əliyev onların hər birini öz doğma insanı kimi qucaqlayaraq dərdinə şərik çıxdı. Dünyaya dövlət başçısının kimi öz vətəndaşına necə sahib çıxması nümunəsi təqdim etdi. Şoranlıq torpaqlarda, vaqonlarda, heç bir şəraiti olmayan yataqxanalarda, gecəqondularda qamışdan daxma tikən məcburi köçkün və qaçqınların yanında oldu. Yurd-yuvalarından didərgin düşmüş bu insanlar hər dəfə Heydər Əliyevi yanlarında görəndə yenidən doğma torpaqlarına sahib çıxacaqlarına inamları yaranırdı. Bu dahi şəxsiyyət kimsəyə söz vermədi. Baxışları, isti və səmimi münasibəti, atdığı addımları, davranışları ilə bu inamı ən sadə insanlara təlqin etdi. Bayram günlərində bütün qaçqınların ocağında qazanı qaynasın, onların ruhu incik qalmasın deyə hər kəsi bu nəcibliyə dəvət edirdi. Hansı məmur onlara qarşı kobud davranış göstərirdisə, dərhal onları ən ağır şərtlərlə cəzalandırıddı. Beləcə hamıya vətəndaşa sahib çıxmaq iradəsini və dövlət tərbiyəsini göstərirdi.

50 illik mirasın çağdaş dinamikası

Bu gün müasir Azərbaycan dövlətçiliyinin memarı olan görkəmli dövlət xadimi Heydər Əliyevin bizlərə miras qoyduğu yol daha da inkişaf etməkdədir. Faktiki olaraq, onun arzuları ən yüksək səviyyədə həyata keçirilir. Azərbaycanın inkişaf tempini sübut edən başlıca faktorlardan biri də ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə və konfranslara sahiblik etməsidir. Dünən Azərbaycan əsgəri patava tapıb geyinmək zorunda qalırdısa, indi postsovet məkanında, eləcə də bir çox ölkələrdən hərbi qüdrətinə görə xüsusilə seçilir. Təbii resurslarımızla yanaşı, milli istehsalımızı dünya brendi səviyyəsində ixrac edirik. YUNESKO səviyyəsində Azərbaycanın maddi-mədəniyyət abidələri bəşəriyətin mədəni irsi kimi qəbul olunur. Regionların inkişafı dövlət proqramının tərkib hissəsi olaraq, hər bir bölgə inkişaf etməkdədir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars layihələri artıq Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində öz sözünün sahibi olması faktına çevrilibdir. Bu gün Azərbaycan dövləti 10 milyonluq deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq xalqımızın vətəni kimi hamımızın qürur mənbəyidir.

Tarixdə ilk dəfədir ki, Azərbaycan torpaqlarının hansısa dövlət tərəfindən işğal edilməsinin yolverilməzliyi milli iradəyə çevrilibdir. Azərbaycan dövlət olaraq, beynəlxalq səviyyədə özünəməxsus inkişaf yolunda qətiyyətlə addımlayır. Dövlətin idarəçiliyi hansısa sonu bəlli olmayan ixrac ideyası və ya siyasətlə deyil, milli maraqları ağuşuna alan doktrina ilə həyata keçirilir. Demokratik təsisatlarımız dövlətimizin və xalqımızın milli hədəfləri çərçivəsində formalaşdırlır. Bütün bunlar Heydər Əliyev siyasi məktəbinin etibarlı əllərdə olmasını isbat edir. Fransada demokratik respublika ideyası təməlində duran Napoleon Bonapart, ABŞ-ın dövlət quruculuğunda Corc Vaşinqton, Rusiyada I Pyotr, Türkiyədə Mustafa Kamal Atatürk nə deməkdirsə, Azərbaycan dövlətçiliyi tarixində də Ulu Öndər Heydər Əliyev həmin statusa malik tarixi şəxsiyyətdir. Bir zamanlar bu dahi şəxsiyyət uzaqgörənliklə və mətin iradəsi ilə: “AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ ƏBƏDİDİR, SARSILMAZDIR, ƏBƏDİDİR” dedikdə bunu hər birimiz taleyi üçün, dövlətçiliyimizə inamımızın güclü olması naminə söyləmişdi. 29 ildir Azərbaycan bir dövlət olaraq məhz bu yolla addımlayır. Ruhun şad olsun Ulu Öndər!!! Bizlərə miras qoyduğun dövlət gerçəkdən əbədi olaraq, yaşayacaqdır. Bu gün harada Azərbaycanın adı çəkilirsə, orada Heydər Əliyevin adı xatırlanır. Harada Heydər Əliyevin adı yada düşürsə, orada Azərbaycan sözü xatırlanır. Bu iki qoşa anlam dünya durduqca hər zaman yaşayacaq.

Ə. Yusifoğlu